adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

HƏYATIN SOLO iFASI...

FƏRHAD ŞABANOV
18124 | 2010-08-21 04:50
Bəzən həyatda elə hadisələr baş verir ki, insan başa düşmür buna inkişaf kimi baxsın yoxsa tərsinə. Edam etmək üçün yeni qurğu kəşf ediləndə bu inkişafın göstəricisi olur yoxsa vəhşiliyin? Ya da insana qarşı başqa işgəncə yolları?! Belə hadisələr tarixin səhifələrindən başqa günümüzdə də yaşanır. İnsan sağlamlığının unudulduğu, ön plana pulun və acgözlüyün çıxdığı bir zamanda yaşıyırıq. Bu cümlələri eşitməkdən və oxumaqdan bezmisiz bilirəm. Mən də bezmişəm hamı kimi. Əgər heç nə dəyişmirsə başqa şey fikirləşmək lazımdı. Daha təmtəraqlı cümlələr. Məsələn, bu gün Bakıda çimərliklərdə boğulanların sayı 10-a çatdı əvəzinə, bu gün Bakıdakı basa-basın qarşısını alacaq möhtəşəm bir hadisə yaşandı - Xəzər dənizi 10 Bakı sakinini özü ilə oppalara apardı. Basa-bas deyən kimi yenə nəqliyyat vasitələri gəldi gözümün qabağına. Keçən dəfə avtobuslarla bağlı ürəyimdən və ağlımdan keçənləri sizlərlə bölüşdüm. İndi metro haqqında bir-iki iradım var.(Tağı müəllim keçsin günahımdan amma biz bilirik ki, inkişaf üçün tənqid vacib şərtlərdən biridir!) Qatara minmək üçün üç nəfərlə toqquşursan, beş nəfərlə itələşirsən. Ancaq Ankarada adamlar qapının kənarına düzülür və qatardan enən sərnişinlərə yol verir. Sonra isə özləri sıra ilə qatara minməyə başlayır. Gəlin razılaşaq ki, bunu etmək çətin deyil. Bunu fikirləşmək üçün xüsusi bacarıq da tələb olunmur. Bu içdən gəlməlidir. İçdən gəlməsə belə bunu etməliyik.
   
   Türkiyədə metroda telefonlarda şəbəkə olmur. Bu hal məni təəccübləndirmişdi. Fikirləşdim ki, bizdə buna çarə tapıblar ancaq Türkiyədə hələ də bunu edə bilmirlər. Bizdə hətta demək olar ki, bütün operatorlar tutur metroda. Bəzi araşdırmalarımdan sonra məlum oldu ki, metroda telefonların şəbəkə daxili olması insan sağlamlığına çox zərərlidi. Telefonun ötürdüyü şüalar metro bağlı olduğu üçün qayıdır və insana ciddi zərərlər dəyir. Azərbaycanda hamı əsəbidi, hamı bir-birinə qarşı kinlidi. Bəlkə də belə xırda zərərlər buna gətirib çıxarır. Metroya sevgilisi ilə minən oğlan diqqət və nəzərini sevgilisinə yönəltməkdənsə gözü kənarda sevgilisinə baxanı döymək arzusuyla yanıb alışır. Azərbaycanda çox az adam öz həyatını yaşayır, əksəriyyət başqalarının ona yaşatdığı həyatı yaşayır. Köynək geyinəndə, şalvar seçəndə, hətta saçını kəsdirəndə belə "görəsən nə deyərlər" prinsipi ilə hərəkət edirlər. Bunu edən hamının şüuraltında əsəb yaranır. Bu əsəb isə öz həyatını yaşamaq arzusunda olan insanlara qarşı yönəlir. Kimsə şəkilli şalvar geyinəndə, ona söz atırlar. Saçını başqa cür kəsdirənə qəribə baxırlar. İşin ən can alan nöqtəsi isə orasıdı ki, polis belə vəziyyətdə hüquqları pozulmuş vətəndaşın yox, haqsız tərəfin tərəfini tutur. Bizdə polis insidentin qarşısını almaqçün yox, yaranacaq insidentdən pul qazanmaq üçün var sanki. Maşın sürəndə, küçədə gəzəndə, metroda polis gördüyü anda insanda qəribə xof yaranır - indi saxlayıb nəyiməsə ilişəcək. Heç bir şüuraltı travma səbəbsiz olmur. Bizdə bu travma varsa deməli polisin vətəndaşa qarşı münasibəti bunu yaradıb.
   
   Küləklər şəhəri - Bakı, bəlkə sənin küləklərin bizim şüurumuzu uçurub aparır uzaqlara. Odlar diyarı - Azərbaycan, bəlkə sənin alovun yandırıb olan-qalan ağlımızı. Qoy küləyin alovunu alışdırdıqca alışdırsın, sönməsin, canlı qalsın təki bizimlə qalsın. Biz cəmiyyət olaraq nəyə layiqiysə Allah onu verib bizə. Biz həyatı dəqiqələrin gətirdiyi saatlarda görürük. Həyat bizim üçün zaman axarından başqa bir şey deyil. Ancaq həyatlar var ki, onu yaşamaq üçün min zaman axarı qurban verməyə dəyər. İt olsun, pişik olsun amma ki, bizim olsun. Əlimizdə olana razıyıq və artıq nəsə etməyə can atmırıq.
   
   Bizim gücümüz divara vapsayt yazmağa çatır. Çatda qız tutan oğlan indi "əsrimizin səyavuşu"du. Ətrafımızda baş verən hər şeydə ən əhəmiyyətli rolu bişirmək oynayır. Qızı bişirmək, istinin insanları bişirməyi, qadının yaxşı yemək bişirməyi. Fərqi yoxdu nəyi, əsas odu ki, bişirməyi bacarasan. Qabaq haradı bilmirəm ancaq haradısa hamı ora getmək istəyir. Ora da getmək üçün dil əsas şərtdi. Dilli-dilavər olasan gərək. Ağlın, biliyin olmasa da olar, əsas dilin olsun ki, bişirə biləsən qabağındakını.
   
   Həyat elektro gitaranın solo ifasına bənziyir. Hərdən coşub orqazma çatırsan, hərdən də həyatın ritminə ayaq uydurub saniyələrin keçməsini gözləyirsən.

TƏQVİM / ARXİV