Dağsız, dərdsiz məmləkət

ƏBÜLFƏT MƏDƏTOĞLU
33564 | 2010-08-28 06:15
İnsan hər şeyə alışır. Elə ona görə də bu alışqanlıq onu bəzən müti edir, bəzən də mübariz olmasının qarşısını alır və beləcə bir də baxıb görür ki, ömür keçib, gün keçib. Amma bünövrədən mübarizliyi olan, dəliqanlığı olan, haqsızlıqla barışa bilməyən insanlar yetərincədi. Bu insanların da günü o qədər xoş keçmir. Çünki mübarizə başağrısı gətirir, əsəb gətirir, başqaları ilə üz-göz olmağa, qarşılaşmağa səni məcbur edir... bu da ömür-gün aparır. Deməli, bütün hallarda insanın öz istəklərinə uyğun yaşaması təkcə özündən asılı olmur. Zamanın, mühitin, düşüncənin və çevrənin istəkləri ilə baş-başa qalmaq, yol yoldaşı olmaq, anlaşmaq məcburiyyətdi. Bu zor işi bacarmaq da yenə də özlüyündə ömür-gün aparır. Amma bu nisbətən maraqlı olur...
   
   Mən bütün bunları kağıza köçürtdükcə arxada qalanları göz önünə gətirməyə çalışıram. Və baxıb görürəm ki, müəyyən məqamlara, müəyyən durumlara, hətta müəyyən haqsızlıqlara mən də alışmışam. Gözüm görə-görə, ağlım kəsə-kəsə başımı aşağı salıb düşünmüşəm ki, keçib gedər. Hər kəs öz günahını, öz nöqsanını anlayar, əməllərinə qiymət verər, haqlının haqqı haqsızda qalmaz. Sən demə burda bir qədər yanılmışam, fakt üçün uzağa üz tutmağa ehtiyac yoxdur. Təkcə əsirlikdə olan kəndimi, torpağımı, evimi-eşiyimi xatırlamaq kifayət edər ki, dediklərim öz təsdiqini tapsın. Digər bir tərəfdən ölkənin baş kəndi olan bir şəhərdə balaca, özülü olmayan bir sığınacağa qısılıb yaşamağa da imkan verilməyəndə adam necə alışqan olduğunu, hər günü necə səksəkə ilə yola verdiyini təbəssümlə xatırlayır və təbəssümlə də yola verir. Bilir ki, taleyi belə gətirib. Lakin...
   
   İllər ötüb keçir və bu illərin içərisində nələr var, nələr yoxdu bu başqa bir mövzudu. Mənim üçün bu illərin ən böyük ağrısı itirdiklərim və o itirdiklərimin hesabına ömrümə-günümə çalınan baltalardı. O baltalar ki, onun sapı çox zaman özümüzdən olub. Fərqinə varmadan, budaqların quru, yaş olmasına fikir vermədən eləcə doğrayıblar. Heyf, doğranan budaqlardan, çox heyf...
   
   İndi bu şəhərin mənim üçün hansı mənanı kəsb etdiyini, nə demək olduğunu, ümumiyyətlə bu şəhər üçün kim olduğumu düşünərkən baxıb görürəm ki, sən demə böyük şəhərlər böyük dərdlərlə yaşadığı üçün balaca, duyğusal adamlar onun gözünə görünmür. Sadəcə, mən və mənim kimi düşünənlər bu gözə görünməməyi özünə dərd eləyir. Və o dərd də bizi üzür, yorur, nə vaxtsa bax, bu yorğunluqdan, bu üzüntülərdən cana doyanda yazmışdım:
   
   
   
   yorulmuşam içimdən,
   
   bezikmişəm köçümdən
   
   Allah,
   
   mənə ölçümdən
   
   böyük dərd göndərmisən -
   
   əynimə gen-bol olur...
   
   
   
   ... Hə, yorulmaq, bezikmək çox ağır və həm də öldürücü bir bəladır. Özünün də xəbərin olmadan səni, barama qurdu için-için tut yarpağını yediyi kimi üyüdüb gedir. Əriyirsən, şam əriyən kimi və...
   
   
   
   ***
   
   
   
   Deməli getmək, harasa üz tutmaq ürəyin təpərindən, istəyindən asılı olmaq kimi bir şeydi. Bir yerə ki, ürək aparır, onda ayaq gedən olur. Nə yol yormur, nə də içində narahatçılıq hiss etmirsən. Bilirsən ki, orda da gözləyənlər həmin o istəklə, həmin o maraqla yoluna göz dikib. Və gedirsən, arxadan da rahatsan çünki, dalınca su atan var, öndən də, içində bir yeni dünyanın nəfəsini hiss edirsən. Çünki sənə qol açılıb. Lakin...
   
   Deməli, bəlkə də həyatımda ilk dəfə idi ki, müəyyən məsələlərdən, loru dildə desək, adam kimi baş açdım, onların fərqinə vardım. Gördüm ki, böyük şəhərdə yaşamaq Adama böyüklük, dünyagörüş, böyük ürək, səxavət, insanlıq və ən vacibi mərifət bəxş eləmir. İnsan balaca bir kənddə, onun da lap balaca bir daxmasında yaşayıb həmin o böyük şəhərin əta etmədiklərini çox sadə bir şəkildə, çox normal bir halda qazana bilərdi, necə ki, qazanır da! Doğrudur, deyirlər ki, "Balıq dəryada böyüyür", amma, dəryanın da dərya dərdi, o böyük balığın da başının üstündə böyük qarmaqlar oynayır. İstənilən məqamda tora, tilova düşməyi bir an məsələsidi, bir tamah məsələsidi, bir nəfsin qurbanı olmaq məsələsidi. Şükür ki, Tanrı bizləri həmin o nəfsdən, o tamahdan və daha neçə-neçə insanlığa bütün məqamlarda uyğun gəlməyən hallardan uzaq saxlayıb.
   
   Bakı heç kim üçün darıxmayıb. Şəxsən mən bu şəhərin kimin üçünsə darıxdığını, kiminsə həsrətini çəkdiyini hiss etməmişəm. Görünür bu da Bakıda vağzalların, bazarların, limanların, tacirlərin, tamah dişlilərin, daha nələrin, kimlərin çox olması ilə bağlıdır. Ancaq kəndin, hətta onun darısqal bir küçəsinin insan üçün darıxdığını görmüşəm, yaşamışam. Yəqin ki, bu fikirlərə görə kimlərinsə ağlından nələrsə gəlib keçib gedəcək, olsun, amma mən adicə doğma divara əl sürtəndə, öz əlimlə əkdiyim ağacın budaqlarını oxşayanda, o doğmalığı hiss etmişəm. Kölgəsində oturub xəyala daldığım ağacların tanış budaqları mənə elə xatirələr pıçıldayıb, elə doğmalıq göstərib ki, bəzən yaşımı unudub yenidən həmin ağacın budaqlarına dırmaşmışam və qonşu uşaqların öz dillərində desək "bu yekə kişinin uşaqlığına" güldüklərini də aydınca eşitmişəm. İnanın ki, bu ayrı ləzzətdi, bunu sadəcə yaşamaq lazımdır. Lakin mən Bakıda demək olar ki, daha çox ağrı-acı, daha çox boyumdan, yaşımdan böyük yüklər, dərdlər çəkimişəm, yaşamışam. Ona görə də yazmışam ki:
   
   
   
   Qayğılı çəkdiyim, dərdli çəkdiyim
   
   Bu boyda Bakıda dərddi çəkdiyim!
   
   Mənim azadlıqda şərti çəkdiyim -
   
   Cəzanın adını - çəkənlər bilər!..
   
   
   
   ***
   
   
   
   İnsan öz ağrılarına, öz problemlərinə görə daha çox özünü qınamalıdır. Çünki hər kəs kimi onu da Allah yaradıb və ona da müəyyən şanslar veribdi. Kimi ondan yararlanıb, kimisə elə-belə papağı günə yandırıb. Rəhmətlik Osman Sarıvəlli demişkən, günah hər kəsin özündədi. Bu şair ifadəsinin ardınca mən başqa bir məqamın diqqət çəkdiyini, daha doğrusu özünü məcbur diqqətə təqdim etdiyini görürəm. O da insanın insana dəyər verməsi, qiymətləndirməsidi. Müəyyən məqamlara görə taleyim boyu bəzən gec, bəzən vaxtında ayrılan diqqətin, verilən qiymətin şirinliklərini yaşamışam və onun insanın iç dünyasını necə rahat etdiyini yaxşı bilirəm. Və hər kəsə də haqqını almağı, diqqət mərkəzində olmasını bütün səmimiyyətimlə arzu edirəm və düşünürəm ki, sözün bütün mənalarında insanı yaşadan yalnız və yalnız ona göstərilən qayğı və diqqətdi, təssüf ki, bu həmişə belə olmur. Bir vaxtlar dostlardan birinə ünvanladığım şeirin bir bəndi belə idi:
   
   
   
   Mənim istədiyim adi bir diqqət
   
   Onu əsirgəmə, onu kəm etmə
   
   İnsanı yaşadan bəlli həqiqət
   
   Bil ki, bu diqqətdi, özgə qəm etmə...
   
   
   
   İndi bütün bu yazdıqlarımın orta məxrəcini diqqətə çatdırmaq istəyirəm. O da Bakının mənə və mənim kimi düşününlərə, dünyagörüşü olanlara münasibətidi, həmçinin həsrətini çəkdiyim yerlərin niskilidi... demək bütün hallarda o şəhər özünün daha böyük, daha nəhəng, amma dünyası daha cılız olan adamları ilə varlıdı. Qəribə var-dövlətdi, onun həsrətini yəqin ki, çəkənlər də var. Necə ki, mən kəndimin, onun özü qədər sadə və səmimi adamlarını, bir də təbiətinin həsrətini çəkirəm. Deyirlər ki, Allah da dərdi çəkənə verir, dağa-daşa yox. Nə dağınız, nə də dərdiniz olsun!..
   
   

TƏQVİM / ARXİV