adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Rafiq Əliyev! Rafiq Əliyev! Rafiq Əliyev!

CEYHUN MUSAOĞLU
34390 | 2010-07-31 09:37
... Həmişə belə olur: adamların üzümə bağladıqları qapıları aça-aça lazım olan işin arxasınca sona qədər gedirəm. Sonuncu qapıya çatıb itələyəndə külək onu şarappıltı ilə üzümə çırpır.
   
   Telekanalların birində nə xarıcı, nə də yerli efir məkanında təsadüf edilməyən intellektual yüklü veriliş aparmalıydım. Bütün adamlardan keçmişdi. Hansısa sehrli qüvvə qabağını kəsdi. Məsul adamlar deyir, bizlik deyil. Bəli, yenə də külək...
   
   "İndi mən küləklə necə bacarım?". Bu suala axtardığım cavablar beynimi qaval daşına çevirdiyi anlarımda Lent.az saytında professor Rafiq Əliyevin müsahibəsindəki başlığı gördüm: "Lütfü Zadə Rafiq Əliyevin Nobel mükafatı nominasiyasını dəstəklədi". Hə, anladım küləklə də bacarmaq olarmış. Bu xəbər məni hədsiz sevindirdi. Rafiq müəllimimə, maddi qazanc naminə qürurumdan vaz keçmək istərkən gözlərim qarşısında canlanıb virtual olaraq məni əvvəlki vəziyyətimə qaytarmağı bacaran o möhtəşəm varlığa titrəyə-titrəyə mesaj yazdım: "Salam. Narahat etdiyim üçün üzr istəyirəm. Lent.az-dakı müsahibənizi oxudum. Fərəhdən ağlamağın necə olduğunu müsahibəni oxuduğum ailə üzvlərimə də göstərə bildim. Dünyada mənə ən əziz olan adamlarla eyni sırada, düz anlaşılsaydı, deyərdim, bir addım öndə gedən fenomen şəxsin Nobel-ə təqdim oluna biləcək xəbərinin sevincini bir də Qarabağı alanda yaşayacam. Siz başqa ölkədə doğulsaydız paxıllıqdan ürəyim partlardı".
   
   Cavab zəngi gəldi. Rafiq müəllimim idi. Deyirdi: "Mən bütün nəaliyyətlərimə görə sizlərə, jurnalistlərə borcluyam. Bütün uğurlara çatmağa jurnalistlər məni fərəhləndirir".
   
   Türk dünyasında cəmi bir Nobel mükafatı var. Yazıçı Orxan Pamuk alıb. Hələ də danışılır ki, onu siyasi mövqeyinə görə şərəfləndiriblər. İkinci Nobeli Rafiq Əliyev ala bilər. Və bir kimsə deməz onu siyası mövqeyinə görə mükafatlandırıblar. Deməli, birinci mükafat - layiqli Nobel mənim, sənin, bizim müəllimimizə, Azərbaycan türkünə veriləcək. Əminəm. Rafiq Əliyevin nəzəriyyəsi dünya elmində yenilikdi, hadisədi. Oxuyun:
   
   "Hörmətli professor Rafiq Əliyev!
   
   
   
   Şimali Amerika qeyri-səlis informasiya cəmiyyətinin (NAFİPS) 2010 Təşkilat Komitəsi adından Sizi NAFİPS cəmiyyətinin 2010-cu il beynəlxalq konfransında (12-14 iyul, 2010, Toronto, Kanada) əsas (plenar) məruzə ilə çıxış etməyə dəvət edirəm.
   
   Sizin, qeyri-səlis sistemlər sahəsində çox böyük hörmət bəslənilən bir lider kimi beynəlxalq nüfuza malik olmağınız bu ilki konfransda da Sizin ideal məruzəçi olmağınızı şərtləndirir. Əlbəttə, məruzənin mövzusunu özünüz seçə bilərsiniz, təşkilat komitəsi isə öz tərəfindən bu məruzəyə görə hər bir şey edəcəkdir.
   
   Dəvətimizi qəbul etməklə bizə şərəf verəcəksiniz. NAFİPS 2010 konfransında iştirakınız bu tədbirin nüfuzunu xeyli yüksəltmiş olacaqdır.
   
   Əlavə hər hansı məlumata ehtiyac olduğu halda mənə bildirməyinizi rica edirəm
   
   
   
   Müsbət cavab ümidi ilə,
   
   Dərin ehtiramla,
   
   Doktor Bill Tastle
   
   Sədr
   
   NAFİPS 2010"
   
   
   
   Rafiq Əliyev dəvəti qəbul edir və ünlü alimlər Kanadanın Toronto universitetində bu şərəfli insanın "Imperfekt informasiya şəraitində yeni qərar qəbul etmə nəzəriyyəsi" mövzusundakı məruzəsini dinləmək şərəfi yaşayır. Professor V. Lodvick yazır: "Sizin mühazirəyə qulaq asmaqdan məmnun oldum. Bizim ABŞ-dakı beynəlmilləl qrup, Çilidən 3 professor, Macarıstandan olan professor B.Bede, Avstriyadan professor M.Obergugenberger, Braziliyadan R. Bassanezi və İtaliyadan olan L. Stefanni sizin məqalələrinizi çox böyük maraqla oxuyuruq".
   
   Oxuyun, siz də şərəf duyun. Gör, neçə illərdi şərəf duymağın acıyıq. "Qarabağ" futbol komandasının ürəyimizi riqqətə gətirdiyi vaxtlar olub, son nəticədə kədəri yenə boynumuzda zəncir kimi daşımışıq. Külək, bəli, yenə də külək topun qapıdan keçməsinə mane olub. Amma Rafiq Əliyev yeni nəzəriyyəsi ilə sübüt edəcək ki, küləklə də bacarmaq olarmış, küləyi səndən əsməyə məcbur etmək olarmış. Hardan bilirəm? Yenə oxuyun:
   
   
   
   Əziz Rafiq:
   
   
   
   Göndərdiyin elmi hesabat monumental bir işdir. O, qeyri-müəyyənlik çərçivəsində qərar vermə sahəsində indiyədək görülən bütün işləri xeyli üstələyir. Fikrimcə, bu iş əsasında iqtisadiyyat üzrə Nobel mükafatına namizəd olmalısınız.
   
   Qərarn təhlilinə qeyri-səlis həndəsənin (FG-nın) tətbiqi məni heyrətləndirdi. Genişləndirilimiş qeyri-səlis məntiq haqqında işimdən xeyli irəli getdin. Təqdim etdiyin əsas konsepsiyaların misallarını da çəkməlisən. Bu elmi hesabatın həm üçüncü, həm də ikinci hissəsinə aiddir. Başa düşməkdə qəliz olarsa ideyalarının gücü itirilmiş olacaqdır.
   
   NAFİPS-də mühazirən necə keçdi? İştirakınla razı oldunmu? İstərdim ki, NAFİPS-dən sonra Berkeleyə gələ biləsən ki, hesabatı daha təfərrüatı ilə müzakirə edə bilək.
   
   Bir çox sualım var, amma onları sonrakı məktublarımda yazacağam.
   
   Ən dərin hörmətimlə,
   
   Lütfi"
   
   O Lütfi Zadə. Başımızın ucalığı Lütfi Zadə.
   
   Jurnalist Rafiq Əliyevdən soruşur:
   
   
   
   - Siz belə bir təklifi və dəstəyi gözləyirdinizmi?
   
   
   
   Mənim müəllimim cavab verir:
   
   - Düzü, mən indi professor Lütfi Zadənin bu təşəbbüsdə bulunacağını gözləmirdim. Mən Kanadadan gələndən sonrada telefon danışığımızda o, israrla bu təklifi dəstəklədiyini bildirdi. Hətta bir neçə dəfə bizim bu işlərimizi mükafata layiq görülmüş işlərlə müqayisə etdi. Digər tərəfdən gözlənilən idi. Çünki Corciya Dövlət Universitetinin, onun və mənim belə bir hədəfimiz bir neçə il qabaq formalaşıb.
   
   - Bu təklifdən Azərbaycandakı dostlarınız, həmkarlarınız, Azərbaycan alimləri sevinəcəkmi, qürur hissi duyacaqmı?
   
   - Birinci, hələ hədəfə çatmaq lazımdır. İkincisi bu məni az maraqlandırır. Bircə onu deyə bilərəm ki, əlbəttə, dostlarım, tələbələrim üçün bu bir qürur yeridir.
   
   - Rafiq müəllim, Lütfi Zadənin təbiri ilə desək belə "monumental bir iş"in yerinə yetirilməsində ölkəmizdə sizə maddi, mənəvi və başqa dəstəklər oldumu?
   
   - Maddi dəstəkdən heç söhbət gedə bilməz. Mən belə dəstəyi ancaq Berkeley və Corciya Dövlət Universitetindən, bir də Siegen Universitetindən görmüşəm. Bizim iş adamları havaya bir-iki milyonlar xərclədiyi halda elmə manatlar belə xərcləməz. Indi mən Torontoda olanda NAFİPS-2010 universitetinin yeni modern bir mühəndislik və kompütinq mərkəzində keçirilirdi. Bu nəhəng mərkəzi George Vari adlı bir iş adamı universitet üçün tikmişdir. Professor Lütfi Zadə, V.Pedrycz və başqa həmkarlarımız bizim kiçik tədqiqat qrupumuzu çox yüksək, dünya səviyyəli tədqiqat qrupu kimi qiymətləndirirlər. Maddi təminat ucbatından bu qrupun üzvlərinin hərəsi əlavə bir yerdə işləməli olurlar. O ki, qaldı mənəvi dəstəyə mən xalqımdan, ictimaiyyətdən, jurnalistlərdən lazımi mənəvi dəstəyə görə dünya qədər razıyam və ömrüm boyu minnətdaram.
   
   
   
   İqtisadiyyat üzrə Nobel sözsüz sizindi, Rafiq müəllim. Bir Nobel azdı, ikinci Nobeli, insanlıq üzrə almağa haqqınız var. Mətbuat külək olub, ora-bura əsə bilər. Sizin adınız çəkilən yerdə isə bir qəzet, bir yazar tapmaq mümkün deyil ki, dəstəyini əsirgəsin. Unutmuram: Neft Akademiyasında, Sizin rəhbərlik etdiyiniz bizim kafedranın- Avtomatik İdarəetmə Sistemləri kafedrasındakı kabinetinizin yanında keçəndə səsli-küylü biri olmağıma baxmayaraq, ayaqlarımı sürüyürdüm və sakit-sakit danışırdım. Uşaqlar səbəbini soruşanda deyrdim, Rafiq müəəllimə mane olmaq istəmirəm. Mən də onu belə qorumağa çalışıram.
   
   Mənim müəllimim! Qeyri-səlis məntiqin elmi tərəfini öyrənməyə başım olmasa da, fəlsəfi tərəfini öyrəndim. İndi dəqiq bilirəm: "hə" və "yox" cavabı arasında xeyli cavablar var. Daha qərarsızlıq içində vurnuxmuram. "Hə" də düz gəlməyəndə, "yox" da, onların arasında o xeyli cavablardan birini tapıram. Qeyri-müəyyənlıkdən qurtulmaq həyatdı. Siz mənə həyat verdiz. Az qalıb, əvvəl xaricdən, sonra daxildən eşidəcəyik: Siz bizə həyat verdiz, Rafiq Əliyev. Nə yaxşı olardı, əvvəl daxil, sonra xaricdən cəc çıxardı. Xaric daxıldən öncə dillənəndə harmoniya itir. Belədə ki, qoy itsin. Rafiq Əliyev qeyri-səlis məntiqlə məntiqi ardıcıllığı alacaq. Həmin ardıcıllıq həyatımızdakı harmoniyanın başlanğıc nöqtəsi olacaq.
   
   ... Əladı e... nə sərin külək əsir...

TƏQVİM / ARXİV