Qurban Qurbanov oxudu, "Qarabağ" qalib gəldi

ETİBAR CƏBRAYILOĞLU
37994 | 2010-07-31 09:37
Vaxt vardı Polşa klubları Azərbaycan komandaları ilə görüşəcəklərini eşidəndə qol götürüb oynayırdılar. Çünki dünyada bizə qol vurmaqdan asan iş yox idi. Hər qol vurulduqca polşalı azarkeşlər papaqlarını göyə atırdılar, elə bil sovet qoşunları ikinci dəfə onları Hitler zülmündən xilas edib. Futbolçularla azarkeşlər əlbir olub bizə tərəf hücuma keçirdilər. Nə millimizə rəhm edirdiər. nə də klublarımıza. Bir dəfə yığmamızı 8:0 hesabıyla uddular. Buzovnanın bir "Xəzri" klubu vardı. Püşk onu Avropa miqyaslı yarışlarda Polşanın ortabab komandasıyla görüşdürdü. Həmin oyunu da polşalılar uddular, özü də 9:0. O vaxtdan "Xəzri"ni stadionlarda görən olmayıb.
   
   Polşalılar elə bilirdilər ki, dünya elə belə gəlib, belə də gedəcək. Efirdə qayğanaq bişirən yox, əsl aşıqlar demişkən, nağıl dili yüyrək olar. Vaxt gəldi, vədə yetişdi, bizim klublar da Polşa komandalarına futbol dərsi keçməyə başladılar. 10-15 gün öncə Bakının "İnter"i Avropada ad çıxaran "Lex"i Polşada məğlub elədi. Düzdü, oyunsonrası penaltilərdə uduzan bizimkilər mərhələ keçə bilmədilər. Amma hamıya sübut elədilər ki, Polşa klublarını hətta öz evlərində də udmaq zamanı yetişib.
   
   Polşalılara yerini göstərmək sırası "Qarabağ"a çatdı. "Atları yəhərləyən" Ağdam futbolçuları Krakov şəhərini toz-dumana bürüdülər. "Qarabağ"lı futbolçular "Visla"nın oyunçularını və azarkeşlərini elə islatdılar çətin ki, bu görüş qiyamətədək onların yadından çıxa. Avroliqanın bu mövsüm üçün iki mərhələsini uğurla geridə qoyan, keçirdiyi dörd oyunun heç birində məğlub olmayan "Qarabağ" güclü "Visla"ya da öz yerini göstərdi. Krakovdakı ilk görüş Ağdam futbolçularının qələbəsiylə bitdi. Düzdü, növbəti mərhələyə keçmək, Azərbaycan futbolu adına yeni rekorda imza atmaq üçün gələn həftə "Visla" futbolçularını Bakıdan da əliboş qaytarmaq lazımdı. Allah qoysa belə də olacaq. Əsas odur ki, tilsim qırılıb, iki klubumuz Polşa komandalarına qalib gəlib.
   
   "Qarabağ"ın səfər oyunu Krakovdan canlı yayımlandığı üçün Ağdam futbolçularının necə döyüşdüyünü hamı gördü. "Qarabağ" kişi kimi döyüşdü və qalib gəldi. 90 dəqiqə ayaq üstə dayanmadan qışqırmaq "Visla"nın azarkeşlərinə qaldı. Oyunun əvvəlində güclü olduqlarına görə oturmadılar, matçın sonunda uduzduqları üçün oturmağa utandılar.
   
   Bu tarixi oyunda "Qarabağ"ı kapitan kimi döyüşə çıxaran Fərhad Vəliyev məncə qapıçı karyerası ərzində ən möhtəşəm oyununu keçirdi. Dəfələrlə komandamızı real qoldan xilas edən Fərhad sonuncu dəqiqədə Bisutun dağını yarmağa bərabər iş gördü. "Visla"nın təcrübəli hücumçusu Matsey Juravskinin penalti zərbəsini dəf etdi. Həmin kritik ana qədər isə "Visla" artıq körpünü selə vermişdi. "Qarabağ" 1:0 hesabıyla öndə idi. Polşalı azarkeşlər soyuq duşun altına düşmüşdülər.
   
   Qurban Qurbanovun məşqçilik karyerasına bələd olanlar bilir, Ağdam klubunun baş məşqçisi oyunu oxumağı yaxşı bacarır. Onun bu bacarığı Krakovda da Azərbaycan futbolunun işinə yaradı. "Visla" ilə oyunun 69-cu dəqiqəsində yerli komandaya xeyli təhlükəli anlar yaşadan Rauf Əliyevi oyundan aldı. Raufun əvəzinə meydana buraxdığı Vüqar Nadirov elə həmin dəqiqədə "Qarabağ"a çox lazımlı qola imza atdı. Ağdamlı balasının ayağı polşalı azarkeşlərin başını ağrıtdı.
   
   Yəqin ki, artıq xəbəriniz var, oyundan sonra lap oyun olub. "Visla"nın baş məşqçisi, Avropada yetərincə tanınan mütəxəssis Henrik Kasperçak "Qarabağ"dan aldığı məğlubiyyətə görə yerli azarkeşlərdən üzr istəyib. Bu yerdə deyiblər ki, adın Daşdəmirdisə yumşalmaq barədə də düşünə bilərsən! Polşadakı azarkeşlər indi ötən günlər üçün yaman darıxırlar.
   
   Dalbadal ikinci Avroliqa mövsümündə adından söz etdirən "Qarabağ"ı növbəti möhtəşəm uğurdan bircə həftə ayırır. Gələn həftə Bakıda maraqlı cavab oyunu olacaq. Meydana "Qarabağ"ın 11 igidi çıxacaq. Onları ən azı 30 min azarkeş dəstəkləməli, səsi, nəfəsiylə futbolçulara dayaq durmalıdı. Tofiq Bəhrəmov adına stadion genişdi, hamımıza yer çatacaq.
   
   "Qarabağ" üçün, Qələbə üçün, Qarabağ üçün stadiona tərəf addımlayaq!

TƏQVİM / ARXİV