BiR TiKƏ çÖRƏK

FAİQ QİSMƏTOĞLU
30463 | 2010-06-19 01:02
Çox adam bu gün bir-birini kitab oxumamaqda ittiham eləyir. Bir də görürsən ki, hansısa televiziya kanalında gedən verilişdə kitabla bağlı söhbətlər gedir. Bir tərəf deyir ki, kitab oxuyan yoxdu, başqa bir tərəfdə bildirir ki, kitab oxuyan var, amma azdır. İndi başa düşmək olmur, bizim məmləkətdə kitab oxuyan çoxdur, yoxsa kitab oxumayan. Bu barədə dəqiq heç bir şey deyə bilmərik. Bircə onu deyə bilərik ki, dünyada ən çox kitab oxuyan ruslar, fransızlar, yaponlardır. Bəlkə başqa kitab oxuyan millətlər də var, ancaq onlardan xəbərimiz yoxdur.
   
   Məsələ kitab oxumaqda deyil, məsələ hər hansı mövzu ilə bağlı münasibətə dərindən fikir bildirməkdədir. Belə bir deyim var: "Bir savadlı adam çox danışır, bir də savadsız adam". Bu həqiqətən də belədir. Bir də görürsən ki, hər hansı məclisdə elmdən, savaddan və dünyadan xəbəri olmayan bir adam boş-boş danışıb ətrafdakıları boğaza yığır. Mənasız söhbətdən bezən bəziləri elə həmin an məclisi tərk eləyir. Boşboğaz insan isə ağzına gələni danışmaqda davam eləyir. Belə çıxır ki, bu gün boşboğazların, savadsızların, anlamaz və qanmazların sayı daha da çoxalıb. Ona görə çoxalıb ki, kitab oxuyan azalıb.
   
   Kitab oxumamaq eyib sayılır. Amma məsələnin bir qaranlıq tərəfi də ondan ibarətdir ki, qarnı tox olmayan adam heç vaxt kitab oxumaq haqqında, teatra getmək barəsində və kinoya baxmaq haqqında bir o qədər də düşünməz. Çünki o adamların əsas məqsədi ondan ibarət olur ki, bir tikə çörək tapsın və bununla da ailəsini dolandırsın. İndi əhalinin böyük əksəriyyəti ona görə kitab oxumur ki, bir tikə çörəyin dalınca düşüb əsir-yesir olub. O çörəyi tapa bilməyən adam çətin ki, kitab oxusun, teatra getsin və kinoya baxsın. Ona görə də kitab oxumayanları bir o qədər qınamaq olmaz. Əgər imkanı varsa və kitab oxumursa o başqa bir məsələ. Vaxtı ilə bizim kənddə elə müdrik insanlar olub ki, onlar kitab oxuyan alimlərdən, professorlardan qat-qat savadlı və dünyagörüşlü idilər. Hər hansı bir insan çətinə düşəndə onlara üz tutar və bu müdrik adamlardan məsləhət alardılar. Atalar onu da yaxşı deyib: "Quyuya su tökməklə iş düzəlməz. Gərək quyunun özündə su olsun". Əgər bir adamın istedadı və savadı yoxdursa, nə qədər kitab oxusa, həmin kitabın bir cümləsi belə onun yadında qalmayacaq. Yenə vaxtı ilə bizim kənddə bir kişi olub. Deyirdilər onun oxumadığı kitab qalmayıb. Amma sadəcə olaraq həmin adamdan soruşanda ki, oxuduğu kitabın əsas məzmunu, ideyası və qayəsi nədən ibarət olub, bu adam da susub çiyinlərini çəkərək "bilmirəm" deyib. İndi belə kitab oxumaq kimə lazımdı? Bir kitabı oxuyub onu öz mənəvi sərvətinə və var-dövlətinə çevirə bilmirsənsə, heç onda günlərlə, aylarla vaxt itirib o kitabı oxumağa dəyməz. İnsan onda istəyinə nail olur ki, hər hansı bir şeyi özünün malına çevirə bilir. "Mal" deyəndə birdən çoxları elə bilər ki, hansısa var-dövləti, qızıl-gümüşü və mal-qoyunu nəzərdə tuturuq. Ən böyük var-dövlət insanın həyatda qazandığı elm, savad və dünyagörüşüdü. Biliyini və elmini nə qədər xərcləsən tükənməyəcək. Amma var-dövlətdə bir balaca israfçılıq eləsən və əliaçıq olsan, onda hər şey əldən gedəcək.
   
   
   
   ***
   
   Bakının kəndlərində və eləcə də məmləkətimizin digər əyalətlərində camaat sürü ilə bağlara hücum edən çəyirtkələrin əlindən lap boğaza yığılıb. Çəyirtkələr sürü ilə üzüm bağlarının, tərəvəz məhsullarının və taxıl zəmilərinin üzərinə hücum çəkir, onları elə günə qoyur ki, bir məhsul belə tapmaq mümkün olmur. Bakı kəndlərinin əksəriyyətinin bağlarında üzüm ağacları var. bu üzüm ağacları camaatın bir çox halda böyük ümid yeridir. Çünki əhalinin müəyyən hissəsi bağlardakı üzümün yetişəcəyinə ümid bəsləyib nə vaxtsa bir tikə çörək qazanacaqlarını fikirləşirdilər. Ancaq çəyirtkələr o üzüm bağalarını elə günə salıb ki, indi orda elə bir üzüm tingi yoxdur ki, onun yarpağı salamat qalsın. Yetişə biləcək salxımlar isə hamısı çəyirtkələr tərəfindən məhv edilib. Görünür, havaların isti və quraqlıq keçməsi çəyirtkələrin bizim məmləkətimizə sürü ilə hücumuna səbəb olub. Çünki həmişə havalar isti olanda və çəyirtkələr yeməyə bir şey tapmayanda, taxıl sahələrinə, bostan-tərəvəz yerilərinə və üzüm bağlarına hücum çəkirlər. Belə hücumların qarşısını təbii ki, almaq çox çətindr. Əvvəlcədən bilmək olmur ki, bu çəyirtkələr nə vaxt gələcək. Əgər bilmək olsa, bəlkə ona qarşı mübarizə də təşkil eləmək olar. Hər halda, çəyirtkələrin üzüm bağlarına, taxıl sahələrinə kütləvi "yürüşü" insanların çörəyini "kəsib". Camaat deyir ki, gözümüzü yetişəcək məhsullara dikmişdik, bunu da çəyirtkələr bizə çox gördü. Amma özünə təsəlli verib sakitləşən insanlar da var.
   
   Onlar da deyirlər ki, Allahın işinə əl aparmaq olmaz. Necə ki, sel gəlib böyük ərazilərimizi su altına qoydu, çəyirtkələr də bizim azuqəmizi əlimizdən aldı. Nə etmək olar, buna da şükür. Allahın şükür eləyən insanları Allah daha çox istəyər.

TƏQVİM / ARXİV