adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Özünü dəlioğlanlığa qoymağın üsulları

SAMİRƏ ƏŞRƏF
26920 | 2015-04-04 02:53
Bizim camaatımızın işi həqiqətən də allaha qalıb. Kimi dindirirsən, borc-xərc içində, xəstəhal, depressiv vəziyyətdədir. İnsanlar həyatdan zövq almağı bacarmırlar. Yaşamaq artıq çoxları üçün gün sovuşdurmaq olub. Hər şey mexaniki olaraq baş verir. Kişi mexaniki sürətdə işə gedir. Gördüyü işdən heç bir zövq almır. Bilir ki, pul qazanıb ailəsini saxlamasa acından öləcək, arvad-uşaq ondan üz çevirib saya salmayacaq. Arvadlar da həmçinin evlərini güclə təmizləyirlər, bir qazan yeməyi candərdi bişirirlər. Oğul-qızlarını da birtəhər şillə-qapazla böyüdüb yola verirlər. Onların taleyinin də necə olacağı isə hələ sual altındadı. İnsanın yaşayışından, işindən zövq alması çox vacib məsələdi ki, bizim insanlarımızda bu yoxdu.
Bir dəfə uzun illər zavodda çilingər işləmiş yaşlı bir adamdan soruşdum ki, siz öz işinizdən zövq almısınız? O, səmimiyyətlə bildirdi ki, bəli, mən öz işimi hər zaman həvəslə və sevərək yerinə yetirmişəm. Heç bir vaxt başdangetdi iş görməmişəm.
İndi baxırsan ki, savadlı, təhsilli insanlar işlərini candərdi, ayın axırında alacağı maaşın xətrinə yerinə yetirirlər. Heç kim öyrənmək, artıb çoxalmaq, savadlanıb, maariflənmək istəmir.
Adi məişət məsələlərində en qədər israfçılıq, səbatsızlıq nəzərə çarpır ki, saymaqla bitməz. Zülüm-zillətlə qazanılan pullar göyə sovrulur. Heç kim çəkilən zəhmətin qiymətini bilmir. O bunu aldadır, bu ona kələk gəlir. Nəticədə isə cəmiyyətdə zəncirvari fırıldaqçılıq baş alıb gedir.
Qadınlar belə aldanma işlərində daha pərgardılar. Məsələn, adi bir saçın rənglənməsinə gözəllik salonunda ən azı otuz, qırx manat pul xərclənir, halbuki bu işi ev şəraitində həyata keçirmək ən çox on manat xərc tələb edə bilər. Hələ mən xınayaxdı, nişan, toy kimi adət-ənənələrdə baş verən israfçılığı, soyğunçuluğu demirəm. Baxırsan ki, ətli-canlı, dodağı silikonlu, qaşı tatirovkalı, dəbdən tamamilə məhrum olan bir xala gənc bir qızı bəzəyib elə hala salır ki, adam baxanda daxilindəki ikrah hissi bütünlüklə işə düşür. Di gəl ki, xala eybəcər görkəmə saldığı xanımdan əlli manatı rahatca alıb cibinə qoyur.
Bəhsəbəhslik, başqalarına paxıllıq insanları hipnoz vəziyyətinə salıb. Hansısa imkanlı dədənin qızı, gəlini hər həftə bir gözəllik salonuna gedib orda küllü miqdarda pul qoyursa, bir başqası da mütləq onun yerişini yerimək istəyir. Qadınlar başqaları ilə bəhs etmək üçün bütün günü ərləri ilə cırmaqlaşırlar ki, bəs filankəs dırnağına, saçına, üzünə filan qədər pul tökdü mən qaldım. Ər də yazıq məəttəl qalır, bir ay təpik döyüb qazandığı pulu verir arvadına ki, yaxasından əl çəksin.
Heç kim reallıqla barışmır, təbii hisslərlə yaşamır. Bir sözlə, hamı özünü qoyub dəlioğlanlığa. Hərə öz dəlioğlanlığını müxtəlif üsullarla gündən-günə inkişaf elətdirir. Məsələn, o gün bir saytda qırmızı rəngə boyanmış qadın dırnaqlarının şəkli qoyulmuşdu. Altdan da yazılmışdı ki, "filankəs bacılarının birgə işi endirimlə səksən manat". Hələ endirimlə ha. Vallah ayıbdı. Bu qədər biabırçılıq olmaz. Lap tutaq ki, kimlərsə gəlib həmin manikuru elətdirir və o qədər də məbləği ödəyir. Bəs insaf?! Məgər dırnağa bir və ya bir neçə rəngdə boya çəkmək səksən manat olmalıdı?! Bəlkə həmin dırnaq boyalarına qızıl suyu-zad qarışıdırıblar, bizim xəbərimiz yoxdu!
Əlbəttə, insanların özünü komfortlu hiss etməyə haqları da var. Ən azından əsəblər sakitləşir, əhval-ruhiyyə açılır. Amma olan yerdən.
Olmayanı başa düşməyən insan heç vaxt başa düşmür. Baxırsan ki, ətli, canlı, qüvvəli qadındı. Bütün günü də televizorun qarşısında oturub tum çırtlayır, ya da telefonla kiminsə ardıycan asıb kəsir. Amma həmin qadın uşağının ad gününə tort bişirməyə ərinir. Salat hazırlamağa əli qalxmır. Ucuz və keyfiyyətli formada başa gələcək işi edir dəvə dastanı. Xərc qalxır kəlləçarxa.
Buna görə də kökəlmə, mədə bağırsaq, əsəb xəstəliklərinin sayı günü-gündən artır. İnsanlar hərəkət etməyə, oxumağa, savad öyrənməyə tənbəllik edir.
Əvvəllər bayramqabağı şirniyyatları hamı öz evində bişirib düşürərdi. Etiqad da möhkəm idi. Evimdən iy çıxmalıdı, vəssalam! İndi etiqadı-zadı vecinə alan yoxdur. Camaat heç bilmir ki, buğda alıb səməni cücərtmək neçənci ildə qalıb? Odur ki, bayramdan sonra zibil qutuları qurumuş səmənilərlə dolur. Hələ o günləri doqquz mərtəbəli binanın altından keçəndə gördüm yuxarı mərtəbədən atılan səməni qab qarışıq uça-uça gəlib düşdü yerdəki lilli gölməçənin içərisinə. Bayram xonçası, səməni halvası, qapı pusdu, papaq atdı, tonqal üstündən hoppandı, bir sözlə oğuz elinin bütün adət və ənənələri də həmin səməniylə birgə gölməçəyə düşüb yox oldu.
Uzun sözün qısası, yerli buddalarımız demişkən, vəziyyət həqiqətən də çox qəlizdi!

TƏQVİM / ARXİV