adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Çanaqqala səfərindən təəssüratlar

MƏMMƏD DƏMİRÇİOĞLU
28865 | 2015-04-04 09:14
Vahid Novruzovu demək olar ki, bütün Çanaqqalalılar tanıyır. Bunu ondan hiss etdim ki, şəhərdə hər addımbaşı onu salamlayırdılar. Çanaqqalada on beş ildi yaşayır. Çanaqqala Universitetinin Rənkkarlıq fakültəsinin xocasıdı. Yanakı qoyduğu bereti başından əskik olmaz. Saxladığı qısa saqqalı və beretqası onun rəssam olmağını dərhal sübuta yetirir. Ucaboylu, qamətli bu rəssam, eyni zamanda çox sadə və təkəbbürsüzdü. Üzündən təbəssüm bir an da əskik olmur.
Ailəsiylə birgə şölənə gəlmişdilər. Azərbaycanlı bir şairin də şöləndə iştirak edəcəyini bilib, şövqlə sonacan şöləni izləyiblər. Həyat yoldaşı, gülər üzlə salamlayıb, çıxışıma görə məni təbrik etdi. Sonra üzünü Vahidə tutaraq: "Şair bu gün bizim qonağımızdır", - dedi. Vahid Novruzov da təkidlə bu axşam onlara qonaq olmağımı təklif etdi. Amma yorğun olduğumdan otelə getməyə qərar verərək təşəkkürümü bildirdim. Gözəl və yüksək intellektə sahib olan bir ailəsi var Vahid bəyin. Oğlu Beynəlxalq əlaqələr fakültəsinin magistirində oxuyur. Çox istedadlı bir gəncdir...
Şölənin sonuncu günü məni universitetlərinə qonaq etdi. Rəssamlıq kafedrasının yerləşdiyi bina gözəl və geniş idi. Dörd mərtəbəli bu korpusda incəsənətin bütün növlərindən dərs deyilir. Vahid bəy ilk olaraq məni öz kabinetinə apardı. Geniş və zəngin kabinetinin divarlarını özünün əl işləri, müxtəlif illərin fotoları və diplomlar, təltiflər, ödüllər bəzəmişdi. Divardan asılmış bir foto diqqətimi cəlb etdi. Bu Azərbaycanın ünlü rəssamı Hafiz Məmmədovun fotosu idi. Fotoya çox baxdığımı görən Vahid bəy: "Hafiz müəllimin fotosudur, Əzimzadədə müəllimim olmuşdu", - dedi. Nə qəribə təsadüf. Hafiz müəllim eyni zamanda mənim də 4 il qrup rəhbərim olmuşdu. Deməli, Vahid bəylə eyni ustaddan dərs almışıq. Onun divarlardan asılmış əsərlərinə tamaşa edirəm. Mükəmməl sənət əsərləridir. Rənglərin duruluğu, saflığı adamı heyran edir. Vahidin özünəməxsus texnikası var. Deyərdim ki, bir kəsə bənzəməyən bu üslub məhz onun özünə məxsusdur. Heykəltaraşlar qaya parçasını yonaraq onun bətnindən istədikləri əsəri üzə necə çıxarırlarsa, Vahid bəy də kətana ümumi bir koloriti işləyir, sonra isə həmin koloritin bətnindən istədiyi əsəri əlvan boyalarla aydınlığa çıxarır. Bu orijinal üslub əsərə ümumu bir bütövlük verir, rənglərin peşəkarlıqla bişib yebəyer olmasına rəvac yaradır. Əsərlərin rəng, kompozisiya harmoniyası əsəri canlı edir, eyni zamanda dil açan sujetlərin səslərini aydınca eşidirsən.
Vahid eyni zamanda monumentalçı rəssamdı. Onun dir neçə tematik heykəlləri Çanaqqala şəhərinin park və meydanlarını bəzəyir.
Universitetin giriş küçəsində ucalan, Mehmet Akif Ersoyun abidəsi mükəmməl bir heykəltaraşlıq nümunəsidi. Söhbət əsnasında aydın oldu ki, Vahid bəy bu heykəllərin hamısını təmənnasız işləyərək Çanaqqala şəhərinə hədiyyə etmişdir. Səxavəti hədər getməmiş, bu səbəbdən də onu hörmət və izzət sahibi etmişdir.
Rəfdəki kitab və jurnalları varaqlayıram. Aydınca görünür ki, dünyanın müxtəlif ölkələrində dərc olunmuş dərgilərdə Vahid Novruzovun yaradıcılığından söhbətlər açılmış, haqqında geniş yazılar yazılmışdı. Vahid Novruzovun uğurları bir həmyerli kimi əlbəttə məni çox sevindirdi.
Sonra o, məni digər yaradıcılıq fakültələri ilə tanış etdi.
Mozaika kafedrasındakı ab-hava da heyranedici idi. Xüsusi ucluqlu çəkiclə əlvan rəngli smalta daşlarını sındıran gənc tələbə qız işi ilə o qədər ciddi məşğul idi ki, heç bizim içəri daxil olmağımıza belə məhəl qoymadı. Dəzgahlar arxasında diqqətlə məşğul olan gənc tələbələr xırda-xırda sındırılmış smalta daşlarıyla mozikalar işləyirdilər. Buradakı ab-hava əsil yaradıcılıq ovqatına köklənmişdi. Hər kəs diqqətlə işlədiyi lövhəyə sarınmış, bütün fikrini barmaqlarının ucunda canlanan əsərə yönəltmişdilər. Gənc tələbələr və qrupun rəhbəri qonaq gəldiyini sezərək xoşgəldin etdilər. Onlarla bir neçə xatirə şəkli çəkdirib, keramika studiyasına keçdik.
Bir-birindən zəngin studiyalar, geniş okul zalları məni heyran etmişdi.
Vahid bəylə bu maraqlı səyahətimiz başa çatdıqdan sonra yenidən onun kabinetinə döndük. Bu təvazökar və son dərəcə səmimi olan həmyerlimizin tablolarına yenidən diqqətlə nəzər saldım.
Onun yaradıcılığını əhatə edən istər tematik, istər mənzərə və natürmort, istərsə də qrafik, keramika janrda işlədiyi bütün əsərləri öz dinamikliyi, əlvanlığı və məntiqli fəlsəfə tutumu ilə onun peşəkarlığını, daxili zənginliyini ortaya qoya bilir. Diqqəti çəkən əsas məqamlardan biri bütün əsərləri boyu milliliyin qorunmasıdır.
"Yol" adlı əsərinə diqqət etsək, bunun aşkarca şahidi oluruq. Təqdim etdiyimiz "Bürc", "Novruz" və "Boğaz" əsərlərində nəinki millilik, hətta çılğın boyalarla Azərbaycan təbiətinin bütün çalarlarını belə aydınca hiss edirik.

Yol

Çanaqqalada olduğum 3 gün ərzində Vahid bəy işini-gücünü ataraq bir an belə məni tək qoymadı. Qaz dağlarına etdiyimiz səfər boyunca bir rəssam olaraq gözümüz qarşısında çanlanan təbiətin mənzərələriylə söhbət edirmiş kimi məni sanki hər otla, hər ağacla, hər daşla tanış etmək istəyirdi. Daim üzü gülər olan bu insanın içinin duruluğu, saflığı bü təbəssümlə süzülüb əlvan boyalara dönür, adamın könül dünyasına öz avtopertreni həkk edir. Mən onun könül dünyasına bələd olduqca bir daha əmin oldum ki, böyük sənətkarların içi nə qədərdirsə, yaradıcılığı da bir o qədərdi. Bu poeziyada da belədir, musiqidə və yaradıcılığın bütün sahələrində də belədir.

Boğaz

Adətən böyük sənətkarlar eyni zamanda çox səmimi və lovğalıqdan uzaq olurlar. Məmməd İsmayılın müəyyən açıqlamalarından sonra məlum oldu ki, Çanaqqala şəhərinin bir çox iri salonlarını, mədəniyyət obyektlərini Vahid Novruzovun əsərləri bəzəyir. Eyni zamanda Türkiyənin və digər xarici ölkələrin də sərgiləri təşkil edilmişdi.

Novruz

Əsərləri Azərbaycan, Türkiyə, Almaniya, Bolqarıstan, Rusiya, Yunanıstan, Avstriya. Kanada, Macarıstan və digər ölkələrdəki muzey və şəxsi kolleksiyalarda yer almışdır.
Bütün həyatını yaradıcılığa bağlamış bu eloğlumuzun önəmli işlərindən biri də budur ki, bir ustad olaraq Çanaqqala Universitetinin rəngkarlıq fakültəsində gözəl rəssam tələbələr yetişdirir, bu sənətin sirlərini öyrədərək yeni nəslin formalaşmağına xidmət edir.

Bürc

Türkiyədə nəşr olunmuş kataloq albomu varaqlayırıq. Nəfis şəkildə nəşr olunmuş bu alboma ünlü şairimiz Məmməd İsmayıl ön söz yazmışdır.
Son olaraq Abimiz, ustadımız Məmməd İsmayılın həmin ön sözüylə biz də Vahir bəyə yeni-yeni uğurlar diləyirik:
"Böyük Alman filosofu Kant şeiri gözəl sənətlər içində ən mükəmməli sayır. Bu fikrə şübhə ilə yanaşmaq yanlış olardı. Amma ədəbiyyat, musiqi və rəssamlıqda mükəmməlliyi arayarkən rəsmin xüsusi bir yeri olduğunu söyləyə bilərik. "Sənətin ən mükəmməli olan şeir" yalnız yazıldığı dildə bu mükəmməlliyini mühafizə edir. Bir başqa dilə çevrildikdə o, "mükəmməllik"dən çox az şey qalır. Gerçi şeir də, rəsm də, musiqi də insan duyğularını mənalandıran mənəvi bir gücə sahibdir. Amma dünyaya yayılma baxımından rəsm əsərlərinin özəl bir yeri var. Şeirin tərcüməyə, musiqinin adaptasiyaya ehtiyacı olduğu halda rəsm əsərlərinin belə bir vasitəçiyə ehtiyacı yoxdur. Çünki rəsm sənəti tərcüməyə ehtiyacı olmayan sözsüz şeir və donmuş musiqidir. Bəlkə də bundan dolayı dünyanın bir çox yerində, xüsusən də Avropada rəsm, şeiri peredeysə düşürmüş durumundadır.
Bu düşüncələr məndə rəssam Vahid Novruzovun əsərlərini izləyərkən oyandı. 2000-ci ildən bu yana Çanaqqala mühitində bulunan Vahidin bir çox əsəri aşağı-yuxarı gözümüzün önündə yaranmışdır...
Vahid öz üslubu, öz sənət yönü olan bir rəssamdır. Bir başqa rəssam Çanaqqalada çətinliklə şöhrət qazanmaq üçün bir növ rəssamlıq deyil, fotoqraflıq edərdi, hər insanın görə biləcəyi mənzərələri əsər adına sərgiləyərdi. Amma o həqiqi sənətkarın yapacağının çətin olanını sevir. Vahidin hər əsəri bir-birini tamamlayan soyut katmalardan oluşur və hər tabloda bir deyil, bir neçə fikir aşılayır. Bu sirləri açmaq üçün ağıl, professional baxış lazımdır.
Vahid bir insan olaraq kamil düşüncə tərzinə sahib bir rəssamdır. Bir yenilikçi olaraq yeniliyi yenilik xatirinə etməmişdi. Bəlkə bundandır ki, o nə özü özünü, nə də başqasını təkrar etmir, az yaradır, özününkünü yaradır. Onun əsərlərində xəyali gerçəklik bəsit olaylarla, olağanüstü olaylar iç içədir. "Şəhidlər abidəsi", "Murat", "Dədə Qorqut", "Adəm və Həvva", "Həyat" və başqa əsərləri dediklərimiziə nümunə ola bilər. Allah hər yanda və hər yerdə gözəgörünməz bir şəkildə var olduğu kimi, sənətkar da bu və ya başqa bir şəkildə düşüncələrini bütünlüklə gözəgörünməz bir şəkildə göstərir. Və önəmli olan budur ki, Vahid gerçək bir sənətkar kimi özünü heç bir zaman tərk etmir və sərgidən sərgiyə yeni-yeni sənət üfüqlərinə yelkən açır. Bizə isə rəssam dostumuza sənət uğurları diləmək qalır".


TƏQVİM / ARXİV