adalet.az header logo
  • Bakı 20°C
13 Aprel 2015 15:25
4909
ƏDƏBİYYAT
A- A+

Saz və söz bu dəfə tərs gəldi

ATV-də yayımlanan "Səbəbkar” verilişində Aşıq Ədalətin Aşıq Namiqin və rəqqasə Aytənin ünvanına söyüş işlətməsi yazıçıların qınağına səbəb olub. 


Musa Yaqub:

 


"Aşıq Ədalət olmur, kim olur-olsun,  heç kəsin heç kəsi təhqir eləməyə ixtiyarı yoxdur. Onsuz da, televiziyalarımız şou proqramları ilə zəngindir. Hər gün istədikləri sözü danışırlar. Bəs Aşıq Ədalət niyə belə eləyir, bilmirəm. Belə bir verilişdə onun nə işi var ki, hirsini, emosiyasını saxlaya bilməyib, söyüş də söyür. Mən başa düşürəm, elə şeylər var ki, görəndə insan əsəbiləşir, hisslərini cilovlaya bilmir, amma gözəl el sənətkarı olmağı Aşıq Ədalətə bəraət qazandıra bilməz ki, hansısa bir qadını bu cür təhqir etsin. Olmaz!”


Rüstəm Behrudi:

 


"Mən Aşıq Ədalətin var-yox söyüşü eləməsini ayıb bir şey hesab eləyirəm. Heç yaraşdırmadım. Başqalarına örnək olacaq bir adamın söyüş söyməyi, üstəlik də efirdən, mən bunu qəbul eləyə bilmirəm, söyülən adam buna layiq olsa belə”. 


Qəşəm Nəcəfzadə:

 


"Aşıq Ədalət gözəl sənətkardır, amma söyüş söyməklə səhv eləyib. Heç kəsə haqq verilmir ki, efirdən kimisə təhqir eləsin, hələ bu bir yana, Aşıq Ədalətin söyüşünə şaqqanaq çəkib gülənlərin hərəkəti aşığın söyüşündən daha betər idi. Aşığın söyüşünü yetişdirən elə o gülənlərdi. Elə verilişin belə də söyüşü olar. Amma Ədalət çox zəif adam imiş. Onu belə yetişdiriblər, əsl aşıq dəli olar, söyüşçül olar, hirsli olar deyə-deyə vaxtilə bulaq başında, ara məclislərində belə böyüdüblər. Ən çox da varlı-imkanlı adamlar onun söyüşlərini istedadın göstərici kimi qələmə veriblər, amma çox nahaq. Bu da nəticəsi”. 


Murad Köhnəqala:

 


"Aşıq bir qadını söyür, kişiləri bir yana, evdə qalıb iylənən qadınları da "əcccəb eləyib!" deyir. Gözləyin, ərəblərinizin-farslarınızın gəlib başınıza torba keçirtməyinə lap az qalıb! Sovetdən başıaçıq, bir az gödək geyinmə hüququ verilmişdi, geri alarlar, darıxmayın! Meydanlarda qadınlarınızı göbəyinə qədər basdırıb daşqalaq eləməyinizə, 9 yaşlı qızlara elçi getməyinizə az qalıb! "O qasıq məndə olsa ondan da yaxşı oynayardım!" deyən yaltaq bir qıllıpapaq haçandan kişilik simvolunuz oldu sizin?”


Əsəd Cahangir:

 


"Məncə, Aşıq Ələsgər rəqqasə Aytəni yox, onu ora çıxaranları söyməli idi! Oriental oynayan rəqqasəni müşayiət edən aşıq həmkarını söyməli idi! Və yalnız bundan sonra rəqqasənin növbəsi gəlirdi! İkincisi isə Aşıq Ədalət imkan verməməli idi ki, ondan bir reklam elementi kimi istifadə etsinlər. Ümumiyyətlə, isə Aşıq Ədalət səhv deyib, amam düz eləyib”


Aqşin Yenisey:

 


"Dəxli yoxdur müəllimə olsun, yaxud dansöz, heç bir el sənətkarının, aşığın, pəhləvanın haqqı yoxdur ki, əlində tutduğu alətə arxalanıb kiminsə sülaləsini söysün. İndiki aşıqların ulu əcdadları olan ozanlar qopuza and içirdilər. Ümumuyyətlə, mənəvi deqredasiya bütün Şərqi bürüyüb. Aşıqlar tarixən xalqın mənəvi dirəyi olublar. Görün aşıq Ələsgər toylarda, məclislərdə gördüyü, köks ötürdüyü qız-gəlinə nə qədər qoşmalar, gəraylılar yazıb. Hətta qoşmalarının birində həftənin gününə qədər dəqiq tarixlə etiraf edir ki, çərşənbə günü gözü düşən xanımın nişanlı, özgə malı olduğunu eşidəndə, sadəcə, sınıb qol-qanadı yanına düşüb, yəni erotok-romantik yox, travmatik bir sonluq olub. Söysə də ürəyində söyüb. Düzdür, o da qadını kiminsə malına bənzətməklə, yüngülvari təhqirə yol verib, amma folklorşünaslıq insititunun filosofları araşdırıblar ki, aşıq bu qoşmadakı "mal" sözü mal-heyvan mənasında yox, var-dövlət  anlamında işlədib. Gənc xanımın ağsaqqal aşıq tərəfindən təhqir olunması bir daha sübut etdi ki, bizim qoca sənətkarlar postmodernizm estetikasına vaxtından tez, özü də tələm-tələsik, tuman-köynəkdə keçdilər. Reallıq budur ki, indi hər iki tərəf soyunub; gənc xanım oynamaq üçün, qos-qoca aşıq isə...  Aşıq gərək öz şalvarını yox, sazının köynəyini soyunduraydı”. 



Gündəlik Teleqraf