adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

BÖYüK iNGiLiS

BABƏK YUSİFOĞLU
49111 | 2010-07-20 04:52
Nəinki Böyük Britaniyada, hətta bütün dünyada bu ingilis siyasətçisini tanımayan yoxdur. Onun iri gövdəsi, ətli üzü, qara slindirin altından baxan ağıllı gözləri, barmaqları arasında həmişə görünən siqarı əksər insanların yaddaşındadır. Əlbəttə, bu cür məşhurluğu heç də onun yalnız Böyük Britaniya kimi bir dövlətin hökumət başçısı olmasıyla, ikinci dünya müharibəsi dövründə siyasətdə fəallıq göstərməsi ilə, yaxud ölkəsində bir sıra islahatlar aparmasıyla... bağlı deyildi. Onu hər kəsə tanıtdıran sadaladıqlarımızla yanaşı, həm də bu siyasət adamının keçdiyi zəngin həyat yolu, fərdi keyfiyyətləri və dərin zəkası idi. Onun haqqında yazanlar həmişə xüsusi qeyd edirlər ki, o heç vaxt qarşısında duran işin ağırlığından qorxub geri çəkilməyi xoşlamayıb.
   
   Qəbul etməyənlər olsa da qeyd etmək lazımdır ki, ikinci düya müharibəsinin müqəddəratının məhz bizim bildiyimiz şəkildə həll olunmasında o böyük rol oynayıb. Hətta onu müharibə illərində ingilislərin dözüm simvolu hesab edirdilər. Elə müharibədən sonrakı Avropanın siyasi həyatını da onsuz təsəvvür etmək çox çətindir. Şəcərəsinə görə, elitar nəslin nümayəndəsi olan Uinston Çerçill bu gün də çoxları tərəfindən hörmətlə xatırlanır.
   
   UİNSTON LEONARD SPENSER ÇERÇİLL
   
   
   
   Uinston 1874-cü ildə Vudstok yaxınlığında Oksfordşir qraflığında, Blanim-Pelisedə anadan olmuşdur. Onun valideynlərinin hər ikisi aristokrat nəslindən idilər. Ana babası o dövrdə Amerikanın məşhur maliyyəçilərindən, atası isə Malboro hersoqluğunun banisi hersoq Con Çerçillin oğlu lord Rendolf Çerçill idi. Çerçillər haqqında yazanlar bildirirlər ki, Uinstonun atası da siyasət adamı olmuş, amma bəzi səbəblərə görə bu yoldan çəkilmişdir. O zaman çoxları belə düşünürdü ki, Uinston gələcəkdə dövlət işlərinin ardınca gedəcək. Kicik Uinstona yaxından bələd olanlar isə deyirdilər: o, özündən əvvəlkilərin səhvlərini təkrarlamayacaq, daha irəlilərə gedəcək. Və görünür onlar səhv etməyiblərmiş. Çünki elə belə də oldu.
   
   O, 1888-ci ildə imtiyazlı hesab olunan Harroy məktəbində oxudu və burada təhsilini başa vurduqdan sonra Sandexerstdəki quru qoşunları hərbi litseyə daxil olmaqla çoxlarını heyrətləndirdi. Çünki onun bu yolu seçəcəyini gözləmirdilər. 1895-ci ildə atası vəfat etdi, lakin Uinston hərbi təhsilini yarımçıq saxlamayıb yolunu davam etdirməyə qərar verdi və Dördüncü qusar polkuna daxil oldu. Bir qədər keçdikdən sonra həyat və istəyi onu başqa bir səmtə istiqamətləndirdi. Gənc Uinstona tezliklə məzuniyyət götürüb "Deyli qrafik" nəşrinin müxbiri kimi İspanya ilə mahribə edən Kubaya yollandı. Oradan isə daha uzuaq yerlərə... başqa qaynar bölgələrə... Məhz bu təcrübəsi, müharibə təəssüratları, canlı şahidi olduğu hadisələr gələcək yaradıcılığında və həyatında ona çox kömək etdi. Gənc yaşlarında həyatın ən çəyin keşməkeşlərindən keçdi.
   
   
   
   İNGİLTƏRƏYƏ QAYIDIŞ
   
   
   
   1899-cu ildə Çerçill hərbi qulluqdan ayrılmaq qərarına gəldi və tezliklə İngiltərəyə geri döndü. Artıq qarşısında başqa məqsədlər qoyan Uinston fəal surətdə siyasi proseslərə qatıldı və ağıllı mühakimələri, iti məntiqi sayəsində ətrafın diqqətini özünə cəlb edə bildi. Çox çəkmədi ki, Konservatorlar partiyası ilə əməkdaşlıq etməyə başladı və elə həmin partiyadan da parlament seçkilrəində öz namizədliyini irəli sürdü. Amma həmin vaxt bəzi səbəblərə görə, Çerçillin bu təşəbbüsü uğurla nəticələnmədi. Bu üzdən də Uinston yenidən jurnalistikaya üz tutdu. Bu dəfə "Morninq post"un əməkdaşı kimi ingilis-bur müharibəsini işıqlandırmaq üçün cəbhəyə yola düşdü. Və belə demək mümkünsə, o, gələcək karyerasının əsasını məhz bu cür qoydu: burada onun başına olmazın müsibətləri gəlir: burlar tərəfindən əsir alınır, türməyə salınır, qaçmağa müvəffəq olur, yük qatarında oralardan uzaqlaşıraq qurtulur...
   
   Onunla baş verən bu hadisələrin hamısı vətənində də hər tərəfə yayıldı. Artıq 1900-cü ildə o, müharibədən Vətəninə qayıdanda çoxları ona qəhrəman kimi baxırdı. Belə bir populyarlıq növbəti parlament seçkilərində ona uğur qazandırdı. Beləliklə, Çerçill 26 yaşında Konservatorlar partiyasından parlamentə deputat seçildi. Amma onun bu partiyadakı fəaliyyəti çox da uzun sürmədi. Hökumətin tariflər haqqında qanun layihəsinə etiraz əlaməti olaraq Konservatorların sırasını tərk etdi, qısa bir aradan sonra Liberallara qoşuldu. Onun şansı gətirirdi. Uinstonun bu partiyaya gəlişindən sonra Liberallar seçkidə qələbə çaldı. Və Çerçill koloniya məsələləri üzrə nazirin müavini postuna təyin olundu və 1908-ci ilədək bu vəzifədə çalışdı. İki ildən sonra o, Ticarət nazirliyinə keçdi və burada da yeni təkliflərlə çıxış etdi: iş saatının azaldılması, minimal əmək haqqının müəyyən edilməsi, işsizlik üzrə sığortanın tətbiqi. Əlbəttə bu cür çıxışlar cəmiyyətdə Uinstonun populyarlığını daha da artırırdı. 1910-cu ildə daxili işlər naziri təyin edilən Uinston Çerçill bu vəzifədə də bir sıra islahatlar keçirdi.
   
   1911-ci ildə isə Admirallığın birinci lordu oldu. O, dərin müşahidələri ilə anlayırdı ki, Avropa narahatçılıq içərisindədir. Artıq müharibə ab-havası hiss olunurdu. Uinston Almaniya təfindən yaranacaq müharibə təhlükəsindən hökuməti xəbərdar etdi. Önləyici tədbirlər kimi hərbi-dəniz məsələlərinə maliyyə vəsaitinin artırılması barədə təkliflərini verdi. O səhv etməmişdi. Birinci dünya müharibəsi başladı. Situasiya mürəkkəb idi. Çerçill məsuliyyəti öz üzərinə götürərək Antverpen müdafiəsinin rəhbərliyini həyata keçirdi. Düzdür, o zaman almanlar şəhəri ələ keçirsələr də Çerçillin Antverpen müdafiəsi sayəsində Belçika ordusu xilas edildi. Bununla yanaşı La-Manşda bir sıra ingilis limanlarının qorunub saxlanması mümkün oldu. Amma növbəti ildə Dardanel əməliyyatında Türkiyəyə qarşı apardıqları genişmiqyaslı hərbi əməliyyat uğursuzluqla nəticələndi və o, istefa verdi. Amma siyasi proseslərdən uzun müddətli ayrı düşmədi.
   
   Bir il sonra Çerçill Devid Lloyd Corcun koalisiyalı hökumətində Hərbi sənaye naziri vəzifəsinə təyin olundu. Və onun dövründə Böyük Britaniya ən müasir tankların istehsalına başladı. Müharibədən sonra isə onu müdafiə naziri vəzifəsinə gətirdilər. Qeyd edək ki, Dardanel boğzındakı məsələlərə bağlı Türkiyəyə qarşı mövqeyi onsuz da kövrək vəziyyətdə olan hökuməti parçaladı. Və yeni hökumətdə Çerçill yer ala bilmədi.
   
   
   
   QƏLƏMDƏN
   
   AYRILMAYAN
   
   SİYASƏTÇİ
   
   
   
   Bu qədər gərgin siyasi proseslər içərisində olmasına baxmayaraq Uinston yaradıcılıqla da intensiv məşğul olmağa vaxt tapırdı. Elə 1920-30-cu illərdə o, xatirə kitabları, müharibə memuarları, hətta bir bədii əsəri yazdı, ardınca da "Dünyəvi böhran" kitabını tamamladı. Daha sonra onun öz nəsil-şəcərəsi haqqında yazdığı çox cildli əsəri işıq üzü gördü. Bu həmin illər idi ki, Avropanın üzərini yenidən qara buludlar almaqdaydı. Almaniya silahlarını hazır vəziyyətə gətirmişdi. 1938-ci ildə Böyük Britaniyanın baş naziri Nevill Çemberlen Münhendən qayıdandan sonra bəyan etmişdi ki, mən yalnız qısa müddətli sülhə nail olmuşam. Onun ardınca isə Çerçill öz məşhur ifadəsini söyləmişdi: "Avropa qaranlığa gömülür". O, dövləti təcili tədbirlər görməyə, Hitler Almaniyasından gələcək təhlükədən qorunmağa çağırırdı.
   
   Bir çoxları bu məsələdə tərəddüdlü görünsə də tarix sübut etdi ki, Uinston heç də səhv erməyib. Almaniya ikinci danya müharibəsinə başladı və bununla da Avropaya, eləcə də bütün dünyaya yenidən bəla gətirdi. Bu zaman Çörçill təzədən hökumətdə Admirallığın Birinci lordu vəzifəsinə gəlidi. Və vaxt itirmədən alman sualtı qayıqlarına qarşı ciddi tədbirlər planı həyata keçirməyə başladı. Altı aydan sonra isə Çemberlen hökuməti istefaya getdi və bu mürəkkəb, çətin dövrdə Uinston Çerçill baş nazir vəzifəsinə gəldi, eyni zamanda müdafiə naziri vəzifəsini tutdu. Bundan sonra isə o, var gücü ilə bütün Avropanı işğal etmiş Hitler Almaniyasına qarşı çıxdı. Bu qarışıq proseslərdə ABŞ-ın prezidenti Ruzveldlə yaxın münasibətlər quraraq Amerikanın dəstəyini qazana bildi. Həm də müharibənin bəlalarından qurtulmaq üçün sovet diktatoru Stalinlə "dil tapmağı" bacardı. Nəhayət müttəfiqlər müharibədə qələbə qazandılar, Almaniya məğlub oldu. Uinston Çerçill isə bu zəfərdən sonra ingilislərin milli qəhrəmanına çevrildi.
   
   UİNSTON, MÜKAFATLAR VƏ SON...
   
   
   
   O, müharibədən də bir əsər yazdı. Uzun çalışmalardan sonra böyük bir əsər - 6 cildlik "İkinci Dünya Müharibəsi"ni yazdı. Və bu gün onun bu tipli kitabları həmin dövrün tarixini öyrənmək üçün ən qiymətli əsərlər hesab edilir. Onu yaxından tanıyanların yazdıqlarına görə, Çerçill həm də çox gözəl natiqlik qabiliyyətinə malik olub. Çıxış etdiyi zaman qarşı tərəfə dərin təsir etmək bacarığı həmişə ona insanları inandırmağa kömək edib. Adamlar Uinstonu dinləməyi xoşalayardılar. Yaradıcılıq sahəsidəki uzun sürən axtarışları, araşdırmaları, müharibə bölgələrindən canlı şəkildə müşahidə etdiyi xatirələri, məqalələri... nəhayət öz bəhrəsini verdi. Belə ki, 1953-cü ildə Uinston Çerçill ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Əslində siyasətdən və jurnalistlikdən başqa onun gözəl rəssamlıq qabiləyyti də olub. Və o yaradıcılıq bacarığına görə həm də Böyük Karl mükafatına, ABŞ-ın Fəxri Vətəndaşlığına və digər fəxri adlara, ordenlərə layiq görülüb.
   
   1951-ci ildə o, yenidən siyasət aləminə dönməyə qərar verdi. Və elə həmin ildə də baş nazir vəzifəsinə yiyələndi, 1955-ci ilədək hökumət başçısı oldu. Onun rəhbərlik etdiyi hökumət ölkədə bir sıra islahatların həyata keçirilməsini bacardı. Böyük Britaniyanın dünya səviyyəsində nüfuzu xeyli dərəcədə artdı. Ölkə iqtisadi cəhətdən böyük sıçrayışlar etməsə də böhran da yaşamadı. Demək olar ki, həyatının böyük bir hissəsini siyasətə həsr etmiş bu böyük ingilis 34 yaşında ailə qurdu. 1908-ci ildə Klementina Xozelə ailə həyatı quran Uinston Çerçillin bir oğlu, üç qızı dünyaya gəldi. Ailə qayda-qanunlarına həmişə ciddi yanaşan Uinston həyat yoldaşına həmişə hörmət və diqqət göstərərdi.
   
   İngilislərin hörmətlə xatırladıqları, haqqında fəxrlə danışdıqları, dünya siyasətinin böyük fiquru hesab etdikləri Uinston Leonard Spenser Çerçill uzun bir ömür yaşasa da sonunda bu dünyaya əlvida dedi. 1965-ci il yanvarın 24-də, 90 yaşında Londonda gözlərini əbədi yumdu. Dəfni dövlət tədbiri ilə təşkil edildi. İngilislərə görə, onun ölmü həm də Böyük Britaniya tarixinin bütöv bir erasının sona çatması idi. Əslində bu bir həqiqət idi...
   
   

TƏQVİM / ARXİV