DƏLƏDUZLUQ...

FAİQ QİSMƏTOĞLU
29261 | 2010-08-28 06:15

   
   
   
   Heç cürə başa düşmək olmur ki, bəzi adamlar indiki çətin iqtisadi vəziyyətdən istifadə edib, niyə müxtəlif yollarla pul qazanmaq istəyirlər? Bu cür adamların o qədər şirin dili olur ki, o şirin dillə ilanı yuvasından da çıxara bilir. Ən çox da sadə və səmimi adamlar belə "şirin dilli" dələduzların toruna daha tez düşürlər. Düzdür, müəyyən bir məqamdan sonra tora düşən adamlar ayılırlar, amma onda hər şey gec olur. Yəni at da gedir, ip də gedir. Onların olan-qalan pulları dələduzlar tərəfindən mənimsənilir.
   
   Bir neçə ay bundan əvvəl Bakıda özünü şirkət rəhbəri kimi təqdim edən bir nəfər müxtəlif yerlərdə elan verir ki, xaricdə işləmək üçün yaxşı iş yerləri var. Əgər kimsə həmin yerlərdə işə düzəlsə, ayda 3-4 min dollar pul qazanacaq. Bu elanı eşidən nə az, nə çox 300 nəfərə yaxın adam həmin şirkətin ünvanını axtarıb tapır. Eyni zamanda, xaricdə işləməyə gedən adamlar ev-eşiklərini satıb borc-xərc çoxlu pul toplayırlar ki, həmin pulun bir hissəsi şirkətin əməkdaşlarına verib işlərini düzəltsinlər. Elə adam da olub ki, yaxın dost-tanışlarından xeyli pul alıb. Şirkətin əməkdaşları bu adamlardan külli miqdarda pul yığıblar və deyiblər ki, iki gündən sonra gələrsiniz, sizin hamınızı Hollandiyaya yola salacağıq. O adamlar da iki gündən sonra gəlib görüblər ki, həmin ünvanda şirkətin bir əməkdaşı belə yoxdur. Lələ uçub, yurdu qalıb. Hər tərəfdən əli üzülən və ümidsiz qalan bu insanlar müxtəlif instansiyalara şikayət ediblər. Hüquq-mühafizə orqanlarından isə bildiriblər ki, camaatı aldadan fırıldaqçı şirkət rəhbəri axtarılır. Tapılanda onlar barəsində ciddi ölçü götürüləcək. Amma nə fırıldaqçı şirkət rəhbəri tapılır, nə də camaatın batan pulu geri qaytarılır.
   
   ***
   
   
   
   Sirr deyil ki, Azərbaycanda yüksək reytinqli və ictimai rəyə təsir eləyən qəzetlərin adından ayrı-ayrı dələduzlar istifadə eləyirlər. Ən çox da "Azərbaycan" və "Ədalət" qəzetlərinin adından kimlərsə daha çox bəhrələnməyə can atır. Bu gün ölkədə "Azərbaycan" və "Ədalət" qəzeti adı altında onlara bənzər nə qədər qəzet çıxır. Həmin qəzetlər "Azərbaycan" və "Ədalət" sözlərini iri hərflərlə yazırlar. Məsələn, "Azad Azərbaycan" və "Ədalət naminə" qəzetinin adında "Azərbaycan" sözü iri hərflə, "naminə" sözü isə xırda hərflə yazılır. Qəzetə və həmin qəzetin vəsiqələrinə baxanda ilk baxışdan adama elə gəlir ki, bunlar yuxarıda adını çəkdiyimiz nüfuzlu mətbuat orqanının əməkdaşlarıdır. Ancaq diqqət yetirdikdə görürsən ki, onlar bu ad altında dələduzluq eləmək istəyirlər. Yəni əvvəlcə hər hansı obyketə və bir yerə gedəndə rəhbərliyə deyirlər ki, biz "Azərbaycan", yaxud da "Ədalət" qəzetindən gəlmişik. Onlar vəsiqə tələb edəndə isə əksər halda bu cür hərəkət edən "müxbirlər" vəsiqəni göstərmək istəmir. Bir qədər bərkə-boşa düşəndən sonra məcbur olub, vəsiqəni göstərirlər. Onda da xoruzun quyruğu görünür. Məlum olur ki, həmin "müxbir" nə "Azərbaycan", nə də "Ədalət" qəzetindəndir. Sonra da utanmaz-utanmaz tanınmayan qəzetin əməkdaşları deyir ki, müdir siz səhv eşitmisiniz. Biz "Azərbaycan, "Ədalət" yox, "Azad Azərbaycan", yaxud da "Ədalət naminə" qəzeti demişik. Bax, belə olanda da utanmaz-utanmaz həmin adamlar müxtəlif bəhanələrlə aradan sivişib çıxmaq istəyir.
   
   Bir dəfə yol polisinin keçirdiyi reyddə iştirak edirdim. Reyd keçirilən yerə bir ağsaçlı, qızıl diş kişi gəldi. Yol polisi əməkdaşlarına dedi ki, mən "Ədalət" qəzetinin redaktoruyam. Yol polisləri də təəccüblə bir mənim, bir də həmin kişinin üzünə baxdılar. Çünki yol polisləri yaxşı bilirdi ki, 20 ildir ki, bu sətirlərin müəllifi onların keçirdiyi reydlərdə yaxından iştirak edir və məqalələr yazır. Amma bu kişini birinci dəfə gördüklərinə görə, ağ yalan danışmağından şübhələndilər. Sonra o kişi dedi ki, Aqil Abbas millət vəkili seçiləndən sonra qəzetin redaktoru mənəm. Həmin kişi gördü ki, dələduzluğun üstü açılır, başqa cür danışmağa başladı. Bildirdi ki, mən ora tez-tez məqalə yazıram. Amma sonda məlum oldu ki, bu adam nə "Ədalət" qəzetində işləyir, nə də orda bir dəfə məqaləsi çap olunub. Vəsiqəsinə baxanda aydınlaşdı ki, həmin yaşlı kişi "Ədalət naminə" qəzetinin əməkdaşıdı. Yol polisləri onu qınayanda yenə həmin adam arsız-arsız dilləndi ki, bizim qəzeti heç kim saymır, amma "Ədalət" deyəndə istər-istəməz bundan çəkinirlər. Çox maraqlıdır ki, adı Mətbuat Şurasının "qara siyahısında" olan qəzetlərin bir çoxu ayrı-ayrı təşkilatlarda və obyektlərdə qəbul edilmədiyinə görə, onların əməkdaşları daha reytinqli və ictimai rəyə təsir edən qəzetlərin adından istifadə eləyir. Bunun da üstü gec-tez açılır.
   
   Bütün sahələrdə dələduzluqla məşğul olan adamlar var. Amma tanınmış mətbuat orqanlarının adından istifadə etmək və onların fəaliyyətinə kölgə salmaq gec-tez acı nəticələr verir. Bu yaxınlarda "Azad Azərbaycan" qəzetinin əməkdaşı "Azərbaycan" qəzetinin adından istifadə elədiyi üçün "Yeni Müsavat"ın yazdığına görə, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bir şeyi başa düşmək olmur: ayrı-ayrı adamlar belə dələduzluqları nə vaxta qədər davam etdirəcəklər? Bir dəfə dələduzluq eləyirsən, iki dəfə dələduzluğa qol qoyursan, üçüncü dələduzluqda nə vaxtsa yaxalanırsan. Atalar yaxşı deyib: "Su qabı suda sınar". Bax, belə hərəkətlər digər dələduzlara da bir dərs olmalıdır. Bir dərs olmalıdır ki, ictimaiyyətin böyük hörmətini və nüfuzunu qazanan, ictimai rəyə böyük təsir edən mətbuat orqanlarının adından istifadə etməyin və bəhrələnməyin heç vaxt axırı olmur.

TƏQVİM / ARXİV