Ürəyiniz partlamasın...

FAİQ QİSMƏTOĞLU
55823 | 2015-04-04 08:53
...Yazıma istedadlı və böyük yazıçı Seyran Səxavətin bir fikri ilə başlamaq istəyirəm: "Adamın ürəyi tək dərddən partlamır. Adamın ürəyi həm də sevincdən partlaya bilər". Dünyamızda sevinən də, kədərlənən də milyonlarla insan var. Harda insan varsa, orda sevinc var. Böyük şair Musa Yaqub deyir ki, "mənim dərdlərimin ayaqları var, hara getsəm tapacaq məni". Dərd elə bir şeydir ki, insanın qəlbinə, ürəyinə və bütün varlığına hopur. Amma biz heç də dərdin böyüklüyündən və kədərin yekəliyindən danışmaq istəmirik. Çünki bu barədə o qədər danışan, o qədər yazan var ki, adam o yazıları oxuyanda az qala ürəyi partlaya...
Allah-Təala insanı yaradanda onun bəxtini də verir, taleyini də. İnsanı uca dağların başına qaldıran da Ulu Tanrıdı, endirən də. Sadəcə olaraq, biz insanlar yüksəkliyə qalxanda çox sevinirik və elə bilirik ki, elə həmişə bu yüksəklikdə qalacaq və yağ-balın içində olacağıq. Amma onu fikirləşmirik ki, Allah bizi o yüksəkliyə qaldırdığı kimi, günlərin birində də əvvəlki vəziyyətimizə gətirə bilər. Bir də ki, əgər Allah kimə istəsə ruzi verməyi, onun qarşısına milyon insan yığışsa ala bilməz. Yaxud da, o ruzini insanın əlindən alsa milyonlarla insan o biri insana kömək eləmək gücündə deyil.
Nə demək istəyirəm? Bəzi vəzifə sahibləri on il, on beş il, iyirmi il yüksək bir kresloda əyləşir, gününü xoş keçirir və bir dəfə də olsun qanı qaralmır. Amma o vəzifədən, o kreslodan, o ucalıqdan ayrılanda gecə-gündüz fikir eləyir. Aranı dağa aparır, dağı da Arana. Hətta evdə oturaraq bayıra çıxmır, özünə qapanır və mobil telefonunu da bağlayır. Fikir-xəyal, dərd-sər onun içini yeyir. Və bir gün də görürsən ki, həmin adam dünyasını dəyişib.
Dəfələrlə bir neçə yaxın adamım olub, vəzifədən çıxandan sonra heç kimlə əlaqə saxlamayıb. Çörək kəsdiyim və yoldaşlıq elədiyim bir icra başçısı da vardı. Uzun illər vəzifədə işləmişdi. Kasıb bir ailədə böyümüşdü. Öz zəhmətiylə, əməyilə gəlib o yüksək vəzifəyə çatmışdı. Amma vəzifədən çıxandan sonra yaxşılıq elədikləri, çörək verdikləri, yıxılanda ayağa qaldırdıqları adamın biri də onu axtarmadı. Bir-iki dəfə onunla çay süfrəsi arxasında əyləşdik. Dedi ki, məni heç nə yandırmır, sənə heç bir yaxşılığım dəyməyib, amma vəzifəyə qoyduğum, ağır gündə arxa durduğum onlarla adam var ki, onların biri bayram günlərində zəng vurub məni təbrik eləmir. Məni heç də vəzifədən çıxmaq narahat etmir, məni narahat edən və ürəyimi partladan mələk sifətdə tanıdığım insanların şeytan sifətində olmağıdır. Çox fikir-xəyal elədi və günlərin bir günündə də eşitdim ki, dostumuz Allahın dərgahına qovuşub...
Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, insan müəyyən zaman anında Allahın verdiyi hər bir şeylə razılaşmalı və buna da şükür eləməlidir. Amma biz nədənsə həmişə vəzifədə qalmaq, ucalıqda olmaq və kimlərinsə bizim "quşumuzu" götürməyimizi istəyirik. Çünki gəlin etiraf edək, bəzilərimiz keçmiş şan-şöhrətə, vəzifəyə arxalanıb və düşünür ki, hamı qarşımızda baş əyməlidir. Əgər kimsə qarşımızda baş əymirsə, bax onda bu bizim xətrimizə dəyir. Amma çox nahaq yerə!
Elələri də var ki, vəzifədən çıxandan sonra var-dövləti, hər şeyi olsa da yenə sıxıntı içində yaşayır, yenə köhnə anları yada salıb əsəb gərginliyi keçirir. Hər şeylə razılaşmaq və hər şeyi qəbul etmək lazımdır. Bütün varlıqlar, pullar olduğu kimi vəzifə də gəldi-gedərdi; yəni bu gün var, sabah yoxdur. Əgər o vəzifə yoxdursa, bunu ürəyinə atıb qəm eləmək lazım deyil. Bir də vəzifədə olanda gərək özünə var-dövlətdən əvvəl çoxlu dost-tanış tapasan. O dost-tanış ki, onlar sənə təmənnasız münasibət göstərsinlər. O dostlar ki, onların çörəyi dizinin üstə olmasın. Bir də dostumuz Aqil Abbasın gözəl bir deyimi var: "İnsan yuxarıya baxıb köks ötürməməlidir, aşağıya baxıb şükür eləməlidir".
Bəlkə də naşükürlüyümüzdən və tamahımızın çoxluğundan vəzifədən çıxandan sonra çoxlarımızın ürəyi partlayır. Bu ürək elə bir şeydir ki, onu o qədər də yükləmək olmaz. Düzdür, qadınlar kədərlənəndə, qəhərlənəndə və dərd içlərini yeyəndə ağlayırlar və ürəkləri də boşalır. Mən görməmişəm ki, çoxlu sayda qadanın ürəyi ağrısın.
Bir dəfə Mərkəzi Klinik Xəstəxanaya bacımın yanına getmişdim. Onun ürəyinə stend qoymuşdular. Sözümün canı odur ki, otuz xəstədən cəmi biri qadın idi, qalanları kişilər. Burda da qəribə heç nə yoxdur, bayaq dediyimiz kimi, qadın ağlayır və ürəyini boşaldır. İstedadlı şair Vaqif Bəhmənlinin iki gözəl misrası yadıma düşür:
Qadın ağlayanda Allah sevinir,
Kişi ağlayanda Allah ağlayır...
Hər kişi də ağlaya bilmir. Çünki kişiliyinə, mənliyinə və şəxsiyyətinə sığışdırmır. Mən demirəm ki, dərd ürəyimizi yeyəndə, kədərdən boğulanda oturub arvad kimi ağlayaq. Mən deyirəm ki, hər hansı böyük uğurdan, yüksək vəzifədən düşəndən sonra ötən günlərə şükür eləyək və ürəyimiz dərd-qəmdən partlamasın. Əgər Aranı dağa aparırıqsa, dağı da Arandan gətiririksə və bütün günü də özümüzə qapılıb ürəyimizdə danışırıqsa, bu hamımızın axırına çıxa bilər...

TƏQVİM / ARXİV