adalet.az header logo
  • Bakı 11°C

SALAM, BAKI !

FƏRHAD ŞABANOV
27989 | 2010-07-10 00:32

   
   İndi ilin elə bir vaxtıdı ki, hamı öz tətili haqqında düşünür. Yox, hamı öz tətili haqda düşünmür, təhsilini başa vuranlar "əsgərlik" haqda düşünür. Yox, düşünmür dərd çəkir. Çünki əsgərlik oğlan gənclərin dərdinə çevrilib. Kasıblar çörək pulu haqda düşünür. Zənginlər yeni model maşınların Azərbaycana gəlib çatması haqda düşünür. 3 manatı olan Nabran haqda düşünür, 5 manatı olan Bodrum haqda, 15 manatı olan Havay adaları haqda. Düşünmək yaxşıdı, düşünürüksə deməli varıq, Dekart demişkən. Ancaq biz bu sözü səhv başa düşmüşük. Biz ancaq düşünməklə qalırıq. İnsan gərək düşüncələrini həyata keçirtsin.
   
   Frensis Fukuyama "Tarixin Sonu" (End of History) tezisini irəli sürəndə Hantinqton da ağıllı-ağıllı oturub ona "Mədəniyyətlər Toqquşması" (Clash of Civilizations) adlı tezisiylə cavab vermişdi. Fukuyama tarixin sona çatdığını demirdi əlbəttə, demək istədiyi dünyanın liberallaşdığı idi. Yəni ki, eyniləşirik. Hantinqton isə deyirdi ki, müxtəlif mədəniyyətlər arasındakı uçurumlar getdikcə dərinləşir. Bunun təsbiti üçün müxtəlif mədəniyyətlərə nəzər yetirməyə ehtiyac yoxdu. Eyni mədəniyyətin də içində uçurumların olduğu nəzərdən qaçmır.
   
   Mədəniyyətlər bitkilərdən, heyvanlardan aslı deyil. Mədəniyyəti insanlar formalaşdırır. Bizdə isə mədəniyyət deformasiya olunur. Bunun isə səbəbkarı yalnız və yalnız biz özümüzük. Cəmiyyətin hər bir nəfəri bunda günahkardır. Biz pis bir şey görəndə sadəcə düşünürük. Bunun üçün nəsə etmirik. Edənlər var əlbəttə. Belə halda isə "istisnalar qaydanı pozmur" yada düşür.
   
   Mən tədris ilini başa vurub Ankaradan Bakıya qayıtdım. Uzun müddət vətəndən kənar qaldığım üçün burada pis olan hər şeyi vətən həsrəti yadımdan çıxartmışdı. Vətənə qarşı olan bütün yaxşı hisslərin yox olması üçün burada bir həftə keçirtmək kifayət edir. Yazının bu yerində düşünənlər var ki, gedib-gəlib vətəni bəyənmirlər. Hətta bir dəfə televiziya proqramında Türkiyədə oxuyan tələbələrdan müsahibə aldılar, onlar danışandan sonra isə aparıcı həmin gəncləri vətəni bəyənməməklə günahlandırdı. Həmin aparıcının isə verlişə gələn"sms"-ləri oxumaqdan başqa heç nədən başı çıxmır. Bir insana hər gün şillə dəyəndə o əvvəlcə yanağını qaçırır, zərbədən sonra şillənin yeri ağrımağa başlayır. Bu proses davamlı baş verdiyi üçün qısa bir müddətdən sonra bu adi hal alır. Artıq şillənin ağrısı sıradan bir ağrı kimi gəlir. Həmin insan isə şilləsiz həyatı yadından çıxarır. O elə bilir ki, şillə də həyatın bir parçasıdı.
   
   Mən vətənimi sevirəm deyə başqa yerdə gördüyüm yaxşı şeyləri deməməliyəm ki, birdən vətən məndən inciyər?! Yoxsa həmin o aparıcı?! Əksinə biz əgər vətənimizi seviriksə onu daha yaxşı etməyə can atmalıyıq. Ona görə mən bu və bundan sonrakı bir neçə yazımda burda gördüyüm pis hər şey haqda yazacam. Mən bunu görürəmsə yazıb paylaşmalıyam.
   
   Bu mövzuda isə yazıya başlamaq çox çətindir. Adam bilmir hardan və necə başlasın.
   
   Əvvəlcə onu deyim ki -yazının ortasında əvvəlcə ilə cümləyə başlamaq qüsur deyil- nəqliyyat vasitələrinə minən kimi insan artıq Bakıda olduğunu hiss edir. Minməyə də ehtiyac yoxdu, əslində yolun kənarına gələndə duyulan siqnal səsləri bunu duymağa bəsdi. Azərbaycanda maşın sürənlərin böyük hissəsi əsəbi insanlardı. Hamı bir-birinə ağzından çıxanı deyir, hamı bir-birini çətin vəziyyətə salmaq üçün can atır. Çünki axşam çayxanada oturanda danışmağa mövzu olsun. "Bu gün üç nəfəri sıxdım, beşini avqon elədim, prospektdə ruçnoy dartdım."
   
   Gəlin indi avtobusa minməyə çalışaq. Avtobus dayanacağa yaxınlaşmamış insanlar özlərini avtobusun qabağına atır. Bəlkə də kimsə altında qalır, təkər kiminsə ayağının üstündən keçir, nə dəxli. Sürücü üçün 20 qəpik, sərnişin üçün oturacağa oturmaq istəyi. İndi eyni səhnənin Ankara versiyasına baxaq. Hər avtobusun ayrı dayanacağı olduğu üçün dayanacaqda avtobuslar-arası çaxnaşma düşmür. Hər avtobusun dayanacağında həmin nömrəli avtobusa minəcək sərnişinlərin sırası olur. Hər kəs gəlir, sonuncudan sonra dayanır. Avtobus gələndə isə avtobusun qabaq qapısına bir sıra insan yaxınlaşır. Basa-bas düşmür. Bir-bir avtobusa minilir. Gediş haqqı isə minəndə verilir. Ona görə sərnişinlər qabaqdan minir və arxadan enir. Avtobusa minən arxa tərəfə gedir, qabaqda yığışmır, onsuz da arxadan enəcək. Yoxsa bizdə, gediş haqqını sürücüyə çatdırmaq üçün on nəfərlə qohum olursan. Bundan əlavə, şəhərin mərkəzi küçələrindəki böyük avtobuslarla bağlı bir-iki məqam da diqqətimi cəlb etdi. Həmin avtobuslardan Ankarada da var. Yəni ki, keyfiyyət baxımından çox geridə deyilik. Ancaq insanlıq və mədəniyyət baxımından çox geridəyik. Həm sərnişin, həm sürücü mədəniyyəti, həm nəqliyyat departamenti. Həmin avtobuslardakı tutacaqlarda xüsusi düyməciklər var. Həmin avtobusların isə bəlli dayanacaqları var. Həmin dayanacaqlardan başqa yerdə saxlamaq qadağandır. Çünki avtobus yekədi, həm yolda tıxac kimi problem yaratmasın, həm də içindəki insanlar tez-tez dayanmaqla narahat olmasın. Dayanacağa yaxınlaşmağa az qalmış düymə basılır və sürücünün qabağında işıq yanır. Sürücü isə dayanacağa yaxınlaşıb avtobusu saxlayır və kim enəcəksə enir, minən minir. Bizdə isə arxadan biri qışqırır, sürücü eşitmir, sonra enmək istəyən avtobusun divarlarını vurmağa başlayır, ortadan bir-iki nəfər sürücüyə qışqırır ki, ay kişi saxla düşən var, karsan bəyaqdan eşitmirsən. Sürücü isə eşidən kimi əyləcə elə basır ki, düşən-düşməyən hamı tökülür qabağa. Yəni ki, bir nəfərin avtobusdan enməyi əməlli-başlı mərasim halını alır. Bir də, avtobusların vaxtı öldürmək üçün dayanacaqda dayanmağı var ki, bu da başqa bir film sujetidi. Əvvəlcə sərnişinlər öz aralarında deyinməyə başlayır. Hamı bir-birini "tırkalamağa" çalışır ki, söz sürücüyə çatsın. Axırda biri cəsarətlənir və deyir: "Sür gedey dəəə day, qırdın camaatı istidən."
   
   İnanın ki, 9 ay bunlardan uzaqda olmuş bir insana eyni gündə bu qədər hiss yaşatmaq qəddarlıqdı. İnsan sadəcə anlamağa çalışır və heç nə anlamır. Çünki biz də insanıq. Biz də düşünə bilirik. Bizim heç nəyimiz əksik deyil. Bunları görərək heç nə etməmək düz deyil. Bunlarla böyümüş, bundan başqa heç nə görməmiş insanlara deyil mənim iradım. Mən istəmirəm, biz şilləyə öyrəşən olaq. Sadəcə insan kimi yaşayaq, bir-birimizə insan kimi hörmət qoyaq. Bu çatışmamazlıqları görənlər cəmiyyətdən uzaqlaşmaqda tapmasınlar çıxış yolunu. Bunları düzəltmək üçün tədbir, reklam, buklet, konsert nə lazımdısa edək, təki düzəlsin. Vətəni sevmək bu ölkədə başqa cür anlaşılır. Anlamalı olduğumuz şey odur ki, sevilən vətən insanların orada yaşamaq üçün can atdıqları yerdir, rahat həyat üçün tərk etdikləri yox.

TƏQVİM / ARXİV