üMiD SORAğINDA

ƏBÜLFƏT MƏDƏTOĞLU
34670 | 2010-07-03 00:16
Bu həftə çox gərgin keçdi. Hava durumu adamı elə sıxırdı ki, nəfəs almağa da özümdə güc tapa bilmirdim. İnanın ki, cəhənnəm tonqalı deyilən hər nədisə onun istisi qarsıyırdı məni. Və belə istinin, odun-alovun içərisində mənə təsəlli verən bəzi dostların vədləri idi. Onlardan biri hətta Göyçaydan sərin, təbii şərab göndərəcəyini də vəd etmişdi. Bütün vədlər kimi bu da həftə ərzində elə vəd olaraq qaldı və mən vədlərə çoxdan inamımı itirdiyimdən düşündüm ki, dostun bu jesti yəqin ki, mənə ümid bağışlamağa xidmət edib. Necə deyərlər, varını verən utanmaz. Bu kişi də mənə ümid verdi və mən də ümidlə həftənin sonuna gəlib çatdım. Elə həmin ümidlə də bu isti günlərin anlarını, məqamlarını bir təhər çözməyə və nəticə çıxarmağa çalışdım.
   
   ... Onda həyat öz axarı ilə gedirdi, elə indiki kimi. Elə öz axarı ilə gedən bu həyatı hərə öz istəyinə uyğunlaşdırmağa çalışırdı. Və mən də həmin o çalışanlardan biri kimi həyatdan yararlanmağa, onun şirinliklərinə aludə olmağa həvəsli idim. Elə bilirdim ki, bütün istəklərim, bütün arzularım mənə həyat tövhəsi olacaq. Mən də o qədər böyük çətinliklər çəkmədən payıma düşən həyatın mənə verəcəyi şirinlikləri rahatca ömrümə hopduracam. Lakin sən demə çox böyük yanlışlığa yol verirmişəm...sən demə həyat heç nəyi əvəzsiz, elə-belə vermirmiş...nəyisə qoparırmış, alırmış, sonra da ona uyğun gah az, gah çox bir şəkildə nəyisə əta edirmiş. Biz insanlar da bununla barışıb ömrün şirinlikləri barədə xülyalarımızı qala divarı kimi üst-üstə hörürmüşük. Nə isə...
   
   Hə, onda mən həqiqətən dünyanı cənnət bilirdim. Çünki içimdə böyük bir ümid var idi. O ümidlə səfərə çıxmışdım, çox uzaq bir səfərə. Könüllü olaraq yenicə yaranmış Azərbaycan ordusunda cəbhə müxbiri kimi, hərbiçi jurnalist kimi həqiqi hərbi xidmətə başlamışdım. Elə düşünürdüm ki, mənim ön səngərdə təmasda olduğum qəhrəmanlar barəsində yazdığım yazılar, onların yanında olmağım müharibənin taleyini dəyişəcək, hadisələrin axarını, səmtini nizamlayacaq... Bax, bu istək, bu ümid məni heç nədən çəkindirmir, top, mərmi səsindən belə gözlərimi qırpmırdım. Görünür inam böyük olanda insan qorxuya da güc gələ bilirmiş, onun da dizini qatlayırmış. Necə ki, mən müharibədə, ön cəbhədə hər gün ölümlə qarşılaşdım, hər gün onun dizlərini qatladım və hər gün də qələbənin bir addımlıqda olduğuna inandım...
   
   Günlərin birində ordu rəhbərliyində edilən dəyişiklik nəticəsində, yəni cəbhəçi bəylərin istəyi ilə mənim xidmətim yekunlaşdı. Məsləhət bilindi ki, ehtiyata gedim. Çünki prinsiplərimiz düz gəlmirdi. Hələ də başa düşə bilmirəm ki, vətən sevgisində prinsiplər necə fərqli ola bilir. Və onu da başa düşə bilmirəm ki, məni ehtiyata göndərənlərin heç biri nə evini, nə kəndini itirməmişdi. Belə olan halda onların sevgisi mənim vətən sevgimdən necə çox, artıq ola bilərdi. Bax, onda içimdə bir ümid teli də qırıldı. Gördüm ki, təkcə istəklə, sevgiylə həyatda məqsədə çatmaq mümkün deyil. Kimlərsə yolunu kəsməsin deyə, kimlərinsə yanında olmalısan. Mən isə fərqli düşünənlərin, niyyətləri qaranlıq olanların yanında olmaqdan hər gün qaçmışam. Dünyanı özüm kimi görənləri, özüm kimi tanıyanları qəbul etmişəm. Qazancım itirdiklərimdən yüz dəfələrlə çox olsa da, mən həyatı belə qəbul etmişəm. Bilmirəm, bu həyat məni qəbul edib yoxsa yox, amma həyatı duyğularımla, ürəyimlə, nəfəsimlə cilalayıb, qidalandırıb barını-bəhərini dadmağa çalışmışam. Elə şeirlərim də həmin o ümidin işığında gördüyüm həyatın boyuna biçmişəm.
   
   
   
   Qat başımı, dərdim, gəl
   
   Təzə dərdi dərdim, gəl...
   
    Köhnələri də çırpıb -
   
   Gözlərimdə sərdim, gəl!..
   
   
   
   Təkliyimdən üşəndim
   
   Dil dönmədi çağıram...
   
   Bulud kimi boşaldm
   
   Leysan kimi yağıram...
   
   
   
   Daş at, sınsın pəncərəm
   
   Qapım cəftədən qopsun
   
   Mənim sevgi məcaram-
   
   Gəl, yaddaşına hopsun!..
   
   
   
   Gəl, çıxsın ortalığa
   
   Dərdim təzə biçimdə
   
   Həm gəzdirim gözümdə-
   
   Həm yaşadım içimdə!..
   
   
   
   ***
   
   Müharibə davam edir... Kağız üzərində atəşkəsdi... Hər gün olmasa da, hər ay şəhid veririk. Özü də bu şəhidlərin qanı bizim üçün hələ ki, əvəzlənməyib. Biz o qanların qarşılığını düşməndən ala bilməmişik. Kimlərsə deyə bilər ki, düşmən də əsgər itirir. Amma etiraf edək ki, düşmən bizim torpaqda, bizim evin içərisində oturub və biz də hələ ki, Lazımı gözləyirik...
   
   Mən bu sözləri yazarkən həmin o ehtiyata göndərilməyimlə bağlı əmr imzalayan bəyi də gözümün qarşısına gətirirəm. Xatırlayıram ki, hələ o nazir olmamışdan öncə adi bir cəbhəçi kimi bizim kəndə də gəlmişdi. Və kənd qəbristanlığında şəhidlərimiz dəfn edilərkən buraya gəlib çıxan o bəy erməni gülləsindən qorunmaq üçün çox qəribə hərəkətlər etdi. Mən onları yazmaq istəmirəm. Çünki indi o adamlar kürsü sahibi deyil və mənim yazdıqlarım onlara atılan daş kimi qəbul edilə bilər. Amma bunu istəmirəm, and olsun Allaha ki, istəmirəm. İstədiyim bircə şeydi. O da həqiqətin ortada olması. O həqiqətin ki, biz onun uğrunda vuruşurduq. Mübarizəmiz isə səmtini dəyişdi.
   
   Hərbi jurnalist kimi səngərləri gəzərkən çoxlu sayda əsgər və zabitlə qarşılaşdım. Bəziləri ilə tanış oldum, bəziləri ilə dost. Lakin tale bu tanışlığın, bu dostluğun bir çoxunu gülləyə tuş gətirdi. Mən onları elə səngərdə də itirdim. İndi xatirələrini yaşadıram və hər dəfə də döyüş bölgəsinə yolum düşəndə elə bilirəm ki, həmin insanlar səngərdə oturub məni gözləyirlər. Gözləyirlər ki, onların yanına gedim, onlarla bir səngərdə dayanım. Ancaq neyləyim ki, indi mən mülki vətəndaşam. Hərbiçilərin yanına getmək üçün xüsusi icazəm olmalıdı.
   
   ... Cəbhə müxbiri işləyirdim. Döyüşlərin ən ağır vaxtları idi. İş elə gətirdi ki, bir müddət ailə ilə əlaqəm itdi. Redaksiya ilə də təmas qura bilmədim. Və bir xeyli müddətdən sonra barəmdə mətbuatda dərc edilmiş başsağlığı ilə qarşılaşdım. Mənim ölümüm ilə bağlı verilmiş başsağlığı ailəmə, doğmalarıma bir sarsıntı, bir üzüntü yaşatdı. Lakin biz ona da dözdük. Bir də ki, evini, torpağını itirmiş bir adamın ölümü ilə bağlı dərc edilmiş balaca bir başsağlığı dözüm mənasında müqayisə edilməyəcək dərəcədə heç nədi. İtirdiklərimizin, əlimizdən alınanların yanında bu nədi ki?
   
   İndi oturub günahlarımı çözməyə çalışıram. Lakin günahlara gedən ip ucu tapmaq heç də asan olmur. Ona görə ki, onda mənimlə bahəm zəmanə də günahkar idi. Mən o günahkar zamanın diqtəsini yaşayır və yazırdım:
   
   
   
   Ortalığa kağız, qələm tökmüşəm
   
   Günlərimi qaralayıb atıram...
   
   Dərdin üstə lap fil kimi
   
   çökmüşəm-
   
   Bir zərbəyə aparalayıb atıram.
   
   
   
   Qalaqlanan qar dizimi göynədir
   
   Belə yağsa çıxacaq lap qurşağa
   
   Bu təbiət bizə nəyi öyrədir-
   
   Nə danışaq indii oğul-uşağa?!
   
   
   
   İsti soba- ən zəruri ehtiyac
   
   Evdən çıxmaq həvəsi yox heç kimin
   
   Bu şaxtaya pəncərəmi durub aç
   
   Uzaqlara uçub getsin fikirim!
   
   
   
   Kağız-qələm dunyasını tərk elə-
   
   Qar altadık izlərimi gəz, ara
   
   Öz-özünü verəcəksən sən ələ-
   
   Görəcəksən yar da gəlib düz ora!..
   
   
   
   ***
   
   Ömrü boyu zəhmət çəkib, əlinin qabarı, alının təri ilə yaşayan bir ailədə doğuldum. Və ömrüm boyu da bu ailənin şərəfini hər şeydən üstün bildim. Evin şor-çörəyini qonşunun hansısa bir şirin tikəsi ilə dəyişmədim. Çünki mən tale ilə, bəxtlə razılaşmağı, barışmağı bacarıram. Bir də asilikdən uzaq olmağı o qədər də pis bilmirəm. Bütün bunların içərisində özüm də çalışmışam ki, alın təri, əl qabarı evimin sütününa, süfrəmin düzüna, çörəyinə çevrilsin. Buna nə qədər nail olmuşam deyə bilmərəm, lakin bildiyim çox adi bir gersəklik var. O da həyatda çabalamağı, çarpışmağı, vuruşmağı bacarmaq, talelə dil tapıb yola getməkdi.
   
   Bu sətirləri yazdığım məqama qədər ağlımın ucunadn da gəlib keçməyib kiminsə malına-mülkünə göz qoymaq, kiminsə haqqına şərik olmaq. Mən bu istəklə 50 yaşı keçib gedirəm və yol boyu da istəyimə qane ola-ola ağlımdan onu da keçirirəm ki, nə yaxşı kiməsə yamanlıq etməmişəm... kiminsə haqqını tapdamamışam... kiminsə haqqına göz qoymamışam.
   
   Oxucumuz da bildiyi kimi, bu ay mətbuatın peşə bayaramı keçiriləcək. Ona hər kəs bir cürə hazırlaşır, hər kəsin də öz umcağı var. Mənim peşə bayramımda xatırladığım bir detal da beş il bundan öncə ilə bağlıdı. Həmin vaxt, yəni mətbuatımızın 130 illiyində barəmdə bir təqdimat verilmişdi. Həmin təqdimat redaksiyada bir az istəməyənlər tərəfindən gərginlik yaratdı. Sonda razılaşdıq ki, hər şey öz axarı ilə getsin. İndi də həyatı öz axarına buraxmaq, nəticəni Tanrı yazısından gözləmək niyyətindəyəm. Çünki mən haqqın verdiyinə qane olmağı bacarıram...
   
   Görün nə vaxtdı yol gəlirəm... görün nə vaxtdı qələmimlə yolum bir-birini təsdiqləyir. Bu təsdiqin içərisində mənə düşən nələr ki, var onu elə qismət kimi də dəyərləndirirəm. Qoy hər kəs layiq olduğuna, qismətinə yazılana qovuşsun.
   
   Bir də ki, bütün sular sonda bir məcraya gəldiyi kimi, bütün yollar da nə vaxtsa üst-üstə düşüb, ya da kəsişib. Kəsişən yollarda imkanınız olsa bu misraları da oxuyarsınız:
   
   
   
   Yolları keçirəm yorğun, kədərli
   
   Sanki ləpirlərim yoldan utanır
   
   Mənim ki, deyəsən bura qədəri-
   
   Bənövşə deyəsən koldan utanır.
   
   
   
   Gizlədir üzünü kimlərdənsə kim,
   
   Özünü unudub, itirən olur...
   
   Kol dibi bənövşə, ətirli tilsim-
   
   Dərib görüşlərə gətirən olur...
   
   
   
   Yollarda o qədər tanış xatirə
   
   Baxıb qəmli-qəmli süzüb keçirəm
   
   Bu qayıq ömrümü çəkib sahilə-
   
   Yaşanan zamanı üzüb keçirəm.
   
   
   
   Əlimdə bənövşə, barmaqlarım qan
   
   O kol da, bu yola da çək-çevir yerim...
   
   Alıb bənövşəni, bir kəlmə de- can!-
   
   Sevinə-sevinə yolumu gedim...
   
   
   
   Hə, biz sizinlə birlikdə dəyərli oxucular, yayın isti bir həftəsinin də sonuna gəlib çıxdıq. Özümüz də müxtəlif yerlərdən, müxtəlif ünvanlardan mənzil seçmişdik. Fərq etməz, əvvəldə dediyim kimi, yollar kəsişir. Təki qarşımıza xeyirxah insanlar və savab əməllər çıxarsın.

TƏQVİM / ARXİV