adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

APARDI SELLƏR ARANI...

VƏSİLƏ USUBOVA
25036 | 2010-06-26 07:00
İşlədiyim idarədə raykom dövründən qalma bir söhbəti tez-tez danışıb gülürlər. O zaman ikinci katib işləyən birisi sürücüsünü çağırıb tapşırıq verir: "Get bazara, arvadların ağzını ara. Gör, məni nə vaxt işdən çıxaracaqlar?!" İndi də belədi, ağızdan-ağıza gəzən söhbətlər bütün rəsmi mənbələrin yaydıqlarından daha dürüst olur. Son günlər Mürsəllidə vəziyyətin yaxşı olmadığı barədə söz-söhbət gəzirdi. Bu axşam adamların dedikləri özünü doğrultdu...
   
   Yeniyetməlik illərində radioda sazçı qızlar ansamblının lent yazılarına sevə-sevə qulaq asardım. Qənbər Hüseynlinin "Düz olur" adlı mahnısı bütün günü dilimdən düşməzdi:
   
   
   
   Deyirlər ki,
   
   bizə nişan gələcək,
   
   Elin sözü əvvəl-axır
   
   düz olur.
   
   
   
   İlahi, nə bəxtəvər günlərim varmış. O "deyirlər" hara, bu "deyirlər" hara...
   
    "Bəndin üstü"ndən zəng gəlir: Mürsəllidə çay 30 metr enində bəndi yıxıb... ( Televizordakılar yenə dingildəşirlər)... Bayırı dinləməkdən ötrü balkona çıxıram. Küçədə cavanlar arxayın-arxayın gəzişirlər. Görəsən, qəlbbir, canbir olmağımızdan ötrü başımıza daha nələr gəlməlidi?! Aptıq ANS xəbər verib ki, Mürsəlli və Şıxları su basıb. Hiss edirəm ki, qonşular da narahatdılar. Elə bu dəqiqə yağış yağmağa başlayır... Yağış da bir qədər adamın həyəcanını artırır. Daha heç kimnən danışmaq olmur. Şəbəkə məşğuldu. Yenə qarmaqarışıq səslər şəhəri başına götürüb... Hənirti eşidən kimi ya bloka, ya da balkona çıxıram. Həyət evlərindən binamıza yığışanlar var. Beşinci mərtəbədəki qonşu çayın qırağından gəlib. Şükür Allaha salamatçılıqdı, deyir...
   
    Daha hər şeydən bezib otağa girirəm. Nə olur-olsun, ürəyimiz çəkildi ki,... Acıqnan oturub televizorda "Böyük dayaq" filminə baxıram. Bu filmin yaradıcılarının da, iştirakçılarının da çoxu dünyasını dəyişib. Gorunuz çatlasın, görün Muğan nə günə qaldı... Kürnən Arazın qovuşduğu yeri də çəkiblər bu filmdə. Sən demə bu çaylar qovuşanda fəlakət gətirirmişlər. Filmə axıra qədər baxmağa səbrim çatmır. Başqa kanallardakına da həmçinin...Binamızda sakitlikdi. Şəhərdə də səs-küy azalıb. Yağış adamları küçədən evlərə qovub...
   
    Yenə bacılarım zəng vurur: "İmkanın varsa, sən də çıx. Deyirlər, rayon mərkəzini də su basacaq..."
   
   
   
   ***
   
   
   
   11.05.2010. Gecə saat 4-ə qalmış yatağa girirəm. Yatmamışdan bir az pal-paltar yığıb koridordakı asılqanın üstünə qoyuram. Elə bu yır-yığış özü məni xeyli kədərləndirir. Gec yuxulayıram. Saat 6 olmamış ayılıram. Daha gözümə yuxu getmir. Küçədən tək-tük səs gəlir. Sürətlə keçən maşından bir nəfərin: Kürkəndidən də axır, Surrayacan gəlib, hamı gedir- dediyini eşidirəm. Tez qalxıram. Saat 8-ə qalır. Axşamdan qazı yenə kəsiblər... O qədər sakitlikdi ki, elə bil binada adam yaşamır...
   
    Daha küçədə tək-tək adam, maşın görünür. Sakit, boğucu, bürkülü hava var. Yəqin, güclü leysan gələcək...
   
    İdarəyə çatanda binanın ətrafında xeyli maşın dayandığını görüb addımlarımı yeyinlədirəm. Başçının da maşını üstünə qədər palçığın, tozun içində həyətdə dayanıb. İclas zalına yığışıblar. İş yoldaşlarımdan heç kimnən söhbət edə bilmirəm. ..
   
   Günortadan sonra idarədəki sakitlik lap adamın əl-ayağını yerdən üzür. Elə bil ki, dünyanın axırıdı. Ay Allah, cəmi beş-on gün bundan qabaq bu binada necə canlanma, işgüzarlıq olardı....Qəfildən başımın üstündə-ikinci mərtəbədə kimsə tappatapla yüyürür, bərkdən danışıqlar eşidilir. Qapını açıb baxıram, polis koridorda arxası mənə tərəf oturub...
   
   -Nə səsdi?
   
   - Yuxarıdadı...
   
   -Bir şey olub?
   
   -Yox...
   
   Şənbə gününün qəzetləri, bir də "Ulduz"un 4-cü nömrəsi bu gün əlimə çatıb. Mütaliə edəndə çox şeyi unuduram. İndi də birdən-birə mənə elə gəldi ki, yenə də həmin sakit, dinc günlərdəyik... İnsan niyə belədi? Hər şeyin qədrini itirəndən sonra bilir. Ağlım kəsəndən başımı işlə qatmağa çalışmışam və bütün dərdlərə də bu yolla qalib gəlmişəm. "Darıxıram" deyənləri hardasa, anlamamışam. Amma özüm darıxanda çox pis darıxıram, ona görə də çalışıram ki, bu əzablı duyğunu yaxına buraxmayım. Mümkün qədər kədərli görünməməyə çalışıram. Ağrı-acılarımı içimdə saxlamağı, zahirən sakit görünməyi bacarıram. Amma indi... Elə bil əvvəlki adam deyiləm. Elə bilirəm ki, bu günlərdə nəyisə-adını bilmədiyim çox dəyərli bir şeyi salıb itirmişəm. Və onu heç vaxt tapıb yerinə qoya bilməyəcəyəm...
   
   İnana bilmirəm ki, bir zamanlar həyatım sevgi və ümidlərlə dolu olub...
   
   Keçmiş qonşum yanımdadı. On ildən artıqdı əri, uşaqlarıynan Moskvada yaşayır. İndi hansı sənəddən ötrüsə rayona gəlib. Süründürürlər. Bu günlər lap əllərinə girəvə düşüb: "Başımız qarışıqdı..." Yana-yana danışır:
   
   -Orada da qar-yağış yağır da... Mən gələndə yerdə bir metr qar vardı. Bəs, niyə belə sel, daşqın olmur?
   
   - Bəlkə Kür kimi çayları yoxdu...
   
   -Niyə yoxdu? Kürdən də betərləri var. Denən ki, işi yiyəsinə gördürürlər. Daha bizdəki kimi, atın qabağına ət, itin qabağına ot qoymurlar...
   
    İşdən qayıdanda yaxınlıqdakı mağazaya dönürəm. Burada işləyən tanış qadınla hal-əhval tutmaq istəyirəm. (Çətin günlər adamı ünsiyyətcil edir). Beş-on dəqiqə söhbət eləsək də qəti bir qərara gələ bilmirik...
   
   Pilləkənləri ağır-ağır qalxıram. Qapıbir qonşum ayaq səslərimi eşidib qapını açır:
   
   -Bıy, sən burdasan? Elə bilirəm, getmisən. Dedim, nə yaxşı, çıxıb getdi...
   
   -Bəs, siz nə fikirləşirsiz?
   
   -Evdəki qoymur. Deyir, ölsək də burda öləcəyik...
   
   -O niyə ölmək istəyir ki?
   
   - Bilmirəm. Ancaq camaat gedir. Deyirlər, bankı-zadı da boşaldırlar...
   
    Elə bu dəm telefonuma zəng gəlir: "Kürü Padarçölə axıdırlar..." Yenə təsəlliverici sözlər... Daha xeyri yoxdu... Niyə bu adamlar elə bilir ki, mən nədənsə qorxuram. Əksinə, bu günlərdə heç başqalarının da sifətində qorxu ifədəsi görmədim. Hamı bilirdi ki, sel gəlsə də, bir yolla xilas olacaq, heç kəs boğulmayacaq. Sadəcə, insanlar öz həyat düzənlərinin pozulmasını, ev-eşiklərindən, yurd yuvalarından didərgin düşməyi istəmirdilər. Son anda qorxu həmişə var. Kim deyirsə, ölümdən qorxmur, yalan deyir. Ölüm həmişə dəhşətlidi. Sellərin, suların qoynunda qərq olmaq isə ondan da dəhşətlərin ən betəridi...
   
   Yox, sabah mütləq bu rayondan çıxmalıyam. Heç kim düz söz danışmır...
   
    Qərarımdan bir qədər sakitləşsəm də, nə edəcəyimi bilmirəm. Elə bu zaman gözləmədiyim birisindən qəribə bir zəng gəlir: "Vəsilə, mən indi ordan gəlirəm. Ulacalıdan. Hamı başını itirib. Heç kəs bilmir ki, nə olacaq. Onsuz da sənlik bir iş yoxdu. Yaxşısı budu, yığış, sakitcə rayondan get..." Zəng sahibinə təşəkkür edib kəndi yığıram. Gəlinimiz cavab verir. Nə elədiyini soruşuram. Deyir ki, mal-heyvanın yatağındayam, inək sağıram. Bu da sizə müasir kənd. Yengəm inək sağır, cibində də mobil telefon. Tapşırıram ki, bu axşam gəlib məni aparsınlar. İndi də həmişə mənə təsəlli verəni yığıb danlayıram:
   
   - Bəs deyirdin heç kim rayondan çıxmır?
   
   - Mən heç yana gedən deyiləm...
   
   - Özün bilərsən...
   
   Baxarıq. Su meymunun boğazına çıxanda... Eh... Daha belə şeylərin yeri deyil. Hər kəsin durumu ancaq özünə bəllidi... Balkona çıxıb ətrafa baxıram. Qonşuların maşını həyətdədi, özləri də evlərində, ailələrinin yanında. Heç kəs başqasının taleyi üçün cavabdeh deyil. Və heç kimdən də bunu tələb eləmək olmaz. Hamı öz alnına yazılanı yaşayır. Bir türk mahnısında deyildiyi kimi, başa gələn çəkilir. Nə deyəsən fələyin gərdişinə?! Əlimizdə olsaydı hamımız özümüzə ən uğurlu qisməti yazardıq. Bu dünyada kim nəyi istəyirsə, elə həmin şey də ona qismət olmur... Heç zaman böyük şeylərin təmənnasında olmamışam. Həyatdan, taledən istəklərim də çoxlarınkından fərqli olub. İndi elə dərdli, elə kimsəsizəm ki,... Bu üzüdönük dünyada heç olmasa, sən yanımda olaydın, Mənim Balam! Mən sənsizlikdən gedirəm bu rayondan. Heç kəsə ağız açmamaq, heç kəsə yük olmamaq üçün gedirəm... Əgər bilsəydim ki, bu boyda rayonda bircə nəfər də olsa, məni ürəkdən istəyən var... Daha dalını yaza bilmirəm... Evə girib yır-yığış edirəm. Nədən başlayım, nəyi götürüm?! Hansı vacibdi, hansı elə də gərəkli deyil?! Bilirəm ki, nə qədər diqqətli olsam da, ən gərəkli şeyi unudacam...
   
   Adamlarım gecə saat 1-ə işləmiş gəlirlər. Oturmurlar... Sumkalarımı götürüb düşürlər. Mənsə, onlar gələnəcən geyinib hazır olsam da yenə evdə vurnuxuram. Nəyisə unudaram, harasa açıq qalar. Külək əssə necə olar? İşığı, qazı, suyu dönə-dönə yoxlayıram... Axır ki, çıxıb qapını bağlayıram. Qapını da dönə-dönə yoxlayıb düşürəm. Ağlaya da bilmirəm ki, ürəyim bir az boşalsın...
   
   Yollarda maşın çoxdu. Dedilər, hələ bir az azalıb, gələndə yol tapıb keçə bilmirdik. Surra körpüsünün yanında adam, maşın əlindən tərpənmək olmur. Xeyli əsgər də var. Heyf ki, qaranlıqdı, çox şeyi aydın görə bilmirəm. Kür qaranlıqda boz, yayğın zolağa oxşayır. İlk baxışda qorxulu heç nə duyulmur. Ancaq təbiətə nə etibar?! Deyilənə görə, təzədən sel, daşqın gözlənilir...
   
   Saat 2-yə qalmış kəndə çatırıq. Yengəm qapıya çıxır. Hələ yatmayıb, məni gözləyirmiş. Çay, çörək təklif eləyir. İstəmirəm. Gecənin bu saatında heç bir doğmam qalmayan bu ata ocağında uşaq kimi ağlamaq istəyirəm. O qədər ağlamq istəyirəm ki, günlərdən bəri ürəyimə, boğazıma yığılanların hamısı axıb tökülsün, ruhum az da olsa, təsəlli tapsın. Amma həmişəki kimi özümü saxlayıram. Gəlinbacı eşitdiklərindən, bildiklərindən danışır. Şirvandakı çadırda bir nəfəri ilan vurub. Deyir, ilanlar yaman çoxdu. Su gəldikcə daraşırlar quruya...
   
   
   
   ***
   
   12.05.2010. Səhər yerimdən qalxmamış qızım zəng çalır: "Mama, deyirlər, rayonun yolları bağlanıb..." "Qorxma, daha rayonda deyiləm..."
   
   Sonra Ədalət müəllim də, kiçik bacım da zəng vurub eyni sözləri deyirlər. Özüm də Müşfiqi yığıram. Şirvana, çadırdakıların yanına gedirlər...
   
   Gəlinbacı məni tək qoyduğuna görə üzrxahlıq edib bostana gedir:
   
   - Xiyar, göyərti əkmişəm. İstəyirəm lobya da əkim...
   
   - İşində ol. Mən də yazı yazacağam...
   
   Hiss edirəm ki, işləsə də, qəlbi narahatdı. Bu istidə minbir zəhmətlə əkib-becərdiklərinin bir gün suların altında qalacağı qorxusu bir an da canından çıxmır. Amma işləməyə də bilmir...
   
   Arxasınca baxa-baxa Allaha yalvarıram: "Tanrım, sən heç yerdə bu adamların zəhmətini itirmə! Elə et ki, həmişə rahatlıqla işləyib ruzilərini qazansınlar. Mən Yer üzündə bundan böyük xoşbəxtlik tanımıram. Yurd-yuvasını tərk etməkdən, başqasının bucağına sığınmaqdan üzücü, insanı sındıran, əzən bir hal da yoxdu dünyada..."

TƏQVİM / ARXİV