BİR SƏSİN SEHRİ

VAQİF YUSİFLİ
51248 | 2015-04-07 09:01
İyirmi beş il bundan öncə, günlərin bir günü Şamaxının Çuxanlı kəndindən Bakıya arıq, qarayanız, çəlimsiz bir qız uşağı yol aldı.
O qız hələ çoxlarının eşitmədiyi, dinləmədiyi səsinin arxasınca yüyürürdü, istəyirdi ki, bu səsi muğam biliciləri eşitsinlər, ona dəyər versinlər. Bu niyyət, bu arzu onu Asəf Zeynallı adına musiqi texnikumuna gətirdi. O qız özünə inanırdı. İmtahan verdi, səsini bəyəndilər.
Beləliklə, Elnarə Abdullayevanın təhsil illəri başladı. Texnikumda oxuduğu o dörd ildə sinif otağından başqa heç hara getmədi. Çünki tələbələr arasında da eləsi vardı ki, toya gedirdi, tədbirlərə çağırılırdı, hətta konsertlərə dəvət alırdı. Amma Elnarəni nə toya çağıran vardı, nə konsertlərə, heç belə bir arzusu da yox idi. Sakitcə başını aşağı salıb müəllimi Ağaxan Abdullayevi dinləyər, ondan muğamın sirlərini öyrənirdi.
O Ağaxan Abdullayev ki, muğam sənətində öz möhürünü vurub, dəst-xəttini qoyub. Və Ağaxan Abdullayevin müəllimlik sənətində ən böyük qələbəsi indi dünyaca şöhrətli, səsiylə fələklərə meydan oxuyan Alim Qasımovun ustadı olmaq idi. İndi Ağaxan müəllim fəxr edə bilər ki, bu günün səs möcüzəsi ilə hamını heyrətə gətirən Elnarə Abdullayevanın da müəllimi olub.
Texnikumda oxuyanda böyük ustad Hacıbaba Hüseynov da onun səsini dinlədi. Hacıbaba müəllimin yanına onu vaxtilə bu təhsil ocağının yetirməsi olmuş tarzən Mehman Mikayılov aparmışdı. Həmyerli idi Elnarə ilə. Hacıbaba müəllim o səsi dinlədi, deyəsən, sinirləri tablamadı, gözləri yaşardı, dedi: "Oğlum, Mehman, sən Allah, bu səsi qoru, bu səs tutiyadı". Sonralar, bir müddət Elnarə Mehmanla bir yerdə şənliklərə, toylara, konsertlərə gedəcəkdi.
Ağaxan Abdullayevdən muğamın sirlərini öyrənən, Hacıbaba Hüseynovdan xeyir-dua alan Elnarə tezliklə başqa bir sənətçinin də qayğısını hiss elədi. Bu sənətçi - Alim Qasmıov idi. O, boş vaxtlarında Alimin sinfinə gedər, onun dərslərini dinləyərdi. Doxsanıncı illər Alim Qasımovun həyatında bir-birinin ardınca parlaq sənət uğurları qazandığı illər idi. Onun səsi dünyanın gur konsert salonlarından gəlirdi, Azərbaycan muğamı Alimin səsi ilə fransızları, ingilisləri, almanları, ispanları riqqətə gətirirdi. Alim Qasmov muğam sənətinə - oxuduğu muğamlara yaradıcılıqla yanaşan bir sənətçidir və onun hər muğamda səsinin "gülləri" ilə nələr yaratdığı hamıya məlumdur. Alimin dərslərinin özü bir konsert idi. Deyim ki, Elnarənin muğam dünyasının incəliklərinə bir az da dərindən bələd olması, qəzəliyyata münasibəti, dəflə rəftarı, hətta oxuyan zaman bəzən gözlərini yumub o Sirri-Xuda ilə dərdləşməsi də Alım Qasımovdan gəlir.
1994-cü ildə Elnarə texnikumu bitirdi, artıq Ağaxan Abdullayevdən, Alim Qasımovdan nə lazımdı öyrənmişdi. Ancaq hiss edirdi ki, Bakıda kimsəyə lazım deyil. Lap olsun toy, kim onu çağıracaq? Olsun radio-televiziya, kimin çağırışına gedəcək? Və yaxud, kim onu konsertlərin birinə çıxışa dəvət edəcək? Qərara aldı ki, dönsün Şamaxıya. Bu, Mehmanın da ürəyindən oldu, indi bu səsin sehrini ilk növbədə, Şamaxı əhlinə, sonra yaxın-uzaq rayonlara çatdırmaq olar. Və belə də oldu. Elnarə öz səsiylə ürəkləri fəth etməyə başladı.
1994-cü ilin sentyabr ayını xatırlayıram. Onda mən heç Elnarənin üzünü görməmişdim. Dahi Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi ilə əlaqədar Şamaxıda olduq. Bizim dəstədə tanınmış şairlər, alimlər, aktyorlar, müğənnilər (Əzizə xanım Cəfərzadə, Musa Yaqub, Hikmət Ziya, Mikayıl Mirzəyev, Ramiz Novruzov, Səkinə İsmayılova, Aygün Bayramova, Laləzar Mustafayeva və b.) vardı. Çıxışlardan sonra konsert başlandı. Məlum məsələdir ki, belə konsertlərdə fəxri adı, titulu olan xanəndələri lap axıra saxlayırlar, əvvəldə isə "bədii özfəaliyyəti" qabağa çıxarırlar. Tədbirin aparıcısı elan etdi: "Segah" təsnifi: oxuyur Elnarə Abdullayeva.
Səhnəyə arıq, qarayanız bir qız çıxdı. Və bir azdan hamı o səsin sehrinə düşdü. Ən çox da biz qonaqlar. Bu anda 1967-ci ildə Bakıda, filarmoniyanın səhnəsində Qədir Rüstəmovun ilk konserti yadıma düşdü. Onda da diktor elan eləmişdi: "Reyhan": oxuyur Qədir Rüstəmov. Onda da səhnəyə arıq, çəlimsiz, qavalı böyründə biri çıxdı. Tamaşaçılar arasında qımışanlar da oldu. Əhsən Dadaşov - o böyük tarzənin ansamblıydı çalan və bir azdan hamı o möcüzəli səsin sehrinə düşdü. Oxudu, bitirdi və qavalı böyründə çıxıb getmək istədi, amma arası kəsilməyən alqışlar altında, həm də Əhsən Dadaşovun təkidilə Qədir qayıtdı, ikinci bir mahnı da oxudu. İndi budur, Elnarə oxuyur. Necə oxudusa, alqışlar kəsilmədi və o da yenidən, hamıya baş endirib bir mahnı da oxudu.
İllər keçəcək, mən bu iki sənətkarı bir toy məclisində görəcəyəm. Qədirin oğlunun toyunda. Artıq bu zaman Qədir Rüstəmov bütün Azərbaycanın və Şərqin əfsanəsiydi, Elnarə də sənətdə etiraf olunurdu. Və Elnarə deyir ki, toydan əvvəl Qədir müəllim mənə zəng etdi, toya dəvət etdi, çaşdım, dedim ilahi, bu nə böyük xoşbəxtlikdir. Getdim vəgO toyu yığcam halda hansı kanaldasa göstərdilər və Elnarə orada Qədir yolunu davam etdirən Mustafa Mustafayevlə nələr elədi, yəqin baxmısınızgQədirin Elnarəyə müraciəti, onu dəvət etməsi isə heç də adi məsələ deyil, görünür, böyük ustad bu qızın səsindəki ecazı duyurmuş.
Elnarə xeyli müddət Şamaxıda yaşadı, burada ailə həyatı qurdu, övladları dünyaya gəldi. Tezliklə onu televiziyanın "Səhər" proqramına dəvət elədilər və bu səsin heyranları çoxalmağa başladı. Dəvətlərin sayı bundan sonra artdı, bir ayağı Şamaxıda, bir ayağı Bakıda-televiziya kanalları, toylar, şənliklər, tədbirlər. "Qırxıncı otağın" qapıları üzünə açıldı. Amma Elnarə xanım beş-altı uğurlu çıxışdan sonra səsinə arxayın olanlardan deyildi. Bilirdi ki, sənətin çox sirləri var, bu gün oxuduğun bir mahnını sabah eynən təkrar edə bilməzsən, hər muğamı oxuyanda da gərək ora öz səsinin məxsusi çalarlarını qatasan. Öyrənir, axtarışlar aparır, hətta eksperimentlərə də əl atırdı.
Elnarənin dünyaya göz açdığı Şamaxı və ümumən Şirvan bölgəsi əzəldən Azərbaycanın musiqi-muğam mərkəzlərindən biri olub. Ustad Mirzəməhəmməd nəinki Azərbaycanda, bütün Qafqazda tanınırdı. Yavər Kələntərlinin səsini kim unudar? Xanəndə Veys, Eynulla Cəbrayılov, muğamları da aşıq havaları kimi zövqlə ifa edən Aşıq Şakiri, Cəyirli Abbası, Aşıq Məmmədağanı, Bəyləri, Şərbəti, Xanışı necə? Alim Qasmov, Ağakərim Nafiz, Əvəzxan Xankişiyev, Mələkxanım, Zabit Nəbizadə, Nemət - Şirvan torpağının Azərbaycana bəxş etdiyi gözəl sənətçilərdir. Və Elnarə.
Son illərdə isə Abgül, Mirələm. Yəni Şamaxı-Şirvan bölgəsi əzəldən musiqi-muğam havası üstə köklənib. Bunu qeyd eləməkdə məqsədim odur ki, Elnarə Abdullayeva da bu ənənədən bəhrələnib. Özü etiraf edir ki, Alim Qasımovla yanaşı, gözəl muğam bilicisi, neçə təsnifin müəllifi Ağakərim Nafizdən də çox şey öyrənib. O möhtəşəm konsertdə Elnarə Ağakərimin bəstələdiyi "Ey bəradərim..." mahnısını oxudu, sənətdə can qoyan, amma çox zaman gözdən uzaq düşən Ağakərim Nafizin necə sevindiyinin şahidi oldum. Onun ifa etdiyi "Şirvan şikəstəsi"ndə Aşıq Şakirin, Alim Qasımovun, Bəylərin zəngulələri yaşanır.
Elnarə Abdullayeva indi Bakıda yaşayır. Qaynar musiqi-muğam mühitində. Daha əvvəlki illərdə olduğu kimi nadir hallarda deyil, tez-tez televiziya kanallarına dəvət olunur, konsertlərdə, tədbirlərdə onun da səsini eşidirik. Və bu yaxınlarda...
Heydər Əliyev adına möhtəşəm sarayda Elnarə Abdullayevanın böyük konserti oldu.
Mən o konsertdə olmadım, dəvətli deyildim və bundan incimirəm də. Amma İctimai televiziyada bu konserti izlədim.
O konsertdə Elnarəyə heyranlıqla qulaq asan, hətta gözləri yaşaran neçə tamaşaçını, hətta tanış sənətçini müşahidə etdim.
Ayrı-ayrı muğam parçaları, təsniflər, xalq mahnıları bir-birinin ardınca qatar kimi düzüldü, o sehirli səsin hökmüylə ürəkləri riqqətə gətirdi.
Nədir bu səsin sirri, sehri ki, hamını öz itaətində, cazibəsində saxlayır?
İlk növbədə, səsin özü son dərəcə məlahətlidir. "O səs ürəkdən gəlir" kimi şablon bir ifadəni işlətmək istəməzdim, o səs bəlkə də bizim dərk edə bilmədiyimiz Ulu Ruhdan, Tanrı diyarından gəlir. O səsin haçansa batacağına, sönəcəyinə, qocalacağına inanmıram.
Elnarənin oxuduğu təsnifləri, xalq mahnılarını hamı oxuyur, amma Elnarə onları özünəməxsus oxuyur. Oxuduğu "Çahargah", "Segah", "Şur", "Rast" təsnifləri heç kimin ifasına bənzəmir. Öz nəfəsini, öz yanğısını qatır o ifalara. Unudulmuş, az ifa olunan xalq mahnılarına daha çox meyl edir, o mahnıları "dirildir".
Deyirlər ki (bunu Elnarənin öz dilindən eşitmişəm), bir erməni yazarı Elnarədən, onun sənətindən kitab yazıb. Bunu necə izah edək? O kitabda nə yazılıb, nədən danışılır, xəbərimiz yox. Amma hər halda, Elnarə öz səsiylə düşmən ölkənin yazarını da tilsimləyib, sehrinə salıbsa, deməli, belə çıxır ki, ermənilərin içində də İnsan olurmuş. Hərçənd ki, erməni musiqiçiləri bizim çox mahnını öz adlarına çıxırlar.
Elnarə söz seçimində də mahirdir. Füzuli, Nəsimi, Seyid Əzim, Vahid qəzəlləri onun repertuarında birinci sıradadır. Mən israr edə bilmərəm ki, Elnarə xanım Füzulidən, ya Nəsimidən oxuduğu qəzəllərin mənasını tam dərk edə bilir, axı, hamı Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev,Canəli Əkbərov, Alim Qasımov, Ağakərim Nafiz kimi məna biliciləri ola bilməz. Amma Elnarə nəyi oxuyursa (lap elə çoxlarının doğru-dürüst anlamadığı qəzəlləri belə), onları tamaşaçıya, dinləyiciyə aydın, səlis şəkildə çatdırır, sən ifa olunan o qəzəlin ruhuna, məna və mahiyyətinə vara bilirsən.
Ələlxüsus Nəsimdən oxunan qəzəllərdə Elnarə o dahi şairin dililə dünyaya, cahana, əsrdaşlarına və bizə çox həqiqətləri çatdıra bilir. İstənilən bir qəzəl mətni onun səlis ifadəsində heç bir təhrifə uğramır. Bax, çox oxuduğu bu qəzəl kimi:

Mənəm ol tilsimi-pünhan ki, bu gün cahana gəldim,
Əzəli nişansız idim, əbədi nişanə gəldim.

Bu tilsimi çünki aşdım, züləmata nur saçdım,
Bu neçə məqami keçdim ki, bu cismü canə gəldim.

Oxudum bu ismi-əzəm ki, vücudə gəldi Adəm,
Qoyun adımı siz Adəm ki, bu gün cahanə gəldim.

Nə kişi durur Nəsimi ki, bəyan edə bu razi,
Düzübən bu sözi, sazı mənəm uş zəbanə gəldim.

Elnarə Abdullayeva Əməkdar artistdir. Fəxri adı halallıqla qazanan sənətçilərdəndir. Təbii ki, gələcək uğurlarını da izləyəcəyik. Vaxtilə ona "qəmli mahnılar, mərsiyə müğənnisi" kimi yanaşanlar da vardı. Deyirdilər ki, Elnarə bizdə can qoymur, ağladır bizi. Amma unudulur ki, Azərbaycan muğamı qəmlə üsyanın vəhdətindən yaranıb, qəmli oxumaq heç də ağlağanlıq - mərsiyəxanlıq eləmək deyil. Axı, övladı Qarabağda şəhid olan anaların fəryadını, ya ana itkisini bəyan edəndə necə qəmli oxumayasan? Amma Elnarənin repertuarı zəngindir və bu repertuarda əksər xalq mahnılarımız çoxluq təşkil edir. Deyim ki. bayağı mahnıları eşitməmişəm onun ifasında. Toylarda da belə mahnılar sifariş ediləndə qətiyyətlə boyun qaçırır, əvəzinə dədə-baba mahnıları oxuyur.
Möhtəşəm Heydər Əliyev sarayındakı konsert Əməkdar artistin bu il qazandığı ən böyük uğurdur. Və Elnarə Abdullayeva haqqında ilk yazının ("Xalq qəzeti", 29 mart 1997) müəllifi kimi, mən ona yeni sənət zəfərləri arzulayıram (deyim ki, illərdən bəridir Elnarə Abdullayevanın televiziya kanallarda çıxışlarını video-kasetlərə köçürmüşəm). Arzum budur ki, təkcə təsniflərlə, xalq mahnıları və bəstəkar mahnıları ilə kifayətlənməsin, bütöv muğamlar ifa etsin (bunların televiziyanın "qızıl fondu"na daxil olacağına şəkkim-şübhəm yoxdur).
Vəssalam.

TƏQVİM / ARXİV