adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

OXUCULAR BiZƏ NƏ DEDiLƏR?..

BABƏK YUSİFOĞLU
35928 | 2010-07-24 02:55
Bir neçə gün bundan öncə Azərbaycan mətbuatının 135 illik yubileyi qeyd olundu. Dövlət tərəfindən bir sıra jurnalist həmkarlarımız fəxri adlarla, mükafatlarla təltif olundular. Dövlət başçısı mediaya maliyyə yardımı göstərilməsi üçün sərəncam imzaladı. Və bildirildi ki, jurnalistlərimiz bundan sonra da dövlətin diqqət mərkəzində olacaq... Əlbəttə, bütün bunlar biz yazı-pozu adamlarını çox sevindirir. Çünki əlində qələmindən başqa heç nəyi olmayan jurnalistlərin elə ən böyük mükafatı göstərilən diqqətdir. Bu dövlət və hökumət tərəfindən də göstəriləndə düşünürsən ki, sənin zəhmətin, gözlərinin nuru nahaq yerə itməyib.
   
   Düzü bu 135 illik mətbuat tariximizin yubileyində mən, eləcə də mənim "Ədalət"dəki həmkarlarım daha çox sevinc yaşadıq. Axı bu 135 ilin son 20 ili bizim də bu sahədə külüng çalmağımızla keçib. 20 yaş, necə deyərlər, bu bir cavanın ömrüdür. Biz bu qəzetə gələndə cavan oğlanlardıq, indi isə gənclər bizə "dayı" deyirlər.
   
   Yadıma gəlir, 1990-cı il iyulun 26-dan başlayaraq Azərbaycan mətbuatında öz möhkəm bünövrəsini qoyan "Ədalət"in hər bir sayını oxucular intizarla gözləyərdilər. Və xahiş edirəm bu sözlərimi heç kim trafaret ifadə kimi qəbul etməsin. Çünki həmin dövrü yaşayan insanlar çox yaxşı bilirlər ki, onda təzə, sərbəst, azad söz deyən qəzetlərin sayı iki-üç olardı və ölkədə informasiya qıtlığı, ictimai-siyasi maariflənməyə böyük maraq var idi. O dövrdə mətbuatın adından öz şəxsi məqsədləri üçün istifadə edənlər də yox idi.
   
   Həmin vaxtlar yazarların toplaşdığı məkanlardan biri də indiki Milli Pakdakı çayxana idi və biz vaxt tapan kimi oraya gedərdik. Mən elə bilirəm ki, bu məkan bizim üçün başqalarından daha maraqlı idi. Çünki orada bizi tanıyan oxucularımız "Ədalət"in səhifələrində oxuduqları yazılara münsibət bildirərdilər. İradlarını söyləyərdilər. Daha çox hansı yazıları, necə yazıları, qəzetdə nələri görmək istədiklərini deyərdilər. Və əminəm ki, o vaxt bunlar bizə mövzu seçimində, materialların hazırlanmasında çox kömək edərdi. Hamının ən çox bəyəndiyi baş redaktorumuz Aqil Abbasın yaratdığı "Birinci səhifə" idi. Çünki "Ədalət"in o "Birinci səhifə"si sovet dövründən formalaşan birinci səhifə steriotipini dağıtmış, mətbuata təzə bir forma və məzmun gətirmişdi...
   
   İndi 20 yaşımız var. Bu ZAMAN müstəvisində çox böyük dövr olmasa da Müstəqil Azərbaycan mətbuatı üçün ağsaqqal yaş sayılır. Əlbəttə, keçən bu çətin, ancaq maraqlı illər haqqında çox şeyləri danışmaq, cox xatirələri çözələmək olar, amma bunu etmirəm. Bilirəm ki, bu yubiley sayımızda həmkarlarımın yazılarında çox məqamlar oxucularla bölüşülüb. Mən də "Ədalət"in daimi oxucularının bir neçəsi ilə görüşüb onların qəzetimizlə bağlı arzularını, istəklərini bir daha öyrənmək, sözlərini dinləmək istədim.
   
   Firidun Nəcəfov: Həqiqətən də "Ədalət" mənim mütəmadi izlədiyim mətbu orqandır. Artıq oradakı müəllifləri əzbər tanıyıram. Əksər materialları oxuyuram. Ən çox xoşuma gələn cəhətlərindən biri qəzetinizin qərəzsiz olmasıdır. Bir də Qarabağ mövzusunu gündəmdə saxlamasıdır. İstəyirəm ki, qəzetinizdə siyasi proseslərə daha çox yer ayrılsın. Bir də istəyirəm usanmayasız, yorulmayasız.
   
   Uğur Babaşov: İndi dərc olunan bütün qəzetləri izləmək mümkün deyil. Amma açığı "Ədalət"i təqribən hər gün oxuyuram. Qələmini bəyəndiyim müəlliflərin birinin yazısını görməyəndə narahat oluram. Adları sadalamıram, çünki onsuz da ədalətçiləri hamı tanıyır. Mən qarabağlıyam və Qarabağ mövzusu qəzetinizin ən birinci mövzusu olduğu üçün mənim ürəyimdən xəbər verir. Qəzetinizdə tənqidi yazılar çox getsə də mən bu mövzuya daha da çox yer verilməsini istəyirəm.
   
   Vaqif Abışov: "Ədalət"i öz qəzetimiz hesab edirəm, kim istəyir inansın, kim istəmir inanmasın. "Ədalət" qərəzli deyil. Mən məmnuniyyətlə qəzetinizi oxuyuram. Orada işləyən müəlliflərin yazılarını həmişə izləyirəm.
   
   Məcnun Namazəliyev: Mən mətbuatı yaxından izləyən bir adamam. Qəzetlərin əksəriyyətini oxuyuram. Yubileyiniz olduğuna görə yox, səmimi olaraq deyirəm ən çox izlədiyim "Ədalət" qəzetidir. Baş yazar Aqil Abbasdan başlamış bütün əməkdaşlarınızı tanıyıram. Şəxsən tanıdıqlarım da var. Sizin qəzetin şantajdan, qərəzçilikdən uzaq olması elə nəyə desəniz dəyər. Mən arzu edirəm ki, elə tutduğunuz bu yolu davam etdirmək üçün Tanrı sizə cansağlığı, gözünüzə işaq, qolunuza güç versin.
   
   Fikrət Tağıyev: Mən "Ədalət" qəzetini çox istəyirəm. Heç gizlətmirəm də, çünki orada həm yaxın dostlarım, həm də qələminə hörmət etdiyim jurnalistlər işləyir. Bir də qəzetinizdə ürəyimdən tikan çıxaran yazılar dərc olunur. Ədəbiyyat səhifələriniz də şəxsən mənə ləzzət eləyir. Amma çox istərdim ki, dəyərsiz müğənnilər haqqındakı mədəniyyət xəbərlərinə yer verməyəsiniz.
   
   Düşünürəm yəqin ki, fikirlərinə yer verdiyimiz oxucularımız kimi düşünənlər çoxdur. Amma onların hamısının sözlərini səhifəyə çıxarmaq mümkünsüzdü. Lakin biz həmişə olduğu kimi çalışacağıq oxucularımızın rəylərini, fikirlərini nəzərə alaq. Bundan sonrada "Ədalət"i özünə, adiına, yaşına uyğun buraxmaqda davam edək.

TƏQVİM / ARXİV