MƏNƏ DƏNiZ VERiN...

ƏBÜLFƏT MƏDƏTOĞLU
30437 | 2010-07-17 05:57
Nə qədər çalışsam da xatirələrdən qopub ayrıla bilmirəm. Mənə elə gəlir ki, bunun konkret səbəbi də var. Bu səbəb də mənim üçün zamanın gətirdiyi problemlərlə, qayğılarla, bir az da səmimi etiraf etsəm, ümidsizliklə bağlıdı. Açığını deyim ki, hərdən mən dünənimi bu günümdən ümidli görürəm. Aşağı, yuxarı nə qədər çək-çevir etsəm də, aşkarca duyuram ki, dünən daha kəsərli danışmışam, daha qətiyyətli olmuşam. Bu gün isə...
   
   Bu gün dünənlə müqayisədə bir gün artıq yaşayıb, zamanla ifadə etsəm 24 saat qocalmışam. Qocalıq da ki, deyilənə və gördüklərimə görə o qədər də insanın əlini-qolunu gen-bol açmasına imkan vermir. Ən azı insanda nə həvəs əvvəlki olmur, nə də nəfəs. İstər əylənmək, deyib-gülmək baxımından, istərsə də həyatın özünə olan münasibət baxımından. Çünki sənin dünən gənclik həvəsilə, gənclik eşqi ilə dəyərləndirdiklərin bu yaşında öz əvvəlki mahiyyətini, təsirini də itirmiş olur. Deməli, yaşın dəxli varmış!..
   
   Həyatımız infomasiyalarla o qədər yüklənib ki, adam bəzən bu informasiya bolluğunda az qala dəli olur. Qəribədir ki, psixoloji sarsıntılar da çoxalır. Bu sarsıntıların içərisində isə həmin o təsir edən informasiyalar xüsusilə amansızlaşır. Bax elə son gunlər verilən açıqlamaların birində Türkiyənin çox mötəbər bir nüfuz sahibi bəyan edib ki, yad planetlilər 200-dən artıq sayda qardaş məmləkətə səfərlər edib. Bu səfərlər zamanı 260-dan artıq insanla təmasda olub. Hətta onların bir qisminin bədənində hansısa çip yerləşdiriblər və payızda ABŞ-Türkiyə elm adamları yadplanetlilərlə bağlı çox mötəbər bir tədbir keçirəcəklər.
   
   Və yaxud da mətbuatda informasiyalar verilir ki, yerin nüvəsində hansısa güclü proseslər gedir, Günəş ikiləşir, göyün ozon təbəqəsi tamamilə yararsız hala düşür və s. və ilaxır. Bütün bunlar da həmin o iddia edilən məşhər gününün yaxınlaşması barədə söylənilən fikirləri müəyyən qədər təsdiqləyir. Deməli, insanlıq özü öz sonu barədə fərmana imza atıb... Təbiətə edilən basqılar indi bizim əleyhimizə çevrilib.
   
   Paytaxtın elə bir küçəsi, elə bir dalanı yoxdu ki, orda hansısa təmir-tikinti işləri aparılmasın. Ürəkaçan tikinti işləri o biri tərəfdən də sakinləri sıxmağa, onları havasız bir şəraitə uyğunlaşmağa məcbur edir. Ucalan göydələnlər Bakının hava axınının maneəsinə çevrilir. Elə bil Bakı Xəzərdən çıxarılıb sahilə atılmış balıqdı, yaşamaq üçün çabalayır, çırpınır... Biz də bu çırpıntıların seyrçiləri kimi dayanıb baxır, ən yaxşı halda özümüzə bu işlərdə günahkar olmamaqla təsəlli veririk. Amma unuduruq ki, harda dayanmağımızdan asılı olmayaraq, havası qurtaran bu şəhərdə bizim sevgi dolu bir ömür yolumuz olub. Biz bu küçələri şirin pıçıltılar, isti göz yaşları və qoşa ləpirlərlə bəzəmişik. İndi isə...
   
   
   
   Məndən bircə addım kənarda durub,
   
   Mənə göz qoyursan bir yad baxışla...
   
   Məni ildırım tək qəflətən vurub
   
   Sonra ayıldırsan isti yağışla...
   
   
   
   Anlaya bilmirəm qəsddi, yoxsa naz
   
   Min sual cavabsız durur önümdə.
   
   Mənə ipucu ver - nə olar, bir az
   
   Çözülsün tilsimi bu müşkülün də...
   
   
   
   Belə baxışlara alışmamışam
   
   İşıq dəlisiyəm həyatda ancaq...
   
   Kəpənək tozuna bulaşmamışam-
   
   Mənə hər nə olsa, güldən olacaq!..
   
   
   
   ***
   
   
   
   Hamının istidən yaxa qurtarmaq üçün üz tutduğu ünvanlardan biri dənizdi. Nədənsə bu dəniz adamları yaman çəkir özünə. Özü də bu dənizin çimərlikləri, buradakı qulluqların hansı səviyyədə olmasından asılı olmayaraq cəlbedicidi. Elə bil maqnit sahəsinə düşmüş kimi oradan çıxmaq olmur. Və mən adətən bu dənizə kənardan baxmağa daha çox üstünlük verirəm. Köhnə, qəmli bir xatirə o dənizi mənim yaddaşımda əjdaha kimi, əzrayıl kimi yaşadır. Dəniz sularının qoynuna aldığı doğma bir insanın bugünkü yoxluğu məni ləpələrə yaxınlaşmaq, onlara əl toxundurmaq, dalğalarla oynamaq istəyimdən uzaq salıbdı. Lakin dənizlə bağlı edilən söhbətlər çimərliklərdə dostların keçirdikləri maraqlı anlar hərdən xatirələrimə güc gəlir. Elə istəyirəm ki, mənim də dənizim olsun. Az qala şair dostum Sabir Abdinov kimi istəyirəm üzümü dənizə tutub deyəm:
   
   - Mənə dəniz verin!
   
   Amma onu deyə bilmirəm. Çünki dənizi bağışlamaq mümkün deyil və nəhayət o dəniz heç mənlik də deyil. Mən olsa-olsa o dənizi 50-60 metr aralıdan dayanıb seyr edə bilərəm. Təəssüf ki, indi gözlərim də yorulub, gücdən düşüb. Dənizin şıltaqlığına tab gətirəcək gücüm də qalmayıb.
   
   Bu günlərin söhbətidi. Dostlar yığışıb dənizə gedirdilər. Məni də dəvət etdilər. Getmədim. Səbəbini izah etdim başa düşdülər. Amma ürəyim onlarla getdi və onlar dənizə gedib qayıdana qədər 10-15 dəfə mobil telefonlarını aradım. Axır ki, səslərini eşidə bildim. Dalğaların hay-harayı içərisindən gələn bu səslərdə bir istirahət notu, bir əylənmək həvəsi aşkarca duyulurdu. Sevindim və sonra da bu keçmiş xatirənin izi ilə dənizə doğru üz tutdum. O dənizə ki, o bizim böyük həvəslə alıb, sonra da gözəl bir buket kimi bağlatdırdığımız gülləri qoynundakı ləpələrə tapşırıb çox-çox uzaqlara apardı. Bu günə qədər nə o güllərdən, nə də o günlərdən dəniz bir soraq gətirmir. Düşünməyin ki, mən nəyinsə qayıdacağına bütünlüklə əminəm. Sadəcə "bəlkə də qayıtdı" istəyimi içimdə öldürməmişəm. Axı istəklərin ölməyi başqa faciələrə yol açır.
   
   
   
   Sənin üçün aşkar yanır ürəyim
   
   Sən bu odu, sən bu közü dəyişmə.
   
   Ayağını möhkəm dirə, ürəyim,
   
   Söylədiyin o ilk sözü dəyişmə.
   
   
   
   Yönünü tut şeh süzülən səhərə
   
   Meydan sula ürək didən qəhərə
   
   Gözünəcən dərdə batmış şəhərə
   
   Nə o dağı, nə o düzü dəyişmə.
   
   
   
   Nişangahsan, atan çoxdu Əbülfət
   
   Mal-mülk sarı gözün toxdu Əbülfət
   
   Kim olsan da fərqi yoxdu Əbülfət
   
   Bu yerişi, nə bu izi dəyişmə.
   
   
   
   ***
   
   
   
   Son vaxtlar səhərin gözü açılar - açılmaz özümü nəşriyyata çatdırmağa çalışıram. İstinin qorxusundan otağa girən kimi qapı-pəncərəni taybatay açıram. Amma qəribədir ki, hər dəfə Yasamal qəbristanlığına baxan pəncərəni açanda bir anlıq diqqətimi özünə çəkir. Səbəbini özüm də anlaya bilmirəm. Bu qəbristanlığın ərazisi də, görkəmi də günü-gündən dəyişir. Elə bütün qəbristanlıqlar deyəsən belədir... Yoxsa yaşlaşırıq deyə mənə belə gəlir, nə bilim vallah... Amma həqiqətən son vaxtlar pəncərəni açanda bir anlıq dayanıb qəbristanlığa baxıram. Bunun bir səbəbi də yəqin ki, son bir ayda bir neçə dəfə məni kövrəldən, üzən, nisgilimə səbəb olan itkilərlə bağlı yazdığım yazılardı. Bəzən deyirlər ki, ölənlə ölmək olmaz. Amma ürəkdə, daxildə ölümün yarısına bərabər bir hüzn yaşamaq sən demə qaçılmaz imiş.
   
   Bu fikirləri bilgisayara diqtə etdiyim zaman hardansa yadıma düşdü ki, indi mənə telefon zəngi olmalıdı. Çünki son yazımla bağlı əziz bir insanın şəklini mənə çatdırmalıdırlar. Amma telefon zəng çalmır. Bu məni həm narahat edir, həm də əsəbiləşdirir. Görünür könüldən könülə yollar var. Həmin an məni özüm qədər duyan dostum zəng çalır. Səsində bir gümrahlıq, bir qayğısızlıq, bir az da şənlik özünü göstərir. Həmişəki kimi də ilk sualı bu olur:
   
   - Hə, yenə nə baş verib? Niyə beləsən? Səsin elə bil özününkü deyil.
   
   Həmişəki sual, təbii ki, həmişəki də cavablar. Yenə zarafatlaşmaq, yenə fikir yayındırmaq, amma nə qədər cəhd edir etsin auranı dəyişmək, o mühitdən çıxmaq mümkün olmur. Yeganə bir yol var, o da görüşüb baş-başa qalmaq, istər çay süfrəsi arxasında qalmaq, istərsə də adicə bir sakit guşədə əyləşib ötənlərə üz tutmaq... Buna da bəzən onun, bəzən də mənim vaxtım-imkanım olmur. Çörək dalınca qaçmaq bizi çox şeylərdən məhrum edibdi. İndi görünür madiyyatın mənəviyyatı üstələməsinin bir səbəbi də elə iqtisadi durum imiş. Nə isə...
   
   Hə, istər kənardan seyr etdiyim dəniz olsun, istər havası günü-gündən tükənən Bakı şəhəri, istər Yasamal qəbristanlığı, fərq etməz. Çünki bunların hər birində hələki ürəyimcə olası bir məqamın tamlığını görə bilirəm. O da daxili və zahiri üst-üstə düşən gözəlliyin təcəssümüdü. O gözəllik ki, o nə rəssam işi deyil, nə şair işi deyil. Bunu yalnız Tanrı özü ən ağla gəlməyən, gözə görünməyən şəraitdə və yerdə insanların ürəklərində, bəzən də ilğım kimi gözlərinin qarşısında yaradır. Onu görmək üçün Tanrı sevgisinə qovuşmaq, ondan yararlanmaq lazımdır. Bax, onda həmin o gözəllik onun dəlisi olanın gözünə görünə bilər, çünki sən onu dəlicəsinə istəyirsən. Mən də dəlicəsinə istədiklərimin ardınca qaçıram, çatmaq ümidi ilə...
   
   
   
   Bir ürək şəkli çək
   
   Üstündə baş hərifin
   
   Baxıb təkrarlayım mən-
   
   Məcnunluğun tərifin...
   
   
   
   Ömrümə gec gələnim
   
   Xəlbirlənim, ələnim
   
   İşığına bələnim-
   
   Mənə çatan zərifin...
   
   
   
   Günümə gün calansın
   
   Dərdim, qəmim talansın
   
   Qoyma ruhu qalansın-
   
   Sən bu elsiz qəribin!..
   
   
   
   Hə, yaşamalı və yaşatmalı olduğumuz bu dünyada bizlər bəzən öldürməyə də məhkum oluruq. Qaça bilmirik öldürdüklərimizin xəyallarından, xatirələrindən... Heyif, ölən sevgilərdən, heyif öldürülən sevgilərdən...Mən dəniz istəmirəm, o ölən sevgini əvəz edə bilməz...

TƏQVİM / ARXİV