YAŞA DƏXLi OLMAYAN SÖHBƏT

ƏBÜLFƏT MƏDƏTOĞLU
35131 | 2010-06-19 01:02
Böyük Füzuli deyib, özü də elə dəqiq, elə səmimi və kişiyanə bir şəkildə deyib ki, heç kimin nə ruhu incimir, nə də ağlına özgə bir şey gəlmir. Yəqin ki, bilirsiniz də, Füzuli babamız nə deyib? Deyəsən özünüzü çətinə saldınız. Bu isti havalarda əziyyət çəkmənizi istəmirəm. Ona görə də o böyük insanın dediyini özüm yadınıza salıram. Deməli, Füzuli deyib:
   
   
   
   Eşqdir mehrabı uca göylərin,
   
   Eşqsiz ey dünya, nədir dəyərin?
   
   
   
   Bu misraları təsadüfən xatırlatmadım. Çünki son günlərin hava şəraiti və həm də bir para adamların münəccimlik edib gələcəkdən xəbər verməsi, hətta Nostradamusdan sitat gətirməsi məni bu mövzuya qayıtmağa məcbur etdi. Ötən istirahət günü metronun "20 Yanvar" stansiyasında qarşımı bir qaraçı kəsdi. Canı yanmış nə təhər dilini işə saldısa, bir də gördüm ki, cibimdəki son bir manatı da ona vermişəm və o da əlimi alıb ovcuna və başlayıb taleyimi üzümə oxumağa. İnanın ki, onun dediklərini bircə-bircə yazıb danışsam məni tanıyanlar elə biləcəkləri ki, tərcümeyi-halımı danışıram, keçmişimi yazıram. Adətən mən belə oyunlara uyan olmasam da, amma necə deyərlər şeytan yoldan çıxarmışdı məni. Falçı danışdıqca mən həm təəccüblənir, həm də xəyalən onun dediklərini təkrar yaşayırdım. Elə bil yenə həmin o illər idi...yenə həmin o kənd...yenə həyatımın digər məqamları idi. Bütün bunlar hər kəs üçün oxşar ola bilər. Mən də öz-özümə deyirdim ki, bu falçı qaraçının dedikləri milyonlarla insanlara deyilənlərin yəqin ki, cüzi bir hissəsidir. Və bəlkə də məndən öncə kimlərəsə eynən mənə dediklərini deyib. Nə bilim, imanımı yandıra bilmərəm. Ancaq özəl yaşamımla bağlı dediklərini eşidəndə artıq bir balaca içimdən gizilti keçdi. Hiss etdim ki, sarı simə toxundu. Sanki mənim təlaşımı o da duydu və bir qaraçı nazı ilə gülümsəyib dedi:
   
   - Cavan oğlan, (cavana bax e?! - Ə.M) qorxma, dediklərimi heç kim eşitmir.
   
   Günahı, yəni suçu olan insanlar belə olan məqamda hansı təlaşları keçirirsə, mən də istər-istəməz narahat oldum və dərhal da heç nə olmamış kimi üzümü bozartdım:
   
   - Daha başqa pulum yoxdu, məni dilə tutma. Dediklərin elə budursa, çox sağ ol- dedim. O heç halını pozmadan gülümsəməyinə davam etdi və bircə kəlmə dedi:
   
   - Mən əminəm ki, sən yazı-pozu ilə məşğul olursan. Odur ki, özünü yanmaqdan qoru...
   
   Metronun çıxışına doğru getdim və gedə-gedə də düşündüm ki, həyatda insanın güvəndiyi və etibar etdiyi çox az-az dayanaqlar var. Onların içərisində mənə görə ən vacibi etibardı, sədaqətdi. Hətta süfrədə çörəyin, suyun olmamasını faciə saymıram. Etibarın olmaması isə bu faciənin neçə milyon qatıdır. Elə bir qat ki, ondan o biri tərəf yoxdur. Bax, mənə görə insanın yanma nöqtəsi, sınma yeri də məhz etibarın itməsidir. Təəssüf ki, hər şeydə, hətta sevgidə də etibar bir oyunçağa çevrilib. Olsa da olar, olmasa da . Çünki sevgilər günlə yaşanır, mesajla qidalanır, zamanla nəfəs alır, şəraitə uyğun dəyişir. Rəngi də, ətri də, dadı-duzu da gərəkliyi ilə ölçülür. Necə deyərlər, sevgi maddiləşib. Onu satmaq da olur, almaq da.O daha dünyanın dəyəri deyil...
   
   Hə, mən həmin gün çox fikirləşdim. Və fikirləşə-fikirləşə də ip ucu axtardım. İstədim ki, çözüb, tapam görəm harda nöqsanım, günahım olub və nəyi necə lazım bilib etməmişəm... Qəliz oldu, son dərəcə qəliz. Tapa bilmədim. Çünki həm itirməmişdim, həm də nəyi axtardığımı da bilmirdim. Bildiyim yeganə o idi ki, mən yazdığım hər sözün, dilimə gətirdiyim hər misranın arxasında həmişə özüm olmuşam. Necə deyərlər, həmişə özümü, öz taleyimi, öz duyğularımı yazmışam və bəlkə də mənim qədər özünü ortaya qoyub şəklini çəkən, pıçıltılarını yazan ikinci bir adam yoxdu. Bəlkə də var?.. Olsun. Mən də özümü və sevgimi yazıram.
   
   
   
   nahaq inciyirsən, nahaq küsürsən,
   
   oxunmuş kitabam - sən də vərəqlə...
   
   ömrümün vergüldən nöqtəsinədək
   
   məni görəcəksən sən hər vərəqdə...
   
   
   
   yazılıb o kitab- yazanı bəlli
   
   dəyişəmək, nə də ki, yandırmaq olmaz
   
   mən səndən tutmuşam bax, iki əlli
   
   keçmişi hər sözdə andırmaq olmaz.
   
   
   
   mənim kitablara sığan keçmişim
   
   həyatın dərəsi, düzü kimidi
   
   göydən enməmişəm, ay seçilmişim,
   
   dunənim - dünənin özü kimidi.
   
   
   
   indi qarşındayam - qələm, vərəq tək
   
   nəfəsin nəfəsim, qanın qanımdı
   
   istərsən yazı yazı, istər şəkil çək-
   
   bil ki, sənli dünyam ruhum, canımdı.
   
   
   
   ***
   
   Son vaxtlar əlimə keçən köhnə kitabları (əslində kitab heç vaxt köhnə olmur -Ə.M.) oxumağa üstünlük verirəm. Görünür yaş təsir edir, ya da xatirələr. Ola bilsin bu kitablarda mən qurduğum xəyallar, arzular daha real görünürdü, daha gerçək idi... nə bilim... Amma bildiyim, qəti əmin olduğum bir şey var, belə ki, insan mütləq nədəsə öz arzusunu, öz xəyalını görməlidir. Bir az da çılpaq desəm, ya göy üzündə, ya çağlayan bulaqda, ya yaşıl yarpaqda, ya gülün qönçəsində, ya bir qızın baxışında, ya bir uzaq, əlçatmaz qayanın zirvəsindəki qaraltıda... Bir sözlə, bütün mövcud olanların hansısa birinin içərisində sənin arzun, xəyalın gerçək kimi görünməlidir. Hiss etməlisən ki, həmin o gerçəklikdədi sənin axtardığın və sən də ona doğru gedirsən, istər dizin-dizin, istər sürünə-sürünə, istər yüyürə-yüyürə... fərq etməz, ancaq gedirsən, yorulmadan, usanmadan, ümidsizliyə qapılmadan.
   
   Bax, mən də həmin o köhnə kitablardakı həyat romantikasını, əmək, sevgi, yaşam, ən vacibi isə insanın dəyərinin qiyməti ölçüsündə nələrisə tapırdım, onlarla baş-başa qalırdım, onlara inanırdım və onları özümünküləşdirirdim. Elə bilirdim ki, məni də həmin həyat gözləyir, mən də həmin o yollardan keçəcəm, mən də həmin o sevgi sınaqlarını yaşayacam və mən də bütün o yaşananların içərisində həmin o müsbət qəhrəmanın özü kimi hər şeyə qalib gəlib ədalətsizliyə, unutqanlığa, laqeydliyə, saxtakarlığa meydan oxuyacam. Təəssüf ki, o köhnə kitablar kimi indi bu duyğular da adama çox köhnə görünür. O qədər köhnə ki, bəzən onun nimdaşlığını dilə gətirməyə də ürək eləmirsən...
   
   Üz-üzə gələndə daha çox maddi sıxıntılardan danışırıq, ehtiyacları dilə gətiririk, işsizliyi, güzaranı, sonra isə ağrı-acıları bir-birimizə söyləyirik. Sanki bu söhbətlər bizim yüngülləşməyimizə səbəb olur. Əslində isə belə deyil. Biz maddi sıxıntılarımızı dilə gətirə-gətirə, ağrı-acılarımızı söyləyə-söyləyə qarşımızdakı hər kəsi özümüzün gününə salırıq, öz yükümüzü onun da çiyninə yükləyirik. Bu heç də ədalətli yanaşma deyil. Doğrudur, bəziləri iddia edir ki, insan gərək dərdini-sərini danışıb, ürəyini boşaldıb yüngülləşsin. Amma insan özü yüngülləşmək üçün qarşısındakını yükləyirsə, bunun nəyi yaxşı oldu. O ki, qaldı öz-özümlə, dağla-daşla, dörd divarla danışmağa... buna bəzən dəlilik də deyirlər...qulaqlarınızı çəkin...
   
   Hə, biz get-gedə mənən cılızlaşırıq. Çünki maddiyat mənəviyyatı lap divarın küncünə sıxışdırıb. Ordan tərpənməyə nə onda güc var, nə də ona əl uzatmaq istəyəndə. Belə olan halda kiməsə durub həyat dərsi demək, həqiqi sevgidən, insani dəyərlərdən söhbət etmək çox gülünc və primitiv görünür. Hətta adamın arxasınca dürlü-dürlü sözlər fırladırlar da... Allah uzaq eləsin...
   
   
   
   qəm dolu gün içində
   
   şam kimi əriyirəm
   
   öz-özümə ağlayır-
   
   özüm də kiriyirəm.
   
   
   
   sükut güc gəlir mənə
   
   susub əsir düşürəm
   
   təkliyin nəfəsindən-
   
   gör necə üşüyürəm...
   
   
   
   dörd divar kənarında
   
   nə ip ucu, nə işıq
   
   sükutla aramızda-
   
   gedir gizli danışıq...
   
   
   
   qəm dolu bəlli bir gün
   
   mən unudulmuş adam
   
   xatirə buludu tək-
   
   hərdən sən üstümə dam!..
   
   
   
   ***
   
   Belə bir deyim var, bilmirəm kitablarda oxumuşam, yoxsa eşitmişəm. Amma dəqiq bildiyim odur ki, həmin deyimə görə, insanı yaxından tanımaq, ona bələd olmaq yolları çoxdur. Ən birincisi isə istənilən insana özünün uyğun olduğundan bir barmaq yuxarı vəzifə vermək kifayət edir. Uzağı üç gündən sonra sifətini açıb qoyur ortaya. Bilirsən ki, bunun içi ilə çölü nə imiş. Amma Tanrı biz bəndələrini yaradanda hər birimizə insanlıq vəzifəsi də verib.Biz o insanlıq vəzifəsini özümüzə uyğun, istəklərimizə uyğun, şəraitə uyğun istifadə etməyə meylliyik. Heç vaxt cəhd etmərik ki, başqasının haqqı mənim haqqımdan, sənin haqqından üstün olsun. Əksinə, biz öz üstünlüyümüzü nümayiş etdirməyi xoşlayırıq. Lakin...
   
   Yazının əvvəlində falçı ilə bağlı bir məqama toxundum. Belə götürəndə o qaraçı da insandı, onun da çiynində insana aid olan vəzifələr bərqərar olub. Lakin o, öz insanlığı ilə bahəm hardasa şeytanın edə biləcəyi işləri də görür. Kim məni qınayır qınasın, istənilən öncəgörmə çox vaxt ümidsizlik yaradır. Bir halda ki, sonunu bəri başdan bilirsən, onda o sona gedib çıxmağın nə mənası var ki?!.. Deməli, falçının mənə dedikləri mənim yazdıqlarımın, düşündüklərimin ən yaxşı halda beyinə qoşulmaları idi. Yəqin ədəbiyyatda bu terminə rast gəlmisiniz. Məncə rəhmətlik Elbrus Əhmədin həmin silsilədən olan şeirləri dediklərimə yaxşı bir sübutdur. İmkan olsa tapıb oxuyun.
   
   Sevgi insanlıq missiyasında ən vacib, ən zəruri və həm də ən həssas nöqtədir. Elə bir nöqtədir ki, ona toxunmaqla, ona sahib çıxmaqla hər şeyi, o cümlədən də bütün mənəvi xoşbəxtliklərin hamısına nail ola bilərsən və yaxud da əksinə. Özü də sevgi bütün mənalarda istər insanlar arasında, istər insanla ətraf mühit arasında həmişə eyni bir nöqtədən qidalanmaqla eyni bir məna yükünü daşıyır. Adı kimi özü də dəyişmir. Sadəcə artır, azalır, yaşayır, ölür. Amma yaranıbsa, xatirələrdə də olsa əbədilik haqqını özündə saxlayır. Ona görə də məşhur bir deyimdə söylənildiyi kimi, "yaşa dəxli olmayan" sevgi hər zaman hər kəsin yanında, ürəyində olmalıdır. Bir də ki, mənim anlamıma görə, bu sözü böyük hərflərlə yazıb ikiyə bölsək, onda aydın bir sualın qarşısında qalarıq.
   
   - SEV-Kİ?.. (G və K hərflərini tələffüzə uyğun seçdik)
   
   Əgər sevsən, daha doğrusu sev ki, sevgiyə çatasan, sevgiyə qovuşasan. Onda yaşın da mənası, ömrün də mənası o sevginin içində əriyib gedəcək. Sənə qalan isə, sev ki, sevdiyin olsun!
   
   Bu qəliz saydığınız, amma çox səmimi fiikrlərin arxasınca bir istək də özünü göstərməkdədir. O da mənim sevdiklərim və məni sevənlərim misralaşmış duyğularıdır.
   
   
   
   mən özüm də bilirəm
   
   həyatına gəlişim
   
   artırıb əzabını...
   
   mən özüm də bilirəm
   
   bu artan əzabların
   
   ödəniş hesabını...
   
   sən də yəqin bilirsən
   
   gəlişin taxt çevirdi-
   
   lal axarlı ömrümdə...
   
   sən də yəqin bilirsən
   
   nələr, nələr sevirdi-
   
   mənim yatmış könlüm də...
   
   
   
   mən bildiyim - mənə qəm
   
   sən bildiyin sənə yük...
   
   sən Həvvasan, mən Adəm-
   
   cənnətin vərəqin bük...

TƏQVİM / ARXİV