adalet.az header logo
  • Bakı 17°C

YOXA ÇƏKİLƏN ADAMLAR...

BABƏK YUSİFOĞLU
38853 | 2015-04-14 08:41
Allah insan oğluna bəxş etdiyi ağlın, düşüncənin vasitəsiylə çox sirlərin üzərinə işıq salıb, məhz şüurun köməyi sayəsində çox şeyləri aydınlığa çıxararaq onların mahiyyətini anladıb, həyat üçün kəşfləri, elmi tapıntıları bu yolda vəsilə edib. İndi artıq kimsə Yerin yumruluğuna, planetlərin Günəşin ətrafına fırlandığına, birləşmiş qablarda mayenin səviyyəsinin eyni olduğuna... şübhə ilə yanaşmır. 

Elmin, texnologiyanın belə sürətli inkişafını, aşılmazları aşa bilmək imkanlarını müşahidə etdikcə bəzən adama elə gəlir ki, daha sirr olaraq heç nə qalmadı, qala da bilməz. Lakin bir qədər də məntiqlə düşünərkən başqa gerçəkləri də xatırlamaya bilmirsən. Çox qəribədi, Xeopsun Pramidası, Semiramida asma bağları, Efesdə Artemida Məbədi... və digər ünvanlar bizim eradan əvvəlki dövrə aid olsalar da 21 əsrin ağlı, elmi onların sirrini aça bilmədiyi üçün insanın bunlara möcüzə adı verməkdən başqa çarəsi qalmadı. Yəqin ki, beləcə Uca Yaradan ən sadə vasitələrlə insan oğluna xatırladır ki, Sonsuz Qüdrət yalnız və yalnız O-nun özüdür. 

Əlbəttə, möcüzələr çoxdu, amma bütün bunlardan kənarda zaman-zaman baş verən elə hadisələr də var ki, onların da üzərindən sirr pərdəsini qaldırmaq mümkün deyil. Hətta real bir nəticəyə gəlmək naminə məntiqli ehtimallar belə irəli sürmək müşkülə çevrilirg Doğrudanmı Ayın, Marsın üzərinə enməyi bacaran elm, okeanların dibinə enən zəka ən sadə görünən olayları da möcüzələr sırasına aid etməlidir?.. 

Onlardan yalnız birini xatırlayaq: "Meri Selest" ("Mari Celeste") gəmisindəki bütün insanların, gəmi heyətinin hara qeyb olmuşdu? Uzun illər aparılan müxtəlifcür təhqiqatlar niyə bir nəticə vermədi? 
Maraqlıdı, deyimi?.. 

(Əvvəli qəzetin 7 aprel sayında) 

Kapitan Briqqs gəlirli sifariş almışdı. Nyu-Yorkdan Qenuyaya böyük həcmdə spirt aparmalıydı. Səfər üçün bütün heyətə nə edəcəklərini tapşırdı, lazım olan hər bir hazırlığı tamamladı. 
Arvadı Elizabetlə belə qərara gəlmişdilər ki, bu səyahətə də birlikdə getsinlər. Hətta kiçik yaşlı qızları Sofiyanı da özləri ilə götürəcək, oğlu Artur isə məktəbə getdiyi üçün onu nənəsinin yanında qoyacaqdılar. Benjamin ailənin yolda rahat olması üçün kapitan kayutunu xüsusi hazırlatmışdı. 
1872-ci il, noyabrın 5-də "Meri Selest" limandan ayrılıb "qoca qitə"yə üz tutdu. Və hər şey də bundan sonra baş verdi.

                  KAPİTAN MORHANIN UZUN QARŞILAŞDIĞI MÜƏMMA...

... Qibraltardan təxminən 600 mil qərbə doğru bir yerdə "Dei Qratsiya" gəmisinin matrosları kapitan Devid Morhauza xəbər verdilər ki, irəlidə qəribə formada hərəkt edən bir briqantin görünür. Tənbəllik etməyib özü göyərtəyə qalxan Devid həqiqətən də deyilənlərin şahidi oldu. Müşahidə borusuyla baxanda isə təəccüblə: 

"- Bu ki, "Meri Selest"dir, - qışqırdı. - Qəribədi, mən inanmazdım ki, bu tərəflərdə Benjaminlə rastlaşaram". 

Kapitan Morhauz gəmisinin işarəçisinə tapşırdı ki, "Meri Selest"iyə kursu bir qədər dəyişməsi üçün işarə versin. Yoxsa bu minvalla hərəkət etsəydilər gəmilər bir-birilə toqquşa bilərdilər. Lakin işarəçinin əlindəki bayraqlarla verdiyi işarələrin heç bir xeyri olmadı. Çünki briqantinin qəribə hərəkəti davam edirdi. Əslində gəmi demək olar ki, irəliləmir, yalnız okean sularının təsiriylə o tərəf-bu tərəfə ləngər vururdu.

Devid Morhauz "Meri Selest"inin kapitanı Briqqsi, hətta ailəsini yaxından tanıyırdı. Yaxın vaxtlarda görüşmüşdülər də. Briqantinə bir qədər də yaxınlaşıb diqqətlə onu müşahidə etdilər. "Meri Selest"inin göyərtəsində kimsə gözə dəymirdi. Bu, kapitan Devidi təəccübləndirdi. Bir neçə dənizçisiylə xilasedici qayığa minib Benjaminin gəmisinə üzdü. O çox yaxından tanıdığı, həmkarı Briqqsin vəziyyətindən xəbərdar olmamış necə yoluna davam edə bilərdi ki? Amma...

Amma ən böyük müəmmayla onlar gəmiyə qalxandan sonra qarşılaşdılar. Məlum oldu ki, "Meri Selet"idə bir adam belə yoxdur. Nə dənizçilər, nə kapitan Benjaminin özü, nə də arvadıyal kiçik qızı. Hərçənd Devid Morhauz da kapitan Briqqsin bu səfərə ailəsi ilə birlikdə getdiyini bilirdi. 
Gəmini nəzərdən keçirmələri onları daha böyük təəccüb içərisində buraxdı. Çünki gördükləri hər şey bir sual doğururdu. Normal vəziyyətdə olan gəminin heyəti harada idi? 

                                        FAKTLAR NƏYİ SÜBUT EDİRDİ?..

Doğrudan da çox qəribəydi, kayut-kompaniyada yemək stolunun üzərində boşqablar, qaşıqlar, yeyəcək şeylər düzülü vəziyyətdəydi. Sanki yeməyə hazırlaşırmışlar. Hətta bəzi fincanlardakı çay belə tam soyumamışdı. 

Kapitanın koyutasında hər tərəf qaydasında idi. Şkafdakı mücrünün içərisində Elizabetə məxsus qiymətli zinyət əşyaları, habelə böyük məbləğdə pullar yerindəcə dururdu. Sofiyanın yatağında onun oyuncaqları, kiçik stolun üstündə tikiş maşını, yarıya qədər tikilmiş uşaq köynəyi, ağzı açıq vəziyyətdə, içərisində maşın yağı olan şüşə adamda belə təsəvvür yaradırdı ki, kayutdakılar müvəqqəti, beş-on dəqiqəlik harasa çıxıblar. 

Yüklər, 1700 spirtlə dolu çəllək sırayla düzülmüş vəziyyətdə, böyük həcmdə içməli su, müxtəlifcür, özü də bəs qədər ərzaq ehtiyatı da anbardaydı. Yalnız xilasedici qayıqdan biri, xronometr, sekstant (bucaqölçən alət), Günəşin əyilmə dərəcəsinin cədvəli yox idi, bir də kapitanın kayutundan tapdıqları kompas sınıq vəziyyətdəydi. 

Dənizçilərin yataqları səliqəli şəkildə yığılmış, bir çox dənizçinin qəlyanı belə stolun üzərində dururdu. Adətən nə baş verirsə-versin, dənizçilər bu əşyanı daim üzərlərində gəzdirirlər. Və elə təkcə bunun özü çox müəmmalı bir hal idi. Ən qəribəsi isə o idi ki, qəlyanlar sonadək çəkilməmişdi...

                                                     ƏKS OLAN VERSİYALAR

Devid Morhauz ətrafı təəccüblə seyr edir, nələrin baş verdiyini anlamağa çalışırdı. Bütün bunlar nə demək idi? Təcrübəli kapitan, elə yanındakı dənizçilərin də hər biri ayrı-ayrı versiya irəli sürsələr də heç hansının üzərində dayanmaq mümkün deyildi. Gəmi qasırğaya məruz qalmış, təlaşa düşən gəmi heyəti xilasedici qayığa minərək canlarını qurtarmaq istərkən dalğalara "yem" olması variantı heç həqiqətə bənzəmirdi. 

Əvvəla Devid yaxşı bilirdi ki, hazırda üzdükləri dənizdə bir neçə gündür sakitlik hökm sürür. Bir də ki, güclü dalğalar olsaydı gəminin içərisində bir çox əşyalar yerlə bir olmalıydı. Ən azı bayaq qeyd etdiyimiz ağzı açıq yağ şüşəsi aşmalı, yağ isə yerə axmalıydı. 

Bəziləri inandırmağa çalışırdı ki, gəmiyə dəniz quldurları basqın etmiş, gəmidəkiləri öldürmüş, yaxud əsir almış, sonra aradan çıxmışlar. Amma bu da həqiqətə bənzəmirdi. Çünki quldurların hücumuna məruz qalan gəmilərin görüntüsü belə olmurdu. Kapitanın kayutasındakı şkafda olan qiymətli zinyət əşyalarına, mücrüdəki böyük məbləğdə olan pullara, qızıl əşyalara, satıla biləcək yüklərə toxunulmaması da quldurların dəsti-xəttinə oxşamırdı. Əslində onlar zədəli olmayan gəminin özünü belə burada buraxmazdılar. Yalnız qənimət ələ keçirmək üçün gəmilərə hücum edən quldurlar gəmi heyətini öldürüb niyə əliboş getməliydilər ki?.. 

Gəmidə üsyan baş verdiyini güman etmək mümkün idi. Morhauz düşündü ki, üsyançılar kapitanı, onun ailəsini öldürüb dənizə atmış, sonra isə törətdikləri qanlı cinayətdən qorxuya düşərək xilasedici qayığa minib qaçmışlar. 

İlk baxışdan doğruya bənzəyən bu ehtimalın da üzərində dayanmaq ağıllı görünmürdü. Çünki dənizin ortasında üsyan edərək kapitanı, ailəsini öldürən dənizçilər niyə ələ keçirdikləri gəmiylə deyil, kiçik qayıqla aradan çıxmışdılar? Dənizçilər məgər bilmirləimi qayıqla harasa qaçmaq hər an ölüm deməkdir? Bir də ki, gəmidəki görüntülər də heç cür üsyan təsəvvürü yaratmırdı. 

Yemək yeməyə hazırlaşan heyət (ən azı koyut-kompaniyadakı yemək stolunun servisi bunu sübut edirdi) hansı səbədən qanlı cinayətə əl atsın, quruya çıxan kimi onlara hava-su kimi gərək olacaq pulları kapitan kayutdan niyə götürməsinlər, daim istifadə etdikləri qəlyanlarını nə üçün stolun üzərində qoyub qaçsınlar?

(Ardı qəzetin 21 aprel sayında)

BABƏK YUSİFOĞLU
babekyusifoglu.blogspot.com

TƏQVİM / ARXİV