ÜÇ DƏRGİNİN ÜZ TUTDUĞU YARADICI

ƏBÜLFƏT MƏDƏTOĞLU
57980 | 2015-04-11 01:05
Öncədən qeyd edim ki, bugünkü Azərbaycan ədəbi-elmi ictimaiyyətinin nümayəndələri arasında elə alimlərimiz var ki, onlar həm də şəxsiyyətdi. Yəni, sözün bütün mənasında özlərini həm elmə, həm də insanlığa xidmətə həsr ediblər. Bu alimlərin həyat qayələri elmi fəaliyyətləri ilə Azərbaycan elmini, ədəbiyyatını dünyaya tanıtmaq, insanlıq missiyaları ilə hər kəsə böyük hərflərlə yazılan əsl insan olmaq gerçəkliyini ortaya qoymaqdır. Deməli, onların əsas məqsədi alimliyin və insanlığın vəhdətində dayanmaq, ziyalılıqla vətəndaşlığı qovuşdurmaq və son nəticədə hər kəsin qəbul edəcəyi, nümunə götürəcəyi bir kamilliyi həm tariximizin, həm də günümüzün gerçəyi kimi sevdirib yaşatmaqdı.
Mən bu, bir az bəlağətli görünən fikirləri bilgisayara diktə edərkən daxilən çox rahat idim. Çünki söylədiklərimi qulağım da duyurdu və ona ürəyim də inanırdı. Bilirdim ki, pafos sərgiləmirəm, düşünüb, görüb inandığımı yazıram. Bu isə hər kəsin razı qalacağı məqamdı. Adamlar o vaxt razı qalırlar ki, yazdığın, dediyin ən azından yüzdə əlli birin fikri ilə üst-üstə düşür. İndiki məqamda da mən fikirlərimin həmin o yüzdə əlli birlə üst-üstə düşəcəyinə tam əminəm.
İndi barəsində qısa bilgi vermək istədiyim alim, həm də hər kəsin qəbul etdiyi şəxsiyyət olan Qəzənfər Paşayev Azərbaycanın hüdudlarını öz sözü ilə, xidməti ilə, eləcə də elmi araşdırmaları ilə çoxdan aşıb və öz qələmi, imzası ilə bizi də tanıdıbdı. Birmənalı şəkildə qeyd etmək olar ki, professor Qəzənfər Paşayev bütün yaradıcılığını Azərbaycanı, onun folklorunu, bütövlükdə ədəbiyyatını, türk dünyasını, Türkmən camiyəsini böyük dünyaya tanıtmağı qarşısına məqsəd qoyub. Demək olar ki, hörmətli professorumuz hələ sovetlər dönəmindən başlayaraq özünün həm ədəbi-bədii yaradıcılığı, həm də elmi yardıcılığ ilə bu böyük məqsədə doğru inamla addımlamışdı. Heç də təsadüfi deyil ki, şəxsən mən və mənim yaşıdlarım məhz professor Qəzənfər Paşayevin yaradıcılığı sayəsində Kərkükü, onun ədəbi mühitini, eləcə də Türkmən folklorunu, daha sonra isə Azərbaycan folklorunu və el sənətkarlarını, bütövlükdə isə böyük ədəbi mühitə baxışı özümüzdə formalaşdıra bilmişik.
Təbii ki, dəyərli professorumuzun gərgin, həm də məhsuldar yaradıcılığı ölkə daxilindən kənarda da zaman-zaman maraqla izlənib. Elə bugünlərdə Azərbaycanın hüdudlarından kənarda işıq üzü görmüş üç dərgi diqqətimi cəlb edib. Onların hər üçündə professor Qəzənfər Paşayev barəsində səmimi və həm də konkret bilgilər verilməklə bahəm professorun özünün də məqalələri işıq üzü görüb. Həmin dərgilərdən biri "Türkməneli edebiyyat ve sanat" aylı ədəbiyyat, mədəniyyət və sənət dərgisinin 84-cü sayıdır. Bu il işıq üzü görən həmin 84-cü sayda çox hörmətli Qəzənfər müəllim barəsində professor, doktor Subhi Saatçının "Bir Türkmen sevdalısı - Gezenfer Paşayev" məqaləsi dərc olunubdu. Həmin məqalədə Qəzənfər müəllim barəsində oxuculara qısa həm də tanıtım xarakteri daşıyan bilgilər verilibdi. Dərginin həmin sayında hörmətli professorumuz Qəzənfər Paşayevin "İraq, Turkman tarixine ve dialektine bir baxış" məqaləsi təqdim olunubdu.
"Kardaşlık" dərgisinin 64-cü sayında da professor Qəzənfər Paşayevlə bağlı oxuculara məlumat verilir və burada Qəzənfər müəllimin yaradıcılığının kitab görüntüləri də oxucuların diqqətinə çatdırılır. Yəni dəyərli alimimizin seçilmiş əsərlərinin 7 cilidliyinin, həmçinin son illərdə çap olunmuş bir-birindən maraqlı digər nəşr əsərlərinin üz qabıqlarının fotoları da bu jurnalda oxuculara tanıdılıb. Zənnimcə, daha çox tanışlıq və tanıtma xarakteri daşıyan bu bilgilərdə dərgi sahibləri və yazarları Azərbaycan alimini öz oxucularına sevdirmək, onların maraq dünyasına təqdim etmək istəyini qarşılarına məqsəd qoyublar və bu da öz ifadəsini dərgilərdə ayrılmış yerlərin həcmində özünü göstərir.
Sevimli alimimizin yaradıcılığı barəsində oxuculara məlumat verən 3-cü dərgi isə "Xudafərin" adlanır. Türkcə, farsca çap olunan bu jurnalda da Qəzənfər müəllimin sevimli şairimiz "Hüseyn Kürdoğlunun poetik dünyası" adlı böyük məqaləsi də yer alıb. Bütün bunlar bir daha göstərir ki, professor Qəzənfər Paşayevin simasında Azərbaycan ədəbiyyatı, Azərbaycan elmi həm də onu böyük dünyaya tanıdan bir alimin, bir vətəndaşın sayəsində hüdudları aşır və sevilir. Bunun üçün dəyərli alimimizə və mənim şəxsiyyətinə də sonsuz ehtiram bəslədiyim hörmətli professor Qəzənfər Paşayevə təşəkkürlər bildirib, uğurlar arzu etmək, zənnimcə, hər birimiz üçün içdən gələn istək olmalıdır. Necə deyərlər, daha böyük uğurlar, hörmətli Qəzənfər müəllim!

TƏQVİM / ARXİV