adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

MƏZƏN OLSUN...

BABƏK YUSİFOĞLU
49231 | 2010-07-17 05:57
Dünənə qədər mənim dünyanın nüfuzlu informasiya agentliklərinə çox böyük hörmətim və inamım var idi. Deyirdim ki, əyənə durun, kişilər əziyyət çəkib dünya ictimaiyyətini doğru-dürüst, özü də operativ informasiyalarla ilə təmin edirlər. Xüsusən də "Röyters"di-nədi, ona. Sən demə, o lap fuflo bir şey imiş. Srağagün onun yaydığı xəbərdə oxuyuram ki, ABŞ prezidenti Barak Obama nüfuzunu itirir. Yəni "The Vashinqton Post" qəzeti götürüb insanlar arasında sorğu keçirib, respondentlərin cavabından belə aydın olub ki, əvvəlki illərlə müqayisə də Obama nüfuzunu "rezki" itirib. Yəni ABŞ əhalisinin 60 faizi daha ona etimad etmir. Bu "Röyters"də götürüb xəbəri buraxıb dövriyyəyə.
   
   Vallah, dəqiq bilirəm ki, indi səbrsiz oxucularımızın bağrı çatlayır ki, hə nə olsun? Buna görə də o yekəlikdə "Röyters"in hörmətini bir qara qəpiklik eləməzlər axı. Mən də bizim oxucularımızı və dünyanı çaşdırdıqları üçün özümü o "The Vashinqton Post" qəzetinin işçilərinə tutub soruşmaq istəyirəm ki, ayə qardaşlar, bir xəbər hazırlayanda baxmırsınız ki, nə yazırsınız? Bütün oxucular bir yana dursun, o boyda prezidenti dolamısınız barmağınıza? Ayıb döyül? Bə heç özünüzdən soruşmursunuz ki, adam onda olmayan şeyi, hər nəmənədisə heç vaxt itirə bilməz? Prezident olanda noolar, bu mümkün deyil axı...
   
   Tay keçib, gərək Molla Nəsrəddindən də bir sitat gətirim. Deyirlər, bir gün qonşular başı lovlu Mollanın yanına gəlib həyəcanla xəbər verirlər ki, ay Molla, bəs nə oturmusan, arvadın küçədə yıxılıb, ağlı başından çıxıb. Molla Nəsrəddin heç halını pozmadan onlara deyir ki, siz narahat olmayın, onda əvvəldən ağıl olmayıb, yəqin çıxan alayı şeymiş.
   
   Molla Nəsrəddin demiş, indi bu Obama olmayan nüfuzu necə itirə bilər axı? Əgər prezident kreslosuna oturandan bəri Corc Buşun miras qoyub getdiyi "dokumentlər"i o da elə eyni qayda da imzalayıb işçilərinə vermir? Belə adamda nüfuz haradan olsun ki? Bəyəm bütün dünya görmədi ki, Amerikanın adi bir immiqrasiya idarəsi Obamanın xalasını süpürləyib ölkədən gəldiyi yerə göndərməkdəydi? O yazıq da nüfuzu olmadığı üçün ağzını açıb bir kəlmə söz deyə bilmirdi. İndi bu "Röyters", ya o Amerikan qəzeti nədən yazır, mən bilmirəm.
   
   Yaxud Obama deməmişdimi, prezident seçiləndən sonra müsəlman dünyası ilə barış əldə edəcəyəm? Hamı da ona əl çalmışdı, elə bilmişdilər ki, bu sözləri nüfuzlu bir prezident deyir, yalan olmaz. Bə hanı? Əfqanıstanda müharibəni yenidən kim qızışdırmağa başlayıb? Oradakı əsgərlərin sayını Obama deyil, Mozambikin prezidenti artırır? Ay-hay. Toyda da, yasdaa da Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını desələr də Dağlıq Qarabağın separatçılarına hər il milyonlarla para göndərəndə bə bilmirdilər ki, itiriləcək daha heç nələri qalmayacaq? Və ya İraqda bu gün də camaata qan udduranlar Obamanın "saldatları" yox, Qvatemalanın əsgərləridi? Obama söyləməmişdi ki, İraqda vəziyyət sakitləşir, ona görə də biz qoşunlarımızı yavaş-yavaş oradan çıxarmağa çalışırıq? Çıxarıb eləmədilər. Obamanın nüfuzu olsaydı onu dünyanın gözündə xar eləməzdilər. Bir fikirləşərdilər ki, kişinin ağzından söz çıxıbsa, ona əməl eləyək, yoxsa ona hamı bir maygülü kimi baxacaq? Belə adamda nə nüfuz?.. Nə isə, sadalasam, çox şey ortalığa çıxacaq. Öz qanım da qaralacaq, bu yazını oxuyanların da.
   
   Mən şəxsən belə düşünürəm ki, Obama yəqin bir alayı şeyini itirib. Amma jurnalistlər qarışıq salıb elə bilirlər ki, Obamanın itirdiyi şey onun nüfuzudur. Elə ona görə də ha axtarırlar, tapa bilmirlər. "ÇeRU"nu-zadı da töküblər, yenə bir şey ortaya çıxmır. Heç çıxmayacaq da. Bayaq dediyim kimi, gərək bu zəhrimar ola ki, itə, sonra axtaranda da tapıla. Bəlkə elə Obama açarını itirib, amma özünün xəbəri yoxdu? Yanındakılar da olmayan şeyi axtarmaqla o boyda prezidentin başını qatırlar. Nə deyim vallah, bu jurnalistlər də bir bəladı. Olmayan şeyi varmış kimi sırıyırlar camaata. Bu məqamda bizim şedevr sənətkarımız Habil Əliyevlə bağlı bir hadisə yadıma düşdü. Günlərin birində müğənni Nazim Ağayev söhbət olsun deyə ayağının ağrıdığıdan Habil müəllimə şikayətlənir ki, sənətkar bu duz məni öldürür. Habil Əliyev də özünəməxsus yumorla Nazim Ağayevə cavab verir ki, ay Nazim, səndə bir qıram da duz yoxdu, yəqin səni ağrıdan ayrı şeydi.
   
   Məzən olsun, ay Obama, vallah, dəhşətsən ey...

TƏQVİM / ARXİV