adalet.az header logo
  • Bakı 12°C

iTiRiLMiŞ CƏNNƏT

VƏSİLƏ USUBOVA
37802 | 2010-09-04 06:57

   
   
   
   ...Biz ateist böyüdük. İnsan iradəsi və ağlından kənarda heç nəyi qəbul etmədik. "Dünya dərk olunandı" deyənlərin elminə uyub hər şeyin öz əlimizdə olduğunu inadla, təkidlə isbat eləməyə çalışdıq. Təbiətin başına oyun açanları dahilər kimi qəbul edib insanlığın sabahına göz yumduq. Buludların axınını, çayların məcrasını dəyişənləri, təbii gölləri qurudub ürəyi istəyən yerdə sünisi yaradanları qəhrəman saydıq. Nə itirib, nə qazandığımızın da hələ tam mənasıyla fərqində deyilik.
   
   Bu cür həyat tərzinə bizi cəmiyyətə ilk addımımızdan-uşaq bağçalarından aldışdırmağa başladılar. İnsani keyfiyyətləri mərhələ-mərhələ mənasını belə anlamadığımız adlar qoya-qoya, ömrümüzü hissələrə bölə-bölə aşılamaq istədilər. Yeddi-səkkiz yaşımız olanda, -sən oktyabryatsan,-dedilər, dərslərini yaxşı oxumalı, yoldaşlarına kömək eləməli, təmiz və səliqəli geyinməli, nizam-intizamlı olmalısan. Böyüklərə hörmət, heyvanları incitməmək, zəhmətsevərlik, doğruculluq, yalan danışmamaq da öz yerində. Sonra boynumuza qırmızı qalstuk bağlayıb minnətlə pionerə qəbul elədilər. Tələblər birəbeş artdı. Vətəni sevmək (millət sevgisi bura daxil deyildi), evdə valideynlərə kömək eləmək, zəif oxuyan sinif yoldaşlarını özünə çatdırıb əlaçı (?) eləmək də bu siyahıya əlavə olundu. Öz atasının üzünə ağ olan Pavel Morozov da idealımız oldu. Nəyin naminə?! Hələ də bilən yoxdu. Qırmızı qalstukun üç küncünün ayrı-ayrı mənası vardı. Heç çoxumuz bunu da əməlli-başlı bilmədik. Şəxsi keyfiyyətlərimiz, özünəməxsusluğumuz, əslimiz-kökümüz, arzu və istəklərimizin, davranışlarımızın fərdiliyi kimsənin vecinə deyildi. Hamımız nəhəng bir sürünün sıravi üzvləriydik.
   
   Sonra gurultulu komsomol illəri gəldi. Adamlılar iş başına keçdi, adamsızların da sorağı Qazaxıstanın xam torpaqlarından, Sibirdən, BAM-dan gəldi. Başı kosmosdan, əlləri neft buruqlarından, pambıq tarlalarından ayrılmayan cavanlar bir də bellərini düzəldəndə gördülər ki, qatar çoxdan gedib, ömür-gün arxada qalıb, özləri isə heç nəyin sahibi deyillər... Ən nəhayət Kommunist Partiyası. Eyni düşünənlərin, eyni istiqamətə baxanların, "bütün yer üzünün xoş gələcəyi"nə can atanların dəstəsi. Daha dəqiqi, Peyğəmbərdən də uca tutulan Leninin özündən də "mətin və işıqlı" davamçıları. Gözəl ideallar, cazibədar xəyallar və... bunun tam əksini göstərən sərt həyat həqiqətləri...
   
   Bütün bu qondarma idealların, mənasız qruplaşmaların əvəzinə olmazdımı ki, bizə adam dilində deyədilər: Sən insansan! İnsana xas olan bütün nəciblikləri özündə birləşdirməlisən. Ətrafındakıları da oktyabryat olduğun üçün yox, öz doğmaların, yaxınların, nəhayət, həmcinslərin olduğuna görə sevməlisən. Anana pioner olduğun üçün yox, səni dünyaya gətirən, dırnağından saçlarınacan hər nazını çəkən müqəddəs bir varlıq olduğu üçün səcdə etməlisən. Lazım gələndə torpağını Leninə, Stalinə görə yox, qoynunda doğulub böyüdüyünə, ata-babalardan sənə namus-qeyrət əmanəti olduğuna görə qorumalısan! Qurub-yaratmaq istəyin də komsomol olmağından yox, damarlarında qaynayan qanından, canındakı eşqdən, ürəyindəki təpərdən qaynaqlanır. Demədilər. Hər şeyi dedilər, tək bunlardan savayı. Ağzımızı hər yola yönəltdilər, beynimizə hər şeyi yeritdilər, təki kimliyimizdən, əsl-kökümüzdən xəbər tutmayaq deyə. Özlərinə sərf eləyən kimi dedilər, öyrətdilər. Və icrasını da tələb etdilər...
   
   Amma bu bölgü təzə deyildi. Yer üzündə çoxdan başlanmışdı. İnsanın öz həmcinsinə kəm baxdığı, heç bir şeyi onunla bölmək istəmədiyi gündən. Özlərinə haqq qazandırmaq, tərəfdaş toplamaqdan ötrü dinlər, təriqətlər, allahlar yaratmağa başlamışdılar. Oxuduqlarını, öyrəndiklərini bir yerə cəmləyib nəticə çıxaranda dəhşətə gəlirsən. Gör bir, bəşəriyyət hansı bəlalardan keçib?! Biçarə avam camaat... Varını-yoxunu pirlərə, ziyarətlərə, məbədlərə daşıyıb, özü gecələr evində ac yatıb ki, nə var, nə var bir ovuc qarınqulu onun rifahı üçün öz qondarma allahlarına dua edəcək. Hələ nə qədər qanlar tökülüb, qardaş qardaşa, övlad valideynə qənim kəsilib. Nə yazıq ki, bu günümüzədək gəlib çatan saxta əqidə ayrılıqlarından hələ də yaxa qurtarmaq imkanında deyilik. Çünki kimlərəsə belə sərf edir. "Mən bir xristian kimi bunu etmərəm", "sən müsəlmansan, niyə belə elədin" və s. və. i.a... Yenə də insan və insanlıq xisləti qəsdən unutdurularaq arxa plana keçirilir. Heç kəs Yeri və Göyü yaradanın, Kainatın uca sahibinin haqqında düşünməyi, elliklə, hamılıqla Ona tapınmağı bir yolluq həyata keçirmək istəmir. Ona görə ki, bu Yer üzündə hamının qardaş kimi sülh içində yaşaması deməkdi. Dildə səslənən şüarların əməldə əksi görünür hər tərəfdə...
   
   İki ən böyük dinin daşıyıcıları bu gün də sülhə və barışa qovuşa bilmirlər. Çətindirmi? Xeyr! Çətin deyil, sadəcə sərfəli deyil. Bəs, başqa ölkələri işğal etməkdə, insan qanı tökməkdə, şəhər və kəndləri viran qoymaqda bəhanə nə olsun?!
   
   Yer üzündə nə din, nə dil, nə də irq ayrılığı yoxdu. Bircə şey var:? Siyasət! Qədim Misir fironlarının başına oyun açan kahinlərdən üzü o yana və üzübəri nəyi qaldırsan altından iyrənc siyasətdən başqa heç nə çıxmayacaq. Tanrıların insanların arasında yaşadığı iddia edilən qədim Yunanıstanda da beləydi, bu gün Aya insan göndərən super dövlətdə də...
   
   Din pərdəsi altında insanları sevgiyə, qardaşlığa qovuşdurmaq əvəzinə mənəvi keyfiyyətlərin aşınmasını gücləndirirlər. Ziyarətgahlara axın-axın insan karvanı yollandıqca, bekarçılıqdan şaqqıldatdıqları təsbehlərini, möhürdən döyənək olmuş alınlarını, zikr edən dodaqlarını gözə soxanlar artdıqca, allahsızlıq da baş alıb gedir, adamlar arasında biganəlik, soyuqluq, kin-küdurət, qərəz pik həddinə çatır...
   
   Heyf o cənnət xülyalarına. Min illərdi bu işıqlı dünyada qara günlər yaşayan insan ancaq onun eşqilə hər şeyə dözürdü...
   
   
   
   ***
   
   
   
   Dindar olmasam da, Ramazan və Məhərrəmlik aylarında özümü qəlbən rahat və inamlı hiss edirəm. İnanıram ki, bu aylarda insanlar bəd əməllərdən uzaq durar, ancaq xeyirxah və savab işlərin arxasınca gedərlər. Çox heyflər olsun ki, ildən-ilə bunun daha çox əksini görürəm. Bu gün də dörd bir yanımda əksəriyyət orucdu. Ancaq bu orucluq onların təkcə mədələrinə aiddi. Nə gözlərdə, nə sözlərdə, nə də əməllərdə "orucluq" hiss olunmur. Yenə hər kəs öz işində, öz vərdişindədi. Yenə əldənqapdı, cibəgirdi, şər, böhtan, qeybət baş alıb gedir. Bu gün bir arayışdan ötrü azı beş manat qoparanın da, ünvanlı sosial yardımı "iki mənə, bir sənə" eləyənin də, cibinə beş-on manat qoymasan xəstəyə yaxın düşməyənin də ağzı orucdu. Bəs, haqq-hesabı kim, nə vaxt çəkəcək?! Yoxsa, bu baş-ayaq əməllər elə Qiyamətəcən baş alıb gedəcək?! İnanmıram! Sonsuz, nəhayətsiz heç nə yoxdu bu qoca dünyada. Axırı harasa gedib çıxmalıdı...

TƏQVİM / ARXİV