Jurnalistikanın keçdiyi yola nazirin gözü ilə baxız

ETİBAR CƏBRAYILOĞLU
35847 | 2010-07-10 00:32
Milli Mətbuatın 135 iliyi ilə əlaqədar ölkəboyu keçirilən tədbirlər davam edir. Dünən bununla bağlı daha bir mərasim keçirildi. Milli Kitabxanada təşkil olunan tədbirə Mədəniyyət və Turizm Nazirliyi ev sahibliyi edirdi.
   
   Nazir əvvəl sözlə...
   
   Ev sahibi kimi çıxışa başlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qarşıdan gələn Milli Mətbuat Günü ilə bağlı media təmsilçilərini təbrik etdi. Jurnalistləri dost adlandıran nazir fikrini belə əsaslandırdı: "Mən dost kəlməsini təsadüfən səsləndirmədim. Mətbuat hər bir ictimai və dövlət qurumunun dostu olmalıdı. Dostun tərifləməyə haqqı çatdığı kimi tənqidi fikir deməyə də haqqı var. Qarşı tərəf də gərək dostun tənqidinə normal yanaşsın".
   
   Nazir 135 il əvvəl Həsən bəy Zərdabi tərəfindən əsası qoyulan mətbuatımızın milli oyanışda və inkişafdakı xidmətlərini yüksək dəyərləndirdi: "Hələ o zaman "Əkinçi" qəzetinin nəşri ilə başlayan mətbuatımız insanların maariflənməsinə, onlarda ictimai fikrin formalaşmasında əvəzsiz rol oynadı. Mən mühacir ədəbiyyatından elmi iş yazarkən gizli arxivlərdə saxlanılan o dövrün mətbuatını araşdıran zaman mətbuatın millət üçün necə böyük işlər gördüyünə əmin oldum".
   
   Azərbaycan müstəqillik qazandıqdan sonra mətbuatın inkişafına dövlər tərəfindən xüsusi diqqət ayrıldığını deyən nazir nəzərə çarpan uğurları qeyd etdi: "Son illər jurnalistlər öz yazılarında daha konkret, daha incə və maraqlı nüanslara toxunurlar. Hiss olunur ki, peşəkarlıq səviyyəsinə önəm verirlir. Çox istərdim ki, tənqidi yazılar dərc edilərkən də peşəkarlığa və təhlilə daha çox yer verilsin. Sevindirici haldır ki, poliqrafiya və nəşriyyat işinin inkişafı da nəzər çarpır. Biz bu sahənin daha da təkmilləşdirilməsi üçün tədbirlər görəcəyik". Mədəniyyət və turizm naziri rəbərlik etdiyi qurumun mətbuat nümayəndələri üçün həmişə açıq və əlçatan olduğunu bir daha vurğuladı: "Mən Mədəniyyət və Turizm Nazirliyinin fəalliyyəti ilə bağlı mətbuatda dərc olunan yazıları hər gün izləyir, lazım gələndə hansısa məqalənin üzərinə dərkənar qoyub məsələni nəzarətə götürürəm. Nazirliyin mətbu orqanları da işini gücləndirib. Biz bu sahəyə də diqqət və qayğımızı artırmışıq. "Mədəniyyət" qəzetinin "Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi" müsabiqəsinə bu gün yekun vurduq. Sevinirəm ki, mətbuat bu müsabiqəyə böyük maraq göstərdi".
   
   Sonra müsabiqədə qalib gələn jurnalistlərin adlarını elan etdi. Nüfuzlu mədəniyyət və ədəbiyyat xadimlərindən ibarət münsiflər heyətinin qərarı ilə "Ən yaxşı qəzet və jurnal yazısı" nominasiyasında "Azərbaycan" qəzetinin əməkdaşı Flora Xəlilzadə birinci, AzərTAc-ın əməkdaşı Abdulla Suvar ikinci yerə layiq görülüblər.
   
   "Ən yaxşı teleradio verilişi" nominasiyasında Az.TV-nin əməkdaşı Vüsalə Quliyeva birinci olub. ANS-n "Salam Azərbaycan" verilişi ikinci, Speys-in "Mədəniyyət saatı" proqramı üçüncü yerə layiq görülüb. Qaliblərə pul mükafatı və diplomlar təqdim olunub. "Mədəniyyət" qəzetinin təşkil etdiyi müsabiqədə fərqlənən daha bir neçə jurnalistə həvəsləndirici mükafat verilib.
   
   Sonra pulla
   
   təbrik etdi
   
   Nazir Mədəniyyət və Turizm Nazirliyi ilə sıx əməkdaşlıq edən bir qrup jurnalistə fəxri fərman və pul mükafatı verdi. "Pəncərə" jurnalının baş redaktoru Günel Rzayeva, APA-nın əməkdaşı Ülkər Qasımova, Lent. az xəbər portalının müxbiri Xəyalə Muradlı, "Kaspi" qəzetinin əməkdaşı Təranə Məhərrəmova, Trend-in müxbiri Eldar Hüseynzadə və başqaları bayram ərəfəsi Əbülfəs Qarayevdən mükafat aldılar.
   
   Növbəti çıxışçı kimi tribunaya dəvət olunan millət vəkili, "Ədalət" qəzetinin məsləhətçisi Aqil Abbas mətbuatımızın 135 illik yubileyini əlamətdar hadisə adlandırdı: "Əvvəllər adətən yuvarlaq rəqəmlərlə olan yubileylər qeyd edilirdi. Ümummilli lider Heydər Əliyev sovet dövründə ilk dəfə bu qaydanı dəyişərək Nizami Gəncəvinin 840 illiyini təntənə ilə qeyd etdi, bütün dünyanın diqqətini Azərbaycana yönəltdi. Milli Mətbuatın 125 illiyi də Heydər Əliyevin zamanında qeyd olundu. İndi bu məsələ ölkə prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Prezidentin sərəncamı ilə yubiley tədbirləri keçirilir. Mətbuata hər 5 ildən bir yubiley keçirilməsi dövlətin bu sahəyə diqqətinin artdığını bir daha göstərir". Aqil Abbas Mədəniyyət və Turizm Nazirliyinin istər ədəbiyata, istərsə də incəsənətin digər sahələrinə artan diqqətini yüksək qiymətləndirdi.
   
   Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının sədri Umud Rəhimoğlu mətbuat nümayəndələrini bayram münasibəti ilə təbrik etdilər.

TƏQVİM / ARXİV