adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ƏDALƏTtaleyimizə yazılıb

OQTAY SALAMOV
16852 | 2010-07-24 02:55
Şəxsi tanışlığımız başlayanda səkkiz yaşı vardı. İnsan ömrü ilə müqayisə etsək - məktəbə yenicə gedirdi. Ədalət adında qız da var, oğlan da. Bizimki haqqın, dürüstlüyün təntənəsini yaşatmaq istəyən, buna çalışan "Ədalət" idi. Adı qəzet adı kimi dırnaqda yazılsa da özü Ədalətin bərpasına çalışan Ədalət idi və bu gün də elə həmin Ədalətdi. İndi böyüyüb, həddi- buluğa çatıb, çoxsaylı mətbuat nümunələri içərisində özünə məxsus, danılmayan yer tutub. "Ədalət"in iyirmi yaşı tamam olur...
   
   Müəyyən səbəblər üzündən iş yerinə getmirəm, yazılarımı internetlə göndərirəm. Baş redaktorumuz İradə xanım telefon açdı ki, Oqtay, qəzetin yubileyi günündə sənin də yazın olmasını istərdim. Razılıq versəm də, nə yazacağımı, necə yazacağımı bilmirdim. İndiyə qədər səmimi yazmağa çalışmışam, mədhdən, redaksiyada tərif yazılarına deyildiyi kimi- bəy tərifindən qaçmağa çalışmışam. İndi, doğma qəzetin yubileyində, onun ad günündə səmimiliyimi saxlaya biləcəyəmmi, təriflərim yersiz çıxmayacaq ki?... Dadıma yenə lətifə çatır.
   
   Deyir, bir şəkili bazarda atını satırmış. Müştəri də tapır. Görür ki, qonşusu da bazardadı. Müştəriyə deyir:
   
   - Səən canıı yiyim, mən habı at haxda heş nə dimirəm, qoy qonşum unun tərifini söyləsin.
   
   Qonşu vəziyyəti başa düşüb guya ki, hirslənir:
   
   -Mən səən atıı tərifliyən-zad döyüləm, onuynan ceyran qooluyuf tutanda ətinnən bir tikə də olsun maa verdin?
   
   Müştəri eşidəndə ki, bu atla qovub ceyran tutublar, atın pulunu artıqlaması ilə verir...
   
   İndi bir qəzet ki, iyirmi ildi xalqına, dövlətinə, dövlətçiliyə sədaqətlə xidmət eləyir, onlarla qəzetə baş redaktor, bir neçə hakim, Mədəniyyət işçisi, respublikada adı- hörməti olan jurnalistlər yetişdirib, neçə keşməkeşlərdən, burulğanlardan sağ-salamat çıxıb, evində oturub cızma-qarasını edən bir qəzet əməkdaşının tərifinə onun nə ehtiyacı var ki?..
   
   Bu qəzetin ilk nömrəsindən onunla tanışam. Mirzə Cəlilin, Üzeyir Hacıbəyovun, Əbdürrəhimbəyin dilini, ruhunu yaşadan bu qəzet Azərbaycan mətbuatına qəzeti ilk səhifədən oxumaq marağı gətirdi. Ona qədər oxucular digər qəzetləri son səhifədən oxumağa başlayır, dilinin quru və həddən artıq rəsmiliyi ucbatından bəzən heç birinci səhifəni oxumurdu da. Ədalət isə qəzetin lap baş yerində özünə bir maraqlı deviz, loqotip yazdı: Bu bir xalq qəzetidi. Çoxları elə bildi ki, səhv gedib, sonda "R" hərfi düşüb. Amma sonra gördülər, başa düşdülər ki, qəzet elə oxucunun öz dili ilə danışır, ona doğma olan sadə, rəvan, səlis dillə yazır. Birinci səhifədə qısa, lakonik və ən əsası, münasibəti üzdə görünən xəbərlər, "Günün lətifəsi", "filan yerin maaşını filankəs alır" sancıgətirən, məmurun yuxusunu qaçıran replikalar, istisi hələ üstündə olan operativ xəbərlər, ağıllı, oxunaqlı yazılar olurdu və var "Ədalət"də.
   
    Mən gələndə səkkiz yaşı vardı. Artıq oturuşmuş, özünə "kruq" yığmış, çoxlarının kürkünə birə salmış, çoxlarının da müşküllərinə yardım etmiş, əllərindən tutmuş, səsini lazımi yerlərə çatdırmış bir qəzetdi "Ədalət". Bir neçə yazımı çap edəndən sonra rəhmətlik Yusif Misiroğlu məni təqdim elədi Aqil Abbasa. Yazılarını oxumuşdum, amma üzünü görməmişdim. Sən demə, o da mənim yazılarımı oxuyubmuş. Basıb-bağladı ki, sən elə əsl yerinə gəlmisən, dilin də qəzetimizin dilinə uyğundu, bağ belə, bostan belə, şaftalı şələ-şələ olacaq. Hələ olmayıb. Amma nə yatdıq ki, nə də yuxu görək, cəmi 20 yaşımız var, onun da 8 ilini mən qıraqda olmuşam...
   
   Qəzetə gələndə onun bünövrəsinə daş atanlardan, "koridorda, dizləri üstündə qəzet buraxanlardan" biri, Babək Yusifoğlu ilə tanış və gurultulu səslənməsə, elə ilk gündən dost olduq. Zalım oğlu, adam tanıyanmış... Soruşdum ki, Babək müəllim, bu qəzetdə qayda-qanun necədi, kimləri dəstəkləyir, kimləri qamçılayır, müdirlə necə münasibət qurmaq lazımdı, kim-kimdi?... Gülüb dedi ki, əsgərlik haqda nə qədər danışsalar da, özün forma geyinməmiş dəqiqliyini bilmirsən. Burada da diqqətin varsa hər şeyi özün öyrənəcəksən...
   
   20 yaşının 12 ilində mənim də iştirakım olan "Ədalət" heç də hamar yol keçməyib. Onu ədavət yerinə çevirmək istəyənlər də oldu, ətalətdə qalmasına çalışanlar da. Amma "Ədalət" küyə getmədi, simasını, adını və məramını qoruya bildi. Sözsüz ki, haradasa haqsızı müdafiə eləyən məqam da olub. Bir tanışım deyir ki, tanıdığım polis (onda hələ milis idi) işçisini işdən çıxarmışdılar. "Ədalət" dəfələrlə yazdı, axır ki, onu işinə bərpa etdilər. Amma avantüristin, elə ən böyük haqsızın biri idi. Dedim ola bilər, bəlkə də adam özünü haqlı kimi təqdim edə bilib, sənədlər onun lehinə olub, araşdıran bir az diqqətsiz olub. Bir sözlə, "Ədalət"də bir insan ömrü yaşayıb. Deməli, canlı olduğu üçün səhv edə bilmək xüsusiyyəti ona da yad deyil. Amma bu qəzet hələ bir dəfə də olsun təkzib verməyib. Hansısa xətaya, kiçik səhvə görə oxucudan üzrxahlıq edilib, amma elə bir xəbər, elə bir haqsız yazımız olmayıb ki, sonradan onu təkzib etmək məcburiyyətində olaq.
   
   "Ədalət"in koridorunda bəlkə də icra hakimlərinin qəbul otağında olandan böyük növbələr olurdu. Millət elə bilir ki, qəzet prokurordu, məhkəmədi, polisdi - onlardan istənilməlini qəzetdən istəyir. Amma deyəsən bu növbələrin aranmasında Aqil Abbasın "əməyi" vardı. İş o yerə çatmışdı ki, uşağını müalicəyə aparan, hətta rayona getməyə pulu olmayan da onun yanına gəlirdi. Aqil Abbas isə hələ bir kəsi də naümid qaytarmayıb. Ən azından, sözlə...
   
   Artıq üçüncü ildir koridordan xahişçilər yığılıb. İndi qonaqlar, bir də şikayəti olanlar, aradabir də yazarlar gəlir, müğənnilər, musiqiçilər, bəzən də deputatlar gəlir. İndi "Ədalət"də materarxatdı,hakimiyyətdə qadındı, baş redaktorumuz İradə Tuncaydı. Qəzetin yönüm və istiqaməti dəyişməyib, İradə xanım da Aqil Abbasın"" ...tabeçiliyindədi axı... Aqil Abbas dili, ruhu qalır qəzetdə...Bir az da İradə Tuncay məntiqi, sanbalı əlavə olunub...
   
   Yəqin ki, "Nəşriyyat"ın 6-cı mərtəbəsində olan redaksiyamızın otaqlarına, koridorlarına Mirmail müəllimin, Yusif Misiroğlunun, Pərviz Əliyevin, Baba Pünhanın... ruhları da qonaq gəlir. Hər biri bu qəzetə ömürlərinin, yaradıcılıqlarının bir hissəsini qoymuşdu. Bu redaksiya özündəndeyən əksər şairlərin, yazarların doğma məkanıdı.Buradan Qədir Rüstəmovun səsi, Rəmişin gitarası da səslənir. Və nə yaxşı ki, deyilən bütün sözlər indiki zamandadı. Və qəti əminəm ki, hələ azından bir 20 il də belə olacaq. Mənim oğlum əmək fəaliyyətinə "Ədalət"də başlayıb. Bəlkə nəvəm də başlayacaq?! Hər halda, inanıram ki, belə bir iş olsaydı, onunla fəxr edərdi. Bundan gözəl doğma qəzetə nə arzulamaq olar ki?..
   
   Doğum günün mübarək, "Ədalət"imiz! Ədalətin keşiyində durmaqda sənə və özümüzə uğurlar!

TƏQVİM / ARXİV