adalet.az header logo
  • Bakı 16°C

SiZƏ ƏJDAHA LAZIMDI?

OQTAY SALAMOV
25202 | 2010-08-28 06:15
Zövqlər və maraqlar haqda mübahisə etməzlər. Bəzən birinin həyatını həsr etdiyi, ömrünü onsuz təsəvvür edə bilmədiyi şey, iş, başqa birinin ən zəhləsi gedən, onun üçün çox mənasız və maraqsız şey, iş olur. Məsələn, Madrid "Real"ının məşhur portuqaliyalı ulduzu Kriştiano Ronaldonun rus sevgilisi İrina Şeyk futbola nifrət etdiyini bildirib. Xanım deyib ki, sevgilisi Ronaldonun oyunlarını izləməkdənsə, başqa işlər görməyə üstünlük verir...
   
   Xanımın şəklini də veriblər, şəkildən nələri sevdiyi təxmini məlum olur; "Ədalət"i kağız variantında oxuyanlar şəkillə tanış ola bilərlər. Elə bu xəbərin özü də kiməsə maraqlı, başqasına isə mənasız gələ bilər. Soruşar ki, mənə Ronaldo, ya da Şeyk lazımdı? Oxu, atam balası, seç sənə lazım olanını oxu.
   
   Məsələn, sənin üçün maraqlıdırmı ki, qadınların çoxu niyə qırmızı rəngi sevirlər? Yox, o dəqiqə özünü çoxbilmiş bilib, "dəli qırmızı, gic sarı" söyləmə, bilmək olmaz ki, hələ hansı cins daha ağıllıdı? İşsiz-gücsüz mütəxəssislər dünyanın bir çox ölkələrində araşdırma aparıb və belə nəticəyə gəliblər ki, qadınların qəlbinə gedən yol qırmızı köynəkdən keçir. Araşdırmalar qadınların qırmızı "futbolka" geyinən kişiləri daha çox bəyəndiklərini ortaya çıxarıb. Bundan başqa qırmızı qalustuk, qırmızı corab belə qadınlarda eyni təsiri yaradır. Qadınlar arasında aparılan araşdırmada zərif cinsin nümayəndələrinə orta səviyyədə cazibədar olan kişilərin şəkilləri göstərilib. Kişilər şəkillərdə müxtəlif rəngli köynəklərdə və fərqli rəngli fonlarda olublar. Qadınların böyük əksəriyyəti bu zaman qırmızı geyinən, qırmızı fonda olan kişilərə üstünlük veriblər. Onların fikrincə qırmızı insanı daha cəlbedici və arzuedilən göstərir. Bunu da bəyənmədin? Neynək, sənin də zövqünə, marağına uyğun bir şey taparıq.
   
   Türk müğənnisi Seda Sayanı tanıyırsınız. Mən bilmirəm, ona niyə türk deyirlər. Türklərdə Seda adı yoxdur. Sayan da əsl erməni soyadıdı. Nə isə, həmin bu Seda Sayan yeddinci dəfə rəsmən ərə getdi. Bir müddət öncə xanım son dörd ayda "eşq yaşadığı toxuculuq fabriklərindən birinin sahibi Atilla Altayla Las Veqasda nigaha girib. Deyir bir-birlərini çox sevən və birlikdə yaşayan cütlük, əvvəlcə Seda Sayanın Astoriadakı evində imam nigahı ilə evlənib. Xeyriyyəçiliklə tanınan Seda Sayan, nigahlarını kəsən imamı Ümrə ziyarətinə göndərəcəyinə söz verib". Mən bilmirəm bu Ümrə ziyarəti nə olan şeydi, amma yəqin ki, bahalı ziyarətdi. Bir xanıma yeddinci nikahı kəsmək filan qədər məsuliyyətli işdi axı. Bunu da bəyənmədin? Mən belə tezliklə geri çəkilən deyiləm, növbətiyə bax.
   
   "RBK daily" yazır ki, sürücüyə konkret səfərin neçəyə başa gəldiyini göstərən brelok icad olunub. Lemur Econo Driver adlandırılan bu devaysın qiyməti 80 dollar civarındadı və 1996-cı ildən sonra buraxılmış bütün avtomobillərə uyğunlaşdırıla bilir. Cihaz iki hissədən ibarətdir. Birinci hissə, kiçik qutu avtomobilin panelində olan xüsusi girişə birləşdirilir. O brelok- kompüterə (devaysın ikinci hissəsi) keçilən məsafə və sərf olunan yanacaq haqda məlumat verir. Bu mini kompüter bir səfərə sərf olunan benzini analiz etmək üçün lazımdır. Əvvəlcədən breloka benzini, digər yanacağın qiyməti daxil ediləndə, qurğu maşın sahibinə səfərin neçəyə başa gəldiyini bildirir. Bu brelok həm də sürücünün stilini analiz eləyərək qiymətləndirir. Səfər nə qədər qənaətcil, deməli həm də ekoloji sərfəli olarsa, brelokun ekranında daha çox yarpaq şəkli peyda olur. Maşınla əlaqədar yazılan mövzular səni maraqlandırmır? Deməli sənə bu əjdaha da lazım olmadı? Neynək, əl çəkən deyiləm eyg
   
   Bilirsənmi ki, kişilər qadınlardan iki dəfə sədaqətsizdir? Bax, elə həmin o işsiz-gücsəz mütəxəssislərin başqa bir qrupu bir ildir evli olan, ya da birlikdə yaşayan 1024 kişi və 1559 qadın arasında araşdırma aparıblar və yuxarıda dediyim fakt ortaya çıxıb. Araşdırmada məlum olub ki, birlikdə olduqları 6 il müddətində kişilərin 6,7 faizi, qadınların isə 3,3 faizi partnyorunu aldadır. Araşdırmanın nəticələri göstərir ki, partnyoruna bağlı olan qadınların aldadılma ehtimalı çoxdur. Maliyyə baxımından qadın kişidən asılıdırsa, xanımın partnyorunu aldatma faizi aşağı düşür. Ümumiyyətlə, araşdırma zamanı qadınların xəyanət faizinin kişilərə nisbətən yarıbayarı daha az olduğu ortaya çıxıb. Bu xəbər heç özümün də marağına uyğun gəlmədi. Amma sənin zövqün üçün maraqlı olanı axtarıram axı. Bəyəndin? Bəs buna sözün nədi?
   
   İsveçrənin ya yol polisi, ya da bəzi sürücüləri ağıllarını itiriblər. Deyir sürət həddini aşan isveçrəli heç bir radara düşməsə də, cərimələnib. Məsələ belə olub: İsveçrədə qiyməti 220 min dollar olan "Mercedes"i ilə icazə verilən sürət həddini 2,5 dəfə aşan 37 yaşlı kişi indiyə qədər ən böyük məbləğdə cərimələnmiş sürücü olub. Saatda 290 kilometr sürətlə hərəkət edən sürücü tam dayanmaq üçün yarım kilometr məsafə qət etməli olub. İndiyə qədər bu ölkədə heç kimin bu sürətlə hərəkət etmədiyini bildirən polis cəzalandırılan sürücünün bütün yol boyu quraşdırılan radarların heç birinə düşmədiyini də qeyd edib. Belə ki, yalnız 200 kilometr/saat sürəti qeydə almaq üçün tənzimlənən radarlar 290 kilometr/saat sürəti qeydə almayıblar. Yalnız yoldakı müşahidə kameraları vasitəsi ilə qanun pozucusunu müəyyən etmək mümkün olub. Ən maraqlısı isə sürücünün indiyə kimi ölkə tarixində ən böyük məbləğdə cərimə edilməsidir. Bu ölkədə cərimə sistemi həm qanun pozucusunun gəlirindən, həm də pozuntunun həcmindən asılıdır. Təyin olunmuş cəriməyə əsasən 37 yaşlı sürücü 300 gün müddətində hər gün 3300 dollar cərimə ödəməlidir ki, bu da nəticədə 1 milyon dollar edir. Öz aramızdı, deyəsən bir cıqqan xoşuna gəldi axı. Xəbər yox, sürücünün o miqdarda cərimələnməsini deyirəm.
   
   Ölürük özgə pulunu saymaq üçün. Bax gör bu əjdaha xəbəri bəyənirsənmi? İngiltərədə, onun paytaxtı Londonun ən bahalı hissəsi olan "Knightsbridge"də inşa olunan "One Hyde Park" rezidensiyasının sonuncu mərtəbəsində yerləşən 2 160 kvadratmetrlik mənzil 140 milyon funtsterlinqə, yəni 220 milyon dollara satılıb. Bir kvadratmetri təqribən 101 min dollara satılmaqla rekord qıran mənzilin sahibinin rus neft maqnatlarından birinin yaxud da ərəb şeyxi olduğu ehtimal olunur. Amma mənzil də mənzildi ha. İki mərtəbəni əhatə eləyir, güllə keçirməyən şüşələrlə əhatə olunub. Dəmir-beton-şüşə konstruksiyadan ibarət olan rezidensiya zəhərli qazları təsirsiz vəziyyətə gətirən xüsusi ventilyasiya sistemi ilə təchiz olunub. Mənzil xüsusi bunkerlə də təchiz olunub ki, ev sahibi baş verə biləcək hər hansı bir hücum, soyğun təhlükəsi zamanı burada gizlənə bilər. İçərisində şərab saxlamaq üçün xüsusi anbarı olan mənzildən yeraltı yol vasitəsi ilə yaxınlıqdakı "Heston Blumenthal" restoranına da yol var. İngiltərə ordusunun Xüsusi Aviasiya Xidmətinin keçmiş zabitlərinin qoruduğu binada ümumilikdə 80 mənzil nəzərdə tutulub ki, bunların da təqribən 2/3 hissəsi artıq satılıb. Nyu Yorkda inşa oluan "Knightsbridge" yaşayış kompleksində satılan mənzil isə dünyada ən bahalı ikinci mənzil hesab olunur. Mərkəzi Parka mənzərəsi olan mənzil 70 milyon dollara satılıb.
   
   Bu əjdaha ürəyincə oldu? Yaman "kaprizni" adamsan, onda bu xəbəri oxu, bəlkə marağın təmin olundu: Yaponlar indi də ağıllı tualet ixtira edib .Bu ayaqyolundan istifadə edənlər sidik analizi, qan şəkəri, çəkisi, hərarəti, təzyiqi və s. barədə məlumatlar əldə edə bilir. Deyir, "Toto" şirkətinin hazırladığı bu ayaqyolundan istifadə edənlər bir neçə dəqiqədən sonra sidik analizi, qan şəkəri, çəkisi, hərarəti, təzyiqi və s. barədə məlumatlar əldə edə bilir. Özü də , analizlərin nəticəsi divarda olan monitorda göstərilir. Bu məlumatların istifadəçinin şəxsi kompüterinə transferinin mümkün olduğu bildirilir. Şirkət rəsmisi gələcəkdə analiz nəticələrinin e-mail vasitəsilə istifadəçinin həkiminə və ailəsinə də ötürüləcəyini bildirib. Dalbadal 5 nəfərin analizlərini göstərəbilən ağıllı tualetin qiyməti isə 350 000 ilə 500 000 yen (3 200 - 4 500 avro) arasında dəyişilir. Qeyd edək ki, ağıllı tualetlər yaponların 70 faizinin evində hökmən olan isidici kreslo, hidro-masaj cihazı, musiqi qutusu imkanları ilə də təchiz olunub. Ağıllı tualetdəki unitazın qapağı isə istifadəçi içəriyə daxil olduğu vaxt avtomatik açılır.
   
   Ta ağ eləmə, onda sənə "mestni" əjdaha lazımdı. İndi mən neynəyim ki, yerli buzovdan öküz olmur?...

TƏQVİM / ARXİV