adalet.az header logo
  • Bakı 19°C

Axtarız

ƏBÜLFƏT MƏDƏTOĞLU
32913 | 2010-07-31 09:37
Bu günlərdə qələm adamlarının söz-söhbətlərinin başlıca mövzusu Mətbuat günü ilə bağlıdır. Hər kəs bir iddiada, hər kəs bir arzuda, hər kəs bir istəkdə... Amma bütün iddiaların, arzuların və istəklərin kəsişmə nöqtəsi təbii ki, halallıqdan və qabiliyyətdən keçir. Mənə elə gəlir ki, məhz halallıq və qabiliyyət söz adamı üçün daha gərəkli meyardı, daha gərəkli ölçü vahididi, daha gərəkli göstəricidi... Təbii ki, bu mənim düşüncələrimdi və yüzə-yüz də əminəm ki, mənim kimi düşünənlər də var, fərqli düşünənlər də...
   
   Mətbuatda olduğum 30 ilə yaxın bir zaman kəsiyində gördüklərim, şahidi olduqlarım və nəhayət də yaşadıqlarım kifayət qədər böyük bir siyahını təşkil edir. Həmin yazılı siyahını vərəqlədikcə göz önünə gətirirəm. Baxıb görürəm ki, bu gün nə söz həminki deyil, nə qələm həminki deyil, nə də qələm adamına olan münasibət. Elə bil dəyişən zaman daha çox sözə, qələmə və bir də sözlə, qələmlə ömrünü mənzil başına daşıyan insanlara bir növ görk olmaq üçün, sitəm vermək üçün və nəhayət bu qəbildən olan insanları çeşidləmək üçün sərtləşib.
   
   Təsəvvür edin ki, məmləkətdə rəsmi məlumata görə, 400 adda qəzet və jurnal nəşr olunur. Bu bolluğun içərisində sözü urvatlı tutmaq, qələmi tanıtmaq, şəxsiyyəti saydırmaq az qala bir igidlik qədər çətin və şərəfli işdir. Amma bu qəhrəmanlığı, bu igidliyi də başa çıxmaq üçün mənəvi saflıq, qanın paklığı, nəfsin sıxılıb saxlanması gərəkdi. Əgər bu üç şərtə əməl edilməsə, onda qəhrəmanlıq barədə düşünməyə dəyməz...
   
   Son vaxtlar məni özünə çəkən və barəsində daha çox düşündüyüm bir məqam var. Demək olar ki, hər gün götür-qoy edirəm və hər gün bu sualı özüm-özümə dəfələrlə ünvanlayıram və hər gün də eyni nəticəyə gəlib çıxıram. Deməli, məni düşündürən, mən narahat edən "Bizdə nə çatmır" sualıdır. Doğrudan da, görəsən bizdə nə çatmır?
   
   Belə baxanda hər birimizdə özümüzə görə Allahın verdiyi boy-buxun, sağlam əl-ayaq, iş görmək fərasəti, sadə bir şəkildə desəm, dəyirmanın boğazından ölü girib diri çıxmaq şansı, hələ üstəlik də dünyanı fırlada biləcək iqtisadi-siyasi ağıl, həmçinin istənilən şəraitə uyğunlaşmaq qabiltyyəti kifayətedicidi. Əgər bütün bunlar varsa və biz də yenə yumşaq desəm, "istənilən şeytana papış tikə biliriksə", yəni quşu gözündən vurmaq qabiliyyətimiz bəllidirsə, onda bəs nəyimiz çatmır?
   
   Mərhum xalq şairimiz Bəxtiyar Vahabzadənin "Muğam" poemasında bir bənd var. Onu bəzən xanəndələrimiz muğam parçalarında ifa edirlər. Həmin bənddə deyilir:
   
   
   
   Çox kitablar oxudum,
   
   Zənn elədim bəxtiyaram
   
   Mənə çox mətləbi ahəstəcə
   
   Qandırdı muğam.
   
   Bəli, elə mən də bir az yekə çıxmasın, az-çox kitab oxumuşam. Amma oxuduğum kitabların mənə verdiyi dərslərdən, daha doğrusu, onlardan çıxardığım dərslərdən o sualın cavabını tapmaq, araşdımaq o qədər də rahat bir yol deyil. Bunun üçün doğrudan-doğruya baş sındırmağa ehtiyac vardı. Günlərin birində tale üzümə güldü və mən Rəşad Məcidin "Dəlicəsinə..." adlı gözəl yazısını oxuyandan sonra tapa bildim. Tapdım ki, bizdə sən demə:
   
   - İstək çatmır! Sevgi çatmır!!!
   
   
   
   
   
   ***
   
   
   
   Mən bu yazının ilk hissəsini yazanda heç ağlıma da gəlmirdi ki, Mətbuat günü həyatımda hansısa bir dəyişiklik olacaq. Amma daha çox inanırdım ki, qəzetimizin 20 yaşının tamamı ilə bağlı yenə təbiət qoynunda bir ailə kimi baş-başa qalacaq, fələkdən oğurladığımız bir gündən zövq alacağıq. Bu inam da məndə elə-belə yaranmamışdı. Adətən biz qəzetimizin təvəllüdünü bölgələrdən birində, təbiət qoynunda qeyd etmişik. Mən də adətimizə güvənib yenə belə olacağına inanmışdım. Amma...
   
   Mən saydığımı Aqil Abbas tamam fərqli saydı. Öz qərarı ilə qəzetimizi və əməkdaşlarını daha da şərəfləndirdi. Şəhərimizin ən ürək açan, milli dəyərlərin elementlərini özündə əks etdirən, insana həm ruh rahatlığı, həm könül xoşluğu bağışlayan "Muğam ocağı"nda bizi süfrə arxasına dəvət etdi. Təbii ki, aramızda dəyərli ziyalılarımız, sözə, mətbuata önəm verən insanlarımız, müğamın ustadları da var idi.
   
   Həmin günü yəqin ki, kollektivimiz unutmayacaq. Ən azı lentlərə köçürülümüş fotolar zaman-zaman bizi o günlərə, o məqamlara qaytaracaq və biz də o günlərə qayıda-qayıda həm də 20 illik həyatımızı təkrar xatırlayacağıq. Onun bir-birindən maraqlı, bir-birindən unudulmaz məqamlarını yenidən yaşayacağıq. Bütün bunlar artıq baş verib və bundan sonra da davamlı olacaq...
   
   Bu zəruri qeydləri ona görə etdim ki, mən elə həmin məqamda da düşünürdüm ki, bizdə nə çatmır? Mən orda bütün iştirakçıların və kənardan bizi müşahidə edənlərin hər birinin üz-gözündən həmin o, əvvəldə gəldiyim nəticəni oxudum. Gördüm ki, bizdə həqiqətən sən demə:
   
   - İstək çatmır! Sevgi çatmır!!!
   
   Ona görə ki, burdakı mühitdə bütün doğmalıqlarla, bütün səmimiyyətlə yanaşı, hardasa duyulacaq, seziləcək qədər günümüzə, özümüzə yaraşmayan başqa bir duyğu da ortalıqda dolaşmaqda idi. Mən gördüm və duydum ki, mənim sevindiyim qədər mənim sevincimə qoşulan beş-on insanın, doğmanın, tanışın içərisində dodağının ucunda bir etinasızlıq, bir inciklik, bir küskünlük, hardasa barışmazlıq gəzdirənlər də var. Olsun! Bəlkə də elə həyat onun üçün gözəldir ki, o rəngarəngdir...
   
   Tanrının bəxt yazısını
   
   Tərsə-düzə yazmayaq.
   
   Biz kimik bu yazını-
   
   Pozaq, ya da pozmayaq?!
   
   
   
   Zaman öz axarında
   
   Qüvvəsinə dözüm yox...
   
   Nə olsa, axırında-
   
   Əvvəli tək gözüm yox?!
   
   
   
   Tanrı yazdığı yazı
   
   Həyatın bir anıdı
   
   Hər işarə ən azı
   
   İnasanın inamıdı!..
   
   
   
   ***
   
   Bu gün artıq biz dünəndən xeyli qabaqdayıq. Özü də indi dünən, üç gün ondan öncə, bir ay ondan qabaq... fərq etmir, artıq onların hamısı keçmişdi. Mən də elə keçmişdən gəlmişəm və bir əlim də elə keçmişdədi. Keçmişə bağlılığımla gələcəyə doğru gedirəm. Düşünürəm ki, sabah bu gündən yaxşı gələcək. Buna bütünlüklə özümü kökləyirəm. Necə mahir sazəndələr öz sinələrinin üstünə qaldırdıqları sazı kökləyirlər, bax o cür də mən ümidimi, inamımı sabahın bu gündən daha yaxşı olacağına kökləyirəm. Ola bilsin ki, mən heç o sabahı görmədim. Rəhmətlik Nüsrət Kəsəmənlinin şeirində dediyi kimi:
   
   
   
   Sabah o qızın toyudu,
   
   Açılma sabah, açılma...
   
   
   
   Bəli, bu heç də ümidsizlik deyil, nə də özünə qapılmaq anlamına gəlməsin. Sadəcə, gördüklərim, son on gündə yaşadıqlarım hərdən içimdə bir fırtına da yaradır. Mən elə o fırtınaya düşüb getmək, yerdən, göydən uzaqlaşmaq, yalnız Tanrının məsləhət bildiyi məqamda, göstərdiyi ünvanda özümlə baş-başa qalmaq istəyirəm. Və mənə elə gəlir ki, bu istəyim heç də böyük umacaq deyil. Çünki əvvəlki fikirlərimdə də vurğulamışam ki, bizdə sən demə:
   
   - İstək çatmır! Sevgi çatmır!!!
   
   Hə, bu çatmayan istəyin, bu çatmayan sevginin bəlasıdı ki, hamılıqca bir-birimiz üçün sevinmirik, bir-birimiz üçün çarpışmırıq. Kaş, belə olmayaydı. Kaş elə, öz yolumuzu, öz ünvanımızı müəyyənləşdirib gedəndə, o yolun işığını, ruzisini, lap elə çətinliklərini də birlikdə bölüşməyə hazır olaydıq... Onda:
   
   
   
   Hardasan? - soruşmadan
   
   Göz yumulu gəlirəm.
   
   Sən gedən yol mənimdi-
   
   Öz yolumu gəlirəm.
   
   
   
   Açıb tikanlı savaş
   
   Ayağım altdakı daş.
   
   Büdrədir məni, yavaş-
   
   Döz, yolumu gəlirəm...
   
   
   
   Həyat bir növ umacaq
   
   Umduğum isti bucaq...
   
   Canım yandığı ocaq-
   
   Köz yolunu gəlirəm...

TƏQVİM / ARXİV