adalet.az header logo
  • Bakı 19°C
14 Aprel 2015 13:11
7725
MARAQLI
A- A+

Titanik - zamanı dolaşdıran lənət

14 aprel Titanik gəmisinin qəzaya uğramasının 103-cü ildönümüdür. Bu qəzanın üstündən bir əsrdən artıq vaxt ötsə də müəmmaları, paranormallığı ilə hələ də dünyanın diqqəti mərkəzindədir. Gəmi faciəsinin ətrafında baş verən müəmmalar isə ən realist insanı belə, ən azından düşündürür. Ümumiyyətlə, tarixdə firon, kral və ya digər görkəmli şəxslərin, eləcə də hadisələrin lənəti müəmması dəfələrlə rastlanıb, faktlar gətirilib. Güman ki, bəziləri fantaziya bəhrəsindən yan keçməyib, ancaq ən güclü təxəyyülü olan fantastların da ağlına gəlməyəcəyi mistik reallıqlar istər-istəməz cavabsız suallar yaradır. Titanik faciəsinin ildönümü ilə əlaqədar "Titanik lənəti”nə müraciət etməyimin səbəbi isə dünən Azərbaycanda baş vermiş bir yanğın hadisəsi ilə baş qaldırdı. Skeptiklərin nəzərinə: Bakıdakı hotellərdən birində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bakının Nərimanov rayonunda üçmərtəbəli "TİTANİK" (!) hotelinin 1-ci mərtəbəsində yanğın başlayıb. Yanğın zamanı hotelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib, 10 nəfər təxliyə olunub. Yanğın saat 08:32-də, yəni artıq 14 apreldə yanğınsöndürənlər tərəfindən söndürülüb. Buna nə ad vermək olar – Titanikin ildönümünə "hədiyyə”? Kimin hədiyyəsi – taleyin, müəmmanın, lənətinmi?!

O da məlumdur ki, dəfələrlə "Titanik” adını daşıyan gəmilər batıb, restoranlar yanıb, "ən yaxşı halda” qarət olunub və s. Titanikin 100-cü ildönümündə isə hadisələri xatırlamaq məqsədilə həmin gəminin marşurutu üzrə səfərə çıxan MS Balmoral gəmisində bir sıra problemlər yaranmışdı. Görüntüləri lentə alan BBS telekanalının operatorunun qəfil səhhəti pisləşmişdi. İnfakt keçirmə təhlükəsi ilə üzləşən operatora gəmidə göstərilən tibbi müdaxilə kifayət etmədiyindən ona yardım edilməsi üçün təcili yardım helikopteri çağırılmışdı. Hava şəraiti pisləşib qəflətən duman yarandığı üçün helikopteri qarşılamaq üçün 200 mil aralıda yerləşən gəmi öz marşurutundan çıxaraq, 20 mil quruya tərəf üzmüşdü. Bundan başqa, hadisədən bir neçə gün əvvəl həmin ərazidən keçən gəmi hava şəraitinin pis olması üzündən limana iki saat gec çatmışdı. Sərnişinlər uğursuzluqları «Titanikin lənəti» ilə əlaqələndirirdilər. Onların sözlərinə görə, ümumiyyətlə, həmin ərazidən keçəndə ən sağlam adamda belə qəfil halsızlıqlar, başağrıları olur, ürək döyüntüləri artırmış. Deyək ki, yetkin şəxslər faciədən xəbərdar olduqları üçün bunu özlərinə təlqin ediblər və istər-istəməz o ərazinin vahiməsi onlarda narahatlıqlar yaradıb. Bəs ağlı kəsməyən, dünyadan xəbərsiz körpələr? Nəinki Titaniki, heç anasını hələ tanımayan qucaq körpəsində qəfil narahatlığın yaranmasına nə ad vermək olar?

Ümumiyyətlə, Titanik müəmmaları o qədər labirintşəkilli baş verir ki, alimləri, mütəxəssisləri belə çaş-baş salır. Məsələn, hadisədən 79-80 il sonra qəza qurbanlarının "dirilməsi” necə, qan dondururmu?

 

Ölülərdən həyəcan siqnalı

 

İllərdən sonra, həm də həmişə qəzanın ildönümü ərəfəsində və ya günündə müəmmalar mütləq özünü göstərir. Hələ 1924-cü ildə aprelin 14-dən 15-nə keçən gecə bir neçə radiostansiyada SOS siqnalı qeydə alınır. Siqnal araşdırılarkən onun Titanikin həyəcan siqnalı ilə uyğunlaşdığı ortaya çıxır. Həmin vaxt buna əhəmiyyət verilmir, düşünülür ki, kiminsə könlündən mistik oyun oynamaq keçib. Amma 6 il sonra, eyni hadisə təkrarlanır. Bundan sonra 1930, 1936, 1942-ci illərdə də oxşar hadisə qeydə alınır. Siqnallar Titanikin batdığı yerdən gəlirmiş... 1960-ci illərdə bu məsələ ilə Mərkəzi Kəşfiyyat İdarəsi məşğul olur. İş məxfi kodu altında aparılır. Amma təhqiqatlar heç bir nəticə vermir. Siqnallar isə hər 6 ildənbir səslənməyə davam edir... Sonuncu siqnalın 1996-cı ildə qeydə alındığı bildirilir.


Картинки по запросу titanik


Belə bir müəmma da var ki, hətta haqqında danışanda insanın əti ürpəşir: 1990-cı ildən etibarən Titanikin həlak olmuş sərnişinləri "dirilməyə” başlayıblar. 1992-ci il, dekabrın 14-də norveç balıqçılarının gözü qarşısında dalğaların arasından gəmi qalxır. Balıqçılar bir baxışda onun məşhur Titanik olduğunu anlayırlar. Onların sözlərinə görə, gəminin göyərtəsində sərnişinlər hay-həşirlə vurnuxurmuşlar. Onlar məhz balıqçılara tərəf əl edərək çığırışır, kömək istəyir, bəziləri isə özlərini buzlu sulara atırmışlar. Qorxmuş balıqçılar dərhal əlaqədar orqanlara məlumat verirlər. Tezliklə hadisə yerinə hərbi gəmi göndərilir. Və... sudan 13 cəsəd çıxarılır. Ən dəhşətlisi, bu cəsədlər əsrin əvvəllərinə aid geyimdə idilər, xilasedici jiletlərinin üzərində isə "Titanik” yazılmışdı. Onların üzərində sənədləri də vardı: şəxsiyyəti təsdiqləyən sənədlər ən gec 1912-ci ildə verilmişdi! Norveç höküməti bu hadisəni gizli saxlamağa çalışsa da, sirr axar su kimi özünə çuxur tapır. Cəsədlərin isə gizli tibbi məntəqələrdə hələ də saxlanıldığı iddia edilir.   


Zamanı aldadanlar


Hələ 1990-cı il sentyabrın 24-də İslandiyanın cənub-şərqində gəmiçilər aysberq üzərində gənc qadın görürlər. Gəminin kapitanı Karl Yorgen sonralar ifadəsində belə bildirib ki, onlar qızı tapanda o tamamilə islanmış, donmuş vəziyyətdə idi. Dili güclə söz tuturdu. 29 yaşlı qadın özünü Uinni Kauts kimi təqdim edib və israr edirmiş ki, batmış Titanik gəmisindən – suyun altından üzüb aysberqə qalxıb. Gəmiçilərdən xahiş edirmiş ki, suyun altındakı yoldaşlarını xilas etsinlər. Gəmiçilər inanmasalar da qadının paltarı onun 79 il əvvələ aid olduğunu göstərirmiş. Hələ üzərindən çıxan sənəd də onun şəxsiyyətini təsdiqləyirmiş... Bu nə idi? Həqiqətənmi batan sərnişinlər 78-80 il su altında qalmışdılar? Bu ağlasığmaz görüntülər ilğım kimi aldadıcı müəmma idimi? Bəs gəmiçiləri hələ də qoruyub saxladıqları sənəd?

Paranormal, normal, anormal – hər nə varsa bütün mütəxəssislər baş sındırıb bu hadisəni izah etməyə çalışmışdılar. Hətta bəzilər buzun həqiqətən də təzə meyiti "diri” saxlaya biləcəyini iddia edirdilər. Yeri gəlmişkən, bir rus alimi də iddia edir ki, yenicə ölmüş insanları xüsusi buzlu məhlullu suda illərlə saxlayıb, başqa sözlə onun hələ tam fəaliyyətini dayandırmamış orqan və toxumalarını dondurub 30-50 ildən sonra dirildə bilər. Hətta indidən müştəriləri də var. Belə çıxır ki, haqsız olan "Kefli İskəndər” imiş. Nahaq yerə Şeyx Nəsrullahı qınamışıq. Bizim şeyxin rus alimindən nə əksiyi var ki, illərdir əli qələm tutan hər kəs ona bir həcv yazır?! Axır ki, biz də başqa alimlərdən qabağa düşdük. Ölüləri ruslardan və amerikanlardan qabaq diriltdik. Bu kefli iskəndərlər işimizə pəl qatmasaydı, indi ad-sanımız dünyaya səs salmışdı.


Картинки по запросу titanik


Qayıdaq Titanikin "ölülər”inə. Bu qadın heç də görüntü deyildi. Gəmiçilər onu özləri ilə quruya-xəstəxanaya gətiriblər. 27 nəfərdən ibarət həkim heyətini dəhşətə gətirən isə müayinə etdikləri 108 yaşlı "qız”ın 29 yaşında necə görünməsi olub. Başqa bir müəmma isə qadının bir neçə aydan sonra ölməsi və ölərkən əsl qoca qarıya bənzəməsi olub. Zamanın bu tamaşası, xatırlayırsınızsa, Oskar Vayldın "Dorian Qrey” əsərində də əks olunur. Bunun izahı nədir, "zaman yolçuları”, ya zamanın mücrüsündə gizlənib öz gün işiğina çıxmaq saatını gözləyənlər?!

1994-cü ildə isə Şimali Anlantikada faciənin daha 3 qurbanı – kapitan Smit, gənc qadın və 10 aylıq qız uşağı suda görünüb. Bu insanlar 82 il öncə həlak olanlar siyahısında idilər.

Elm nə qədər inkişaf etsə də onun izah etmək gücündə olmadığı məqamlar hələ çoxdur. Hər halda bu qədər alim, həkim heyətini "başıaşağı” edən bu müəmmalar hələ çox danışılacaq, bütün həlli tapılmayan məsələlər kimi beyin qurdalayacaq. Amma bir müəmma həllini tapan kimi digəri ortaya çıxacaq. Çünki müəmma bəşəriyyəti, yaradılışı vahimədə saxlamaq, onun idarə edilən insan olduğunu, kəşf etdiyi elmlərin hələ də yetərsizliyini dərk etmək üçün mövcud olan xaosdur.     


Şəfiqə Şəfa