adalet.az header logo
  • Bakı 13°C

YEL DƏYiRMANI

VƏSİLƏ USUBOVA
25209 | 2010-07-24 02:55
Həmin gün kral pəncərədən baxırdı. Və küçənin ortasında öz-özüynən danışıb-gülən adamı göstərərək yanındakılara demişdi: "Bu adam ya dəlidi, ya da "Don Kixot"u oxuyurg" Kral tənqidçi deyildi. Heç müəllifi tərifləmək fikri də yoxdu. Əsas olan budu ki, o, əsəri oxumuşdu. Başqa cür mümkün deyildi. İspan kralı hər günmü pəncərədən baxırdı? Yoxsa, bu bir ilahi zərurət idi ki, pəncərədən gözü o küçədəki adama sataşsın və İntibah dövrünün ən dəyərli əsərlərindən birinə tarixi qiymətini versin. Özü də vur-tut cəmi bir cümlə iləg
   
   Bir cümlə ilə tarix yaratmaq olarmış. Bir cümlə ilə ədəbiyyatı, sənəti, istedadı qiymətləndirmək olarmış. O cümlə də əsrdən-əsrə, nəsildən-nəsilə keçib geriyə boylanmağı həmişə mümkün edə bilərmiş. Bəlkə də kral o kitabı oxuyan sonuncu adam idi İspaniyada. Hamı oxumuşdu və axırda növbə ona çatmışdı. Əsərin qiyməti aşağıdan yuxarıya ötürülmüşdü və birinci şəxsin dilindən qiymətini alıb təzədən xalqa qayıtmışdı. Xalq isə əsəri oxuyub gülürdü. Ona görə gülürdü ki, cəngavərlik əsriydi və hər kəsin içində bir don kixot yatırdı. Servantes bunu oyatmışdı. Buna görə də əsər əldən-ələ keçib göz yaşları və qəh-qəhələrlə oxunurdu. Amma bu qəh-qəhələrin içində göz yaşları da olmamış deyildig
   
   Tələbəlikdə "Don Kixot"u oxuyanda mən də gülürdüm. Qəhrəmana yazığım gəlirdi. Kitab oxuyan əksər qızlar kimi mənim də xəyallarımın cəngavəri vardı və Don Kixot qətiyyən ona bənzəmirdi. O, kifir, uzundiraz və yöndəmsiz idi. Nə qılıncı, nə dəbilqəsi həqiqi deyildi. Heç sevgilisi də. Üstəlik köməkçisi gödəkboy, pota Sanço Panso heç rəğbət doğurmurdu. İkisi də fərsiz, qorxaq, boşboğaz idilər. Ancaq onlara nifrət eləmək də mümkün deyildi. Onlar saf, qərəzsiz, hər cür riyakarlıqdan uzaq adam idilər. O boşuna itirilən vaxtların, mənasız sərgüzəştlərin cəzasını da ancaq özləri və onları heç cür bu yoldan çəkindirə bilməyən ailələri çəkdilər. Onlar cəngavər olmaq, şöhrət qazanmaq, hamının, xüsusilə xanımların diqqətində olmaq istəyirdilər. Bu bədii qəhrəman haqqında düşünəndə həmişə Demokritin bir fikrini xatırlayıram: "Yaxşı adam o deyildir ki, pislik etməsin, həm də pislik barədə düşünməsin". Don Kixot məhz belədi. O, nəinki pislik etmir, belə şeylər heç xəyalından da keçmir. Onların cəngavərlik şöhrətinin xülyaları ilə yaşamasında bir qəbahət yoxdu. Amma bir şeyi unudurlar ki, cəngavər olmurlar, cəngavər doğulurlar. Alnına cəngavərlik yazılanlar bəlkə də bu taledən narazı idilər. Adi bir insan ömrü yaşamaq istərdilər. Sakit, dinc bir ömürg
   
   Amma tale tərəfindən boyunlarına biçiləni yaşamalı idilər. Heç kəs deyə bilməz ki, Don Kixotun "don kixotluğu" cəngavərliyi şərəfləndirir, yoxsa gözdən salır. Bu sual dörd yüz idən üzübəri gəlir və hələ neçə-neçə dörd yüz illər də üzü gələcəyə gedəcəkg
   
   Bir əsəri ikinci dəfə oxumaq həmişə məni kədərləndirir. İlk oxunuşda aldığım zövqü ala bilmədiyim üçün, daha o illərin və günlərin qoynunda ola bilmədiyi üçün. Buna baxmayaraq, barmaqla sayıla biləcək qədər az əsərləri ikinci, hətta bəzən üçüncü dəfə oxuya bilmişəm. "Don Kixot" romanı da belə istisnalardandı.
   
   Bu dəfə hiss elədim ki, daha gülə bilmirəm. Həyat öz işini görə bilib, duyğularım ağırlaşıb, düşüncələrim müdrikliyə can atmaqdadı. İndi məni aydın olurdu ki, əslində müəllifin müasirlərindən tutmuş bu günədək əsəri oxuyan hər bir kəsin düşüncəsində bir mudriklik işartısı olsaydı, kimsənin dodağı da qaçmazdı. Doğulan gündən hamımız öz ömrümüzü yaşamırıq kig Elə hamımız kiməsə oxşamağa, kimisə yamsılamağa çalışmırıqmı?!..
   
   Deməli, hamımız Don Kixotuq. Hamımız ömrümüzün böyük bir hissəsini yel dəyirmanları ilə vuruşda keçirmişikg
   
   Hamı həqiqət axtarışındadı. Don Kixot öz həqiqətini cəngavər olmaqda görürdü. Bununla da ətrafındakıların onu öz həqiqətləri ilə birlikdə görəcəyinə, anlayacağına və qəbul edəcəyinə inanırdı. Hamımız cəngavər olmaq istəməsək də, ayrı-ayrı adları olan həqiqətlərin axtarışında olduğumuzu boynumuza almalıyıqg
   
   İki cür həqiqət axtaran adam var. birincilər özünə axtarır, öz həqiqətlərini görmək, təbiq etmək, başqalarının da bununla hesablaşmasını istəyirlər. Bu dar həqiqətdi, bəsit həqiqətdi. Ən yaxın dosta, qonşuya belə işığı düşməyən çıraq kimidi belələrinin həqiqəti. Belələri öz istədiklərinə tez nail olurlarg
   
   İkincilər hamı üçün - bütün insanlar, cəmiyyətin hər bir üzvü üçün həqiqət axtarışına çıxanlardı. Bunların qələbəsi müşküldü, uzun və dolanbac yollardan keçən bir qələbədi. Onlar sonu görünməyən yolçuluğa çıxıblar və bu yolçuluqda həmfikirləri çox azdı. Olsa da, yarı yola qədər onunladı, bir gün öz nəfinə onu atıb gedəndi. Bu qəbildən olan insanların əksəriyyəti öz istədiyinə çatmır, axtardığını tapmır. Əvəzində payına düşən bir ömrü bada verir, boşuna xərcləmiş olur. Bir də ayılıb görür ki, ömür-gün keçib, o isə heç nə qazanmayıb. Üzüpis dünya öz işində - yaxşıları yürütməyindədi. Deməli, o da Don Kixot kimi yel dəyirmənları ilə vuruşub.
   
   Get-gedə həqiqət elə qeybə çəkilir ki, özün də mat-məəttəl qalırsan. Birdən-birə bu qədər boşluq haradan yarandı?!
   
   Bu dünyada bütöv heç nə yoxdu. Arzular, istəklər də yarımçıq qalandı, əməllər də. Çünki insan ömrü arzuların müqabilində çox qısadı. Çox həqiqətləri sübut etmək olardı, əgər ömür vəfa qılsaydı. Sanki dünya bilərəkdən belə qurulub. Fövqəlqüvvələr heç kəsə öz niyyətini başa yetirməyə imkan vermir. Bəlkə Çingiz xan iyirmi il də yaşasaydı, bütün dünyanı tutacaqdı. Görünür, hər şey elə hesablanıb ki, çox işlər yarımçıq qalsın. Qəribə burasıdı ki, sonda zalımla məzlumun, fatehlə kölənin aqibəti çox zaman eyniləşir. Bəşər övladına qan udduranların heç biri uzun ömür sürmür və zamanın bir anında elə səssizcə o dünyalıq olurlar ki, eşidəndə, oxuyanda, dərin-dərin düşüncələrə dalmaya bilmirsən. Çingiz xanın da, Napoleonun da, adını bu yazıya sığışdıra bilmədiyim neçə-neçə məşhurların da son günləri elə yazıq, qüssəli bir aqibətlə qurtarıb ki, bizim "cəngavər"in aqibətindən çox az fərqlənib.
   
   "Don Kixot"u oxuyan əsərdən bir cümləni qeyd dəftərçəmə köçürmüşdüm: "Cəsur ruh miskin taleyi dəyişə bilər". Bu sözlərdən çox qısa bir müddətə güc ala bildim. Sonra yenə öz qənaətimə döndum: Cəsur ruh da elə tale ilə birlikdə insana verilirg
   
   Və bu gün də əminəm ki, çox-çox illər sonra Napoleonun dediyi: "Ən böyük əxlaqsızlıq bacarmadığın işin qulpundan yapışmaqdır" sözlərini heç kim Don Kixota aid eləmirg Çünki cəngavərlik iş deyil, bir ruh məsələsidig

TƏQVİM / ARXİV