adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

"istəyirəm xalqım, dövlətim üçün yararlı vətəndaz olum"

CEYHUN MUSAOĞLU
32220 | 2010-06-19 01:02
Turan İbrahimov. Onu təqdim etməyə bu ad və bu soyad kifayətdi. Əslində Turan bizi təqdim edir. Hər gün ANS-dən günümüzə baxmaqla. Necə görünürük? Suala müsahibədə cavab tapacaqsız. Cavablardansa Turanı daha yaxşı tanıyacaqsız, daha aydın görəcəksiz. Məlum olacaq ki, təkcə biz ona baxmırıq, o da bizə baxır.
   
   Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra istiqamət müəyyənləşdi. Azərbaycanın yolu ümumi maraqlarımız, əbədi müstəqilliyimiz və xalqın xoşbəxtliyindən keçir. Biz bu istiqamətdə addımlayırıq. Bunun adı isə balanslaşdırılmış dövlət siyasətidi. Azərbaycan maraqları çərçivəsində Qərb, Şərq, Rusiya, hətta torpaqlarımızı işğaldan azad edəndən sonra Ermənistanla da əməkdaşlıq edə bilər. Əsas odur xalqımızın və dövlətimizin imzası imzalar içərisində görünsün, bütün proseslərdə o nəzərə alınsın.
   
   - Populyarlığı ilə seçilən verilişlərin aparıcısı kimi tamaşaçı etirazı ilə az qarşılaşmamısız. Sizi alqışlayanlarla yanaşı, səsləndirdiyiniz ifadələrə, efirdəki hərəkətlərinizə haqq qazandırmayanlar da az olmayıb. Belə münasibəti təbii qarşılayırsız, yoxsa, qərəzli hesab edirsiz?
   
   - Hər kəsin gözünə fərqli görünən hadisə reaksiya doğurur. Əslində inkişaf ziddiyyətlərin varlığındadı. Tamaşaçının tamamılə alqışladığı, yaxud, bütövlükdə bəyənmədiyi layihələrin reytinqi birmənalı olaraq aşağıdı. Onlardan tarixdə belə demək olar, heç nə qalmır. Müzakirə doğuran məsələlər daim gündəmdə olur və populyarlıq gətirir. Əgər verilişimdə hansısa tərəfin bostanına daş atıramsa, daşları qarşılamalı olanlar etiraz etməli, ən azından həmin daşları mənə tərəf tullamalıdır. Kimsə asanlıqla səhv olduğunu boynuna almır. Amma səsləndirilən arqumentlərin məntiqinə fikir vermək vacibdir. Mənim verilişlərdə ortaya qoyduğum münasibəti bəyənməyənlərin arqumenti ilə bəyənənlərin arqumenti arasında kifayət qədər səviyyə fərqi var. Təbii ki, bu müqayisədə birincilər ikincilərə uduzur.
   
   - Azərbaycan tamaşaçısının məntiqli arqumentlərə malik olduğunu ürəklə söyləyə bilərikmi?
   
   - Dünyanın hər yerində tamaşaçı kütlədi. İstəməzdim burada "kütlə" ifadəsi mənfi məzmunda izah olunsun. Sadəcə, çoxluq daha dəqiq düşünmə potensialına malik deyil. Çoxluq, yəni kütlə refleksiv, instink hərəkət edir. İnstink baş qaldıran yerdə məntiqin yerinə hisslər keçir. Ümümiyyətlə, tamaşaçının istənilən reaksiyası həmin verilişin, aparıcının uğuruna xidmət edir. Məsələn, siz qəzetçisiz və məqalələrinizin əksəriyyətini tənqid üzərində qurursuz. Yəqin az olmayıb, hədəf seçdiyiniz tərəf yazınızı oxuyub telefon açaraq kəskin etiraz etməsin. Bu münasibət ortaya bir faktı qoyur: həmin oxucu sizin təmsil olunduğunuz qəzeti alıb. Bax bu, artıq uğurdu. Sənin yazını pul verib alan varsa, deməli, yazmağa dəyər. Televiziyada da belədi, önəmli olanı tamaşaçının reaksiyasıdır. O, nə istəyir desin, təki danışsın, susmasın.
   
   - "Günə baxan" verilişi bir başa ictimaiyyətdəki problemlərin üstünə gedir ki, belədə tez-tez bu və ya digər məmuru hədəf seçməli olur. Deməli, Azərbaycanda məmur psixologiyasına kifayət qədər bələd jurnalistlərdənsiz. Bu psixologiyanın ştrixlərini qəzetimizin oxucularına cıza bilərsizmi?
   
   - Günə baxan verilişinin azad formatlı olmasını istəyirdik və buna nail olmuşuq da. Xalqın sosial, siyasi, psixoloji, bir sözlə müxtəlif baxışlı təbəqələrini müəyyən vaxt çərçivəsində kifayət qədər uğurla bir araya gətirə bilirik. Bir veriliş hazırlayıram ona şou-biznesdə olan, hər şeyə istifadə etmək mənbəyi kimi baxanlarla yanaşı, evdar xanımlar, elm adamları, deputatalar, məmurlar da tamaşa edir. Çünki komandamız düşünülmüş olaraq elə veriliş hazırlayır ki, orada hər kəsə pay düşsün. Müəllifi olduğum verilişlə böyük ölçüdə xalqımı tanıdım, onun problemlərinin nədən ibarət olduğunu bildim, məmurların fəaliyyətindəki fəlsəfəni duydum. Azərbaycanda idarə edənlər və idarə olunanlar problemi var. İdarə edənlər problemi yuxarı qatlara qədər gedib çıxmayıb. Vəziyyətin qara rəngdə təqdim olunmasına orta səviyyəli məmurlar şərait yaradır. Yeni dövrə uyğunlaşmaq istəməyən, hər şeyə, hətta dövlətçiliyə də şəxsi maraqları çərçıvəsində baxan, nəfislərinin təmin olunma imkanlarını itirmiş məmurlar ölkənin inkişafına ciddi əngəl törədirlər. Belələri, tutduqları vəzifəyə obyekt nöqteyi nəzərindən baxdıqlarından dövləti və Vətəni sevmək hissini çoxdan unudublar. İdarə olunanlar isə iki qrupa bölünür: köhnə rejimdən tam qurtula bilməyən əvvəlki nəsil, müstəqilliyə uyuşa bilməyən yeni nəsil. Əvvəlkilər sovet dövründə olduğu kimi, problemlərin həllini bir mərkəzdən gözləyirlər və hüquqlarını tələb etməyi ağıllarına gətirmirlər. İndikilər isə hardan nə gözləməli olduqlarını bilmirlər. Aralarında çıxan bir neçə nəfərə də cəmiyyət "demaqoq" damğası vurur. Bu qədər basqı altında uzun yol getmək çox çətindi.
   
   - Düşünmürsüzmü idarə edənlərin və idarə olunanların problemlərini dərindən bilən tanınmış aparıcı olaraq sırf siyası layihə gerçəkləşdirməyin vaxtı çatıb?
   
   - Günə baxan hər həftənin beş günü efirdə olur. Mənim imkanım var ki, bu günlərdən birində siyasətə toxunum. Yerdə qalan dörd günü isə sosial, psixoloji, mədəni, geopolitik problemlərin çözülməsinə həsr edim. Bəxtim onda gətirib ki, verilişimdə müxtəlif vasitələrdən istifadə edib, fikirlərimi tamaşaçıya çatdıra bilirəm. Bununla kifayət qədər iş görmüş oluram. Gələcəkdə kostyum geyinib, trafaret cümlələr səsləndirməmə ehtiyac olsa, yəqin ki, bu, layihəni də gerçəkləşdirməyə gücüm çatar.
   
   - Neçə ildir tamaşaçı üçün Turan adı yad deyil?
   
   - İyunun 25-i 29 yaşım tamam olur. 17 yaşımda Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olmuşam. İkinci kursda oxuyanda müxbir kimi ABA televiziyasında işə başladım. Davamı "Spase" ilə gəldi. "Lider", "ATV" də fəaliyyət göstərdiyim televiziyalar sırasında önəmli yer tutur. Əlbəttə ABA-da, "Spase"-də efirə çıxmışdım, amma aparıcı karyerama ATV-də başladım. Tamaşaçı adımı "Ziqzaq" verilişi ilə yadda saxladı. Sözü üzə deyən, qarşısındakını ifşa etməyi bacaran Turan İbrahimov ATV-də meydana çıxdı. On bir ildir televiziyadayam və beş ildir tamaşaçılar məni daha yaxşı tanıyır.
   
   - Həmişəmi sözü üzə demək lazımdı?
   
   - Söz mütləq ünvanına deyilməlidi. Ünvan isə istənilən halda üzdü.
   
   - Aparıcı olaraq, yaratdığın obraz xatirinə sözü üzə demək bəlkə də vacibdir. Bəs həyatda necə, Turan İbrahimovu həqiqəti deməkdən çəkinməyən birisi hesab etmək olarmı?
   
   - ATV-dəki Turan mənim həyatımın bir hissəsi idi. O hissəsi ki, oranı çəkinmədən sözü üzə demək təşkil edir. Əlbəttə orda Turan obraz idi. ANS-də Turanın özü var. On ay gündə üç saat efirdə yalnız insan özü olaraq tab gətirə bilər. Hər hansı obraza girməklə sona qədər dözmək və obrazda olduğunu büruzə verdirməmək mümkün deyil. Qorxaq insan yalnız filmdə rejissorun diqtəsi ilə mərd bir adamı canlandıra bilər. Mən necəyəmsə buyam. Barəmdə olan bütün fikirlərlə razıyam. Deməli, onların gözünə elə də görsənmişəm. Xasiyyətinin müxtəlif yönlərini görənlər Turana müxtəlif cür qiymət verməkdə haqlıdır. Turan robot olmadığı üçün bir xasiyyət, bir xarakter nümayiş etdirə bilməz. Təkcə qərəzi qəbul etmirəm.
   
   - Uzağa hesablanan məqsədiniz var?
   
   - BDU-nun məzunuyam, xeyli master-klasslar keçmişəm, təvəzökarlıqdan uzaq olmasın, çoxlu kitablar oxumuşam. Amerikalı xanım sosioloq "Bir lider ola bilmək" kitabında yazır ki, lider olanlar fəaliyyətə başlayanda qarşılarına bunu məqsəd qoymayıblar. Hər kəs sevdiyi işlə məşğul olanda istər-istəməz özünü ifadə etməli olur. Özünü ifadə edən şəxsin yaradıcılığı ilk növbədə onun özü üçün əhəmiyyət kəsb etməyə başlayır. Yəni ortaya maddi və mənəvi təminat çıxır. Sonra bu təminatın sərhədləri genişlənir, ətrafına qədər gedib çatır. Nəhayət bu fəaliyyət özündən, yaxınlarından başqa digərlərinə də xeyir gətirdiyi andan artıq meydana lider çıxır. Mənim məqsədim gurnalistika ilə özümü ifadə etməkdir. Taleyin gedişatına isə proqnoz verə bilmərəm. Sadəcə, istəyirəm xalqım, dövlətim üçün yararlı vətəndaş olum.
   
   - Belə anladım: Turan gələcəkdə siyasətlə də məşğul ola bilər. Hər halda ANS-dəki verilişinizlə başqlarının problemlərini dəfələrlə həll edə bilmisiz, hazırda əmanətlərin qaytarılmasına çalışanlar sırasında öndə gedənlərdənsiz. Əmanətlər isə yaşlı nəslin nümayəndələrinə hava, su kimi lazımdır.
   
   - Liderliyə təkcə siyası nöqteyi-nəzərdən yanaşmaq düz deyil. Həkim, müəllim, mühəndis və başqa sahənin adamları sənətlərində lider ola bilərlər. Sadəcə, öz işimdə ön planda olmaq istəyirəm. Siz əmanətlərin qaytarılması məsələsinə diqqət çəkdiz, amma biz ANS-in imkanları çərçıvəsində çox işlər görmüşük. Məşhur fikir var: bir nəfəri öldürmək bütün insanları öldürməkdir, bir nəfəri yaşatmaq bütün insanları yaşatmaqdır. Indiyə kimi kimsəsiz iki cütlüyün ailə qurmasına, maddi təminatlarının ödənməsinə nail olmuşamsa, artıq nəsə etmişəm. Məhkəmələrin, polislərin və başqa sahənin adamlarının haqsızlığından əziyyət çəkən fərdlərin, qrupların haqqını bərpa etmişəmsə, bu, uğurumdu. İnternat məktəblərini bitirənlərin işlə təmin olunmasında əsas rol oynamışıq. Hər şeyi Allaha görə eləmişəm. Qoy hərəkətlərimə Yaradan qiymət versin.
   
   - Çiynlərinizə çox ağır ictimai yük götürməyə hazırsız?
   
   - Jurnalistika özü ictimai yükdür. Həm də çox ağır yükdür. ANS televiziyasında işlədiyim müddətdən özümü jurnalist hesab edirəm və ağır ictimai yük daşıdığımın fərqindəyəm.
   
   - Azərbaycanda söz azadlığının səviyyəsini necə qiymətləndirirsiz?
   
   - Azərbaycan xalqı totalitar rejimdən çixmış, demokratik ənənləri olmayan və mentalitet baxımından azadlığı meydanlara çıxıb qışqırmaq hesab edən toplumdur. Belə şəraitdə hələ ki, ən azından Türkiyədəki kimi yaşamağımızı tələb etmək yanlışlıqdır. Hər şeyə mərhələlərlə çatmaq mümkündür. Azərbaycanın regiondakı yerini nəzərə almadan, ölkəmizin gerçəkliyini düşünmədən Avropadakı söz azadlığından danışmaq absurddur. İkinci tərəfdən söz azadlığından kim nə qədər istifadə edə bilir, bu, artıq fərdlərin problemidir. Bizim insanlar elə anlayır ki, harda nə istəyirlər danışa bilərlər. Elə deyil. Mənim sözüm başqalarının sözü başlayan yerdə bitir. Söz azadlığı budur. Bu çərçıvədə nə istəyirsən de və müstəqil ol. Müstəqil olmayan, harasa bağlı olan şəxsin fikirlərində azadlıq yox qərəz gizlənib. Onu susdurmaq söz azadlığına zərbə deyil, əksinə, vətənin azadlığına təkandı.
   
   - Siyasi mətbuatda iki fikir var. Birincilər deyir, Azərbaycan üzünü Qərbə, ikincilər deyir, Rusiyaya tutmalıdır. Sizcə Azərbaycan üzünü mütləqmi harasa tutmalıdır?
   
   - Üz harasa tutulmalıdır. Azərbaycanın dövlət olaraq üzünü hara tutmalı olduğuna gəldikdə isə Ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra istiqamət müəyyənləşdi. Azərbaycanın yolu ümumi maraqlarımız, əbədi müstəqilliyimiz və xalqın xoşbəxtliyindən keçir. Biz bu istiqamətdə addımlayırıq. Bunun adı isə balanslaşdırılmış dövlət siyasətidi. Azərbaycan maraqları çərçivəsində Qərb, Şərq, Rusiya, hətta torpaqlarımızı işğaldan azad edəndən sonra Ermənistanla da əməkdaşlıq edə bilər. Əsas odur xalqımızın və dövlətimizin imzası imzalar içərisində görünsün, bütün proseslərdə o nəzərə alınsın.
   
   

TƏQVİM / ARXİV