Bizi kim qarğıdı...

ETİBAR CƏBRAYILOĞLU
32078 | 2010-08-28 06:15
Kim deyir ki, biz inkişaf eləməmişik? Hər şey göz qabağındadı. Dünyanın yekə-yekə dövlətləri bizdən neft, qaz almaq üçün növbəyə durublar. Əvvəllər Lixtenşteynsiz də yaşaya bilmirdik, indi Amerikasız da yaşamağı bacarırıq. Bir ilə yaxındı ABŞ bizə səfir göndərmir, elə bilir ki, əl-qolumuzu çaprazlayıb onların göndərəcəyi diplomatı gözləyəcəyik. Heç vecimizə də deyil. Səhərin açılması üçün xoruzun banlamasını gözləyən deyilik ki? Sındırmağa qozumuz var, cırmağa bezimiz.
   
   Zavodlarımızdan tüstü çıxır, fabriklərimizdən fit səsi gəlir. Dünya ulduzlarını sünnət toylarımıza gətirib oxutdururuq. Amerikalılar bir Maykl Ceksonu qoruya bilmədilər, amma bizdə korifey sənətçi, meqa star bir vaqondu, hamı da yağ içində böyrək kimi yaşayır. Restoranlarımızdan kabab iyi, telekanallarımızdan küftə iyi əskik olmur.
   
   Daha heç bir hərbçi tabeliyindəki əsgəri mobil telefon konturuna görə güllələmir. Pensiyaçılarımız daha poçt şöbələrinin qabağında növbə gözləmirlər, sadəcə, səhərəcən bankomatların önündə sıraya düzülürlər, vəssalam. Sovet dövründənqalma maşın sürən qonum-qonşunu kəndçi hesab edirik. Ən son dəbli xarici avtomobillər səkilərdə üstümüzə çıxır.
   
   İnkişafı görmək üçün Bakıya baxmaq yetər. Amma gərək bir az toz-torpağın yatmasını gözləyək. Hər yerdə, hətta lazım olmayan yerlərdə də tikinti gedir. Əvvəllər bir iki göydələn tikməyə ancaq gücümüz yetirdi, indi göydələnin üstündə də bir göydələn tikə bilirik. Yol çəkən fəhlələr bircə saniyə boş durmurlar. Səhər asfalt çəkdikləri küçəni axşam qazırlar. Yer qazmaq demişkən, metroda da inkişaf gedir, vaqonların qapısı açılan kimi mahnı çalınır, stansiyalarımızın sayı artır.
   
   Nə isə hər yerdə inkişaf var. Bircə bu inkişaf, tərəqqi mətbuatda gözə dəymir. Redaksiyalarımızın əksəriyyəti elə bil İraq bombardımanından bu dəqiqə çıxıb. Qəzetlərin keyfiyyətinə baxan onların Azərbaycanda yox, Qvineya Bisauda çap olunduğunu zənn edir. İstedadsız jurnalistlər ən bahalı xarici avtomobil sürməkdən, istedadlılarsa qəpiyə güllə atmaqdan yorulmurlar. Yeməkxanadakı Anarın nisyə dəftəri Süleyman Rəhimovun "Şamo" romanından qalındı. Heç bilmirəm bizim jurnalistləri kim qarğıdı... Taleyini qələm-kağıza, qəzet-jurnala bağlayandan sonra bir xoş gün görməyən rəhmətlik Mehdi Bəyazidin misraları neçə gündü dilimdən düşmür
   
   
   
   Hər çiçəyi, hər gülü
   
   Leysan yağışı tutmaz.
   
   Xəta hər ömrə gəlməz,
   
   Qəza hər başı tutmaz.
   
   Süd əmmişəm döşündən,
   
   Ana qarğışı tutmaz.
   
   Bircə biləydim məni
   
   Kimin qarğışı tutdu?
   
   
   
   Bizim qəzetçilərin heç nədə bəxti gətirmir. A kişilər, əvvəllər bizi sayırdılar. Döyəndə də heç olmasa vəzifəli adamlar döyürdü və ya onların cangüdənləri sillə-təpik vururdu. Nazirlərdən biri "Konkret deyirəm ki, rədd ol" kimi dəyərli cümlə işlədirdi, biri deyirdi qulağımın dibində vızıldama. Bizə tərəf atılan güllənin də dəyəri-qiyməti vardı. Kim qarğıdı, necə qarğıdısa indi üstümüzə futbolçu, şahmat oynayan, domino daşı çırpan gəlir.
   
   O gün "Bakı" klubunun futbolçusu Mahmud Qurbanov hücuma keçib. Rəqib qapısına tərəf yox e, "Komanda" qəzetinin redaksiyasına. Redaksiyanın avadanlıqlarını top kimi ora-bura çiləyib, baş redaktora kəllə atıb. İndi də işi polisdədi. Polisləri də siz məndən yaxşı tanıyırsız. Polis qardaşlarımız futbol hakimi deyilər ki, Mahmuda qırmızı vərəqə göstərələr. Vəziyyət başqa cür olacaq.
   
   Ölmədik bu günü də gördük, futbolçu yumuruğu da yedik. Bizi qarğıyan pis qarğıyıb. "Komanda" qəzetindəki həmkarlarımı "Bakı"nın aparıcı futbolçularından biri təpikləsəydi, inanın ki, heç bu məsələni çox açıb-ağartmazdım. A kişilər, bizi son illər əsas heyətə düşə bilməyən döyür. Dilin-ağzın yansın, qarğış yiyəsi...
   
   Dostlar, qardaşlar, həmkarlar, başımıza çarə tapmağın zamanıdı. Sabah təkər qaraldanın, şüşə silənin sillə-təpiyinə "qonaq" olmaq istəmirsizsə bir şey fikirləşin. Yığışıb bizi qarğıyanı tapaq, soruşaq görək ona nə pisliyimiz dəyib?
   
   Bəlkə sizin başqa təklifləriniz var? Tez olun deyin.
   
   Tez olun, qarşıdan mənə tərəf bir qaraçı gəlir. Özü də yaman tərs-tərs baxır...

TƏQVİM / ARXİV