Uğurdan iki gün sonra, yubileydən bir gün öncə

ETİBAR CƏBRAYILOĞLU
36119 | 2010-07-24 02:55
Əyri dünyanın düz vaxtında özümüz də keçirdik Qarabağdan, könlümüz də. Amma indi vəziyyət qarışıqdı. ATƏT-in Minsk Qrupu özümüzü oralara buraxmır, könlümüzün də Qarabağdan keçməsinə heç nə verən yoxdu. Yaxşı ki, "Qarabağ" var, Qarabağın havasını ondan alırıq. Hər atdığı topa sevinir, qələbələri sıraladıqca sevincimizi dost-tanışla bölüşürük. Odu söndürüb külü ilə oynamağa öyrəncəliyik.
   
   Camaatın üzü güldü, "Qarabağ" ikinci mərhələni də uğurla keçdi. Ağdam klubu artıq üçüncü mərhələyə vəsiqə qazandı. Necə deyərlər, Avroliqa keçir "Qarabağ"dan... Allah üzümüzə baxıb ki, futbol məsələsinə FİFA, UEFA baxır. BMT-nin, ATƏT-in Minsk Qrupunun ümidinə qalsaydıq batmışdıq.
   
   ATƏT-in gözündən iraq, uzun-uzadı yol keçib min bir əziyyətlə Şimali İrlandiyaya gedən Ağdam futbolçuları "Portadaun" komandasını səfərdə məğlub etdi. İki gün öncə keçirilən cavab oyununda da futbolçularımız rəqibin dizini qatlamaq əzmindəydi. Sonda bunu bacardı da. "Qarabağ" cavab oyunu üçün Bakıya gələn "Portadaun"a göz açmağa imkan vermədi. Oyuna baxanlar bilir, qol vəziyyətlərini saymaq mümkün deyildi. Azarkeşlərə elə gəlirdi ki, rəqibin qapısı aşsüzən olacaq. Görüş ərzində Fərhad Vəliyevə ürəyim ağrayırdı. Öz-özümə deyirdim bekarçılıqdan yəqin qapıçımızı yuxu tutacaq. Rəqib hücumçular kənd avtobusları kimi yarım saatdan bir yolunu bizim qapıdan salırdılar.
   
   Sonda gördüz də nə oldu? İlk qolu "Portadaun" komandası vurdu. Futbol elə bu cür gözlənilməzliklərinə görə maraqlıdı. "Qarabağ"dakı uşaqlar heç kimə borclu qalan deyillər. Şimali İrlandların qənimi Əfran İsmayılov səfər oyununda olduğu kimi, bu dəfə də "Portadaun"un qapısına yol tapdı. ATƏT-in yox, UEFA-nın qayda-qanununa uyğun olaraq Bakıdakı heç-heçə "Qarabağ"ı üçüncü mərhələyə çıxardı. Yolun açıq olsun, "Qarabağ!"
   
   Futbolun öz gözəllikləri və özəllikləri var. "Qarabağ" Bakıda qalib gəlməsə də Avroliqada növbəti mərhələyə adladı. "Bakı" hər iki oyunda 2:1 hesabıyla qələbə qazansa da qitəmiqyaslı yarışı yarımçıq tərk etdi. "Bakı" Bakıdakı oyunda UEFA-nın cəzalandırdığı futbolçunu meydana buraxdığı üçün cəza aldı. Evdəki qələbəsi əlindən alındı, kluba para cəzası kəsildi. Deyilənə görə, "Bakı"nı Lənkəran camaatının ahı tutdu. İki ay öncə Azərbaycan kubokunun final qarşılaşmasında ədalətli oyun qaydalarını pozaraq qalib gələn və Avropaya vəsiqə qazanan "Bakı" başqa bir məsələ üzündən uduzdu. Ədalət zəfər çaldı.
   
   Ədalətdən söz düşmüşkən, dünyanın işləri baş-ayaq düşdüyündən ədalətin zəfər çalmağı xeyli çətinləşib. Ona görə də ədalətsiz işlər at oynadır. Azərbaycan mətbuatında bir cümləlik yazısı dərc olunmayan adama fəxri ad, medal verirlər. Ağlayan ədalət burda necə zəfər çalsın?
   
   Ədalətdən danışanda "Ədalət"dən söz açmamaq günah olardı. Cəmi bir gün sonra bizim "Ədalət" qəzetinin 20 yaşı tamam olur. Deməli, elə hamımızın bayramıdı, oxucularımızın, yazarlarımızın, qəzetdə çalışan, burada zəhməti keçən hər kəsin şad günüdü. Bir dost kimi onların hər birini təbrik edirəm, qoy əlləri yorulmasın.
   
   Bir yazar kimi "Ədalət"in boynumda çoxlu haqqı var. Aqil bəyin, İradə xanımın elədiklərini qiymətləndirməmək üçün gərək namərd olasan. Mən də bu yaşda və bu başda namərd adını öz üzərimə götürmək istəmirəm. Çox tərifləməyə ehtiyac yoxdu. Görünən "Ədalət"ə nə bələdçi?
   
   Türklərdə yaxşı bir ifadə var- Vəfanı haqq edənə vida etməmək! Mən də "Ədalət"ə, Aqil bəyə, İradə xanıma, qəzetin kollektivinə, dəyərli oxuculara vida etmək fikrində deyiləm. Hələ çox görüşəcəyik...

TƏQVİM / ARXİV