O MEYVƏLƏRİ YEMƏK OLARMI?

FAİQ QİSMƏTOĞLU
66048 | 2015-04-14 08:45
Bu gün dünyanın hər yerində geni dəyişdirilmiş qida məhsullarından, meyvələrdən, tərəvəzlərdən danışırlar. Özü də bu məsələyə münasibət heç də birmənalı deyil. Ən azından ona görə ki, geni dəyişdirilmiş məhsulların hamısı insan orqanizmi üçün çox böyük təhlükə mənbəyidir. Düzdür, həmin məhsullar xarici görünüşünə və formasına görə digərlərindən daha gözəl və yaraşıqlı görünür. Amma o məhsulları yedikdən sonra mütəxəssislərin bildirdiyinə görə, insan orqanizmində çox böyük fəsadlar yaranır.
Məhz bu gün dünyanı da düşündürən və narahat edən əsas məsələlərdən biri geni dəyişdirilmiş məhsulların insan həyatı üçün böyük təhlükə yaratmasıdır. Artıq bir çox inkişaf etmiş ölkələrdə bu cür məhsullara qarşı "müharibə" elan edilib. Təbii ki, bütün ölkələrdə olduğu kimi, bizim də məmləkətimizə xarici ölkələrdən kifayət qədər geni dəyişdirilmiş məhsullar gətirilir. Başa düşmək olmur, kimlərsə bilərəkdən külli miqdarda vəsait əldə etmək üçün bu addımı atır və insanların həyatını məhv etməyə çalışır.
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, geni dəyişdirilmiş məhsullara münasibət birmənalı deyil. Bəzi qurumlar, xüsusən də xaricdə bu işlə məşğul olan istehsalçılar özlərinə haqq qazandırır və bildirirlər ki, həmin məhsulların uzun müddət qalması və xarab olmaması üçün bu çox səmərəli üsuldur. Görünür, bəziləri özlərinin çirkin əməllərinə haqq qazandırmaq üçün hər cür vasitələrdən belə istifadə etməyə çalışır. Gəlin, onunla razılaşaq ki, istehsalçılar bütün hallarda öz mənafelərini və maraqlarını qoruyurlar. Onlar üçün istehlakçıların hüquqları və onların sağlamlıqları bir o qədər də əhəmiyyət kəsb etmir.
Onu da qeyd edək ki, geni dəyişdirilmiş məhsullara qarşı böyük mübarizəyə start verilib. Artıq bu məsələlər ölkəmizdə də gündəmə gətirilib və bunun barəsində hətta Milli Məclis səviyyəsində məsələlər qaldırılıb. Bir neçə həftədir ki, xüsusi laboratoriyalarda müasir texnika və texnologiyalarla xaricdən gətirilən meyvə-tərəvəz və qida məhsulları yoxlanılmağa başlanılıb. Həmin laboratoriyada hər hansı meyvənin geni dəyişdirilib-dəyişdirilməməsi qısa zaman kəsiyində müəyyənləşdirilir.
Aydındır ki, bu metodun tətbiq olunması ilk növbədə insanların sağlamlığına xidmət edəcək. Sirr deyil ki, əvvəllər ölkəmizdə bu cür laboratoriyalar olsa da, amma müasir avadanlıqlar yox idi. İndi müasir avadanlıqların köməyi ilə ölkəyə gətirilən məhsullar analiz olunacaq və bundan sonra həmin məhsulun satışına icazə veriləcəkdir.
Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, ümumiyyətlə, ölkəmizə gələcəkdə mümkün qədər xaricdən meyvə-tərəvəz məhsulları az gətirilsin. Çünki kənd təsərrüfatı mütəxəssislərinin dediklərinə görə, məmləkətimizdə kifayət qədər yerli toxumlar var və onlardan da istifadə etmək lazımdır. İstər tərəvəz məhsulları olsun, istərsə də mer-meyvələr, onlar yerli sortdan, yerli növdən olanda həmin məhsullar insan həyatı üçün daha yaxşı olur. Yəni həmin məhsullar xarici görünüşcə bir o qədər də gözəl görsənməsə də, amma keyfiyyət baxımından xaricdən gətirilən mer-meyvələrdən qat-qat dadlı və vitaminli olur.
Əlbəttə, bütün bu məsələlərin müsbət yönümdə həlli ilk növbədə insanların həyatını mövcud təhlükədən və xəstəliklərdən xilas edir. Üstəlik də yerli məhsulları istehsal edən fermerlər öz məhsullarını bazara çıxara bilir və asanlıqla satmağı bacarır. Etibarlı mənbənin verdiyi məlumata görə, yaxın gələcəkdə xarici ölkələrdən gətirilən geni dəyişdirilmiş məhsulların qarşısı tamamilə alınacaq. Bu ilk növbədə ona xidmət edir ki, hər bir azərbaycanlının sağlamlığı diqqət mərkəzində saxlanılacaq, bununla yanaşı geni dəyişdirilmiş məhsullardan istifadə etmə halları tam minimuma endiriləcəkdir. Artıq əhali də dadsız, keyfiyyətsiz və həyat üçün təhlükəli olan bu məhsullardan birmənalı olaraq imtina edir. Onlar yerli məhsullara daha çox üstünlük verirlər və ondan qidalanmağı ön plana çəkirlər. Çünki sağlam olmaq istəyirsənsə bər-bəzəyə aldanmamalısan və öz yerli məhsulunu almalısan.

TƏQVİM / ARXİV