adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

QARABAğ 1988-2010

SEYFƏDDİN ALTAYLI
47669 | 2010-07-24 02:55
Andranik yekhbar, ertanq dacqastan
   
   Carteng turkeri, darni Hayastan!
   
   
   
   Andranik qardaş, gedək Türkiyəyə
   
   Qıraq türkləri, olsun Hayastan!
   
   
   
   Şahan Natan təxəllüslü Hakop Ter Hakopyan 1912-ci ildə Amerikada buraxdıqları "Hayrenik" jurnalında çap olunan "Türklər və Biz" adlı məqaləsində yazırdı: "Hayın Türkdən özgə düşməni yoxdur. İntiqamçı olmağı, Türkdən qisas almağı tanrı Haya bir vəzifə kimi buyurubdur!".
   
   Yuxarıda, Osmanlı Dövlətində paşalığa kimi yüksəlmiş, sonra da çörəyini yediyi türklərə qarşı məlum imperialist güclərin qoltuq verməsiylə ayağa durub xəyanət eləmiş Andranik üçün uydurulan himdən alınan bir beytlə, Hakopyanın yazdıqları arasında hərhansı fərq vardırmı, yoxdurmu, onu oxucuların ixtiyarına buraxıram.
   
   Dünyaya göz açdığım Dizə kəndində yaşayarkən həm ata-anamın, həm də böyüklərimizin danışdığı və ermənilərin həyata keçirdiyi dəhşətli qırğını həmişə ürək ağrısıyla səksənərək dinləyərdim.
   
   Atamın dediyinə görə kəndimiz o vaxt yeddi yüz divan evi, min iki yüz xanə imiş. Kəndin ən böyük məhəllələrində Bayatlı, Dizəli, Alverdili, Davutlu, əmrahlı, Kərpilli, Həsənli, Tostulu tayfaları yaşayırmış. Bizim tayfa kəndin dördüncü böyük tayfası imiş və qohumlarımızın yarısı da Zəngibasar bölgəsindəki Seyidkənddə yaşayırmış. Atamın əmiləri və bibisi orda qalıbmış.
   
   Osmanlı dövlətinin tənəzzülə üz tutduğu illərdə Rusların və Qərblilərin, xüsusilə də İngilislərin və Amerikalıların qurduqları missioner məktəblərində, ürəklərində Türkə qarşı kin və küdurət dolu düşmən terrorçular kimi yetişdirilən ermənilər üsyan etmiş, dünyada tayı-bənzəri olmayan qırğınlar törətmişdi. Van vilayətində Qağdaqan ermənilərinin, xüsusilə də rusların və ingilislərin dayağı ilə törətdiyi dəhşətli qırğınlardan sonra Rus ordusunun geri çəkilməyə başlamasıyla birlikdə onlar da qabaqlarına çıxan Türk qəsəbə və kəndlərini viran edə-edə Rusiyaya çəkilmiş, ancaq əksəriyyəti düz Araz çayının sahilində düşərgə salıbmış. Bundan qərəz də, fürsət tapan kimi Arazı adlayıb Türk kəndlərinə basqınlar vermək və soyqırımlar törətmək imiş.
   
   Bir gün bu ermənilər ruslarla birlikdə Alican körpüsünü keçərək kəndimizi mühasirəyə salırlar. Daha əvvəlcə İğdırın Oba, Yaycı, Haxməmməd, Qaraqoyunlu, Çarıqçı və digər bəzi yerləri viran qoyub, ələ keçirdikləri kəndliləri qanına qəltan elədiklərindən, canını qurtaranlar da bizim kəndə pənah gətiribmiş. Kəndimizin əhali sayı hardasa böyük bir qəsəbəyə çatıbmış. Kəndimiz, erməni və rus süvari dəstələriylə mühasirəyə salınan vaxt bizimkilərin əlində on-on beşə qədər üçaçılan, beşaçılan və berdanqa varmış. Buna müqabil erməni və ruslar isə təpədən dırnağa silahlı-sursatlı, üstəlik də süvari. Böyük əmim Kərbəlayı Paşa və altı yoldaşı kəndin gündoğan tərəfində Yadigar Kömü adlı kişinin bağındakı iki mərtəbəli balaxanaya girib ermənilərin buradan kəndə daxil olmasına qaranlıq düşənə və patronları qurtarana kimi icazə verməyib, patronları sayında erməni və rusu cəhənnəmə vasil ediblər. Patronları qurtardıqda isə xəncərlərini sıyırıb qapıda gözləyiblər və içəri girən ermənini qaramal kimi böyürdüblər, axırda birbəbir hamısı şəhid olub. Ermənilər bu yeddi qəhrəmanı tikə-parça eləyiblər. Burdakı maneəni aradan götürən erməni-rus birləşmələri gündoğan tərəfdən də kəndə daxil olub evbə ev düşüb camaatı yığıb məçidin həyətinə aparıblar. Əvvəlcə gözəgəlimli gəncləri və güclü kişiləri seçib məçidə salıb qapını bağlayıblar. Sonra onlarla cavanın gözlərini bağlayıb məçidin minarasına çıxarıb ordaca başını kəsib yerə tullayıblar. Onların mübarək bədənləri çırpındıqca vəhşi hayqırışlarla intiqam nərələri atıblar. Bunlardan ürəyi soyumayan vəhşilər düşüblər qadınların içinə və on yaşından kiçik olan oğlan uşaqlarını qollarından tutub məçidin qabağındakı hovuzun başına yığıblar və sonra da başlayıblar camaatın gözləri qabağında uşaqların başını birbə bir kəsib hovuza tullamağa. Hovuz, uşaq başı və qanıyla dolandan sonra yenə dönüblər camaata və kişiləri, tutduğunca məçidə doldurub qapısını təkrar qıfıllayıblar. Evlərdən gətirdikləri ağ nefti pəncərələrdən içəri atıb od vurublar. Yüzlərlə kəndlimiz Allah-aman çəkərək diri-diri yanıb şəhid olub. Sonra da boylu qadınları seçib ortalığa çıxarıblar və hamısının qarnını süngü ilə deşib körpələri də analarını da həlak ediblər. Canilərin bir hissəsi məçidin həyətindəki kəndlilərə nəzarət edib, digərləri düşüblər evlərin canına və yükdə yüngül, bahada ağır nə əllərinə keçibsə qarət ediblər. Səhər açıldıqda üzlərini tutublar kəndlilərə: "Kimin qoşarı və arabası varsa irəli çıxsın"-deyiblər. Həmin kəndlilərimizin yanına düşüb arabaları qoşdurub gətiriblər. Arabalar hazırlandıqda kəndlilərimizə; "Sizin babalarınız bizimkilərə düşmənçilik eləmişdi, biz də qisasımızı aldıq, daha sizinlə işimiz yoxdur, minin arabalara və Kərimbəyli kəndinə tərəfə yola çıxın, sonra da hara gedirsiniz gedin, bura bizimkiləri gətirəcəyik"-deyiblər.
   
   Demə bu cani məxluqatlar yol boyunda müəyyən yüksəkliklərə çaprazlama maşınalı tüfəng (plemyot) yerləşdiriblər. Kəndlilərimiz qocaları və xəstələri, yaşlı qadınları arabalara mindirib özləri də yanlarıca düşüblər yola. Axırıncı araba kənddən yüz-yüz əlli metr qədər aralanandan sonra maşınalı tüfənglər işləməyə, ölüm qusmağa başlayıb. Minlərlə məsum insan vəhşicəsinə bu cür qətlə yetirilib. Erməni rus birləşmələri bu soyqırımı törədəndən sonra təkrar dönüb Alican körpüsündən düşərgələrinə qayıdıblar. Onların aralanmasından sonra gülləbaran əsnasında özünü arxların arxasına və yüksəkliklərə verib qaçıb canını xilas edənlər, yarası yüngül olanlar, güllə dəyməyənlər bir yerə toplanıb Kərimbəyli-Yuxarı Çiflik-Başköy (Aralıq) üstündən İranın Xoy şəhərinə gedib, qışı orda keçirib, ertəsi yazda kəndimizə qayıdıblar. Qayıdıblar ancaq, nə əkin əkəcək, nə torpağı sürəcək hərhansı tanqahları varmış. Bir ili çöldə bitən yeyilən otlarla, xozanlarda bitmiş buğda başaqlarından əldə etdikləri buğdalarla, arpalarla və qonşu kəndlərdən gələn yardımlarla ölüm-zülüm yola salıblar, özlərinə gələcək üçün gün ağlayıblar.
   
   Atam, "Mən o vaxt Zəngibasardakı qohumlarımızın yanında idim. Qırğını eşidər- eşitməz kəndə üz tutdum, ancaq üç-dörd kilometr qalmış çöldəki yiyəsiz itlərin üstümə cummasıyla qaçıb yaxınlıqdakı söyüd ağacına dırmandım və yarı gecəni ötənə kimi gözlədim, axırda itlər aralanıb gedəndən sonra xəlvətcə enib Kərimbəyli kəndinə tərəf qaçıb canımı qurtardım. İtlər o qədər meyid yemişdilər ki, vəhşiləşmişdilər. Kərimbəyli kəndindən öyrəndim ki, kəndlilərimiz Xoya gediblər. O qırğından bizim tayfadan ancaq beş nəfər xilas olmuşdu. Kəndimizdən xilas olanların sayı isə cəmisi 235 nəfər imiş. O yazıqlar da ermənilər təkrar kəndə üz tutarlar qorxusuyla qırılan kəndlilərimizi bir yerə yığıb kütləvi şəkildə basdırabilməyib və qurda-quşa yem olmalarına mane ola bilməyiblər"-deyə yana-yana danışırdı.
   
   Uşaqlığımda və gəncliyimdə böyüklərimin ikinci "qaçaqaç" dedikləri bu vəhşətlə bağlı xatirələri dinləyə dinləyə böyüdüm. Birinci qaçaqaç da 1877-1878-ci ildə yaranan Osmanlı-Rus hərbi əsnasında başveribmiş.
   
   1988-ci ildə həyat yoldaşım Fatma ilə birlikdə, Doç. Dr. Yunis Məmmədovun dəvətiylə Azərbaycana gedəcəkdik. Getməmizə on gün qədər qalmışdı Yunis bəy zəng edərək; "Ermənilər hadisə törətməyə başlayıblar, Qərbi Azərbaycandakı türkləri etnik təmizliklə çıxarırlar. Türkiyədən gəldiyinizə görə başınıza iş açarlar deyə nigaranıq, Qars-Gümrü yolu əvəzinə Kiyevə gedin sizi ordan qəbul edək, götürüb Bakıya gətirək"-dedi. Mən isə bununla qəti razılaşmadım. Yunis bəyə;"Gümrü bizim dədə-baba torpağımızdır, mən, nəticəsi nə olarsa olsun ordan gələcəyəm və oradan da qayıdacağam, sizlər bizi qarşılamağa gəlməyin, sərhəddi ötər və qatara minər Bakıya gələrik, narahat da olmayın, bizi qarşılamağa gəlib başınıza iş açmayın"-dedim. Yunis bəyin təkidlərinin hamısını geri qaytardım və əvvəlcə İgdirə gedib bir neçə gün kəndimizdə qaldıq, sonra da Bakıya getmək üzrə Qarsa yola düşdük, 2 Avqust 1988-ci il tarixində də səhər tezdən yola çıxıb sərhəddi keçərək qədim yurdumuz Gümrü torpaqlarına sarı getməyə başladıq.
   
   Sovetlər Birliyinin cilovunu əlinə alan Qorbaçov, ermənilərə yaşıl işıq yandırmış və onların özlərini itirmələrinə, meydan sulamalarına imkan yaratmışdı. Qorbaçov əslində qərbin adamı idi və onların diktəsini yerinə yetirirdi. Sən demə bu diktənin içində Ermənistanın monoetnik bir dövlətə çevrilməsi və Azərbaycan torpaqlarının biraz kiçilməsi məsələsi də varmış.
   
   Biz belə bir vaxtda Azərbaycana gedirdik. Qatar sərhəddi keçəndə asma köprünün düz ortasında bir müddət dayanmalı oldu, çünkü qatarın təkərləri sovetlərin qatar xəttinə görə uyğunlaşdırılacaqdı. O anda mənim üçün zaman deyilən şey dayanmışdı. Qəribə duyğuların təlatümündə idim. Bir vaxtlar babalarımızın at oynatdığı, firavan ömür sürdüyü, müqəddəs ruhlarının dolandığı bu yerə, mən bir nəvə sifətilə viza alıb gedirdim. Düzünü demək lazımdırsa bu mənim üçün dəhşətli bir işgəncə idi. Üstəlik dədələrimin torpaqlarında, yüzillər boyu qoynumuzda bəslənib harınlayan, bizə düşmən kəsilib kürəyimizdən xəncərləyən ermənilər yaşayırdı. Nə dözülməz bir təzaddı..!
   
   1828-ci ildə yaranan Türkmənçay sazişi ilə Azərbaycan torpaqlarına ayaq qoyan, onlar tərəfindən qonaq kimi qəbul edilən, kömək əli uzadılan Ermənilər, Rus dayağını götürüb buraların əsl yiyəsi olan, özlərinə hər cürə hörməti eliyən, onları dost, hətta kirvə tutan, qızlarını alıb qohumlaşan Azərbaycan Türklərinin bir dənəsini də qoymamaq şərtilə sürüb çıxarırdılar. Onlar, guya insan hüquqlarından müdafiə edən müəyyən qüvvələrin (!) gözü qabağında, illərdir davam etdirdikləri etnik təmizlik hərakatının sonuncu mərhələsini səhnələyirdilər.
   
   İçimdə üsyan təlatümləriylə boğuşa-boğuşa axşam saatlarında maşınlara minərək Qərbi Azərbaycan torpaqlarından, Stalin tərəfindən Gürcülərə peşkeş çəkilən Borçalı bölgəsinə sarı yola düşdük. Gecəni orda qalacaq, səhər açılan kimi Azərbaycana yönümüzü tutub gedəcəkdik. Ankarada işləyərkən İranda, Avropada və Avstraliyada yaşayan birçox dostum məni dəvət eləmək istəmişdi, ancaq mən onların təklifini daim geri qaytarmışdım. Çünkü öz özümə söz vermiş və əhd eləmişdim ki, ilk dəfə xaricə üz tutanda gərək birinci növbədə Azərbaycana gedəm. Bir tərəfdə qardaş Azərbaycan torpaqlarına qovuşmaq səvincini, digər tərəfdə ata yurdundan zor gücüylə çıxardılan bacı-qardaşlarımızın duyduğu izdirab ürəyimi dağlayırdı.
   
   Levon Dabağyan adlı erməninin yazdıqlarını yadıma saldım":Ermənilər indiki vaxtda milli varlıqlarını Səlcuqlu və Osmanlı türklərinə borcludur. Bizanslılara və ya digər avropalılara qalsaydı Erməni adı bugün yalnızca tarix kitablarında çəkiləcəkdi".
   
   (Davam edəcək)

TƏQVİM / ARXİV