adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

VAMPYRUM

MƏZAHİR ƏHMƏDZADƏ
36686 | 2010-06-12 03:25

   
   ... Yastıburun yarasalar fəsiləsindən məməli heyvanlar cinsinə aid olsalar da tropik Amerikanın və Böyük Antil adalarının sıx meşələrində yayılmış bu tip vampirlər daha qorxunc görünmələrinə baxmayaraq, qansoranlara aid edilmirlər. Həşərat və meyvə ilə qidalanan belə yarasaların qanadları 70 sm-ə çatır. Hər halda elmə məlum olan yarasa növlərinin əksəriyyəti qansorandır.
   
   Mən indiki halda zoologiya dərslərində öyrəndiklərimdən hansısa bölməni xatırlatmaq istəyində deyiləm, əziz oxucular. Elə məsələ də burasındadır ki, vampir anlayışı zooloji təsnifatla sərhədlənmir. Vampir dedikdə, indi daha çox, qansoran vəhşi dişli insanlardan bəhs edən "ujas"lar, monstrlar, mifik əhvalatlar yada düşür. İnsan təxəyyülünün əsrlər boyu obrazlaşdırdığı əcaib, bədheybət məxluqlar , əntərlər, divlər... kinematoqrafa da müəyyən mövzular gətirməsi psixoloji baxımdan hardasa real aləmin alaqaranlıq pərdəsini qorxu yarada biləcək görüntüyə çəkə bilir. Hələ qədim dövrlərdən folklorda xortdan şəklində uydurulub təsvir olunan vampirlər göründüyü kimi bütün hallarda - istər real, istərsə də irreal aləmdə zülmkar, zalım və qaniçən kimi qorxunc sifətlərə malik fərdi təsəvvür və təsir enerjisi daşıyır.
   
   Elə söhbətimizin əsas mövzusu da budur. Bütün nağılları, əsatirləri, filmsonrası qarabasmaları, eləcə yan-yörəmizdə uçuşan yarasaları qoyaq bir tərəfə. Yarasaların bizimlə nə işi? Filmlərdə baş verənlərsə real həyatda çox nadir hallarda gerçəkləşir və qaniçən cinayətkarı tutaraq ən qapalı zindanda ömürlük çürüdür və ya edam edirlər.
   
   Ancaq əslində vampir anlayışı tamam yeni formada, daha doğrusu, aktivləşmiş şəkildə gündəlik həyatımızın səhərindən axşamınadək bizi izləməkdədir. Yəni əxlaq, mənəviyyat, işgüzarlıq, səmimiyyət, reallıqları düzgün qavramaq baxımından normal həyat tərzi keçirən insanlar istər-istəməz belə hallarla üzləşərək "qan itkisinə" məruz qalırlar.
   
   Siz təəccüblənməyin, əziz oxucular, mən uzun müddət müşahidələr aparıb təcrübəli həkimlər və psixoloqlarla söhbətlər etdikdən sonra məşhur kəlamdakı kimi buna tam əmin olmuşam. Müasir dövrümüzdə enerjetik vampirlər sürətlə çoxalmaqdadır. Hər ailədə, hər iş yerində bir-ikisinin olması sözün mənfi mənasında yetərlidir. Həkimlər də təsdiqləyirlər ki, belə vampirlər iki cür olur.
   
   Birincisi aqressiv vampirlərdir. Bunlar davakar, ətrafdakıların əsəbləri ilə qəsdən oynayanlardır. Belələri hədəfə aldıqları şəxsi sinir böhranınadək gərginləşdirir, məqsədlərinə nail olmaq üçün bütün acı, zəhərli "iynələrdən" istifadə edirlr. Beləliklə, həmin şəxsin (və ya şəxslərin) enerjisini alır, özlərinə əlavə enerji yığaraq sakitləşir, hətta müəyyən məqamlar üçün müsbət aktivlərə də çevrilirlər. Enerjisi alınan adamın isə təbii ki, davamlı əsəbilikdən "işi bitir". Görən-görən ehtiyatla da olsa soruşur ki, xəstə-zad deyilsən, bənizin bir az ağaran kimidir...
   
   Əslində onun rəngi əməlli-başlı avazıyıb, axı gör nə qədər "qan itirib". Şərt deyil ki, qanı şpritslə çəkəsən və ya mifik vampirlər kimi dişlərini boğazına keçirib qanını sorasan. Ən pis qan itkisi bəlkə də müasir vampirlərin qəsdində əmələ gəlir. Baxırsan ki, üst-başına, yerə bircə damcı da qan düşməyib, ancaq hemoqlabin normadan aşağı, olan-qalan qanın da qapqara...
   
   İkincisi passiv vampirlərdi. Bunlar isə daim nədənsə narazı və deyingən insanlardır. Həmişə evdən, işdən, hökumətdən... şikayətlənirlər. Bir çox hallarda dərdli-dərdli danışıb zəmanəyə lənətlər yağdırır, yazıq, zavallı görkəm alaraq başqalarının diqqətini cəlb etməyə, onların nisbətən normal əhval-ruhiyyəsini korlamağa, əgər gün ərzində hansısa xoş bir hadisədən sevinibsə onu burnundan gətirməyə çalışırlar. Bu tip vampirlər özlərindən həm maddi, həm də mənəvi cəhətdən üstün adamlara, istedadlı insanlara paxıllıq edirlər, bəzən acı-acı qarğışlar tökürlər. Beləcə bu yolla başqalarının müsbət enerjilərini özlərinə çəkirlər. Başqalarının onlara yazığı gəlib kədərlənməsi birinin müsbət enerji əldə etməsinə, digərinin enerji itirməsinə səbəb olur.
   
   Bir həkim dostum bu xüsusda mənə xeyli misallar da çəkmişdi. Belədə məlum olur ki, hər iki qism vampirlər birbaşa ətrafdakıların müsbət enerjisini almağa çalışaraq buna əsasən nail olurlar. Tibbi baxımdan götürsək, indi bizim vampir adlandırdığımız bu qism adamlar hərəkətləri sonunda sakitləşirlər də.
   
   Nəticə etibarilə belə bir qərara gəlmək olar ki, ətrafımızda çox zaman aqressiv və passiv vampirlərin - enerjetik məxluqların mövcudluğu qaçılmazdır. İndi elə bir vəziyyət yaranıb ki, biz bu tip vampirlərdən qorunmaq məcburiyyətindəyik. Onlardan qorunmağın ən optimal variantı hələ ki, "güzgü" üsuludur, yəni əksetdirmə. Vampiri tanıdıqdan sonra qulaq asmamaq, mümkün qədər laqeydləşmək. Digər üsulları da axtarıb sınaqdan keçirmək lazımdır - nə qədər ki, bu vampirlər dirigözlü axırımıza çıxmayıblar.
   
   Ən sadə bir misal. Axşam bəzən evə gələndə həddən artıq yorğunluq hiss edirsən. Burada kiçik bir ricət özü qələmi silkələyir ki, "bunu da yada sal". Yəni ola bilsin və Allah uzaq etsin, o vampir evdə də sənin "yolunu" gözləyə bilər. Şair dostumuz demişkən:
   
   
   
   Ölüncə neçə-neçə qapıdan
   
   keçir adam,
   
   Dünya - üz tutduğumuz
   
   qapılarla doludu.
   
   Bəlkə də üzümüzə
   
   çırpılan qapılardan,
   
   Üzümüzə açılan
   
   qapılar qorxuludu...
   
   
   
   ... Hə, özünü çox yorğun hiss edirsən. Düşünürsən: axı gün ərzində nə elə çox fiziki, nə də zehni məşğuliyyətin olmayıb... Bəs bu daş kimi yorğunluq, əzginlik hardandır belə? Qəfil yadına düşür ki, bu gün kimlərlə rastlaşmısan, kimlərlə söhbət etmisən. Bəli, səni bu günə salan o "ober-banditin", o qaniçən əntərin qızardılmış donuz ətinə bənzəyən sifəti gəlib durur yorğun gözlərinin qarşısında. Gözlərini yumub iyrəncliyi görməmək istəyirsən. Mümkün deyil.
   
   Ancaq Allah fenozepamı icad edənin atasına və özünə rəhmət eləsin. Zamanında tibb üzrə Nobel mükafatı ona verilməli idi...

TƏQVİM / ARXİV