O GüNüN iŞIğI...

FAİQ QİSMƏTOĞLU
31425 | 2010-08-14 00:22

   
   Deyirlər ki, adam öz elinə, öz obasına ayaq basanda onun dərdi-qəmi azalır, ağrısı-acısı bir anın içərisində əriyib gedir. Başqalarını deyə bilmərəm, şəxsən mən öz doğma yurduma - Füzulinin Böyük Bəhmənli kəndinə gedəndə heç yerdə hiss eləmədiyim rahatlığı və sakitliyi görürəm. Yuxusuzluq sarıdan çox əziyyət çəkirəm. Şəhərdə bir saat, iki saat yatanda bütün yorğunluğum canımdan çıxır. O da yata biləndə. Amma elə ki, doğma el-obama baş çəkirəm, orda bir axşam qalıram, həmin axşamın yuxusunun şirinliyi və rahatlığı heç vaxt yadımdan çıxmır. Qarabağın havası, torpağı, suyu çox gözəldir. Bizim kənddə Qarabağın bir parçasıdır. Mənə elə gəlir ki, elə dünyanın ən gözəl, ən yaraşıqlı və ən yaxşı kəndi bizimkidir. Bunu çoxları heç də qısqanclıqla qəbul eləməsinlər. Bu yerlərin suyu, torpağı, meri-meyvəsi, havası tam başqa cürdür. Yəni, şəhərdə adamın havası çatmayanda, nəfəsi tıncıxanda bu gözəl məkanda heç bir havasızlıq və narahatlıq hiss eləmirsən. Bizim kəndin 5 min illik tarixi var. Bəlkə də Azərbaycanın yeganə kəndlərindəndir ki, burda yaşayan insanların hamısı bir-biri ilə bir neçə qola qohumdurlar. Elə qohum olduqlarına görə də kənddə birinin xeyirinə-şərinə getməyəndə başqasının xeyirində-şərində görürünəndə bir çox qohumlar adamdan inciyir. Bəzən dostlara deyirəm ki, kənddə toya gedirəm, yaxud da rəhmətə gedən var, onlar təəccüblə bildirirlər ki, adamın nə qədər qohum-əqrəbası olar?! Bizim qohum-əqrəba həqiqətən də çoxdur. 5 min illik tarixi olan bir kəndin xeyir-şəri də istər-istəməz həddindən ziyada çox olur.
   
   
   
   ***
   
   Uşaqlıq dostum, gözəl ziyalı və həmişə yeri görünən rəhmətlik Əhliman Pənahoğlunun övladının toyuna dəvət eləmişdilər. Bu adam o qədər işıqlı, zəkalı və müdrik insan olub ki, sanki o bu gün də sağdır. Yəni Əhliman həkimin hər yerdə söz-söhbəti olur, adı çəkilir və tez-tez xatırlanır. Adətən belə insanlar heç vaxt ölmürlər. Çünki onların əməlləri, düşüncəsi və nəhayət qeyri-adi təfəkkürü çoxlarının qəlbində əbədi bir iz qoyub. Bu izi nə zamanın tufanı, nə şaxtası, qarı, nə də seli yuyub apara bilər. Dünyada yeri görünən oğlanlar çox olub. Düzdür, onların yerinə sonradan övladları, nəvələri, nəticələri gəlib. Yəni, həmin insanlar övladlarının, nəvələrinin, nəticələrinin ömründə yaşayıblar. Əhliman həkim barmaqla sayılası bilən böyük Azərbaycan ziyalısıdır. Vaqif Bəhmənli deyir ki, Əhlimanla söhbət eləyəndə, sanki rəhmtəlik Xudu Məmmədovun bal kimi şirin söhbətlərini dinləyirdim. Əhliman həkim kiminlə söhbət eləyirdisə, kiminlə dərdləşirdisə, həmin adam bu bal kimi şirin danışan insanın söhbətindən doymurdu. Hiss eləyirdi ki, qarşısındakı böyük bir mənəvi sərvət, böyük enerji mənbəyidir. Bu enerjidən nə qədər çox qidalansa, özünü bir o qədər rahat və xoşbəxt hiss eləyər. Əhliman həkimlə söhbət eləyəndə mən həmişə özümü göyün yeddinci qatında hiss eləyirdim. Sanki mənim əlimdən tutub, o Tanrının dərgahına doğru gedən yolla harasa aparırdı. Elə ki, şirin söhbətini başa vururdu və bundan sonra yenidən həmin dərgahdan onunla geri qayıdırdım. Yurdunda 4 oğlu, 2 qızı qalıb. Ötən həftənin şənbə günü Bəhmənlidə rəhmətlik Əhliman həkimin böyük oğlu Rəcəb bəyin toyu oldu. Allah xoşbəxt eləsin. Bu toy o biri toylardan deyildi. Bu toyda Əhliman həkimin ruhu da mağara gəlib çıxmışdı. Hamının üz-gözündə əvvəlcə kədər hiss olunsa da, musiqinin sədalarından sonra bu kədər əridi və bütün qohum-əqrəbanın çöhrəsində bir günəş işığı oyandı. Bu işıqda, bu yurdda Əhliman həkimin də ruhu hiss olunurdu. Sanki o ruh oğlu Rəcəb bəyə xeyir-dua verməyə gəlmişdi. Anası dərdli Əziz xala dərdini unutmuşdu. Böyük qardaşı Zülfüqar həkim, Məmməd, Alik bir anlıq da olsa qardaş dərdin unudub, qardaşoğlunun toyunun sevincli anlarını yaşayırdılar. Bu sevincli anları tək Əhliman həkimin qardaşları, bacıları, əmioğluluları deyil, o şənlikdə iştirak edən bütün bəhmənlilər yaşayırdılar.
   
   
   
   ***
   
   Bizim kənddə bir neçə artezian- bulaq var. O quyuları 40 il bundan əvvəl Sovet dönəmində qazıblar. Sözümün canı ondan ibarətdir ki, bir dəfə Bakıda yaşayan bir bəhmənli xəstələnib kəndə qayıdır. Həkimlər də deyir ki, onu aparın doğma kəndinə bəlkə orda bir az özünə gələ. Amma bu xəstə çətin ki, yaşaya. Həmin adamı kəndə gətirirlər və o da gəlib dədə-baba ocağında sığınacaq tapır. Yayın istisində deyir ki, o bulağın başına gedib çata bilsəm, ordan su içsəm, əl-üzümü yusam sağalacam. Kişini bir təhər həmin bulağın başına gətirirlər və orda iməkləyə-iməkləyə bulağın suyundan əvvəlcə ovcunu doldurub doyunca içir, üz-gözünü yuyur və rahat nəfəs alıb deyir: "oxay", tay mən sağaldım. Bundan sonra ölən deyiləm. Sağalmaz xəstəliyə düçar olan bu adam bulağın suyundan şəfa tapır və bir müddət yaşayır. Yəni bu kəndin torpağı, suyu, havası bu kənddən nə vaxtsa çıxıb gedən adamların xəstələnib kəndə qayıdanda, ahıl yaşında köməyinə çatır və onlara həyat verir. Deməli, bu kəndin suyu dirilik suyudu. O sudan içən, o havadan udan, o çörəkdən yeyən adam ayağa qalxır, özünü sağlam hiss edir və ağrısız-acısız yaşayır.
   
   
   
   ***
   
   Kənddən qayıdanda tanımadığım sürücünün maşınına əyləşdim. Sürücü dedi ki, Bakıya gedirəm, iki müştəri də tapsam, bu dəqiqə çıxacağam. Heç 5 dəqiqə geçməmişdi başqa 2 nəfər də gəlib çıxdı. Maşın Bakıya istiqamət götürdü. Bir müddət heç kim dinib-danışmadı. Yolun yarısında mənimlə maşının arxasında əyləşən orta yaşlı bir kişi dedi ki, mən gitara çalan olmuşam. Adım da Rasim, soyadım Bəyləroğludur. O dəqiqə yadıma düşdü ki, bu adam Bəhmənlinin toylarında və eləcə də Füzulidəki şənliklərdə çox olub. Sonra da əlavə etdi ki, indi Bəhmənlidəki musiqi məktəbində tardan dərs deyirəm. Mən də dedim ki, ay Rasim müəllim, tar hara, gitara hara?! Rasim müəllim də yavaş-yavaş dilləndi ki, tar çalan onsuz da gitara çalmağı bilir, gitara çalan da tar çalmağı bacarır. Mənim Rəmişlə möhkəm dostluğum olub. Bir yerdə çox toylarda iştirak eləmişik. Hətta bir dəfə onunla çəkdirdiyim şəkili Aqil Abbas məndən istədi. Mən də aparıb verdim Aqil müəllimə, sonra da o şəkil mənə qayıtmadı. Aqil müəllim o vaxt deyirdi ki, Rəmişdən povest yazacam. Elə yazdı da.
   
   Rasim Bəyləroğlu bu gün Füzulidə gözəl gitaraçı kimi tanınır. Onun barmaqları gitarının simləri üstə gəzdikcə ətrafa gözəl bir musiqi sədaları səpələnir. Təsadüfi deyil ki, bu yaxınlarda "Xəzər" TV-nin "Ay Zaur" verilişində Zaur Kamalın Füzulidən Nizami Abdullayevlə bağlı çəkdiyi maraqlı verilişdə gitaranı Rasim Bəyləroğlu səsləndirib. Nizami Abdullayev də hər musiqiçi ilə yola gedən deyil. Yəni, bir balaca musiqi alətində xaric eləyən və ovqatına uyğun olmayan musiqiçidən o dəqiqə uzaqlaşır. Deməli, Rasim Bəyləroğlu da elə-belə müsiqiçi deyil. Rasim bəy sözarası dedi ki, bir neçə gün bundan əvvəl muğam ustası Təvəkkül Musayev Füzuliyə gəlmişdi. Axşam Nizami Abdullayevi yola salandan sonra onunla görüşdüm. Təvəkkül müəllim də dedi ki, vaxtım çox azdır. Bəlkə balıq tutmağa getdim.
   
    Ümumiyyətlə, musiqiçilərin bəziləri ən gözəl istirahəti balıq tutmaqda görürlər. Qədir Rüstəmovu da Ağdamın azad vaxtında kim axtarsaydı, deyirdilər ki, balıq tutmağa gedib. Elə indi də Qədir Rüstəmov çox vaxtı rahatlıq tapmaq üçün balıq tutmağa gedir.
   
    Bir dəfə Təvəkkül Musayevi axtarırdım, musiqi məktəbinin 4-cü mərtəbəsinə qalxanda tar səsi eşitdim. Tarda gözəl bir muğam səslənirdi. Elə bildim hansı tarzən muğam ifa edir. Amma qapını açıb tamam baqa bir mənzərinin şahidi oldum. Təvəkkül Musayev gözəl tar çalırdı. Mən gələn kimi tar çalmağı dayandırdı. Sonra xahiş elədim ki, onun çaldığı muğam mənim ürəyimin "sarı sim"ini titrədib. Ona görə də muğamı axıra qədər səsləndirsin. Xahişimi yerə salmadı. Muğamı çaldı və tarı da stolun üstünə qoydu. Dedi ki, tar nə vaxtandır kökdən düşüb, onu kökləyirdim. Fikrim heç də tar çalmaq deyildi. Bu tarın bəlkə də 80-100 yaşı varg
   
   
   
   ***
   
   Vətəndən, torpaqdan, eldən, obadan şirin heç nə yoxdur. "Qürbət cənnət olsa, yenə Vətən yaxşıdır". Bu fikri heç də elə-belə deməyiblər. Ürəyim darıxanda, səbrim bir tikə olanda, dünyadan əlim üzüləndə doğma yurdum Bəhmənlini özümə ümid yeri bilib, ora qaçıram. Nə yaxşı ki, bu vətən, bu torpaq, bu yurd, bu el yerindədir. Nə yaxşı ki, böyük öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində işğal olunmuş Bəhmənli kəndi və eləcə də Füzulinin 22 yaşayış məntəqəsi və Horadiz şəhəri döyüşkən ordumuz tərəfindən geri qaytarılıb. Eşitdim ki, bir neçə gün bundan əvvəl Horadiz şəhərində müğənni Röyanın və Zamiqin möhtəşəm bir konserti olub. Erməninin "ağzının içində" yaşayan, orda çalışan insanlar özləri də əsl qəhrəmandırlar. İki addımlıqda əkin-biçin işi görmək, mal-qoyun saxlamaq, quruculuq işləri ilə məşğul olmaq insandan böyük cəsarət və güc tələb edir. Bu gücü və qüvvəti də hələ ki, Allah-Təala füzulilərdən və o cümlədən bəhmənlilərdən əsirgəməyib. Şair dostum Xaqani Ayxanın gözəl bir şeiri var: "O yerlərə gedəcəm". Şeirdə deyilir:
   
   
   
   O yerdə ki, uşaqlığım
   
   boy atmış,
   
   O yerdə ki, körpüləri
   
   çay atmış
   
   O yer məndə
   
   neçə duyğu oyatmış,
   
   Bir gün dönüb
   
   o yerələrə gedəcəm!
   
   
   
   O yer məni
   
   yarpaq-yarpaq saraltmış,
   
   O yer məni bu yerlərə
   
   ucaltmış
   
   O yer məni həsrətiylə
   
   qocaltmış,
   
   Bir gün dönüb
   
   o yerlərə gedəcəm!
   
   
   
   Vallah, bu xalq, bu millət, bu el, bu oba bir gün dönüb işğal altında olan yurdumuza, vətənimizə, torpağımıza gedəcək. O xalqın, millətin, o insanların içində mən də olacam. Kaş o gün tez gələydi.

TƏQVİM / ARXİV