adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

MƏBƏD

BABƏK YUSİFOĞLU
42348 | 2010-06-22 04:56
Bəşər övladı bu günkü inkişafına, tərəqqisinə görə ilk növbədə elmə minnətdar olmalıdır. Elə mədəniyyətlərin, əxlaqi dəyərlərin, ümumiyyətlə digər sahələrin... sistemləşməsi, cilalanması, çeşidli-nizamlı hala gəlməsi də elmin təsiri ilə baş vermişdir. Hətta insan övladının Tanrıya inamının belə xaotik formadan nizamlı hala gəlməsi də elmlə mümkün olmuşdur. Nahaqdan müqəddəs peyğəmbərimiz, Həzrəti Məhəmməd buyurmamışdır ki, insan beşikdən qəbir evinədək elm öyrənməlidir. Və ya müqəddəs kəlamlarda şəhid qanı ilə alimin mürəkkəbi bərabər tutulmuşdur. Amma etiraf etmək lazımdır ki, elmin təşəkkül tapması, inkişaf etməsi, yaşaması insanlığa asan və ya rahat başa gəlməmişdir. Elmə yiyələnmək, kəşflər etmək bir yana dursun, onların cəmiyyətə təqdim olunması cəhalət tərəfindən böyük təpki ilə qarşılanmış, yalnız saysız-hesabsız qurbanlar müqabilində duruş gətirə bilmişdir.
   
   Elm və mədəniyyətin mərkəzi Şərq sayılsa da məsuliyyətlə demək olar ki, bu gün Qərb həmin imkanları özününküləşdirmişdir. Və tarixin son mərhələsində dünyaya tərəqqinin daha çox Qərbdən gəldiyini etiraf etmək bir şərqli üçün asan olmasa da gerçəklik belədir. Şərqlilər yaratdıqlarını, kəşf etdiklərini dünyaya təqdim edə bilmədilər, həmin elmi mərkəzləri təkmilləşdirib yaşada bilmədilər, Qərbsə bütün bunları bacardı. Necə ki, özünün bir iynə zavodu belə olmayan şərqli torpağının altından çıxardığı "qara qızıl"ın hesabına 100 mərtəbəli otel, ticarət mərkəzi tikdirib şeşələnirsə, eləcə də qarşı tərəf özünün 500-1000 il bundan qabaq yaratdığı məktəbi instituta, akademiyaya çevirməsi ilə fəxr edir. Məhz elə buna görədir ki, Qərbdə elm mərkəzlərinin, Universitetlərin yaşı min illiklərlə ölçülür. Onlar bu elmin hesabına dünyaya, elə Şərqə də ağalıq edə bilirlər. İndi dünyayla bir nüfuza malik daha bir Universitet haqqında söz açmaq istəyirəm.
   
   HARVARD UNİVERSİTETİ
   
   
   
   Dünyanın ən məşhur, ən qədim Universitetlərindən biri sayılır. Əsası Amerikanın işıqlı adamları tərəfindən 1636-cı ildə ABŞ-ın Massaçusets ştatının Kembric şəhərində bir kolleci yaratmaqla qoyuldu. Bu kollec Harvard adını isə 1639-cu ildə qazandı. Böyük xeyriyyəçiliyi ilə tanınan, həm də nazir vəzifəsində çalışmış Con Harvard özünün var-dövlətinin tam yarısını və zəngin kitabxanasını bu kollecə vəsiyyət etdiyi üçün onun adı bu təhsil müəssisəsində əbədiləşdirildi. Qeyd edim ki, bu kitabxana böyüklüyünə görə kontinentdə ikinci kütləvi kitabxana hesab olunur.
   
   Bu gün böyük şöhrətə sahib olan Harvard Universiteti illəri, onillikləri... asan başa vurmamışdır. Zaman-zaman çətinliklərlə üz-üzə qalan bu elm ocağı bütün sınaqlardan çıxmağı bacardı. Elə Harvard Universitetinin maliyyə, tələbə, hətta müəllimlər sarıdan böyük əziyyət çəkdiyini diqqətə çəkmək kifayətdir ki, qarşısına çıxan sınaqlar aydın təsəvvür edilsin. Harvardın ilk buraxılış ilində 9 nəfər məzunu var idi. Burada ingilis universitetlərinin ənənəvi proqramları üzrə tədris verən bir müəllimi var idi. Amma illər keçdi, kollec inkişaf etdi, böyüdü. Artıq 18-ci əsrin sonlarında puritan dini təhsilindən başqa riyaziyyatın əsasları, klassik filologiya, filosofiya, təbiət elmləri öyrədilməyə başlandı. Və tədrisin burada belə sürətlə inkişaf etməsi kollecin statusuna uyğun gəlmirdi. Və o böyüdülməliydi. Məhz bu üzdən də 19-cu əsrin birinci rübündə kollec Universitetə çevrildi. Qısa müddətdən sonra 1810-cu ildə burada tibb, 1817-ci ildə hüquq fakültəsi də açıldı və yeni-yeni mütəxəssislər bura cəlb edildi. Və bundan sonra Harvard Universiteti 19-cu əsrin ikinci yarısında elmi, mədəni mərkəzə çevrildi.
   
   
   
   ZƏNGİN KİTABXANA, ELMİ MƏRKƏZ VƏ...
   
   
   
   Hazırda Universitetin özünün bir neçə zəngin - botanika, müqayisəli zoologiya, mineralogiya və geologiya, arxeologiya və etnologiya... muzeyi vardır. Qeyd edim ki, müəyyən təcrübələrin aparılması, tədqiqatların əyani şəkildə öyrənilməsi üçün Universitet indi nəinki özünün botanika bağına, hətta özünün xüsusi meşəsinə malikdir. Dünyanın ən böyük elmi kitabxanası da məhz Harvard Universitetində yerləşir. Hətta bu kitabxananın zənginliyi imkan verib ki, onun nəzdində ayrı-ayrı sahələr üzrə kitabxanalar da formalaşdırılsın.
   
   Bütün bunlarla yanaşı Harvard elmi nailiyyətləri, tədris proqramları və xüsusi tibb tədrisinə malik olması ilə fəxr edə bilər. Çox kiçik heyətlə fəaliyyətə başlayan Universitetin hazırda çox böyük tələbə heyəti, kadr potensialı vardır. Elə onu demək kifayətdir ki, hazırda burada 18 min tələbə təhsil alır, 10 min nəfər isə Harvard Universitetinin sisteminə daxil olan məktəblərin dinləyicisidir. 2005-ci ildən Universitetdə 2,3 min professor çalışıb. Və istənilən mütəxəssis üçün Harvard Universitetində işləməsi böyük imic hesab edilir.
   
   Harvard Universitetində 12 kollec və fakültə fəaliyyət göstərir: xüsusi mühəndis və elmi nəzəriyyələr, bakalavr dərəcəsi verən kollec, -aspirantura, -tədrisin davamiyyəti üzrə şöbəni özündə birləşdirən Elm və incəsənət fakültəsi; -Dişlərin müalicəsi və digər xüsusi sahələr üzrə Tibb fakültəsi; -Harvard ilahiyyat institutu, -Harvard hüquq elmləri institutu, -Harvard biznes institutu, -Dizayn aspiranturası, -Pedoqoji elmlər aspiranturası, -Səhiyyə İnstitutu, -Conn F. Keneddi adına Administrasiya institutu.
   
   
   
   TƏLƏBƏLƏRİ,
   
   MÜTƏXƏSSİSLƏRİ
   
   
   
   Universitetin bütün sahələr, ixtisaslar üzrə konkursu çox yüksək həddədir. ABŞ-dan başqa dünyanın 100 ölkəsindən burada təhsil alan tələbələr vardır. Harvarddakı təhsilin hansı səviyyədə olduğunu aydın təsəvvür etmək üçün elə Universitetin məzunları sırasında 30 nəfərin Nobel mükafatı almasını, yaxud ABŞ-ın yeddi prezidentinin - Con Adamsın, Con Kinsi Adamsın, Teodor və Franklin Delano Ruzveltin, Ruterford Heysin, Con Kennedinin və Corc (oğul) Buşun bu təhsil ocağından gəlməsini yada salmaq kifayətdir. Amma onu da qeyd edim ki, Harvard Universitetində təhsil elə də ucuz başa gəlmir. Cünki burada illik təhsil 42 min dollar həcmindədir.
   
   Bütün bunlardan savayı Harvard Universitetində fəaliyyət göstərən ən müxtəlif ixtisaslar üzrə elmi laboratoriyalar, təcrübə mərkəzləri, muzeylər... tələbələrin və elm adamlarının ixtiyarındadır. İtaliyan, fransız və ingilis incəsənətinə aid zəngin Foqqa incəsənət muzeyi, mərkəzi və şimali Avropa incəsəntinə dair Adolf Buş muzeyi, antik və Şərq insənətinə aid Sekler muzeyi, təbii tarix muzeyi, arxeologiya və etnologiya muzeyi, Semit mədəniyyət muzeyi... uzun zamandır təkcə Harvardın deyil, bütövlükdə dövlətin mənəvi və elmi sərvəti sayılır.
   
   Dünyada Harvard Kitabxanası kimi məşhur olan Universitet kitabxanası özündə ixtisaslaşmış 90 kitabxananı birləşdirir. Kitabların sayı isə artıq 15 milyonu ötüb. Harvardın bu nəhəng kitabxanası məhz belə keyfiyyətlərinə görə, Amerikanın ikinci ən böyük kitabxanası - Konqresin Kitabxanasından sonra - sayılır. Harvardın rəhbəri onun prezidenti sayılır ki, o da seçkilər vasitəsi ilə bu vəzifəyə gəlir. Maraqlıdır, mövcud olduğu müddət ərzində Universitetə kişilər rəhbərlik etsələr də bu hal 2007-ci ildə dəyişdi. Universitetin həyatında ilk dəfə rəhbərliyə qadın - ixtisasca tarixçi olan Dryu Faust seçilib. Yeri gəlmişkən, Maykrsoft kompaniyasının yaradıcısı, dünyanın ən varlı şəxslərindən biri sayılan, məşhur Bill Qeyts də Harvardın tələbələrindən biri olmuşdur.
   
   Bu gün də Harvard Universiteti özünün yüzillər boyu mənsub olduğu çox ciddi təhsil və tədris ənənələrini qoruyub saxlayıb. İndi də yeni elmi nailiyyətlərin öyrənilməsi, təcrübələrin və elmi təhqiqatların aparılması, hər şeydən qabaq, Universitetin nüfuzunun qorunması başlıca prinsip hesab olunmaqdadır. Və kimliyindən asılı olmayaraq kimsə həmin prinsiplərə bu və ya digər şəkildə xələl gətirə bilməz. Bu mümkün deyil. Əgər belə neqativ hərəkətlər baş verərsə, Universitetin dəmir kimi möhkəm qaydaları, nizam-intizamı onları bu nəhəng təhsil və elm ocağından kənara tullayacaq.
   
   
   
   

TƏQVİM / ARXİV