QƏLƏBƏYƏ GEDƏN YOL...

FAİQ QİSMƏTOĞLU
28993 | 2010-08-21 05:15

   
   Bəzən adama elə gəlir ki, dərd onu boğanda və bu dərdin içində itib-batanda ağlamaqla hər şeyə son qoya bilər. Belə dərd adamı yaxalayanda ya insan hıçqırıb ağlayır, ya da elə göz yaşları sakit-sakit içinə axır. Amma nə bu göz yaşları, nə də hıçqırıqlar insanın yarasına heç vaxt məlhəm qoymur, əksinə adam özünə qapılanda, dərdi ilə təkbətək qalıb çətin anlar yaşayanda ona heç nə kömək edə bilmir. Sadəcə olaraq insan bir qədər mübariz olanda, iradəsi güclü olanda bax onda istər-istəməz dərd burulğanından və kədərin içindən nə vaxtsa çıxa bilir...
   
   
   
   DƏRD ADAMIN
   
   BELİNİ ƏYİR
   
   
   
   Torpaqlarımız işğal olunanda bu millət, bu xalq çox şeyini itirib. Amma elə adamlar var ki, hər şeyini itirsə də, inamını, qüvvəsini və mübarizliyini heç vaxt əldən verməyib. Sadəcə olaraq, ən ağır anlarda fikirləşib ki, dərd məni öldürüncə qoy mən dərdi içimdə boğum, məhv edim. Bu dərd bütün torpaqları işğal olunan insanlar kimi, füzulilərin də yaxasından uzun müddətdir yapışıb, əl çəkmir. 1993-cü ilin avqustun 23-də Füzuli və Cəbrayıl rayonları ermənilər tərəfindən işğal olunub. Buna işğaldan çox hansısa torpağı zəbt etmək deyilməlidir. Yəni işğalın arxasında güclü qüvvələr, yadelli düşmənlər durmasaydılar ermənilər Azərbaycanın nəinki rayonlarını, hətta bir kəndini belə ala bilməzdilər. Bunu tək mən yox, Qarabağ savaşında ermənilərə qan udduran, onların hücumlarını dəf edən və ən nəhayət heç nədən qorxmayan döyüşkən oğullar deyir. Onlar onu da deyirlər ki, düzdür, ermənilər bizim torpaqlarımızı "dayıların" hesabına işğal ediblər, amma bu o demək deyil ki, onlar bizim üzərimizdə qələbə çalıblar. Ən azından ona görə ki, hələ qələbəyə gedən yol qabaqdadır və bu yolda Azərbaycan əsgərinin və ordusunun son sözü deyilməyib. Son söz deyilməyənə qədər heç bir ordu və heç bir xalq qalib sayıla bilməz.
   
   
   
   GÖYDƏN MƏRMİRLƏR YAĞIRDI, İNSANLAR İSƏ CANLARINI GÖTÜRÜB QAÇMAQ İSTƏYİRDİ
   
   
   
   Avqustun 23-nü yaşayan insanlar çox yaxşı bilirlər ki, həmin anlar Füzulidə düşmənin qabağına kimlər çıxdı və kimlər də yağıların qabağından qaçıb gizləndi. Amma həqiqət həqiqətliyində qalır ki, füzulilər Qarabağ savaşında nə qədər şəhid verib və nə qədər oğullar da bu döyüşlərdə yaralanıb. Döyüşən və yaralanan oğullar heç nədən qorxmayıblar. Bəzən döyüşün ən ağır anında insan heç nə haqqında fikirləşmir. Daha doğrusu, fikirləşsə də düşünür ki, mən bu torpaqdan qaçıb getməyim və son ana qədər, son gülləyə qədər düşmənlə vuruşum. Füzulinin işğalı ərəfəsində son gülləsinə və son anına qədər neçə-neçə qəhrəman oğullar döyüşdü. Hətta Füzuli şəhərinin müdafiəsində onlarla belə oğullar şəhid oldu. Onlar da başqaları kimi, dabanlarına tüpürüb qaça bilərdilər. Ən azından səngərdə gizlənib düşmənin qabağına çıxmaya bilərdilər. Amma onlar bütün hallarda düşmənin qabağına çıxdılar və son güllələrinə qədər döyüşdülər. Həmin anlarda istər milli ordunun əsgərləri, istərsə də polisin və daxili qoşunların əməkdaşları heç biri nə ölümdən, nə də erməni xofundan qorxurdu. Düzdür, mülki əhali erməni tərəfdən atılan mərmilərin, qıradların vahiməsindən başını itirmişdi. Həmin anlarda da başını itirən insanlara və çətin vəziyyətdə olan adamlara daha ürəkli və döyüşkən əsgərlərimiz təsəlli verib, "qorxma" deyirdilər. Təbii ki, müharibədə yazılmamış qanunlar olur və bu yazılmamış qanunlara görə də hərə özünü odun-alovun içindən çıxarmağa çalışır.
   
   Həmin günlər gödən mərmi yağanda, toplar, qradlar yaşayış məntəqələrindəki evlərin, insanların üstünə düşəndə bu çox vahiməli idi. Ən çox da vahimə ondan ibarət idi ki, mülki əhali hara qaçacağını və gedəcəyini dəqiqləşdirə bilmirdi. Nə yaxşı ki, bu ağır anlarda rayon rəhbərliyi və o cümlədən icra hakimiyyətinin başçısı Nəbi Muxtvroa camaatın arasında idi. Elə camaat də, rəhbərlikdə işləyən adamları öz arasında görəndə bir az sakitləşir və toxtaxlaşırdı. Bax onda insanlar hiss edirdilər ki, onları qarşıda ölüm gözləsə də, bundan çıxış yolu da mümkündür və o vaxt rayon rəhbərliyi çıxış yolu tapdı, əhalinin bir hissəsi Araz çayının üstündəki körpudən İrana keçdi, digər hissəsi isə başqa bir yolla xilas oldu. Nə yaxşı ki, mülki əhalinin təhlükəsizliyi çətinliklə də olsa təmin edilə bildi.
   
   
   
   ÜMİDLƏR QIRILMADI
   
   
   
   Düzdür, erməni işğalçıları Füzulinin kəndlərini işğal elədi. Həmin yaşayış məntəqələrindəki sosial obyektləri, məktəbləri, xəstəxanaları və evləri yandırıb külə döndərdilər. Horadiz kimi böyük bir şəhərdə bir yaşayış evi belə qalmadı. İrandan həmin yanğına baxan bəzi həmyerlilərimiz göz yaşını saxlaya bilməyirdilər. Onlar deyirdilər ki, Horadizi və digər yaşayış məntəqələrini ermənilər gözümüz görə-görə yandırdılar. O evlər, o binalar, o məktəblər yandıqca bizim içimiz də od tutub yanırdı.
   
   Horadiz şəhəri ilə yanaşı, Füzulinin Araz boyu 22 kəndi də işğal olundu. Ən çətin anlarda insanlar Bala Bəhmənli, Əhmədbəyli kəndlərinə sığındılar. Bir müddət müharibənin qızğın çağında həmin yaşayış məntəqələrində də əhali yaşamadı. Çünki hərbi əməliyyatların aparıldığı bu ərazidə böyük insan tələfatı ola bilərdi. Amma camaat yenə ümidini üzmürdü və camaat ona da inanırdı ki, işğal altında olan torpaqlarımız nə vaxtsa azad ediləcək.
   
   
   
   1994-CÜ İLİN QIŞI...
   
   
   
   ... Həmin vaxtı, yəni 1994-cü ilin yanvarında Ulu Öndər Heydər Əliyevin yeritdiyi siyasət nəticəsində Horadiz istiqamətində milli ordumuz uğurlu əməliyyat apardı. Bir neçə gün ərzində yaşayış məntəqələri uğrunda ölüm-dirim mübarizəsi getdi. Hər qarış torpaq uğrunda döyüşən oğullarımız bir neçə gündə Füzulinin 22 kəndini və 1 şəhərini ermənilərdən azad elədilər. Arazın üzərindəki körpüdə dalğalanan erməni bayrağı Azərbaycan əsgərləri tərəfindən endirildi və orda Azərbaycan bayrağı qaldırıldı. Həmin anları yaşayan polis zabitlərindən biri deyir ki, bayrağımız qalxanda hamımız uşaq kimi sevincimizdən hönkürüb ağladıq. Torpağımızı azad edəndə üstümüzdən böyük bir yük götürüldü. Əsgərlərimiz və eləcə də mən əyilib azad etdiyimiz torpaqdan öpdük. Vətənin torpağı nə qədər müqəddəs, nə qədər əziz imiş. Biz onsuz da çox ağrı-acılar və dərdlər yaşamışdıq. Amma torpağımızı itirəndə yaşadığımız dərdi heç vaxt yaşamamışdıq. Bu sözləri işğal olunmuş torpağı azad edən polis zabiti deyir. Həmin polis zabiti onu da deyir ki, əgər müharibə başlasa, yenə elə həmin qüvvə ilə döyüşəcək və yağıları torpaqlarımızdan qovacağıq.
   
   
   
   DÖYÜŞƏN ŞƏHƏR, YAŞAYAN ŞƏHƏR
   
   
   
   Əgər işğaldan sonra Horadizə kimin ayağı düşmüşdüsə, onda gözlərinə yəqin ki, inanmazdı. Yəni həmin şəhərdə bayaq dediyimiz kimi, bir yaşayış binası, bir ev, bir inzibati bina belə salamat qalmamışdı. Hamısı bir göz qırpımında yağılar tərəfindən yandırılmışdı. Şəhər sanki xarabazarlığa çevrilmişdi. Hara ayaq atırdın uçub dağılan və hətta divarları yanan evləri görürdün. Təbii ki, bu yanan yurda ayaq basan hər hansı bir insanın ürəyi bu mənzərəni görəndən sonra qan ağlayardı. Heç adam təsəvvürünə belə gətirə bilməzdi ki, uzun illər tikilən, qurulan bir şəhəri yağılar necə yaman günə qoya bilərlər. Yağılar pisliyini elədi, evləri yandırdı, binaları xarabazarlığa çevirdi, hər şey külə döndü. Amma zaman keçdi, yenidən Füzulinin işğaldan azad olunmuş 22 kəndi tikildi, bərpa edildi və əhali ora köçməyə başladı. Horadiz şəhəri isə ölkə prezidentinin diqqəti və qayğısı sayəsində yenidən əsaslı sürətdə tikilməyə başladı. Bir-birindən gözəl yaşayış binaları, xəstəxanalar, məktəblər, mədəniyyət mərkəzləri az bir müddətdə tikilib istifadəyə verildi. Şəhərin baş yolu dünya standartlarına uyğun olaraq, inşa edildi. Bayaq dediyimiz kimi, Horadiz şəhərində həyat yenidən öz axarına düşdü. İndi bu şəhərdə mədəniyyət evi, Heydər Əliyev muzeyi və dəmiryol vağzalı orijinal bir formada tikilib. Şəhərdə möhtəşəm şadlıq evi, muğam evi və Olimpiya idman kompleksi inşa edilir. Bütün bünlarsa ona dəlalət edir ki, erməninin "ağzının içində" çox böyük bir quruculuq işləri görülür. Artıq əhalinin böyük bir hissəsi işğaldan azad olunmuş yaşayış məntəqələrinə qayıdıb. Qayıdışın və Zobucu yaşayış qəsəbələrinin salınması, burda əhalinin daha rahat yaşamasına və işləməsinə imkan yaradır...
   
   SƏRİN MEH
   
   ƏRGÜNƏŞİN
   
   HAVASIN GƏTİRİR
   
   
   
   İsti havalarda hər yerdə olduğu kimi, Füzulidə də insanlar müəyyən çətin anlar yaşayıblar. Amma onlar yenə öz iş-gücündən, təsərrüfatlarından və əkin-biçitnlərindən qalmayıblar. Biliblər ki, ikinci dəfə ana yurda qayıtmaq, vətənə dönmək heç də hər insana qismət olmur. Özlərini yavaş-yavaş daha yaxşı hiss edən bu insanlar hər günün açılmasına ürəkdən sevinirlər. Ürəkdən sevinirlər ki, onlar vətənlərinə qayıdıb, ata-baba yerlərində ev tikir, ocaqlarını yandırırlar. Şükür olsun ki, camaatın dolanışığı da yaxşıdır. Yəni əkin-biçin, təsərrüfat işləri görmək insanları heç vaxt yormur. Onlar onu da yaxşı bilirlər ki, zəhmət çəkərsən, bəhrəsini də görərsən. Rayon icra hakimiyyətinin başçısı Nəbi Müxtarov da həmişə olduğu kimi, el-obanın içindədir. Yəni camaatın arasında, xalqın arasında olan insanlar o xalqın bütün qayğılarını, dərdlərini və problemlərini daha yaxşı bilir. Füzulilərin də ağrayan yerini, dərdini, qəmini bir icra başçısı, ağsaqqal kimi Nəbi müəllim hamıdan yaxşı biilr. Nəbi müəllim camaatın qədrini bildiyi kimi, el-oba da ona hörmət eləyir. Təbii ki, insan xalqa arxalananda o dağa arxalanır. Nəbi Muxtarov da uzun müddətlik fəalliyət dövründə ölkə prezidentinə və bir də Füzuli camaatına arxalanır. Elə buna görə də həmişə bu rayonda, bu yurdda bir əmin-amanlıq, bir sakitlik və bir nikbinlik hiss olunur.
   
   
   
   DƏRDİ AĞLAMAQLA YOX, MÜBARİZLİKLƏ "ÖLDÜRMƏK" OLAR
   
   
   
   Adətən torpaqlarımız işğal olunan günü biz onu ağlamaqla, göz yaşı tökməklə yada salırıq. Amma füzulilər bu günü tamamilə başqa bir formada, başqa bir tərzdə yada salırlar. Onlar şəhid oğullarımızı, itirilən kəndlərimizi, yanan evlərimizi xatırlamaqla sabaha daha nikbin və mübariz bir ruhda baxırlar. Hər yanan evin yerində bir bina ucaltmaqla, bir dərdli adamın dərdinə məlhəm qoymaqla, bir insana kömək etməklə adam məqsədinə daha tez çata bilər. Artıq bu el, bu yurd ayağa qalxıb, özünə gəlib və Füzulinin işğaldan azad olunmuş məntəqələri və yaşayış sahələri yeni bir ömür yaşayır. Bu ömrü yaşadanlar isə daha mübariz və daha zəhmətkeşdilər. Onlar fikirləşirlər ki, hər şeyi ağlamaqla yox, mübarizə ilə, qurub-yaratmaqla, kimlərəsə ürək-dirək verməklə yoluna qoymaq olar. Bu yol həm də işğalda olan torpaqlarımızın azad olunmasına doğru uzanır.

TƏQVİM / ARXİV