"Bu izi hamıdan yaxzı bacarıram"

ETİBAR CƏBRAYILOĞLU
46214 | 2010-08-21 04:50
"Xalq cəbhəsi" qəzetində onun imzası ilə çap olunan müsahibələri oxuyanda yazılarındakı qəribə ovqat diqqətimi çəkmişdi. Sonra Elbrus Ərud APA-nı quranların sırasına qoşuldu. Milli Məclisdə baş verənlərdən agentliyin istifadəçilərini xəbərdar elədi, gündəlik informasiya istehsalı ilə məşğul oldu. Arada yazıçı da "işlədi". "Yaza bilmədiklərim" adlı kitabı Aqil Abbasın ön sözü ilə çap olundu, oxucular tərəfindən maraqla qarşılandı.
   
   Bu dəfə Elbrus Ərud yeni bir layihəyə imza atıb. Vəzifəsi, ofisi, işçiləri var. Bunların hamısını birləşdirib dostumuzu belə təqdim etmək olar- "Qafqazinfo.az" internet qəzetinin baş direktoru.
   
   Bəzi oxucularımız bu yeni internet qəzetin adını ilk dəfə eşidir. Elbrus bunu təbii qarşılayır. Deyir ki, cəmi bir neçə gün əvvəl fəaliyyətə başlamışıq, haqqımızda çoxları hələ heç nə bilmir. Amma mənə bircə ay bəsdi ki, "Qafqazinfo.az" cəmiyyətdə öz yerini tutsun.
   
   - APA-dan getdiyini deyəndə elə bildim zarafat edirsən...
   
   - Zarafat etməyə nə çox mövzu... Amma bu qəti qərarım idi. Hər bir insanın həyatında belə bir an gəlir ki, dəyişikliyə ehtiyac duyur. Mən də belə bir anın yetişdiyini hiss etdim və çox doğma kollektivdən getdim. Arada heç bir inciklik-filan olmadı. Günlərin birində əvvəllər çalışdığı yerdən ayrılmaq jurnalist həyatı üçün normal bir hadisədi. Bilirəm ki, yaxşı futbol azarkeşisən, futbol dili ilə desək, yeni iş yerimə transfer olundum. Jurnalist də futbolçu kimidi, bir müddətdən sonra başqa bir kluba transfer olunur, yeni komandanın uğurları üçün çalışmaq istəyir. Mən də hiss etdim ki, artıq belə bir an gəlib. Çoxdan arzuladığım layihəni gerçəkləşdirmək məqamı yetişib.
   
   - Gəl onda futbol dilində danışaq, bu transferin qiyməti neçəyədi?
   
   - Çox baha.
   
   - Deyirlər ki, dünyada satılmayan və alınması mümkün olmayan futbolçu yoxdu...
   
   - Hər halda Elbrus Ərud imzasının qiymətini yaxşı bilirəm. Ona görə də çox ucuz tutulmağa razı olmaram. Yenə deyirəm, kifayət qədər bahalı transfer oldu. Futboldan daha bir sitat olar?
   
   - Buyur. Belə müsahibi sonra hardan tapacam...
   
   - Belə deyim də, əvvəlki klublarımda yaxşı oynamışam, çoxlu yaddaqalan qollar vurmuşam. İndi isə yeni klubumda bu qolları vurmaq istəyirəm. Özü də bura mən həm oyunçu, həm də baş məşqçi kimi gəlmişəm.
   
   - Futbol terminilə desək, oynayan məşqçi...
   
   - Kollektivə rəhbərlik etməklə yanaşı özüm də xəbər yazacam. Ayağımı-ayağımın üstünə aşırıb oturmaq fikrində deyiləm. Təzə xəbər hazırlamaq üçün tər tökməyə gəlmişəm.
   
   - Niyə məhz "Qafqazinfo.az", niyə məhz internet qəzet?
   
   - İcazə ver növbəylə cavablandırım.
   
   - Buyur, dostlar öz aralarında icazəsiz də danışa bilərlər.
   
   - Məni də, bizim ailəni də yaxşı tanıyırsan. Bilirsən ki, oğlum dünyaya gələndə uşağa ad seçmək məsələsi nə boyda problem oldu. İnternet qəzet üçün ad seçəndə də oxşar vəziyyətə düşdüm. Təbii ki, "Qafqazinfo.az" ilk və sonuncu variant deyildi. Amma domen almaq istəyəndə problemlər çıxdı. Məlum oldu ki, seçdiyim adların hamısı qeydiyyatdan keçib. Sonda "Qafqazinfo.az" adı üzərində qaldım. Məncə bu da pis ad deyil. Əslində ad hər şeyi həll etmir. Sualın ikinci hissəsinə gəlincə, bu gün elektron media çap mediasından fərqli olaraq, zamanla daha tez ayaqlaşır. İnternet qəzet istehsal etdiyi məhsulu oxucuya daha tez çatdırır, onunla operativ ünsiyyət qura bilir. İnternet qəzet layihəsinə üstünlük verməyimin bir özəl səbəbi də var.
   
   - Bilmək olar, o nə səbəbdi elə?
   
   - Başladığım bütün işlərdə həmişə öz iddiamı ortaya qoyuram. Bunu bütün dostlarım, sən də yaxşı bilirsən. Bu məsələdə də iddiamı sübut etmək istəyirəm. "Qafqazinfo.az" ölkədə ən güclü internet qəzet olacaq. Çünki bu işi hamıdan yaxşı bacardığıma əminəm. Dediklərimi sübut etmək üçün isə mənə bir ay möhlət lazımdı. Təbii ki, bu gün "Qafqazinfo.az" barədə çox az internet istifadəçisinin məlumatı var. Fəaliyyətə başladığımız bir neçə gün ərzində artıq ölkənin populyar qəzetləri bizə istinad edirlər. Bu hələ ilk uğurlardı. Amma bir aydan sonra "Qafqazinfo.az" ən çox oxunan internet qəzet olacaq.
   
   - Kimnən Elbrus?
   
   - Təbii ki, güclü kollektivlə. Gənc, istedadlı, xəbər istehsalında bacarığı olan jurnalistləri "Qafqazinfo.az"ın ətrafında toplayacam. Operativ, qərəzsiz, demokratik, bütün tərəflərə fikrlərini çatdırmaq imkanı yaradan, tam müstəqil internet qəzet olacaq. Beyni kif atmış, yaradıcılıq enerjisi qalmayan jurnalistlərə "Qafqazinfo.az"da yer olmayacaq. Bayaq dediyim kimi, özüm də reportyorluq edəcəm. Tanınmış yazarlarla əməkdaşlıq planlarımız var. Aqşin Yenisey, Ceyhun Musaoğlu bizə yazır, elə sən özün də. Daha bir neçə tanınmış imza sahibi ilə söhbətim olub. Yaxın günlərdə onların da imzaları "Qafqazinfo.az"da görünəcək.
   
   - Deyəsən, yaxşı sponsor tapmısan?
   
   - Desəm belə bir iddialı layihəni öz cibimin puluna edirəm, sözsüz ki, heç kim inanmaz. Tanınmış, iri layihələrdə uğur qazanan şirkətlərlə danışıq aparıram. Tezliklə onların reklamlarını öz internet qəzetimizdə yerləşdirəcəyik.
   
   - 5-6 il əvvəl tamam başqa bir mühit idi. İndi isə elektron mediada ciddi rəqabət var. Rəqabətdən qorxursan?
   
   - Qorxan oğlana oxşayıram? Rəqabətə davam gətirmək, uğur qazanmaq üçün gərək istehsal etdiyin məhsulu sata biləsən. Biz xəbər istehsal edirik. Xəbər də tez xarab olan məhsuldu. Məhsulumuz xarab olmasın deyə, onu oxucuya operativ çatdıracağıq.

TƏQVİM / ARXİV