ilqar Cahangirovla Ezop dilində

ETİBAR CƏBRAYILOĞLU
49054 | 2010-06-26 07:00
Əməkdar artist, "Qızıl Dərviş" mükafatı laureatı İlqar Cahangirov müsahibəyə türklər demiş, ayağı tozlu gəlmişdi. Krımda keçirilən "Bosporskie aqonı" XII Beynəlxalq Antik İncəsənət Festivalından qayıdan aktyoru yol çantasını boşaltmamış müsahibəyə dəvət etdik.
   
   Dövlət Gənc Tamaşaçılar Teatrı repertuarındakı "Ezop" tamaşası ilə nüfuzlu festivala qatılıb. İlqar Krıma Ezop rolunun ifaçısı kimi gedib. Aktyorla söhbətə də elə "Ezop"un Krım səfəri körpü saldı.
   
   Krımdan başladıq...
   
   - İlqar, Krımda keçirilən Beynəlxalq Antik İncəsənət Festivalında artıq ilkinci dəfədi iştirak edirdin. Yəqin ki, festival barədə danışmaq sənin üçün çətin olmaz...
   
   - Ənənəvi festival Krım Muxtar Respublikasının Simferopol şəhərində keçirilir. İki il bundan əvvəl Bakı Kamera Teatrında çalışanda "Şah Edip" tamaşası ilə həmin sənət yarışmasında iştirak etmişdim. Bu dəfə də təşkilatçılardan dəvət alan kimi Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə müraciət etdi, nazirlik də bu təşəbbüsü bəyəndi və festivalda iştirakımız üçün hər cür şərait yaratdı. Mədəniyyət və Turizm Nazirliyinin maddi köməyi sayəsində tamaşada oynayan akyorlar, texniki heyət Krıma təyyarə ilə gedib-gəldi.
   
   Repertuarımızdakı Braziliya dramaturqu Qulyermo Fiqeyredonun "Ezop" tamaşasını Krım Tatar Akademik Musiqili Dram Teatrının səhnəsində oynadıq. Vaxtımız az olsa da festivala qatılan müxtəlif ölkələrin teatr kollektivlərinin hazırladıqları tamaşalara baxdıq. Onu da deyim ki, ötən dəfə olduğu kimi bu dəfə də festivala maraq böyük idi. Türkiyədən, Rusiyadan, Belarusdan, Serbiyadan teatr kollektivləri gəlmişdi. Ukrayna isə bir neçə teatrla təmsil olunurdu. Festivalın bağlanışı möhtəşəm hazırlanmışdı. Təsəvvür elə ki, mərasim 300 metr dərinlikdə qazılmış mağarada keçirildi. Sanki nağıllar aləminə düşmüşdük. Teatrımızın baş rejissoru xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi "Ezop"u nüfuzlu sənət adamlarından ibarət münsiflər heyəti yüksək dəyərləndirdi. Bizim "Ezop" ən yaxşı antik tamaşa üçün ayrılan xüsusi mükafata layiq görüldü.
   
   - Göz dəyməsin, sənətə gələndən baş rollar oynamaq problemin olmayıb. Samir Sədaqətoğlunun "İtən vaxt" tamaşasındakı rolun sənə daha çox populyarlıq gətirdi...
   
   - Mən deməzdim ki, bu roldan sonra tanınmağa başlıdım. "İtən vaxt"dan əvvəl və sonra da çoxlu rollar oynamışam. Şekspirin "Otello" əsərində Otellonu, Cəlil Məmmədquluzadənin "Məkkə yol" ("Danabaş kəndinin əhvalatları) tamaşasında Xudayar bəyi oynayarkən necə deyərlər, özümü sübut etməyi bacarmışam. Ezop barədə bayaq ətraflı danışdıq. Bakı Kamera Teatrında başqa rollarım da olub. Mədəniyyət və Turizm Nazirliyi Kamera və Dövlət Gənclər Teatrını Gənc Tamaşaçılar Teatrına birləşdirəndən sonra artıq GTT-nın aktyoru sayılıram. Burda da yeni hazırlanan bir neçə tamaşada rol almışam.
   
   - Yeri gəlmişkən, təzə və birləşmiş kollektivdə özünü necə hiss edirsən?
   
   - Çox rahat.
   
   - Kamera Teatrının kiçik, uyğunlaşdırılmış səhnəsinə baxanda Gənc Tamaşaçılar Teatrının geniş, müasir tələblərə cavab verən səhnəsində oynamaq təbii ki, rahatdı...
   
   - Aktyor üçün böyük və kiçik rollar olmadığı kimi, səhnənin də darısqal və yaxud geniş olması önəmli deyil. Əsas yaradıcı mühitdi. Həmin mühit də bu gün var. Sadəcə, yeni binanın səhnəsinə texniki cəhətdən yuğunlaşma prosesi keçdim. Tutaq ki, Kamera Teatrının binasında Otello oynayarkən ixtiyarımda kiçik bir məkan vardı. İndi bu binadakı səhnədə Otellonun meydanı genişdi və yaxud da "Şeyx Sənan"da Dərvişi oynayarkən səhnənin genişliyindən istifadə edə bilirəm. Hər halda uyğunlaşmaq üçün müəyyən zamana ehtiyac duyulurdu.
   
   Fuad Poladov örnəyi
   
   - Yay bir göz qırpımında ötüb keçəcək, bir də görəcəyik ki, yeni teatr mövsümü başladı. Hansı yeni rollarla səhnəyə çıxacaqsan?
   
   - İki yeni tamaşada rol almışam. Xalq artisti Vaqif Əsədov Dikkensin "Oliver Stounun macəraları" tamaşasına quruluş verir. Teatrımızın 50- yə yaxın aktyoru bu tamaşada rol alıb, məşqlərimiz artıq başlayıb. Ağalar İdrisoğlu son 20 ilin hadisələrini səhnədə əks etdirən əsər hazırlamaq istəyir, həmin tamaşada mənə də rol həvalə edəcək.
   
   - Bu vaxta kimi Cənnət Səlimovanın və İrina Perlovanın quruluşu ilə hazırlanan tamaşalarda oynamısan. Bundan sonra isə müxtəlif rejissorlarla işləməli olacaqsan. Buna hazırsan?
   
   - Elə mənim də istədiyim bu deyildi? Aktyor müxtəlif rejissorlarla işlədikcə daha da püxtələşir. 18 il Cənnət xanımın quruluş verdiyi tamaşalarda rol almışam. Hər rol üzərində çalışanda böyük məktəb keçmişəm. Təbii ki, yaradıcı insan olaraq, digər rejissorlarla da işləmək ehtiyacı hiss edirəm. Xalq artistləri Azər Paşa Nemətov və Rafiq Əliyevlə "Afinalı Timon" əsərini hazırlayarkən çox maraqlı işbirliyimiz oldu. Vaqif Əsədov isə aktyorla tamam fərqli və maraqlı iş aparır.
   
   - Cənnət xanım sənətdə yetişdirdiyi aktyorları indiki şou-biznesin hay-küyündən qorumağı bacarır. Hər halda onun tələbələri efirə qayğanaq bişirmək, dedi-qoduya qoşulmaq üçün çıxmırlar...
   
   - Bəzi sənət adamlarını, aktyorları başa düşürəm. Ehtiyac üzündən kimlərsə toyda tamadalıq edir. Amma bəziləri həmişə gündəmdə qalmaq istədiyindən efirdə hay-küy yaradır. Şəxsən mən gedib maşın yuyaram, amma belə işlərlə məşğul olmaram, efirə çıxıb oxumaram. Cənnət xanım bizi inandırdı ki, əsl sənətkar olmaq istəyən üçün hər gün efirdə görünmək şərt deyil. Bizim teatrın aktyorları Qurban İsmayılov, Ayşad Məmmədov, Şövqi Hüseynov istəsələr bu gün bəlkə də ən populyar aktyor olarlar. Çünki Allah onlara çox böyük istedad verib. Amma onlar asan yolu yox, ən çətin olanı seçiblər. Əsl teatra, əsl sənətə xidmət edirlər. Şəxsən mən Fuad Poladovu özümə örnək götürmüşəm. Bu insan heç nəyə fikir vermədən yalnız öz sənəti ilə məşğul olur. Aktyor sənətini, bu sənətin min bir əziyyətini, ağrı-acısını heç nəyə dəyişmir.
   
   Sabah məni nə gözlədiyini bilmirəm, elə bir hadisə baş verə bilər ki, sənətdən getməyə məcbur olaram. Amma bu gün əgər sənətdəyəmsə mənim bu sənətə xəyanət etməyə haqqım yoxdu.
   
   - Müxtəlif beynəlxalq teatr festivallarında iştirak etmisən. Kənarda teatrımızın mənzərəsi necə görünür?
   
   - Moskva da daxil olmaqla Rusiyanın bir neçə şəhərində, Ukraynada, İranda keçirilən festivallarda iştirak edəndə necə deyərlər, kənar gözlə özümüzə baxmaq imkanı yaranıb. Bu həm də ona görə lazımdı ki, digər dövlətlərin teatrlarında hazırlanan tamaşalara baxırsan, dünyada gedən prosesləri izləmək imkanı qazanırsan. Məlum məsələdi ki, festivalarda monumental tamaşalar oynanılmır. Hər halda ölkənin teatrı barədə fikir yürütmək olur. İştirak etdiyimiz festivalların əksəriyyətində oynadığımız tamaşaları həm tamaşaçılar, həm də sənətşünaslar qəbul ediblər. Məsələn İlqar Fəhmi ilə Oqtay Kazıminin yazdıqları və Cənnət xanımın quruluş verdiyi "İtlər" tamaşası maraqla qarşılanıb. Həmin tamaşada mən Qara obrazını oynayıram. Əsərin mövzusu da, tamaşanın quruluşu da müasir standartlarına cavab verir. İrina xanımın Çexovun "Albalı bağı" əsərinə verdiyi quruluş Moskvada bir neçə dəfə oynanılıb və həmişə də yüksək qiymət alıb. Gizlətmək mümkün deyil ki, zəif əsərlərimiz də olub. Əgər biz bu gün dünyaya çıxırıqsa təbii ki, tamaşalarımız da dünya standartlarına cavab verməlidi, gedən proseslərlə ayaqlaşmağı bacarmalıyıq. Özü də bizim aktyorların yaradıcılıq potensialı buna imkan verir.
   
   Futbolçu Zidanın
   
   yazdığı əsər
   
   - Bu gün hamı Cənubi Afrika Respublikasında futbol üzrə Dünya Çempionatından danışır. Bəlkə biz də mövzunu səhnədən stadiona tərəf çevirək. Etiraz eləmirsən?
   
   - Etiraz eləmirəm. Amma bəri başdan deyim ki, çılğın futbol azarkeşi də deyiləm. Vaxtı ilə futbol oyunlarını daha maraqla izləyirdim. Maradonanın, Platininin oyunlarına həvəslə baxırdım. Zidan ayağına düşən topla əsər yazırdı. Bu gün futbol oyunlarına baxanda həmin ləzzəti ala bilmirəm. Dünya çempionatında hələ ki, məni cəlb edən oyun olmayıb.
   
   Pasportun
   
   yaddaşından
   
   diktafonun yaddaşına
   
   İlqar Cahangirov 1967-ci ildə Abşeronun Ceyranbatan qəsəbəsində anadan olub. 1984-cü ildə ixtisas imtahanında SSRİ xalq artisti Mehdi Məmmədovdan yaxşı qiymət alsa da yazılı imtahandan "kəsilib". Bir neçə ildən sonra aktyorluq bacarığına əmin olan müəllimləri nöqtə-vergül səhvini ona bağışlayıblar. Beləcə tələbə bileti alıb. 1991-ci ildə yaranan Bakı Kamera Teatrının ilk aktyorlarından olub. 2002-ci ildə əməkdar artist fəxri adına, 2006-cı ildə Ezop roluna görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. 2007-ci ildə Krımda keçirilən Antik Tamaşalar Festivalında münsiflər heyəti "Ən yaxşı kişi roluna görə" mükafatı ona verib.
   
   Ailəlidir, bir qızı var.
   
   Ezopda bitirdik
   
   - Səhnədə Ezop obrazını yaradan İlqar Cahangirov həyatda Ezop dilində danışmağı xoşlayırmı?
   
   - İndi elə dövrdü ki, insanlar daha açıq danışa, daha kəskin ifadələr işlədə bilirlər. Ona görə Ezop dilində danışmağa ehtiyac qalmır. Xarakterimə az-çox bələdsən, bilirsən ki, qarşı tərəfin nə düşünməsindən asılı olmayaraq tənqidi fikirlərimi açıq deyən adamam. Düşüncəm elədir ki, ağa ağ, qaraya qara deməyi xoşlayıram. Amma bəzən Ezop dilində də danışmaq lazım gəlir...
   
   Yazı "Mədəniyyət"
   
   qəzetinin keçirdiyi
   
   "Mədəniyyət mövzusunda ən yaxşı jurnalist işi" müsabiqəsi üçün" hazırlanıb.

TƏQVİM / ARXİV