GüNüN ƏN BÖYüK GüNAHI...

ƏBÜLFƏT MƏDƏTOĞLU
29702 | 2010-07-10 00:32
Başımda dəhşətli ağrı var. Bu küt ağrıdan nə edəcəyimi bilmirəm. Dərman təklif edirlər, qəbul etmirəm. Elə bil ağrı ilə prinsip aparıram. Tərsliyim tutub. İstəyirəm ki, bir dəfə heç olmasa dava-dərmansız hansısa bir ağrını müalicə edim. Amma heç bir faydası yoxdu. Ağrı getdikcə şiddətlənir. Bunun yəqin bir səbəbi də ağrının bütün diqqətimi özünə çəkməsidi. Nə iş görürəm, əlimi hara uzadıramsa, meymunu yadından çıxarmayanlar kimi, mən də ağrını yadımdan çıxara bilmirəm...
   
   Gözlərimin qarşısındadı. Mənə elə gəlir ki, o da ağrıyır, o da əzab çəkir, o da özünə yer tapa bilmir. Təbii ki, bu mənim fantaziyamdı, düşüncələrimdi. Lap gerçəyini desəm, bu hardasa elə mənim istəyimdi. Çünki hardasa oxumuşam, ya da eşitmişəm ki, əkizlər ağrıları eyni cür yaşayırlar, eyni cür keçirirlər. Yəqin ki, bunun bir elmi əsası var. Nə bilim vallah, o sahə üzrə mütəxəssis deyiləm. Sadəcə eşitdiyim budur ki, əkizlər bütün həyatları boyu oxşar taleləri, oxşar problemləri, oxşar ağrıları yaşayırlar.
   
   Biz əkiz deyilik. Heç bəlkə də bir-birimizi də tanımırıq. Mən səni xəyalımda yaratmışam, kərpic-kərpic hörülən ev kimi, imarət kimi ucaltmağa, böyütməyə çalışmışam və düşünmüşəm ki, xəyalımda yaratdığım sən anbaan, günbəgün mənimlə birlikdə olub, birlikdə yaşayıb, birlikdə bu həyatın sevincinə, kədərinə sinə gərib, məşəqqətlərindən keçib, sonda da birlikdə varlıqdan yoxluğa çevriləcəyik. Daha doğrusu, ruh olub ruhlar dünyasında sərbəstliyimizi, rahatlığımızı bütün halları ilə heç kimdən, heç kəsdən çəkinmədən birgə yaşayacağıq...
   
   Mənim düşündüklərimin hamısı indiki halda həmin o baş ağrısını unutmaq, yaddan çıxarmaq üçündü. Amma bu uydurmaları (əslində istəklərim - Ə.M) reallığın bir tin o yandan görünən kölgəsi kimi bir şeydi. Mən o kölgəyə tərəf getdikcə, o kölgə də günəşin gücü ilə yavaş-yavaş məndən uzaqlaşır. Dünyanın işinə bax ki, kölgəyə də qovuşa bilmirəm. İndi mənim yaşıdlarım əməlli-başlı kölgə salırlar və yaxud da əməlli-başlı hardasa kölgələnirlər. Mən isə kölgə sala bilmədiyim kimi hardasa kölgələnməyi də qəbul etmirəm. Bəlkə bu dəlilikdi, onu siz özünüz təxmin edin?! Hər halda, bu indiki baş ağrı kimi gerçək olan həqiqətdi.
   
   Deyəsən mətləbi uzatdım. Ona görə də əlimdəki qələmi karandaş kimi ovcumun içində fırladıb gözümü ağ kağıza zilləyirəm. Yadıma böyük şairin göyərən karandaşı düşür. Yaxşı ki, o böyük şairin karandaşı göyərdi. Heç olmasa bir ağrımız, bir dərdimiz dərmanını tapdı. Böyük qlobal dərdlərin içərisində bu bir təsəllidir. Neyləyək, indi təsəlliyə də yaman çox ehtiyacımız var. Təbii ki, səmimi təsəlliyə, inandıran təsəlliyə, nəhayət inandığım təsəlliyə. Axı bu gün reallıqlar, həqiqətlər, gerçəkliklər yaman tez-tez donunu dəyişir, yaman sürüşkən olublar. Onu görə də dəlilik daha önəmlidir. Bəlkə də ən böyük dəlilik elə ağıllılıq deməkdir, bəlkə də tərsinə. Mənim indiki anda başımı ağrıdan da ağıllılıqla dəlilik arasında qalmağımdı.
   
   
   
   Ətrafda bir sükut - gecə təkliyi
   
   Yorğun gözlərimlə gəzirəm səni
   
   Yollarda gözləyən neçə təkliyi-
   
   Aldada-aldada üzürəm səni...
   
   
   
   Ağlımla ürəyim verib baş-başa
   
   Unudub dünyanı, baxmır da yaşa...
   
   Çox da ayaqlarım üz tutub qışa-
   
   Ruhuma şərbət tək süzürəm səni...
   
   
   
   Əbülfət olmağı istəyən kəsin
   
   Bir az ağrısını kəs!-deyən kəsin
   
   Məni yaşamağa səsləyən kəsin-
   
   Səsində, sözündə gəzirəm səni.
   
   
   
   ***
   
   
   
   Həyat son dərəcə cansıxıcı olur. Bilmirəm, bu təkcə mənim üçün belədir, yoxsa elə hamı mənim kimi düşünür. Bu cansıxıcılığın bir səbəbi indiki hava durumudu. Bunu hər kəs bilir. Digər səbəbi əlimizin cibimizdən uzaq düşməsidi. Toz qopan cibimizin xəcalətini əlimiz də, üzümüz də çəkir. Həm öz qarşımızda, həm də ailə-uşağın yanında. Amma...
   
   Mənim sıxıntılarımın başqa bir səbəbi də var. O da anlamaq dərdidi. Yəni anlaşmaq, aydınlaşdırmaq, aydınlığa çıxmaq problemidi. İnsan təkcə bir anla, bir günlə yaşayıb məhdud zaman kəsiyinə sahib olmur. Hər anın öz hökmü var, deyirlər. Dünənki hökm bu gün üçün bəzən ya artıq görünür, ya da kəsərsiz. Neyləyək ki, biz dünəni də yaşamışıq, onun da hökmünə boyun əymişik, bu günü də yaşayırıq. Heç kim deyə bilməz ki, mən bütün anlara qarşı getmişəm, bütün anları öz iradəmə tabe etmişəm. Bu mümkün olan deyil. Ona görə ki, bütün anların hər biri ayrı-ayrılıqda nədənsə, kimdənsə qaynaqlanır. Deməli, onların ən azı birinin içərisində sənin, mənim qarşı çıxa bilməyəcəyimiz sevgi və yaxud sevdiyimiz, ya da uca tutduğumuz, əlini öpdüyümüz kimsə, nəsə var. Bax, bu təsir vasitəsidir, həmin ana tabe olmaq təsiri.
   
   Yaşadığım ömrün aylarını, illərini sapa düzəndə mütləq həmin anın biri özünü göstərir və məlum olur ki, mənim də həyatımda həmin o an olub. Onlardan qaçmaq, qurtulmaq bəlkə də həmin o anda mümkündü. Amma indi olanlardan, olmuşlardan ancaq təəssüf və bəzən də qüssə dolu xatirələr danışmaq zorundayıq. Çünki onları kəsib atmaq mümkün deyil. Olanlar artıq olub.
   
   
   
   Mən hara çəkilib gedim bu yerdən
   
   Mən necə gözündən uzaqda durum
   
   Tullayıb hər şeyi, sındırıb birdən-
   
   Özümü nə ilə ürəkdən vurum?..
   
   
   
   Mən sənin özünü sevdiyim kimi
   
   Sevdim sənlə bağlı olan nə varsa...
   
   Toplaya bilmərəm sənsiz fikrimi-
   
   Gedərəm, xəyalım hara aparsa...
   
   
   
   Nə addım atmağa gücüm qalıbdı,
   
   Nə qərar verməyə inan ki, ağlım...
   
   Məni ümidsizlik əldən salıbdı
   
   Dillərə düşmədən sevgi nağılım...
   
   
   
   ***
   
   
   
   İnsanlar bir-birindən təkcə zahiri görkəmləri, maddi durumları ilə deyil, həm də dünya görüşləri, ağılları ilə fərqlənirlər. Mənə elə gəlir ki, bu sonuncu daha vacib, daha gərəkli olan göstəricidir. Çünki ağılla bağlı minilliklərin sınağından keçib gəlmiş çoxlu sayda hikmətli fikirlər, deyimlər, sözlər var. Onlar həmçinin tarixi gerçəkliklər, ağlın həmişə qalib gəldiyini sübut edib. Mən də ağıllı insanlarla təmasda olmaq, onlardan nə isə öyrənmək istəyində olanlardanam. Amma son vaxtlar düşünürəm ki, ürək ağıldan ayrı düşəndə qəbul edilmiş qərarlar ya son dərəcə sərt olur, ya da birtərəfli. Çünki bütün qərarlar insanlar üçündü, cəmiyyət üçündü. Qəbul edilmiş istənilən qərar, qanun ən yüksək elmi dairələrdə hazırlanmış olsa belə, onun damarında ürək çırpıntısı, duyğu, hiss olmayanda o, adi daş parçası təsiri bağışlayır. Soyuq xəncərə oxşayır və hər şeyi də o qərarın, o qanunun gücü ilə kəsib atır. Düşünmək, incə məqamları ortaya çıxarmaq istəyi çox az-az məqamlarda özünü büruzə verir.
   
   Mən günün reallığının dəlilik olduğuna indi bütünlüklə inanıram. Çünki insan özünü bilərəkdən məqsədli şəkildə dəliliyə vuranda, dəlioğlanlıq edəndə ona baş qoşanlar, onunla maraqlananlar kifayət qədər azalır. Hər kəs ondan bir ağac uzaqda dayanmağa çalışır. Hətta bəzən bu cür düşünülmüş dəlilik çox böyük ağıl sahibini də çıxılmaz duruma salır. Deməli, günün ən böyük aforizmi, ən böyük gerçəkliyi və ən nəhayət ən böyük günahı ağıllı olmaqdı. Yəqin atalar da buna görə deyiblər ki, "ağıllı olub dərd çəkincə, dəli ol, qoy dərdini çəksinlər".
   
   Mən indi özümü dərdi çəkilənlər sırasında görürəm. Ağıllı olmağa da heç bir iddiam yoxdu. Çünki ağlım ürəyimə əsir düşüb. Deməyin ki, bu fikirlər ağıllılıq əlamətidir. Yox, sadəcə şair sözüdü. Bildiyiniz kimi çox böyük şairlərdən biri deyib ki, "inanma şair sözünə..."
   
   Hə, mən günün gerçək üzünü yazıya köçürməyə çalışdım. Nə qədər alındı deyə bilmərəm, amma doğrudan-doğruya keçmişi kəsib atmaq, gələcəyə yamaq olmaq mümkün deyil. Tarix tarixdi!!! İstər ağıllı ol, istər dəli... Ona görə də mən sizləri, mən səni necə duyuramsa, çalış sizlər də məni, sən də məni elə o cür duy və anla. Axı bizim problemimiz yalnız anlaşmaqdı...
   
   
   
   Sən mənimçün çırpınan
   
   Ürəyə daş bağlama
   
   Məni özün sanmırsan,
   
   Sil gözünü, ağlama!
   
   
   
   Adım dərddi başına
   
   Burax dərdi başına...
   
   Mənə dəyən daşına-
   
   Sil gözünü, ağlama!..
   
   
   
   Dolaşır xəyallarım
   
   Səni üzür hallarım
   
   İstəyirsən yalvarım-
   
   Sil gözünü, ağlama!..
   
   
   
   Özünüz daha yaxşısını bilirsiz. Amma dəli olmağa da çalışmayın. Çünki...

TƏQVİM / ARXİV