adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

GÖRƏN, YAZMASAM, NƏ OLAR?!..

VƏSİLƏ USUBOVA
20683 | 2010-08-07 05:08
...Arada başıma o qədər mövzular girir ki, heç bilmirəm, hansından başlayım. Bir-iki abzası da hazır olur, ancaq fikrimi tamamlaya bilmirəm. Fikirlər qarışır, toqquşur, çox zaman da bir-birinə uyuşmadan, bir-birini tamamlayıb bitirmədən dağılıb gedirlər. Düzü, həmkarlarımın çoxuna həsəd aparıram. Nədənsə, mənə elə gəlir ki, qələmə aldıqları mövzular elə addımbaşı qabaqlarına çıxır, onlar da çətinlik çəkmədən oturub rahatca həmin mövzuları işləyirlər, cilalanmış, tutumlu cümlələrlə fikirlərini oxuculara təqdim edirlər. Bilirəm ki, belə deyil, ancaq yazı-pozudan başı çıxmayanlar belə bəsit düşünə bilərlər, amma yenə də elə bilirəm ki, yazılarını maraqla, zövqlə izlədiyim qələm sahibləri daha asan, daha rahat istədiklərinə nail olurlar. Bəlkə onlar da belə düşünürlər. Kim bilir?... Hər halda mənim bu düşüncəm onların yüksək istedadından, qələm ustalığından qaynaqlanır. Müdriklərdən biri deyib ki, heç kəsin həsəd aparmadığı adam heç nəyə gərək deyil... Qoy onlar həmişə həsəd obyekti olsunlar...
   
   Nə gizlədim, hərdən lap özümü kiməsə oxşatmaq da istəyirəm. Məsələn, Əbülfətvari (Mədətoğlu) yazmaq istəyirəm. Yəni ki, daha çox duyğulardan, sevgilərdən... və yeri gəldikcə bunların çatışmazlığından söz açmaq keçir ürəyimdən. Bilirəm ki, alınmayacaq. Əbülfət müəllim nəsrlə dediklərinə yeri gəldikcə öz şeirlərindən elə pərsəng vurur ki, duyğulu oxucunun qəlbi riqqətə gəlməyə bilmir. Doğrudan da, istər yazanda, istər danışanda arabir bir-iki misra şeir deməsən, elə bil söhbətin dadı-duzu olmur. Bəs, mən nə edəcəm?! Gərək başqalarının şeirlərindən nümunə gətirəm ki, bu da yazı sahibinin yarımçıqlığından xəbər verir. Yox! Yaxşısı budu, gücüm çatan işin qulpundan yapışım. Məsələn...
   
   Məsələn, bu dəfə yazanlardan yox, oxuyanlardan danışım. Kimsə səbirsizlik edib böyürdən söz atacaq: Oxuyan var ki?... Mən də qeyri-təvazökarlıq edib cavab verirəm: Olan şeylərdən yazmağa nə var ki? Oğul odur, olmayan şeylərdən yazsın... Redaksiyada işləyəndə oxucu problemini o qədər də hiss eləmək olmur. Əvvəla, kollektivdə əksəriyyət yazar olduğu kimi, həm də oxucudu. Buraya yolu düşənlər isə əsasən oxucular, qəzetdə yazılarla çıxış edənlər, bir də qəzetdən kömək istəyənlərdi. Keçək yaradıcı olmayan kollektivlərə. Məsələn, bizim idarədə iki şeir kitabının müəllifi olan bir xanımdan başqa əlinə qələm alan yoxdu. Bu fəlakət də deyil. Ancaq... yazmaq bir yana dursun, heç oxuyan da yoxdu, axı. Otağıma girən on nəfərdən doqquzu təəssüflə başını bulayır:
   
   -Boş-boş şeyləri oxuyub necə də gözlərini yorursan ey... Üstəlik, əsəblərin də korlanır...
   
   Bacardığım qədər yumşaq danışmağa çalışıram:
   
   -Əksinə, əsəblərimin salamat yeri varsa, o da elə bu oxuduqlarımın hesabınadı...
   
   -Yəni orada düz olan bir şey var?
   
   -Oxumamış nə bilirsən ki, burada yazılanlar yalandı? Sən oxu, yalanlara etiraz elə, qoy yox olub getsin, yerini həqiqətlər tutsun...
   
   Başını bulayıb çıxır. Əlimin içi kimi bilirəm ürəyindən keçənləri: bunun da oxumaqdan başı xarab olub ey, vallah...
   
   Mən də ürəyimdə deyinirəm: "Bayaqdan bəri qonşu otaqdan səsiniz gəlir. Birinizin də ağzından Allah-bəndə sözü çıxmayıb. Səbəbi də elə bu oxumamağınızdı..." O birisi gəlib dinməz-söyləməz qəzeti çevirir, axırıncı səhifədə gözləri nəsə axtarır: "Ulduz falı yoxdu?" "Mənim oxuduğum qəzetlər belə şeyləri vermirlər". Bu da gözlərini süzdürüb gedir...
   
   Hər şey niyə bu qədər cılızlaşıb?! Neçə min il əvvəlin adamları yəqin ki, bizi başqa cür təsəvvür edirlərmiş. Ciddi, sanballı, yüksək zövqlü, oxumaqdan, öyrənməkdən, həqiqət, gözəllik axtarışlarından doymayan... Bizsə bu gün oxuyana, öyrənənə, mənəvi dəyərlər axtarışında olanlara gülürük. "Oxumaqdan başı xarab olanlar" cəmiyyətin rişxənd hədəfinə çevriliblər. Bahalı geyimlərə, evlərə, maşınlara, əşyalara, bəzəklərə aludəçiliyimiz gündən-günə artır, beynimizin, qəlbimizin zənginliyi barədə düşünmək belə istəmirik. Fərqlənmək, üzdə-gözdə olmaqdan ötrü əcaib yollara əl atırıq...
   
   Çoxları yazı-pozunu "özünə iş tapmayan arxayın adamların məşğuliyyəti" adlandırır. Guya bu, çox asan bir iş imiş. Bəlkə belələrini qınamaq da düz deyil. İnsan özündə olmayanı başqalarında görüb qiymətləndirə bilməz. Axı, ətrafda olanları, baş verənləri hamı eyni şəkildə və məzmunda görüb təsirlənmək imkanında deyil. Və bu baş verənlər də hamıya "məndən yaz" demir. Qısası, hər adamın üçüncü gözü, üçüncü qulağı yoxdu...
   
   Amma... Hamını demirəm, çoxluğun oxuması, yaşadığımız aləmdə baş verənlərdən xəbərdar olması, aldığı bilgiləri beyninin süzgəcindən keçirib qavraması, lazım gəldikdə öz səviyyəsində fikir söyləməsi gözəl bir şeydi...
   
   Həmsöhbətim deyir ki, bizə dörd-beş nəfər də kifayətdi. Yox, vallah, kifayət deyil. Özünə təsəlli verməkdi bu. Həm də zəif, çarəsiz bir təsəllidi. Dörd-beş nəfərlə harayacan gedərik? Bax, o gün qəzetdə oxuyuram ki, UNESKO İrlandiyanın paytaxtı Dublini "Ədəbiyyat şəhəri" elan edib. Xəbər məni o qədər tutdu ki, dönə-dönə oxudum, bir də gördüm əzbərləmişəm. Yazırlar ki, belə titulun verilməsində UNESKO şəhərdəki nəşriyyatların, kitabxanaların, kitab dükanlarının, təhsil ocaqlarının və təşkil olunan ədəbiyyat festivallarının sayını, yerli medianın ədəbiyyata nə qədər diqqət ayırmasını, bir sözlə, ədəbiyyatın şəhər həyatına nə dərəcədə inteqrasiya olunduğunu nəzərə alır. Fikir verin, şəhərdəki nəşriyyatların, kitabxanaların və kitab dükanlarının sayı...və ədəbiyyatın şəhər həyatına nə dərəcədə inteqrasiya olunması... Mən biləni, nəşriyyat sarıdan korluğumuz yoxdu. Bu nəşriyyatlarda nələrin çap olunduğu və bunların oxunub-oxunmamasıdı söhbətin mövzusu. Adam nəinki paytaxtımızın, elə yaşadığı şəhərciyəzin də bu səviyyəyə çatmasını həsrətlə arzulayır...
   
   Xəbərdən daha bir cümlə: "Dublin həm də 20-ci əsrin ən böyük yazıçılarından olmuş Oskar Uayld, Conatan Svift, Bernard Şou, Ceyms Coys və Samuel Bekketin şəhəridir". Görəsən, kitabın, gündəlik mətbuatın oxunmadığı bir məkanda belə simaların yetişməsinə ümid eləmək olarmı?!
   
   Heç kəs boynundan atmasın. Gəlin səmimiyyətlə etiraf edək ki, ətrafdakıların susqunluğu-böyük əksəriyyətin mütaliəsizlikdən, oxuyanların isə bilərəkdən susqunluğu səbəbindən arada qələmi yerə qoymaq istəyirik. Bəlkə də yorğunluqdan yaranır bu duyğular. Ancaq ani fikir qığılcımı, üzünü belə görmədiyimiz bir oxucunun düşüncələrimizə qarşılıq verməsi yazmaq ehtiraslarımızı təzədən alovlandırır. Və ötəri bədbinliyə, həvəssizliyə görə öz-özümüzdən xəcalət çəkirik. Bu yaxınlarda eynən belə hissləri yaşadım. Elektron poçtuma gələn bir məktub o mənfi enerjini yuyub apardı. "Yazmasam, nə olar?" sualına qəti cavab tapmağıma nədən oldu. "Yox, yazmasam, çox pis şeylər olar. Lap elə dünya dağılar. Ən azından öz dünyam. Və bundan başqa dünyalara da zərər dəyə bilər..."

TƏQVİM / ARXİV