adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

NiYƏ BELƏYiK!?

SEYFƏDDİN ALTAYLI
48333 | 2010-07-03 00:43
28 may-24 iyun arasındaki günlərimi qardaş vətənimiz Azərbaycanda yola saldım. Ankaraya gəzməyə gələn əziz dostum Rəşid Hüseynovun maşını ilə Bakıya kimi yadda qalan bir səfərimiz oldu. Qaradəniz sahillərini təqib edərək Batum-Tiflis-Balakən yoluyla Qafqazın və Azərbaycanın füsunkar gözəlliklərinə tamaşa edə edə Bakıya çatdıq.
   
   15 iyun günü isə illərdir həsrətini çəkdiyim, təbiətin gözəllik ilahəsi Qarabağ intizarım da başa çatdı. İstəkli dostum Aqil Abbasla birgə ora da gedib, bu gözəl diyarın havasını uddum, özümü 1988-ci ildə olduğu kimi Şuşada, Ağdamda, Xankəndində, Əsgəranda hiss etdim. Qarabağ səfərimi ayrıca yazacağam.
   
   Bakı, eynilə İstanbul, Bursa, Amasiya, Ədirnə kimi ruhu olan bir şəhərdir və tarixlə qoyun qoyunadır. Ancaq son vaxtlarda tikilən həddən artıq hündür binalar, şəhərin əvvəlki görünüşünü dəyişdirib və ona ayrı bir sima qazandırıb.
   
   Şəhərdə bəzən tez-tez üstündə "oddan təhlükəlidir" sözləri yazılmış yanacaq daşıyan maşınlara rastlayırdım. Bir körpünün yanağına yazılmış "vergilərə aid suallarla g. nömrəli telefonlara zəng edə bilərsiniz" cümləsini də dəfələrlə ordan hər keçdikdə oxudum. Bu cür ifadələr Türkcənin məntiqi ilə qəti şəkildə uyğunlaşmır və bunlar tamamilə ruscadan hərfi hərfinə tərcümədir.
   
   Üstündə "oddan təhlükəlidir" sözü yazılmış maşın qabağımızdan keçəndə AMEA-nda işləyən dostum Tanrıverdi Paşaya, bu nə cür məntiqdir başa düşmürəm, yəni çənin içindəki maddə oddan da təhlükəlidir, dilimizdə belə ifadələr vardır ki? - deyə ürək ağrısıyla müraciət etdikdə Tanrıverdi bəy bu cümlə ilə nəyi başa salmaq istəyirlər mənə anlatmaqda bir xeyli çətinlik çəkdi. Bu cümlənin hansı xəbərdarlığı etdiyini ikimiz də yaxşı bilirdik, ancaq əziz dostum bu cümlənin məntiqini mənə başa salmaqda bir xeyli əlləşməli oldu, çünkü bizim dil məntiqimizə yad idi, yəni itxaldı, özümüzünkü deyildi. Türkiyədə yanacaq daşıyan maşınların üstünə xəbərdarlıq mahiyyətində "təhlükəli maddə" sözləri yazılır. Azərbaycanda yanacaq daşıyan maşınların üstündəki yazı da həmin xəbərdarlığı edir, ancaq bir fərqlə, ruscanın məntiqi ilə. Digər cümlə isə "vergilərə aid suallarla" başlayır. Yəni, "vergi ilə bağlı suallarınızın cavabını g nömrəli telefonlardan öyrənə bilərsiniz" mənasındadır. Bir sözlə iki cümlənin də məntiqi gözəl dilimizlə uyğun gəlmir.
   
   Bir vaxtlar Türkiyədə də bizdən olmayan birinin Türkiyə Cümhuriyyətinin banisi, Türk tarixinin əvəzsiz komandiri, Türk dünyasına həddən artıq gözəl duyğular bəsləyən dövlət və siyasət adamı Atatürkün qurduğu Türk Dil Qurumunun başına gətirilməsiylə, Türkiyədə "uyduruqca" deyilən uydurmaçılıq cərəyanı başladılmışdı. Mərhum Atatürk bir vaxtlar Öz Türkcəçilik axımını başlatmış, ancaq sonra bundan imtina etmişdi. Çünkü xarici köklü olsalar da artıq özümüzünküləşmiş qələm, məktəb, kitab və s. kimi sözləri ataraq yerlərinə heç kəsin eşitmədiyi sözləri işlətməyin düzgün olmadığını başa düşmüşdü. Uydurmaçılıq ilə Atatürkün başlatdığı Öz Türkcəçilik cərəyanı bir-birindən tamamilə fərqli idi. Atatürk, yad köklü sözlərin yerinə Türk dünyasının müxtəlif ləhcə və şivələrində işlədilən sözləri işlətmişdi. O vaxtlar Türk dünyasında canlı mədəni vəhdət müxtəlif səbəblərlə təmin edilə bilmədiyindən, ortaq ünsiyyət dili hələlik yaradıla bilmədiyindən, bu peyvəndin tutmayacağını, münasibətilə də vaxtın indilik tez olduğunu başa düşən Atatürk, başlatdığı bu işi ötürməli olmuşdu. Uydurmaçılığa üz tutanlar isə guya dilimizdəki xarici sözlərin yerinə Türkcə sözlər tapmış ya da tapmağa cəhd etmiş, bununla da səhv üstünə səhvə yol vermişdilər. Məsələn milli himn=ulusal düttürü, yeməkxana=otlangaç, ata=doğurqaç, ana=doğuraç olmuşdu və daha nələr, nələr... Çox şükür ki, bu yoldan tez qayıdıldı, çünkü xalq öz daxili hissləri ilə bu cür ifadələrə heç fikir də vermədi. Xalq, uydurmaçıları məğlub elədi. Xalqın məntiqi eynilə dənizinki kimidir, özünə uymayanları qəbul etməz və onu dalğalarıyla vura-vura sahilə atar, özündən uzaqlaşdırar.
   
   Dil sosioloji bir varlıqdır və daimi inkişaf halındadır. Dilə müdaxilə edilərsə o itirilməsə də böyük zərbə altında qalar. Daha açıq bir ifadəylə desək dil, bir kəpənəğin qanadları kimi həssasdır. Bir kəpənəği sevib sığarlamaq üçün onu tutub ovcunuza almaq istədiyinizdə qanadlarının sınıb tökülməsinə və münasibətilə də ölümünə bais olduğunuz kimi, dilə də süni müdaxilələr etməyə, onu istədiyiniz kimi istiqamətləndirməyə üz tutsanız, öldürə bilməsəniz də sağalmaz zərbə vura bilərsiniz.
   
   Türkiyə Türkcəsi ilə Azərbaycan Türkcəsi, Türkcənin Oğuz qrupunun qərb qoluna məxsusdur və bir-birinə çox yaxındır. Bugün Türkiyə Türkcəsində, Azərbaycan Türkcəsindən keçmiş bir yığın söz və ifadələr işlədilir. Etiraf etməliyəm ki, Türkiyə Türkcəsindən, Azərbaycan Türkcəsinə daha çox söz və ifadə daxil olub. Bunda TRT-nin və Türkiyədəki özəl televiziya kanallarında yayımlanan seriallarla birlikdə Azərbaycanla canlı əlaqəsi olan ziyalıların rolu nəzərdən yayındırıla bilməz. Ancaq mənə görə bunun ən böyük səbəbi isə Azərbaycan Türklüyünün, Anadolu Türklüyünə duyduğu məhəbbətdir. Bugün Türkiyədə işlədilən sözlər və ifadələr Azərbaycanda günlük həyatın hər bir hissəsində işlədilməkdədir. Lakin bu söz və ifadələri qəbul edərkən qaş alım deyərkən göz çıxarılmamalıdır. Azərbaycanlı və Türkiyəli ziyalılar tez-tez bir araya gəlməli və özümüzə məxsus olan söz və ifadələrin yayğınlaşdırılması, ortaq terminolojinin yaradılması üçün lazımi strategiyanı müəyyənləşdirməli, bu yöndə də hər cürə işi görməli, ona nəzarət etməlidir. Hər iki coğrafiyada söz və ifadə al-veri qarşılıqlı olarsa, hər iki tərəfdəki dilimiz böyük bir zənginliyə qovuşar. Bir vaxtlar Sovetlər Birliyinin hökmran olduğu dövrlərdə müqəddəs dilimizin üstünü qarabasan kimi tutmuş Ruscanın təzyiqi artıq şükür Allaha çox geriləyib. Ancaq yağışdan qaçarkən doluya da tutulmamalıyıq. Artıq dünyanın ünsiyyət dili halına gələn İngiliscənin dilimizdə hökmran olmasına da əsla və əsla icazə verməməliyik. Xarici dili öyrənərək insanın intelekt səviyyəsini yüksəltməsi ayrı şey, o xarici dili öz dilinə hökmran qılmaq isə ayrı şeydir. Türkiyədə bu səhvə yol verilir. Bunu edənlər də televiziya ekranlarında çıxış edən, ancaq dil mədəniyyətindən xəbərsiz, özünə yadlaşmış, lakin gözəl görünən və fiqurası alımlı olan aparıcılardır. Buna da bir misal vermək istəyirəm. Televiziya ekranlarında aparılan musiqi yarışmalarında səhnəyə dəvət edilən yarışmaçı üçün deyilir: ... İndi sizlərə canlı bir performans təqdim edəcək. Performans, Fransızca köklü bir sözdür və uğur, bir idmançının əldə edə biləcəyi ən yaxşı nailiyyət mənasındadır. Belə ifadə olar?! Bu cür cümlə və ifadələr Ziya Göyalpın dediyi kimi, ağzımızda anamızın südü kimi olan dilimizə həqarətdir. Həm Türkiyədəki, həm də Azərbaycandakı əlaqəli şəxslər, nazirliklər, qurumlar və ziyalılar bu gedişata dayan deməli, dur deməlidir.
   
   Dilimiz bizim milli kimliyimizdir, onu cırlaşdırar və ya itirərsək çox şeyimizi itirərik.

TƏQVİM / ARXİV