adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

BOŞ VER, ARKADAŞ

OQTAY SALAMOV
23609 | 2010-09-18 01:40
Bu həftə iki tənqidi yazı yazmışdım. 21 məktub almışam, 16-sı narazılıq mətnlidi. Millət "El gizli axşamlar"ı (köhnə adı "Elgizin cümə axşamları" idi, 40-ı çıxdı, keçdi gizlinə), "Sən tək deyilsən"i "Hindistan, sevgi macərası" (adını səhv deyirəmsə, məzur tutun, baxmamışam) qədər həsrətlə gözləyir. Məktubların birində hətta lətifə də yazıblar. Deyir binanın 9-cu mərtəbəsində yaşayan biri qayınanasını balkondan sallayaraq deyir, bax, üçüncü mərtəbədəki qayınansını bıçaqladı, 5-ci mərtəbədəki boğub öldürdü, amma mən onlar kimi vəhşi deyiləm, səni sadəcə olaraq buraxıram... Yəni bu məktubun müəllifi kimdən yanıqlıdırsa, ona göstərmək istəyir ki, ondan betərləri də var...
   
   Həftə sonu qanımı qaraltdılar, mən sizin qanınızı niyə qaraldım ki, bir-iki maraqlı, məzəli hadisələrdən yazım, həm qonorarım olsun, həm də sizin qınaqlı məktublarınızı almayım. Sizə belə xəbərlər lazımdısa, buyurun, boş verin, nə əsəbləriniz korlansın, nə də nəsə haqda fikirləşəsiniz...
   
   Amerikanın Florida ştatının Martin dairəsində yerləşən Stuart şəhərində polis bir sərxoşu həbs edib. Səbəbi çox maraqlıdı. Hadisə şahidlərinin sözlərinə görə, 68 yaşlı Riçard Beylon yanacaqdoldurma məntəqəsinin dayanacağında öz velosipedini söyüb. Şahidlər bildirib ki, sərxoş kişi iki təkərli nəqliyyat vasitəsinin üstünə qışqıraraq ona nəsə izah etməyə çalışıb. Protokol tərtib eləyib aparıblar məntəqəyə...
   
   İngiltərədə isə bir arvad miqrenlə xəstələnəndən sonra tələffüzünü dəyişib,xaricilər kimi danışır. "Gloucester Echo" qəzetinin məlumatına görə, tanımayanların fransız və ya şərqi avropalı hesab etdiyi 49 yaşlı Key Russel dünyada bu xəstəliyə yaxalanan 60 nəfərdən biridir. 20 ildir miqren xəstəliyindən əziyyət çəkən Russel qəzet əməkdaşına bu hadisənin onun yazı yazmasına da təsir etdiyini, yazarkən bilmədiyi dil kimi çətinlik çəkdiyini deyib.
   
   İtaliyanın baş naziri Silvio Berluskoninin arvadbazlığı haqda eşitməmiş olmazsınız. Deyir, bu dəfə o, italyan xanımlara varlı və yaşlı kişilər axtarmağı məsləhət görüb. Bu qiymətli məsləhətindən sonra baş nazir qadın məsələsində uğur qazanmağının səbəblərini də açıqlayıb. Silvio Berluskoni deyib ki, bir çox qadın ona ərə gəlmək üçün növbəyə düzülüb: "Mən bu barədə fikirləşmişəm və səbəbini də bilirəm. Birincisi, mən məzəliyəm. İkincisi, mötəbər şəxsəm, bu da sirr deyil. Üçüncüsü, söhbət gəzir ki, yataqda yaxşıyam. Nəhayət, dördüncüsü, bu qadınlar fikirləşirlər ki, qocayam, tezliklə öləcəm və bütün var-dövlətimin varisi olacaqlar".
   
   Lap tamam da boş verməyin, xanımlar, bizdə də varlı, vəzifəli qocalar az deyil, nə bilmək olar, bəlkə bəxti gətirən oldu...
   
   Elə hər şeyə boş verə-verə gedirik, amma Amerikada yoxsulların vəziyyəti haqda oxuyanda adamın ürəyinin altına od düşür. Deyir, 2009-cu ildə hər yeddi amerikalıdan biri yoxsulluq həddində yaşayıb. 2008-də aztəminatlıların sayı 40 milyondan az və ya 13 faizdən bir qədər çox olub. 2009-c ildə isə yoxsulların sayı 14 faizi (43 milyon nəfərdən çox) ötüb. Özü də indi işdən çıxan amerikalı cəmi 99 həftə işsizlik müavinəti alır. Bu müddət ərzində vətəndaş iş tapmalıdır. Elə-belə, maraq xatirinə deyim ki, illik gəliri adambaşına 10 min 830 dollardan, üç nəfərlik ailədə isə 18 min 310 dollardan az olan amerikalılar yoxsul sayılırlar. Dərindən bir köks ötürüb boş verin getsin...
   
   Bu Metyu Brayzanın dərdi bizi öldürəcək. Ha deyirik ki, boş verək getsin, getmir. Bu fağıra işsiz qalmasın deyən, balaca bir vəzifə, ABŞ-ın Azərbaycanda səfiri işini tapşırmaq istəyirlər. Di gəl ki, bir-iki senator iki ayağını üç başmağa dirəyib ki, gərək Brayza onları "görsün", sonra vəzifəyə getsin. Ayə, Amerika da bəyəm Azərbaycandı? Pah atonnan, ölkə prezidentinin irəli sürdüyü namizədə hansısa senator tormoz qoyur. Amma deyəsən buz yerindən tərpənib, sentyabrın 21-də Senat məsələnin müzakirəsini gündəliyə salıb. Metyu Azərbaycanda çox olub, yolarını bilir, yəqin müzakirənin müsbət nəticələnəcəyini həll eləmiş olar... Bir azdan yeznəmiz səfirimiz də olacaq deyəsən nəhayət, ya da nəhayət deyəsən...
   
   Ginnesin təzə rekordlar kitabı haqda oxudum, ürəyim təpəyə döndü. Elə qürrələndim ki, elə bil özüm haqda yazıblar. Deyir, İngiltərənin "Sun" nəşriyyatında yeni "Ginnes 2011" kitabı nəşr olunub.Hər il yeniləşən kitabın əsas özəlliyi bu dəfə heyvan rekordlarının sayının artmasıdır. Ən çox diqqət çəkən isə boyu 1 metr 20 santimetr olan Darius adlı dovşandır. Bundan başqa, sağlam uşaq dünyaya gətirən 240 kiloqram çəkili, amerikalı Donna Simpson ən ağırçəkili ana ünvanını qazanıb. Dünyada ən çox transfer təkliflərini rədd edən futbolçu rekordu da yenidir. Belə ki, Patrik Rielli adlı isveçli futbolçu 46 peşəkar klubdan təklif alsa da, hamısını rədd edib və buna görə də rekordlar kitabına düşüb.
   
   Amma məni qürrələndirən o oldu ki, düz altı ildir türk qardaşımız Mehmet Özürəyin adı və şəkli kitabdan düşmür. 61 yaşlı Mehmet bəyin burnunun uzunluğu 8,8 santimetrdir. Torpaq yetirir dəə...
   
    Kolumbiyada bir tutuquşunu həbs eləyiblər. "Rossiya 24" telekanalı xəbər verir ki, cinayətkar tutuquşu dəmir barmaqlıqlar(!) arasına salınıb. Olay narkomafiya əleyhinə aparılan növbəti reyd zamanı baş verib. Tutuquşu polislər gələn zaman "Qaçın, sizi heç kim tutmasın" deyə qışqırırmış. Xəbərçi tutuquşu yaxalanıb.
   
   Polis zabiti deyib ki, lələkli cinayətkar bir neçə saat eyni ifadəni təkrarlayıb və bu, birinci belə hal deyil. Polis zabitinin sözlərinə görə, ölkədə narkodilerlər tərəfindən xüsusi təlim keçilmiş 1000-dən çox belə quş var. Boş verin, təkcə Papanində 5 min belə popuqay var...
   
   Narkotiklərdən danışdım, yadıma çətənə bitkisi düşdü. Buna kənaf da deyirlər. Yenə xatırlamadınız? Konoplyanı deyirəm, qurudub marixuana düzəldirlər. Hə, həmin kətandan Kanadada da istifadə edirlər. Amma bir balaca başqa məqsədlə."leblogauto.com" saytında yazırlar ki, kanadalı mühəndislərin layihələndirdiyi "Motive Kestrel" avtomobilinin kuzası ...çətənə liflərindən hazırlanıb. 600 kq kütləsi olan elektromobil 135 km/saat sürətlə hərəkət edə bilir. Litium ion batareyalar bir dolumla 160 km qət etməyə imkan verir.
   
   Mühəndislər kuzovun materialı üçün çətənə lifinin tətbiqini onun yüngül, davamlı və təkrar istifadəyə yararlı olması ilə izah edirlər. Əşi boş verin getsin, gül kimi malı kakoy-nibud maşın kuzovuna sərf eləyərlər? Kanadalılar ağızlarının ləzzətlərini billmirlərmiş ki...
   
   Amma bir xəbərə heç boş verə bilmirəm. Sumqayıtın keçmiş raykom, indiki İcra Hakimiyyətinin binasını yəqin ki, görmüşdünüz. Görməsəniz də eşitmiş olardınız, bina başdan başa həmişəyaşıl bitkiyə bürünmüşdü. İllərlə əziyyət çəkib, qulluq edib yetişdirmişdilər.İndi həmin sarmaşıqları kökündən silərək, binanı yaşıl örtükdən təmizləyiblər. Niyəsini bilmirəm, amma hər halda buna şəffaflıq, açıqlıq deməzdim. Heyf...

TƏQVİM / ARXİV