FAİQ QİSMƏTOĞLU
65144 | 2015-04-08 08:23
Hər yerdə olduğu kimi, məktəblərdə də şagirdlərə gigiyenik və sanitar tələblərə uyğun qida məhsulları satılmalıdır. Başqa sözlə demiş olsaq, həmin qidaları yeyən məktəblilər sonradan müəyyən problemlə üzləşməməli və zəhərlənməməlidirlər. Əvvəllər bir neçə məktəbdə qida məhsullarından zəhərlənən şagirdlər də olub. Təbii ki, bu cür mövcud çətinlikləri və problemləri aradan qaldırmaq üçün bir neçə ildir ki, hər bir məktəbdə bufetlər fəaliyyət göstərir. Həmin bufetlərə də mərkəzləşmiş qaydada qida məhsulları paylanır.
Əlbəttə, bir çox məktəblərdə bu məsələlər qiqqətdə saxlanılsa da müəyyən məqamlarda nöqsanlara yol verilir. Bir də ki, məktəb direktorları ona çalışırlar ki, o bufetlərdən bu və ya digər dərəcədə müəyyən qazanc əldə etsinlər. Düzdür, bu gün məktəblərdəki bufetlərə xüsusi qaydada nəzarət edilir və diqqət yetirilir. Hətta o bufetlərə əvvəllər şagirdlərə verilən bəzi təhlükəli qida məhsulları son vaxtlar göndərilmir. Ancaq bu da problemləri yetərincə həll edə bilməyib. Ən azından ona görə ki, Bakı şəhərində bir çox məktəblərdə yoxlama aparılarkən məlum olub ki, bufetlərin fəaliyyətində çoxlu sayda neqativ hallar var.
İlk növbədə Bakı məktəblərindəki bəzi bufetlərdə gigiyenik və sanitar qaydalara əməl olunmayıb. Bu barədə aidiyyəti qurumlar məlumat veriblər. Aparılan yoxlamalar nəticəsində Bakıda ona yaxın məktəbdə bufetlərin fəaliyyəti dayandırılıb. Bununla yanaşı, fəaliyyətində nöqsanlar olan bufetlərə isə ciddi xəbərdarlıq edilib. Burdan belə bir məntiqi nəticəyə gəlmək olar ki, məktəblərdəki bufetlərdə yenə ya məktəb direktorları, ya da bufetləri idarə edən mərkəz tərəfindən müəyyən maraqlar güdülür. Əgər belə olmasaydı Bakıdakı bir çox məktəblərin bufetlərinin fəaliyyəti dayandırılmazdı.
İndi heç kimə sirr deyil ki, qida məhsullarından zəhərlənmə halları baş verə bilər. Zəhərlənmə halları da o vaxt yaranır ki, köhnə və vaxtı ötmüş ərzaq və yeyinti məhsulları şagirdlərə satılır və bunun nəticəsində müəyyən problemlər yaranır. Axı hamıya yaxşı bəllidir ki, hər bir məktəbdə çoxlu sayda şagird təhsil alır və onların da sağlamlığı həmişə diqqət mərkəzində olmalıdır. Əfsuslar olsun ki, bu məsələlər unudulur və bufetlərə nəzarət yaddan çıxır.
Elə məhz buna görə də bəzi valideynlər bufetlərdəki gigiyenik və sanitar qaydalara, eləcə də qida məhsullarının keyfiyyətinə bel bağlamayaraq övladlarına həmin yerlərdən yemək almamağı və qidalanmamağı tövsiyə eləyir. Hətta elə valideynlər var ki, övladlarına evdən yemək qoyur və uşaqlar da məktəbdə bu yeməyi yeyirlər.
Ümumiyyətlə, Bakı məktəblərindəki bəzi bufetlərdə özbaşınalıq halları davam etməkdədir. Ona görə ki, həmin bufetlərə yazımızın əvvəlində qeyd etdiyimiz kimi, lazımi səviyyədə nəzarət edilmir. Məktəb direktorları onu bəhanə edirlər ki, bufetlər bizə tabe deyil və bizim başımız tədrisə qarışıb. Amma hamı da yaxşı bilir ki, bəzi məktəb direktorları nəinki bufetlərdən, hətta digər yerlərdən öz maraqları üçün müəyyən işlər görürlər.
Lakin məsuliyyət hissi gələndə, yaxud da bir şagird bufetdə hər hansı qidadan zəhərlənəndə, bax onda çoxları yaxasını kənara çəkir və "bu məsələ mənlik deyil" deyə bildirir. Bu isə birmənalı olaraq valideynlər tərəfindən mənfi qarşılanır. Necə olur, hər tərəfdə məktəbdə normal şərait yaradılır, ancaq bufetlərdə özbaşınalıqdır?
Hər halda, övladını məktəbə göndərən valideynlərin narahatlığını başa düşmək olar. Çünki onlar öz balalarını tədris ocaqlarına sapsağlam göndərirlər. Ancaq görəndə ki, şagird məktəbdəki bufetdən nəsə alıb yeyib zəhərlənib, bax onda çox böyük qanunsuzluğa və özbaşınalığa yol verilir.
Deməli, Bakı məktəblərindəki bufetlərdə özbaşınalığa qısa zaman kəsiyində son qoyulmalı, orda gigiyenik və sanitar qaydalara əməl edilməlidir. Əks təqdirdə, hələ bundan sonra da bufetlərin fəaliyyətindən çox narazılıqlar yaranacaq.


TƏQVİM / ARXİV