AğSAQQALSIZ EV...

FAİQ QİSMƏTOĞLU
32075 | 2010-06-26 07:00

   
   Allah heç bir eli və evi ağsaqqalsız, ağbirçəksiz, böyüksüz eləməsin. Çünki böyük olmayan yerdə çox məsələlər məhvərindən çıxır, işlər dolaşığa düşür. Hətta münasibətlər o qədər qəlizləşir ki, ailədə ağız deyəni qulaq eşitmir, böyüyün sözünə baxan olmur. Bax, bundan da ağır dərd ola bilməz. Amma o yerdə ki, ağsaqqal var, ağbirçək var, həmin eldə və obada həmişə əmin-amanlıq, rahatlıq və sakitlik höküm sürür. Vay ondan ki, hər hansı evdə və yurdda ağsaqqaldan və ağbirçəkdən biri olmaya. Biri olmayanda yenə dərd yarıdı, başqa birisi dolaşıq məsələləri yoluna qoyur. Ancaq evdə ağsaqqal və ağbirçək olmayanda onda bütün məsələlər və işlər alt-üst olur.
   
   Nəyə görə ağsaqqal və ağbirçəkdən söhbət açdım heç özüm də bilmirəm. Bir onu bilirəm ki, hər hansı eldə və evdə böyük olmayanda o dəqiqə onun yeri görünür. Bizim yaşadığımız yerdə - Yeni Günəşlidəki 13 saylı yaşayış binasında bir ağsaqqal var - Məhəmməd dayı. Bu Məhəmməd dayı öz övladları ilə Zəngilan işğal olunanda Bakıya pənah gətirib. Bu kişi o qədər zəhmətkeş və halal bir insandır ki, bir gün həyətə düşməyəndə o dəqiqə onun yeri görünür. Yəni Məhəmməd kişi öz evinin, öz kəndinin ağsaqqalı deyil, bizim binada yaşayan çox adamın ağsaqqalıdı. Elə mənim özüm də hər dəfə onunla görüşəndə elə bil öz böyüklərimi ziyarət eləyirəm. Özünəməxsus ağayanalığı, xeyirxahlığı və mərdliyi ilə bu ahıl yaşında hamıya düz yol göstərir. Daha doğrusu, kiminlə görüşürsə, deyir ki, ay oğlu, ay qızım, ailəndən, balalarından muğayat ol. Məhəmməd kişinin üç oğlu var və bu üç oğul arasında o elə bir münasibət yaradıb ki, onlar hamısı bir-birilə son dərəcə mehribandılar. Çoxları bu ailənin mehribanlığına və səmimiyyətinə qibtə ilə yanaşır. Ailədən söz düşəndə biz də deyirik ki, o ailədə mehribanlığı, səmimiyyəti yaradan ağsaqqal Məhəmməd kişidi. Çünki ağsaqqal olan yerdə ailənin sözü də böyümür, hər hansı bir səhv addım da şişirdilmir. Yolunu çaşan və azan olursa da o dəqiqə Məhəmməd dayı onu yoluna qaytarır. Ən nəhayət qaçqınlıq həyatından sonra bu ailənin üç oğulun üçü də zəhmətə qatlaşıb ev-eşik sahibi olublar. O uşaqlar o qədər mehribandılar ki, o qədər zəhmətkeşdilər ki, istər-istəməz adam onlara böyük hörmət bəsləyir. Təbii ki, hər şey kökdən və qandan gəlir. O yerdə ki, hər hansı bir insanın əsil-nəcabəti var, əxalqı var və müəyyən zamanda bu dəyərlər üzə çıxır, özünü göstərir. Ağsaqqalına, ağbirçəyinə hörmət eləməyən adam heç vaxt rahat yaşaya bilməz və çörək tapmaz. Müəyyən zaman kəsiyində elə ailələr var ki, orda övlad ataya, anaya əl qaldırır, hətta valideynini qətlə yetirməkdən belə çəkinmir. Deməli, belə ailələrdə nəsə çatışmayıb. Vaxtında ataya əl qaldıran, ananı döyən oğula düzgün yol göstərilməyib. Əgər övlad valideynə əl qaldırırsa və onu döyürsə, bunun bir günahı da həmin valideynin özündədi. Yəni o övladının tərbiyəsini düzgün qura bilməyib. Amma Məhəmməd kişi kimi el ağsaqqalları nəinki övladlarının tərbiyəsini, hətta yaxın qohumlarının tərbiyəli böyüyüb boya-başa çatmasına da yardımçı olub. Vaxtı ilə bizim rəhmətlik atamız da qohum-əqrəbaya düzgün yol göstərib. Qardaşı, bacısı uşaqları atalarını eşitməyəndə rəhmətlik kişini eşidiblər. Sonra da böyüyəndə o uşaqlar atalarından çox bizim atamızı istəyiblər. Ona görə yox ki, onlar qohum idilər, ona görə çox istəyiblər ki, o uşaqlara atamız düzgün yol göstərib və uşaqlar da həmin yolla gedərək adam olublar, atalarının, analarının qədrini biliblər.
   
   Amma istər-istəməz hər hansı ailədə ağsaqqaldan və ağbirçəkdən hər ikisi olmayanda bax, onda övladlar arasında mehribanlıq çox nadir halda qalır. Çünki hər oğul ailə qurur, qızlar da ərə gedir. Ancaq valideynləri olmayanda onları bir yerə yığan tapılmır. Elə çox vaxt da bu cür uşaqlar valideynləri dünyasını dəyişəndən sonra bir-biri ilə soyuq münasibətdə olurlar. Hətta o qədər soyuq münasibət yaranır ki, o insanlar bir-birinin xeyir-şərində belə görünmürlər. Onlar da xeyir-şərdə görünməyəndə qonum-qonşu dodaq büzür və qeybət eləməyə başlayır.
   
   Hər halda, hər elin-obanın və evin ağbirçəyi olanda daha yaxşıdır. Ona görə yaxşıdır ki, hərə öz yerini bilir. Yəni biri "həmdən həmə" deyəndə, o biri "dəmdən dəmə" demir. Ümumiyyətlə, yaxşı ailələrin övladları da özündən sonra bir çox halda həmin yolu davam etdirə bilirlər. Ağsaqqal dünyasını dəyişir, ailədə, yurdda yeni cavan ağsaqqallar yetişir. Bu cavan ağsaqqallar da ailənin ənənələrini, mehribanlığını və səmimiyyətini qoruyub saxlayır, çətin gündə, dar anlarda bir-birinə arxa dururlar. Ona görə də yaxşı deyiblər: "Ağsaqqalsız ev suyu sovrulmuş dəyirmana bənzəyir".

TƏQVİM / ARXİV