adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Biz "ov"uq, taciklərsə yox...

327443 | 2010-07-31 13:46
Artıq 3 aydan sonra oğlumun 1 yaşi tamam olacaq, lakin hələ də nə yaş kağızını almışam, nə də digər sənədlərini. Əminəm, ani olaraq ağlınızdan keçəcək, əşi, bu nə məsuliyyətsiz atadı... Yox, qətiyyən belə deyil, oğlum dünyaya gələn ay doğum evindən çıxardıqdan bir muddət sonra verilən kağız-kuğuzu, özümün və xanımımın şəxsiyyət vəsiqəsini, yaş kağızını bir də nikah kitabçamızı götürüb yollandım "ZAQS" idarəsinə ki, uşağa sənəd düzəltdirim. Təbii ki, məni efirdən tanidiqları üçün qarşıladılar, aidiyyatı olan yerə yönəltdilər. Sənədlərimi təqdim edib səbirsizliklə gözlədim ki, indi soruşacaqlar uşağın adını nə qoymusuz, soyadı necə olsun və s. Ancaq bu məsələlərə baxan gənc xanım sənəd-sünədimə baxıb kirimişcə nə isə yazdı, sonra başını qaldırıb, soruşdu:
   
   - Turan müəllim deyilsiniz?
   
   Dedim, bəli. Xanım dilləndi:
   
   - Axı burda, şəxsiyyət vəsiqənizdə adınız Samir yazılıb?!
   
   Gülümsündüm və izah etdim ki, adımı Turan qoyublar. Anadan olduğum Ermənistanda səhv salaraq başqa bir türkün adını mənim sənədlərimə yazıblar, sonradan da məlum hadisələr baş verdi, düzəliş edə bilmədik. Danışıqlarımın xanıma qəribə gəldiyini görüb qısa kəsdim və dedim ki, indi istəyirəm oğlumun soyadı Turan olsun. Özü də rəsmi, sənədli-sünədli. Gördüm, xanım yenə gözlərini döyür. Bir neçə saniyədən sonra tərəddüdlə dilləndi:
   
   - Turanov?!
   
   Gülüb, "yox" dedim...
   
   - Hə, bildim, Turanlı... Bəs necə?!
   
   - Sadəcə, Turan. Ömər Turan...
   
   - Ömər Turan?
   
   - Bəli, adı Ömər, soyadı isə Turan. Elə bunu demişdim ki, xanımın rəngi-ruhu tamam dəyişdi.
   
   - Axı belə azərbaycanlı olduğu başa düşülməyəcək...
   
   Əsəbi halda dilləndim:
   
   - "Ov", "yev" olanda əla bilinirdi, hə?!
   
   Müxtəsər, xanım başladı qarşısındakı vərəq-vürəqləri qurdalamağa, nələri isə oxuyub gözdən keçirməyə. Bir qədər keçmişdi ki, kiməsə zəng elədi, bu məsələni, yəni Ömər Turan məsələsini ona da danışıb "məsləhətləşdi". Telefondakı nəsə dedi və xanım dəstəyi asıb mənə baxdı:
   
   - Turan müəllim, axı siz televizorda həmişə qanunlardan danışırsınız! Axi qanunda sonluqsuz soyada icazə verilmir!
   
   Sözün açığı, dəhşət pərt oldum! Həm də əsəbiləşdim! Xanıma qətiyyən büruzə verməyib təqdim etdiyim sənədlərimi götürüb evə gəldim. O gün bu gündür, oğlumun hələ də yaş kağızını düzəltməmişəm. Əslində ora-bura zəng vurmaqla beş-on manat "hörmət" etməklə qanunun üstündən keçmək olardı. Lakin mən axı efirdə qanundan danışıramg
   
   İndi gələk əsas mətləbə. Müstəqil olduğumuz gündən bu günə ən azı iki-üç dəfə soyadlarımızın milliləşdirilməsi məsələsi gündəmə gəlir, müzakirə olunur. Sonra da qalır necə var eləg Düzdü, soyadın sonluğunu lı, li, lu, lü şəklində yazdırmağa icazə verilir. Amma burada da bürokratik əngəllər və bizim vətəndaş laqeydliyimiz bu halın geniş yayılmasının qarşısını alır. Hətta yeni doğulan uşaqların soyadlarından belə "ov"-"yev"i atmaq zəhmətinə qatlaşmırıq. Xəbərim var, bir komissiya da qurulub ki, soyadlarımızın milliləşdirilməsi ilə bağlı iş aparsın və bu məsələ çözülsün, amma nə fayda?! Şeytanın ayağını qıra bilmirik ki, bilmirik! Yox bu proses administrativ formada aparıla bilməzmiş, yox könüllülük prinsipi olmalı imiş... Hər kəs soyadında bəy, xan, sonluqlarını istifadə etməməli imiş, "ov"-"yev" sonluqlu soyadı olan tanınmış ailələr var, onlar nə olacaq?! Sanki soyadları bir-biri ilə eyni olan çobanlarla məmurların, ziyalılarla və fəhlələrin, hətta bir-birinə aiddiyatı olmayan nəsillərin yaşadığı ölkə deyilmiş Azərbaycan!
   
   Bir sözlə, boş-boş söhbətlərg
   
   Bizimkiləri danışdırsan tacikləri bəyənmirlər, amma o bəyənmədiyimiz taciklərin hökuməti bir gün bir qərarla məsələni həll etdilər. Taciklər "ov", "yev"dən qurtuldular, kimsə nə şan-şöhrətini itirdi, nə soy-kökünü, nə də dünyanın olan münasibətinig
   
   P.S. Əslində zamanında dövlət dilimizin zəif tətbiqini, TV və Radiolarda rus dilinin kölgəsində qalmasını da ürək ağrısı ilə yaşadım. Latın qrafikasına keçidin gec reallaşdığını düşünüb səbirsizlənirdim. Ancaq hökumətin apardığı tədrici keçid siyasətinin uğurlarını bu gün şahidiyəm. Əminəm ki, soyadlarla da bağlı bu belə olacaq. Amma yenə də biz "ov"uq, taciklərsə yox...

Yazarın digər yazarlar

TƏQVİM / ARXİV