adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

QARABAğ 1988-2010

SEYFƏDDİN ALTAYLI
54963 | 2010-08-07 05:08
Tarix, ondan dərs alınarsa tarixdir, dərs götürülmürsə sadəcə olaraq nağıldan və əfsanədən ibarətdir.
   
   Kimmer türklərinin adını daşıyan Gümrü şəhərindən keçib Azərbaycana gəldiyimiz gündən bəri bir anımız belə boş qalmayıb. Azərbaycanın görkəmli ziyalıları ilə görüşlərimiz davam edirdi. Türkiyədən gəldiyimizi eşidən bacı qardaşlarımız bizi tək qoymurdu.
   
   Həddən artıq çox sevdiyim və şeirlərini əzbərlədiyim Məmməd Araz əmimin qonağı olmuşduq. O gün axşam da yağış yağmışdı və evin həyətində xırda gölməçələr yaranmışdı. O günü ömrüm boyu unutmayacağam. Yağışın yağmasını bizdə aydınlığa və arzuların reallaşmasına yozurlar. Elə də olmuşdu, çünkü bu qonaqlıqdan sonra Qarabağ səfərinə çıxmışdıq. Məmməd əmimin nəvələri Toğrul ilə Tuncay ortalığı dağıdırdılar. Mərhum şairimiz onlara baxıb fəxrlə köksünü ötürürdü. Həyat yoldaşı Gülxanım müəllimə, sevimli qızları İradə bacımla Şəlalə xanım nə qədər əziyyət çəkmişdi, hər şeydən aydın görünürdü. Dostum Aqil Abbasla orda tanış olduq və dostlaşdıq. Bu qonaqlıqdan sonra mərhum dostum Fərəməz Maqsudov bizi Gəncəyə aparmışdı. Qanzax türklərinin adını daşıyan və Məmməd əmin Rəsulzadənin rəhbərliyində yaradılan Azərbaycan Xalq Cümhuriyyətinə ilkin paytaxt olmuş ulu və qədim şəhərimiz Gəncədən 27 avqust 1988-ci il tarixində Qarabağa getmək məqsədiylə yola düzüldük. Şəhərin qırağında, ulu və dahi şəxsiyyətimiz, Türk ədəbiyyat aləminin göylərində əbədiyyətə kimi dan Ulduzu kimi parıldayaraq, gələcək nəsillərin yolunu işıqlandıracaq Nizami babamızın məzarını ziyarət elədik. Qəbrin olduğu alt bölməyə enərkən həyat yoldaşım Fatma xanım məqbərənin həyətindən biri qırmızı digəri ağ iki dənə gül dərdi və birlikdə enib qəbrin başında dayandıq. Türkiyənin bayrağını təmsil edən qırmızı və ağ gülləri qəbrin üstünə qoyduqdan sonra babamızın ruhuna birlikdə dua oxuduqdan sonra çıxıb maşınlara minib ulu cədlərimizin əzəli və əbədi yurdu Qarabağdakı şəhərlərə və kəndlərə sarı yönəldik. Artıq səksəkəli deyildim. Bir insanın hər şeyi gözünün qabağına alıb varmaq istədiyi hədəfə çatandan sonra hiss etdiyi qəribə və təsvir edilməz bir boşluq atmosferi içindəydim. Çünkü uşaqlığımdan bəri xəyalını qurduğum və görmək üçün necə deyəllər çırpındığım Qarabağımıza sarı gedirdik. Minlərlə ildir dədə-babalarımızın üzünü sığallayan, onların ilıq nəfəsini özündə hifz edən mehləri üzümdə duyacaqdım, onların mirasını daşıyan torpaqlara basıb yeriyəcəkdim. Bundan da böyük xoşbəxtlik olardımıə! Hələ tarix başlamamışdan bəri buralarda iz salmış babalarımızın hansının izinə ayaqlarım dəyəcəkdi ya Rəbb! Onların hansının izi mənə qismət olacaqdı!ə-deyə düşünür, hey düşünürdüm.
   
   Yüzlərlə növbənöv otlar və çiçəklərlə bəzənmiş yolların nəfəsini kəsib Şuşaya gedirik. əvvəlcə Bərdəyə yönəldik. Hər yan pambıq zəmiləridi. Göydən sanki atəş yağır. Babalarımız bura yalan yerə "ilan mələyən yer" deməyib... Bu istidə belə kolxoz işçiləri tarlalarda işləyirdi. İşləyir, ancaq bu torpaqlardan alınan gəliratın bəlkə də yüzdə biri onların cibinə girmir. İstehsal olunan malların gəliratı Moskvanın cibini doldurur. Bu cəhənnəm istisində qurumuş çarığa dönən mənim bacı qardaşlarım, səfasını sürən isə ivanlarla nataşalardı. Bunları düşündükcə qəzəb məni çulğayırdı... Nə təhər ədalətin var ay çarxı çevrilmiş fələk..!ə İvanlar torpağımızı və gücümüzü sümürüb səfasını sürsün, ancaq heç olmasa bu torpağın əsl yiyələrinə də lazımi qayğını və hörməti göstərsin... Onu da etmirlər axı..!
   
   Bərdəni keçib, dostum Aqil Abbasın deyişi ilə "bazarından hər şeyin satıldığı", dünyanın heç bir şəhərinin çöhrəsində tapıla bilməyəcək bir gözəlliyə malik Ağdama gedirik. Bir xeyli yol gedəndən sonra "Qarabağ" deyilən yerdə biraz dincəlib çay içəndən sonra yola düzəlib, güllər və çiçəklərlə bəzənmiş Ağdama daxil oluruq. Şəhər o qədər gözəl və o qədər doğmadır ki, sanki dünyaya burada göz açmışam, burada böyüyüb boya başa çatmışam, bütün xatirələrim burada yaranıb. Bugün də Ağdama daxil olarkən hiss etdiyim duyğuları yazmağa acizəm. Gözlərimi göyə zilləyib "Tanrım sənə şükürlər olsun!" deyərək ona təşəkkürümü bildirirəm. Gözümə "Ozan Yeməkxanası" yazısı dəyir və Yunis bəydən xahiş edirəm maşını saxlayır, enib yeməkxananın qabağında fotoşəkil çəkdiririk. Yeməkxanada olanlar bizə baxır və sifətləri on dördlük ay kimi açılır, gülümsünürlər. Yol gedirik. Qafqaz dağları maqnit kimi bizi özünə yaxınlaşdırır. İlan kimi qıvrılan yollarla tarixi əsgəran qalasına yaxınlaşırıq. Bir vaxtlar bir dənə belə Hay yaşamayan bu torpaqlarda rusların əliylə gətirilmiş ermənilərin sayı artıb və buraların demoqrafik qurğusu türklər əleyhinə pozulub.
   
   Qalanın divarlarını görən kimi yüz illər boyu qoynumuzda bəslənmiş hayların Anadoluda törətdikləri qırğınların oxşarlarını eynilə Azərbaycanda da həyata keçirdikləri yadıma düşür. Bəli, bu maşa xarakterli irqpərəst, xirtdəyinə kimi kompleks dolu hayların nəvə-nəticələrinin, Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1920-ci ilin 21 Mart, yəni Novruz (Ergənəkon) Bayramı günü törətdiyi qırğın yadıma düşür. Ruslar tərəfindən qurulan Daşnaq Təşkilatına mənsub quldurlar, o bayram günü əsgəranda olan Azəbrbaycan Xalq Cümhuriyyətinin azsaylı hissələrinə ani olaraq hücum çəkib tamamını qətlə yetirmişdi. Genral Həbib Səlimli başçılığındakı Azərbaycan ordusu da 3 Nisan (aprel) günü başlatdığı hücumla Hay irqinin Daşnaq qüvvələrinə lazımi dərsi vermiş, onları kürüyüb atmış və Şuşaya kimi gedib çıxaraq buralardakı bacı qardaşlarımızı soyqırımdan xilas etmişdi. Məkanın cənnət olsun ey Həbib paşamız. Gün olar özgə bir Həbib çıxar və sənin tarixi nailiyyətini təkrarlayar inşallah. İnşallah Tanrı mənə o günü də göstərər, yeganə arzum budur...
   
   Təzə yaradılmış "Çənlibel" təşkilatı Azərbaycanda milli hissləri oyadan və xalqı duyuq salan fəaliyyətlər yeridir. Bizi ötən bir mikroavtobusdakılardan biri işarə edir maşını saxlayır yerə düşürük. Doç. Dr. Fəridun Cəlilov bizə işarə edən Becan Fərzəliyevlə məni tanış edir. Becan Bəy, dostlarıyla Şuşaya gedir. Onlar, "hayların yaratdıqları terroru nə cür dayandıra bilərik, Azərbaycana ziyan dəyməməsi üçün nələr edə bilərik" suallarına cavab tapmaq məqsədiylə Şuşaya gedirlər. Ayaqüstü bir neçə dəqiqə söhbət edib Bakıda görüşərik deyir və ayrılırlar, Şuşaya üz tuturuq. Qarşımıza çıxan hayların nəvələri kinli nəzərlərlə maşınlarımıza və bizə baxıb ötürlər.
   
   Yolumuzun sağında və solunda bizi dumanlı dağlar qarşılayır. Rusların qışqırtmasıyla gəmi azı dişinə salan haylar yaratdıqları hadisələrdə iki Azərbaycanlını qətlə yetirib. Becan bəygilin gəlişi də bu hadisələrlə bağlıdır, ancaq maşında olan dostlarım bunu bizə hiss etdirməməyə çalışır. Danışıqlarında arada bir "Xuraman Abbasova"nın adını qəzəblə çəkirlər və birmənalı şəkildə onun səhvə yol verdiyini söyləyirlər.
   
   Qarqar çayını keçib burula-burula Şuşaya sarı dırmanırıq. Şəhərin girəcəyindəki lövhənin qarşısında mərhum dostum Rəfik Zəka Xəndan maşınları saxlayır və hamılıqca enib lövhənin qabağında şəkil çəkdiririk.
   
   Solda Şuşa qalası bütün cah-cəlalıyla görünür. Daş döşəmə yollarla keçib birbaşa Cıdır Düzünə çıxırıq. Bir vaxtlar Qarabağ atlarının yarışlarının aparıldığı düzdəyik daha. Ağlıma belə suallar gəlir: görəsən Oğuz Xaqanın ordusundakı o güclü atlar da Qarabağda yetişdirilmişdi? Bəs Oğuz Xanın küləkdən sürətli qaçan atı, o da Qarabağ atı idiə! Tanrının özənə bəzənə yaratdığı təbiətin bu gözəllik abidəsini seyrə dalmışkən Fərəməz Maqsudov Bəy qolumdan tutub Şuşa xanı İbrahim Xanın, İranda hökmran olan Qacar xanədanı şahı Ağa Məhəmməd Qacar Xanın Şuşaya hücum çəkdiyi vaxt Daşaltı dərəsində gizləndiyi mağaranı göstərir. Hücum edən də, hücuma məruz qalan da Türk. Ələkbər Sabirin şeiri yadıma düşür. "Öz qövmümüzün başına əngəl kələfik biz..!" Daşaltı dərəsinin dərinliyi 500 metr qədərdir. Şuşa, tam mənasıyla bir qartal yuvasıdı. Yüz dənə igid əsgər buraya bir ordunu da yaxınlaşmağa qoymaz. Xankəndindən Şuşaya gedən dolama yolu kəsdinmi hər şey qurtarıb gedər. Şəhərin müdafiəsi həddən artıq asandır. Xankəndi Şuşanın ayaqları altındadır. Bircə dənə yaxşı topla Xankəndinin altını üstünə çevirə bilərsiniz.
   
   Cıdır Düzündə hamılıqca fotoşəkil çəkdirib "Xarı Bülbül" yeməkxanasında çörək yeyib şəhərə düşürük. Mərhum atam orta məktəbdə oxuyanda bəzən məni tənqid eləmək üçün "hər oxuyan Molla Pənah olmaz" sözünü işlədərdi. Həmin Molla Pənah Vaqifin abidəsini ziyarət edirik. Bu tarixi şəxsiyyətimizin ruhuna dua oxuyub Cümə Məscidinə yönəlirik. Məscid 1761-ci ildə İbrahim Xəlil Xan tərəfindən tikdirilib, indi isə muzey olub. Bolşevizm, Azərbaycanda türklüyün güclənməsinə və mənəvi qüvvət tapmasına səbəb olacaq nə varsa hamısını "xurafat" kimi damğalayıb. Bundan ən qabaqca payını götürən də İslamiyyət və məscidlər olub. Hətta ivanlar, milli şüuru gücləndirdiyinə görə bir vaxtlar "tar"ı və "Dədə Qorqud Dastanları"nı da qadağan etməmişdiə mərhum şairimiz Mikail Müşfiq də "Oxu Tar" şeirini bu siyasətə reaksiya kimi yazmamışdıə O, yeni nəsillərdə milli şüur oyadıb gücləndirdiyinə görə Bolşevik ruslar tərəfindən "pantürkist, panturanist, Türkiyə casusu" kimi damğalanıb güllələnməmişdiə! Məscidin minbərində Qızılordu əsgərlərinə məxsus kepka, bir qırmızı başçiti və bir qılınc, altında da başa düşənlər üçün dəhşətli bir mesaj vəsfindəki rusca qəzet və kitablar vardı. Köhnədən qalma bir kilim, kirkirə, oraq, heybə, vəl, qıfıllar, açarlar, qayçılar, mətbəx əşyaları, müxtəlif geyimlər, xəncərlər, gürzlər, tarixlənə bilməmiş insan sümükləri nümayiş etdirilirdi. Məsciddən çıxdıqdan sonra yolda Şuşalı ucaboy birinin Becan bəylə söhbət elədiyini gördüm. Becan bəy onun dediklərini dinləyirdi. Şuşalı qardaşımız hirsindən qulaqlarına kimi qıpqırmızı olmuşdu və bir an onun hiddətindən ağladığını da gördüm. Yerişimi yavaşıdıb dediklərinə qulaq asdım, o deyirdi: "Bizim əlimizi qolumuzu özümüzünkülər bağlayıb, ruslarla ermənilər isə əl ələ verib. Bizdə silah sursat yox, ancaq ermənilər təpədən dırnağa silahlanır. Ermənistandan çıxarılan bacı qardaşlarımızı aparıb xüsusilə Bakıya doldururlar. Buralara da daşnaqlar axın axın gəlir. Belə getsə yenə əvvəllərdə olan kimi, kütləvi bir qırğın başımıza gələcək. Buna bir çarə tapılmalıdır. Bu laqeydlik deyil xəyanətdir..! Haçana kimi ruslara inanıb bel bağlayacayıq, haçan bu qəflət yuxusundan oyanacayıq?!"
   
   Bunları eşitdikdən sonra yeyib içdiyim zəhər-zukkum olub ürəyimə yapışır. Ürəyimdə "1920-ci illərdə yaradılan qırğınlar yoxsa yenə təkrar olunacaq!ə" deyə bir şübhə yaranır və bu fikir bağrımı deşir.
   
   Türkiyədən gəldiyimizi eşidən Pedaqoji İnstitutu riyaziyat müəllimi Prof. Dr. Nurəddin Əliyev dalımıza düşüb dostlarıyla birlikdə düz Şuşaya gəlib. Hamılıqca bizi İsa Bulağına aparır. Dinimizdə cənnətin çox gözəl bir yer olduğuna işarə edilir. Bura, Tanrının "Qurani Kərim"də öydüyü Cənnətdən bir guşədən özgə heç nə deyil. Ətrafda nadir güllər, altından kiçik çaylara oxşayan suların axdığı ağaclar, ağaclarda civildəşib oxuyan quşlar var. Mən isə cənnətin içində sanki cəhənnəmə düşmüşəm. Soydaşlarımız dəhşətli bir qırğınla üzbə üzdür, bu qorxu bütün varlığımı bürüyüb. Əlimdən, əlimizdən bir şey gəlmədiyinə görə cizdaq kimi qovruluram. Qərbi Azərbaycandan qovulan soydaşlarımız Qarabağ əvəzinə Bakıya və digər yerlərə doldurulur. Ermənilər etnik təmizliyə başladığı vaxt Qarabağda da hadisə törədib, bizimkilər də ermənilərin üstünə yerimək istəyəndə Xuraman Abbasova adlı xanım kəlağayısını bizimkilərin qabağına atıb onlara mane olub, deyə danışılırdı. Bunu eşitdikdə sanki göyün başıma uçduğunu hiss etdim. Bu böyüklükdə də səhv olardıə! Azərbaycan və Anadolu türklərinin tarix boyu ruslardan və ermənilərin əlindən çəkdikləri, bu barədə yazılanlar, kəndimizin başına gələn kütləvi qırğın və böyüklərimizin bu hadisə ilə bağlı dedikləri qulaqlarımda cingildəyir. İsa Bulağında, dünyadakı bu cənnət guşəsinin gözəllikləri qarşısında təəssüflər olsun ki, onun dadını çıxarda bilmirəm, tamını duya bilmirəm. Günəş qüruba yönəlib, Şuşadan ayrılır, Xankəndinin içindən keçib təkrar Gəncəyə yönəlirik.
   
   "Ey Tanrı, bir daha buralara haçan gələ biləcəyəmə!" deyə sual edirəm.
   
   Allah sənə rəhmət eləsin ay qocaman şairimiz Məmməd Araz:
   
   "Yenə dağ başında dənərləndi qar
   
   Yenə zirvələrin həsrətində qal
   
   Sel qopdu dərəyə düşdü qalmaqal
   
   Bir ocaq başında bir isinməsək
   
   Sən kimə gərəksən, mən kimə gərək..?!"
   
   (Davam edəcək)

TƏQVİM / ARXİV