DüNYANIN QARANLIQ iŞLƏRi...

FAİQ QİSMƏTOĞLU
23688 | 2010-08-07 05:09
Dünyanın işlərindən baş açmaq olmur. Bir də görürsən ki, bir adamın qazandığı var-dövlət bir göz qırpımında yanıb külə döndü. Düzdür, olacağa çarə yoxdur və türklərin də belə bir gözəl kəlamı var: keçmiş olsun. Yəni bir iş oldu, hadisə baş verdi heç cürə olanları geri qaytarmaq mümkün deyil. Amma insan bəlkə də bir qədər ehtiyatlı, bir qədər əməli-saleh olsa, başına da ağır müsibətlər gəlməz. Onsuz da bu dünyanın malı bu dünyada qalır. Heç kim özü ilə o dünyaya ev-eşik, qiymətli villalar və bahalı maşınlar aparmır.
   
   Elə bil bir qədər yazacağım mövzudan uzaqlaşdım. Nə etmək olar? Bəzən görürsən ki, hiss adama güc gəlir və o götürüb səni xəyallar aləminə aparır. Qayıtmaq istəyirəm yazacağım mövzunun üstünə. Hər gün məmləkətimizin müxtəlif yerlərində yanğınlar baş verir. Bir də görürsən ki, hər hansı yerdə meşə od tutub yanır. Yaxud da yaşayış binasında hansısa mənzildə yanğın baş verir. Bu azmış kimi yanğınlar acı bağırsaq kimi dünyanı ağzına alıb. Elə çox yox, məmləkətimizdə hər gün üç-dörd yerdə yanğın olur. Az qala səhər açılanda adam hansısa bəd xəbəri eşidəcəyindən diksinən kimi olur. Biri deyir, yataqxana yandı, biri deyir ticarət mərkəzi yandı, biri də deyir ki, meşələr yanmağa başlayır. Yanğınlar ara vermədən insanlara meydan oxuyur. Amma bu yanğınların baş verməsində də əsas səbəbkar insanların özləridir. Fövqəladə Hallar Nazirliyi əhalini dəfələrlə xəbərdar edib ki, isti günlərdə xüsusilə diqqətli olsunlar. Yəni hər hansı qısaqapanmadan, qığılcımdan və bir közdən böyük yanğın baş verə bilər. Amma insanlar isə səhlənkarlıq və məsuliyyətsizlik eləyirlər. İsti günlərdə meşələrə gedib istirahət edəndə ocaqları söndürmür, yaşayış yerlərində yanğın təhlükəsizliyi qaydasına əməl eləmir, siqareti çəkib kötüyünü söndürmədən hara gəldi atır. Onda da yanğın baş verir və insanlar bu yanğının əlində əlik-dəlik qalırlar. Tay biz burda başqasını niyə qınamalıyıq? Hər gün nə qədər demək olar ki, yanğın təhlükəsizliyi qaydasına əməl eləyin, hara gəldi siqaretin kötüyünü yanılı halda atmayın. Maarifləndirmə işləri aparılır, camaat arasında televiziya və mətbuat orqanlarında izahat işləri görülür, yenə bunun bir o qədər təsiri olmur ki, olmur. Camaat odla ehtiyatlı davranmalıdır. Əks təqdirdə belə getsə, yaşayış binaları da yanacaq, ticarət mərkəzləri də od tutacaq, meşələrdə də yanğınlar səngiməyəcək.
   
   
   
   ***
   
   Bu gün adam hər hansı kolbasa, sosiska məmulatlarını yeyəndə çox ehtiyatlı olmalıdı. Çünki deyilənlərə görə, kolbasa və sosiska sexlərinə bir çox halda mənşəyi məlum olmayan ət və ət məhsulları ötürülür. Təbii ki, bu cür mənşəyi bilinməyən ətdən hazırlanan kolbasa və sosiskaların da keyfiyyətindən danışmağa dəyməz. Ən azından ona görə ki, həmin məhsulların keyfiyyəti yetərincə deyil və onun hazırlanması prosesində böyük nöqsanlara yol verilir. Bunlar hamısı aydındır. Son vaxtlar o da aydın olur ki, Bakınını kolbasa sexlərində istehsal olunan məhsulların əksəriyyəti keyfiyyətsizdir. Məsələn, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi 120 kolbasa və kolbasa məmulatından nümunələr götürüb. Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev açıqlamasında bildirib ki, nümunələrin 108-də bakterioloji çirklənmə aşkarlanmayıb. Ancaq götürülən nümunələrdən 12-də bakterioloji çirklənmə normadan artıq olub. İndi sən gəl belə kolbasaları ye görüm, necə yeyirsən. Deməli, bizim taleyimiz tükdən asılı vəziyyətdədir. Adam peşman olur ki, hansısa mağazadan kolbasa, sosiska alır. Elə ki, həmin məhsullardan istifadə etməyə başlayırsan, bax, onda bütün nöqsanlar üzə çıxmağa başlayır. Bir də başa düşmək olmur heç yay vaxtı da kolbasa yemək olarmı? Onsuz da Bakıda istehsal olunan kolbasaların əksəriyyətinin keyfiyyətindən danışmağa dəyməz. Düzdür, satıcılar satdıqları məhsulu bəh-bəhlə tərifləyirlər. Deyirlər ki, "doktorski"dən gözəl kolbasa yoxdur. Həmin kolbasanı alırsan, dadına baxırsan, hiss edirsən ki, sanki kolbasa deyil, karton çeynəyirsən. Yadımıza yaxşı düşdü, bəzi mütəxəssislər deyirlər ki, bir çox istehsalçılar kolbasanın tərkibinə karton da vururlar. Bunu bəzən kolbasalar yeyəndə o dəqiqə hiss etmək olur. Belə çıxır ki, tay camaat ürək qızdırıb hər mağaza-dükandan istənilən kolbasanı almasın. Ona görə almasın ki, indi digər qida məhsulları kimi kolbasa istehsal edən istehsalçılara da bir o qədər inam qalmayıb.
   
   
   
   ***
   
   "Bizim dövr" qəzeti 6 avqust 2010-cu il 86-cı sayında yazır ki, Şəki "Aqrolizinq" filialının istismarında olan kombaynlarda, ot biçənlərdə, ot-küləş presləyənlərdə və digər texnikalarda həmişə xeyli nasazlıq olur. Onların aradan qaldırılması zəhmətkeş kəndlilərin üzərinə düşür. Filialın rəhbərliyi texniki qulluq işləri, maşın mexanizmlərin işlək, tam hazır vəziyyətdə olmamağı ilə maraqlanmır. Şəki "Aqroservis" filialının təchizat rəisi Cabbar Qafarov öz fəaliyyətində "korrupsiya iyi gələn" səhvlərə yol verir. "Bizim dövr"ün yazdığından belə çıxır ki, Cabbar Qafarov çox əlləm-qəlləm işlərlə məşğul olur. Yəni o əhalini, daha doğrusu, ona işi düşənləri özü istədiyi kimi "fırladıb" və camaata isə çox şeyi verməyib. Guya 2009-cu ildə Şəki "Aqroservis" filialı vasitəsi ilə fermerlərə 50 faiz güzəştlə 1313 tondan artıq azot gübrəsi verilib. Camaat isə deyir ki, Cabbar Qafarov həm bizi, həm də dövləti aldadır. O bizə heç bir şey verməyib. Bunu biz demirik ha, "Bizim dövr" qəzeti yazır.
   
   Bir çoxları elə təsəvvür edir ki, hər hansı vəzifə kreslosunda əyləşdilər, onlar qanunla-qanunsuz nə istəsə eləyə bilərlər. Amma bu şəxslər bir şeyi fikirləşmirlər ki, hər hansı əyri yolun sonu yaxşı qurtarmır. Ona görə yaxşı qurtarmır ki, Cabbar Qafarov kimiləri nə vaxtsa qanun qarşısında əlləm-qəlləm işlərinə görə cavab verməli olurlar.

TƏQVİM / ARXİV