adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ürəyinin qanı ilə...

CEYHUN MUSAOĞLU
33572 | 2010-06-12 03:40
Paşayev Qəzənfər Məhəmməd oğlu 27 avqust 1937-ci ildə Tovuz rayonunun Düzqıraqlı kəndində anadan olub. Azərbaycan ədəbiyyatşünası, folklorşünas, publisist, dilçi, yazıçı və tərcüməçidir. Professor tituluna qədər yüksələn Qəzənfər müəllim Pedaqoji Dillər İnstitutunun ingilis-Azərbaycan dilləri fakültəsini bitirib İraqda tərcüməçi işləyib. Burada yaşayan və sayı təqribən 2,5 mln-a çatan azərbaycanlıların (İraq türkmanları) dialekt və folklorunun toplanması və araşdırılması ilə məşğul olub. "Azərbaycan dilinin Kərkük dialekti" mövzusunda namizədlik, "İraq Türkmən folkloru" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1964-1989-cu illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda fəaliyyət göstərib, institutun ingilis dili fakültəsində dosent, dekan müavini xarici dillər kafedrasının müdiri olub. ABŞ-da və İngiltərədə ixtisasartırma kurslarını bitirib. 1989-1999-cu illərdə BDU-nun Qərbi Avropa dilləri kafedrasında çalışıb.
   
   Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində şöbə müdiri, eyni zamanda 2003-ci ildən Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir.
   
   Bu təqdimatla Qəzənfər Paşayev şəxsiyyəti barəsində çox məhdud şəkildə bilgi verdik. Müsahibədən də Qəzənfər müəllimin necə insan olduğunu gorəcəksiz. Amma yenə də azdı. Qəzənfər Paşayev oxunmamış sirli kitabdı.
   
   
   
   - Bu günə qədər 40-a yaxın kitabın müəllifi olmusuz. Əsərləriniz maraqla qarşılanıb. Amma "Borcumuzdur bu ehtiram" kıtabının deyəsən təqdimat mərasimini də keçirmədiz. Hansısa xüsusi səbəb var?
   
   - Kitabda barəsində yazdığım insanların əksəriyyəti ilə yaxın münasibətdə olmuşam. Çoxu haqqımda yazıb, çoxu haqqında vaxtılə yazmışam. Minnətdaram, ki, siz də "Borcumuzdur bu ehtiram" kitabını orijinal üslübla dəyərləndirmisiz.
   
   - Bizim də ehtiram etmək borcumuzdur.
   
   - Bəli, hər kəs belə bir borcu olduğunu dərk etsə, dünyada pisliklərin sayı azalar. Cəmi 300 nüsxə ilə nəşr olunan kitabı yazmaqda ali məqsədim ehtiram borcunu qaytarmağın nə qədər vacib olmasına diqqət çəkməkdir. Kitabın hamısını dosta-tanışa bağışladım. Ona görə növbəti dəfə təkminləşdirilmiş formada çap etməli olduq. Bu dəfə Səməd Vurğun, Rəsul Rza və Ehsan Doğramacı barəsində yazdıqlarımı da əlavə etdim.
   
   - Kitab ümummilli lider Heydər Əliyev barəsindəki yazı ilə açılır. Maraqlıdır, ədəbiyyat adamlarına həsr olunan kitabda, siyasətçiyə yer ayırmağınız hansı anlama gəlir?
   
   - Ədəbiyyatımızı sevən, təbliğ edən adamları çox tanıyıram. Amma ədəbiyyatımızı Heydər Əliyev qədər sevən və təbliğ edən ikinci şair, yazıçı, oxucu da tanımıram. Ədəbiyyatın hansı sahəsi olur-olsun Heydər Əliyevin verdiyi qiymətdən daha dəqiqini tapmaq mümkün deyil.
   
   Heydər Əliyev dünyasını dəyişəndə "Xilaskar" adlı məqalə yazdım. Bir ildən sonra film çəkildi adı "Xilaskar" idi. Həqiqətən də Heydər Əliyev Azərbaycanı xilas etdi. 20-ci əsrin əvvəlində Türkiyəni Atatürk, 20-ci əsrin sonunda Azərbaycanı Heydər Əliyev xilas etdi. Mən Qafqaz Müsəlmanları İdarəsində Elmi-Dini Şuranın üzvüyəm. Ömrümün altı ilini müqəddəs yerlərdə keçirmişəm. Demək istəyirəm məndə inam var. Bu inama əsasən deyə bilərəm ki, bir xalqa faciə üz verəndə böyük Yaradan onun xilaskarını göndərir. Allah Türkiyəyə Atatürkü, Azərbaycana Heydər Əliyevi göndərdi. Hər iki şəxsiyyət arasında oxşarlıq var. Onların üzündə, gözündə, gördükləri işlərin miqyasında bənzərliyi gördüm. Heydər Əliyevi dərk etmək adi adamların işi deyil. Mənim "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" kitabına görə Dövlət Mükafatına layiq görüldüm. O kitab barəsində "Azərbaycan elmimizin təntənəsi" adlı məqalə yazmışam. Məqalədə göstərmişəm ki, böyük adamlar haqqında onun varlığına nüfuz edən adamlar yazanda daha möhtəşəm olur. Ədəbiyyatımız, dilimiz barəsində Heydər Əliyevin dəyərli fikirləri var. Deyir: "Yazıçılar, şairlər dilin qanunvericiləridir". Heydər Əliyev ədəbiyyat adamlarının yubileylərinin tez-tez keçirilməsinin tərəfdarı idi. Ona görə ki, həm həmin adamları tanıyaq, sevək, həm də ədəbiyyatımızın zənginliyini başqa xalqlar görsün. Belə düşünmək yalnız dahilərə məxsusdur. Səməd Vurğundan başqa müasir ədəbiyyat adamlarımızın heykəlləri, ev muzeyləri Heydər Əliyevin vaxtında yaradılıb. Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə və saymaqla bitməyən yaradıcı adamlarımızın xatirəsini əbədiləşdirən həmin dahi insan olub. Həmin dövrdə Şuşada Vaqifin, Naxçıvanda Cavidin, məqbərələri tikildi. Gəncədə Nizaminin məqbərəsi yenidən bərpa edildi. Heydər Əliyev Azərbaycan tarixi səlnaməsinə qızıl hərflərlə yazılan şəxsiyyət idi. Heydər Əliyev deyirdi: "Bəzən anlamadan başqalarının dəyirmanına su tökənlər sovet dövründə yazıb-yaratmış görkəmli insanları- Süleyman Rüstəm, Səməd Vurğun, Rəsul Rzanın yaradıcılığında müəyyən uyğun olmayan nüansları tapıb iradlar səsləndirirlər. Bu, nəinki məsuliyyətsizlikdi, bu, mənəviyyatsızlıqdır. Belə düşünən şəxsiyyət hakimmiyyəydə olduğu illərdə saysız-hesabsız yazıçı, şairlərə adlar verdi. Məqsəd xalqı ucaltmaq idi. Azərbaycançılıq məfkurəsini ortaya qoyan Heydər Əliyev oldu. Bu dahi şəxsiyyət 1981-ci il, Azərbaycan yazıçılarının 6-cı qurultayında ilk dəfə olaraq Güney Azərbaycanda gedən ədəbi proses barədə məruzə saldırdı. O, icazə verməsəydi, kim bu addımı ata bilərdi. Bundan sonra Yazıçılar Birliyində Güney Azərbaycanla bağlı Balaş Azəroğlunun rəhbərliyi altında katiblik yaradıldı. Nizami Ədəbiyyat İnstitutunda Cənubi Azərbaycan, Nizami şöbəlarə yaradıldı. Birinciyə Mirzə İbrahimov, ikinciyə böyük şərqşünasımız Rüstəm Əliyev rəhbərlik edirdi. Sovetin qılıncının dalı-qabağı kəsdiyi bir dövrdə bu işləri görmək qəhrəmanlıqdı.
   
   - "Borcumuzdur bu ehtiram" kitabinda fəxrlərimiz barəsində yazmısız. Amma kitaba düşməyən fəxrlərimizin də sayı çoxdur. Belə getsə "Borcumuzdur bu ehtiram"ı üçüncü dəfə nəşr etdirməli olacaqsız...
   
   - Adam kitabı yazanda bilmir onun taleyi necə olacaq. Mən "6 il Dəclə və Fərat sahillərində" kitabıni yazanda hardan bilərdim ki, "Yazıçı" Nəşriyyatının direktoru Əjdər Xanbabayev onu ikinci dəfə 120 min tirajla nəşr edəcək. "Borcumuzdur bu ehtiram" kitabını ürəyimin qanı ilə yazmışam. Xatirəyə bax: Təşkilatçılığımla Əzizə xanımın Ədəbiyyat Muzeyində 80 illik yubileyini keçirdik. Orda çəkdirdiyi şəklə baxıb dedi ki, ömründə belə gözəl şəklim çıxmayıb. Daha bir də şəkil çəkdirməyəcəm. Çəkdirmədi də. Əzizə Cəfərzadə az müddət sonra dünyasını dəyişdi.
   
   Əlfi Qasımov barəsindəki yazımın adı "Son görüş"dü. Niyə son görüş? Əlfi Qasımov xəstələnmişdi. 5 saylı xəstəxanada yatırdı. Hidayət Orucov, "Kitablar aləmində" jurnalının redaktoru Sabir Tanrıverdiyev və mən getdik Əlfinin yanına. Həkimlərdən məzəli tərzdə gileyləndi ki, bəs onu içməyə, çox danışmağa qoymurlar. Dedi ki, bunlara dözmək olar, gülməyə və sevinməyə qoyulan qadağanı isə qəbul edə bilmirəm. Bax elə belə də dedi: "Dostlarım gəlib, necə sevinməyim, necə fərəhlənməyim?". Sonra xəstəxanadan çıxacağını söylədi və bizi qonaq çağırdı. Onda Əlfi Qasımovun "Toy gecəsi" romanı yeni çapdan çıxmışdı. Axşam xəbər yayıldı ki, Əlfi Qasımov öldü.
   
   - Dahi şəxsiyyətləri unutmaq, gələcəyə gedən yolu itirməkdir.
   
   - Yaxşı fikirdi. Dahi şəxsiyyəyin fikirləri bütün zamanlarda aktualdır. Dahilər qabağı fəhmlərinin gücü ilə görürlər. İllərlə dostluq etdiyim adamlar olub. Onların yoxluğuna necə sakit yanaşa bilərəm.
   
   - Belə düşünürəm ki, yaşamaq asandı. Hər kəs azadlığın formulasını həyatına tətbiq etsə, yorulamaz həyatdan zövq almaqdan. Siz necə düşünürsüz, yaşamaq asandı, çətin?
   
   - Yaşamağın düsturu yoxdu. Mənsə düşünürəm ki, həyat çox mürəkkəbdi. Dünyanı Allah belə yaradıb ki, insanlar baş açmasınlar, yoxsa hər yeri alt-üst edərlər.
   
   - Məgər alt-üst etmədikləri yer qalıb ki?..
   
   - Dağıdıcılıq insanın xislətində var. Mən adamlar tanıyıram, pislik eləməsə yaşaya, sevinə bilmir. Əqrəb zəhərini tökməyə yumşaq nəsə tapmayanda balasını sancır. Əqrəb insanlar var. Onlar bədbəxtdilər, daim sıxıntı içərisində olurlar, kiminsə haqqında xoş söz deyə bilmirlər. Bir də xeyirxah insanlar var. "Ədəbiyyat" qəzetində "Xeyr və Şər haqqında düşüncələr" adlı yazım çıxmışdı. Orda hər şeyə toxunmuşdum. Bir hadisə danışım: Yaşar Qarayev ağır xəstə idi. Qalacağına güman yoxdu. Yaşar Qarayevı öz xərcimlə aparıb sanatoriyaya qoymuşam. Qardaşımla getdik onun yanına. "Xeyr və şər haqqında düşüncələr" adlı məqaləni də aparmışam ki, oxuyum, fikrini desin. Yoldaşı, Cahangir Gözəlovun qızı narahat oldu ki, yazı Yaşara pis təsir edər. Yaşar Qarayevsə oxumağımı istədi. Mən oxudum, dəhşətə gəldik, sanki Yaşar Qarayev tamam sağaldı. Simasına nur çiləndi, ruha gəldi, elə bil heç vaxt xəstə olmayıb. Qəlbi xeyirxahlıqla dolu olan adam yazımdakı Xeyirxah obrazında özünü görmüşdü.
   
   - Və özündən razı qalmışdı ki, nə yaxşı belə yaşamışam.
   
   - Bəli, düz tutmusuz. Mən həmin yazını onun yanına elə-belə aparmamışdım ki. İstəyirdim bilsin ki, yaxşı adamdı, təvəzökardı, ədəbiyyat elmimizin iftixarıdı. Elə məqaləmin adı da belədir. Cabir Novruzun şeirindəndi: "Sağlığında qiymət verin insanlara". Mən dünyasını dəyişənlərə yazı həsr etməklə onlara sağlığında da qiymət verdiyimə diqqət çəkmək istəyirəm. Bir kitaba sığmayan yazılarım yenə var. Qasım Qasımzadə haqqında yazım var. Soruşa bilərsiz: niyə yazmısız. Qasım Qasımzadə xəstə idi. Yevlaxın kəndində yaşayırdı. Nə görmüşəm, onu yazmışam. Hazırda ailəsi ilə dostluğumuz davam edir. Insanların görünməyən tərəfləri var. Həmişə istəmişəm o tərəfləri başqalarına da göstərim ki, gümanlarında yanılmasınlar.
   
   - Hər kəs "mənim də həqiqətim var" arqumentinə söykənib. Bülbül səsindən həzz alanlarla yanaşı, bayquş səsinə feyziyab olanlar da var. Ortaq həqiqət axtarmamaq nə qədər düzgün yanaşmadır?
   
   - Mənim sürücüm tərbiyəli oğlandı. Onun benzin iyisindən xoşu gəlir, mənimsə o qoxu burnuma dəyəndə başım ağrayır. Bəxtiyar Vahabzadə şeirilə bu suala cavab verib:
   
   Bir qəlbi öpsəydi bütün ürəklər
   
   Dünyaya bir ürək bəs olmazdımı?
   
   Bir rəngdə çalsaydı bütün çiçəklər
   
   Dünyaya bir çiçək bəs olmazdımı?
   
   
   
   Rəngarənglik Yaradanın seçımıdır. Belədə insanlar yaxşını pisdən seçə bilir. Biz yazı yazanda elə cümlələr olur ki, onları qırmızı, eləsi olur yaşılla yazırıq, yaxud altından xətt çəkirik. Belədə cümlələr bir-birindən asanlıqla fərqlənir. İnsanlar da müxtəlif düşüncəli olmalıdı ki, onları ayırmaq olsun. Ortaq həqiqət məsələsinə gəldikdə isə belə yaxınlaşma ümummilli məsələlərdə vacibdir. Fərdlər arasında müxtəlif düşüncəlilərin olmasında pis heç nə görmürəm.
   
   - Amma dünyada pisin sayı çoxdu axı...
   
   - Pislik axırda həmişə faciə, yaxşılıq sevinc gətirir. Eşitməmisizmi deyirlər, filankəs gora sağ baş aparmayacaq?! Onun hərəkətlərində anormallıq olduğundan artıq yəqinləşdiriblər ki, son yaxşı olmayacaq. Nostradamus həmişə saraydan uzaq olduğunu və buna görə də öz əcəli ilə öldüyünü deyir. Bədxahlar yaradıcı adamlara həmişə mane olmaq istəyir. Ağıllı o adamdı ki, öz yolu ilə gedərək mənzil başına çatır. 4-cü sinifdə oxuyanda başıma qəribə hadisə gəldi, o həyatımı demək olar tamamilə dəyişdi. O vaxtdan qarışqaya da toxunmamışam. Ancaq milçək öldürə bilirəm. Uşaq idim, evimizin qarşısındakı tut ağacında sığırçın yuva qurmuşdu. O yuvada beş bala bəsləyirdi. Çox nadinc idim. Raqatkayla ana sığırçını vurdum, düşdü yerə. Ardınca bütün balaları da düşüb çapalaya-çapalaya öldü. Bu hadisədən sonra elə xəstələndim ki, rayonda həkimlər məni güclə həyata qaytarıblar. Bir neçə gündən sonra yuxu gördüm. Gördüm ki, belində donqar, saqqalı duz rəngində bir nəfər başımın üstünü kəsib ki, səni öldürəcəm. Mən də sevinirəm. Birdən sinif müəllimim Əsgər müəllim çıxdı, ona dedi ki, bəs Qəzənfər yaxşı oğlandı, savadlıdı. O vaxt bir inşa yazmışdım, Bakıya qədər gedib çıxmışdı. Qoca da dedi ki, öldürmürəm onu və əlindəki qılıncı çuvala sancıb yoxa çıxdı. Çuvaldan hər yerə nur səpələndi. Səhər məətəl qalmışdılar, tamam sağalmışdım. Həmin vaxtdan ruzum tavandan tökülür. İnstitutu qurtaran kimi xaricə getdim, ev, maşın aldım, müdafiə etdim. Professor idim, sovet dağıldı. Ruslar deyir ki, professorlar küçədə qalmırlar, Moskvada isə qalırlar. Ruslar içkiyə görə belə düşünür. Azərbaycanda keçid dövrü başlamışdı. Keçid dovründə mənəviyyat yoxa çıxır, bazarda yağla, şorun qiyməti eyni olur. Elə bu vaxt İraqdan dostumun oğlu gəldi, kömək etdim iş quruldu, yüksək maaş aldım. Tamam fərqli yüksəliş oldu. Həmin vaxtdan bir canlını da incitməmişəm. Qardaşlarım da mənim kimi oldu. Və mən dərk etdim ki, uşaqlıqda nadinc olanlar, böyüyəndə daha həlim olurlar. Həlim olanlar isə əksinə.
   
   - Aqil Abbasın "Dolu" romanında bir yer var. Yazır ki, uşaqlıqda böyüklərin mədəniyyətsiz, küçə uşaqları adlandırdığı oğlanlar Qarabağda qəhrəmancasına vuruşub şəhid oldular, qayıdanları isə cəmiyyətin seçilmişlərinə çevrildilər. Bu onu göstərir ki, böyüklər enerji dolu uşaqları düzgün istiqamətləndirmədikləri üçün həmin enerji mənfi fəsadlar yaradır.
   
   - Sizinlə razıyam. O vaxt kəndlərdə enerjini xərcləmək üçün heç nə yox idi. İndu texnologiya əsridir. Uşaqlar enerjilərini kompüterə sərf edirlər. Top yox idi futbol oynamağa. Enerjinin paylanma qanunu təbii qanundur. Dünya müəmmalarla doludur. Hansını dərk etmiriksə, inkarçı mövqe tuturuq. Bu, düz deyil. Zaman çatanda hər şey dərk olunacaq.
   
   - Dərk etmədiklərimizin zamanısa keçib artıq.
   
   - Dünya bir pəncərədir, hər gələn baxıb gedər. Pəncərədən baxanda yalnız görə bildiyin qədər görürsən. Arxa pəncərədən isə başqa mənzərə canlanır.
   
   Ailə tərbiyəsi də önəmlidir. Həyatı dərk edən valideynlərin övladları pis ola bilməz. Varsa da onların sayı çox azdır.
   
   - Dünyagörmüş adamsız, bilməmiş olmassız. Həyatı necə dərk edək?
   
   - Bütün zamanlarda insanın içində həyatla mübarizə olub. İndikilər deyir ki, keçmişdə yaxşı idi, indi pisdi. Padşahların dövrünə nəzər salanda görürsən elə deyil. Bütün zamanlarda haqsızlıqlar olub və olacaq. Problem ondadı ki, bəzi insanlar bilə-bilə ağa-qara deyir. Belələri yerini tapa bilməyənlər, özünü təsdiq etməyi bacarmayanlardı. Adamlardan soruşurlar ki, hansı qatıq yaxşıdı? Biri deyir, inək, biri deyir, qoyun, bi şəkili də qayıdır keçı. Üstünə düşürlər ki, keçi qatığının nəyi yaxşıdı? O da cavab verir ki, mən də nəsə deməliydim də.
   
   Bəziləri öndə olan yazıçıları pisləyir. Amma özlərinin ortada bir əsərləri yoxdu. Səməd Vurğun şeir deyib, Mikayıl Rəfili onu tənqid edib. Mikayıl Rəfili yaxşı ədəbiyyatşünas, tənqidçi idi. Arada şeir də yazırdı. Amma tənqidçisənsə, sən yaxşı şeir yaza bilmərsən. Vurğunun şeirinin ardından səhnəyə çıxıb şeir oxuyur. Hamı gülür. Səməd Vurğun deyir ki, Allah atana rəhmət eləsin, yaxşı bu şeiri oxudun. Yoxsa fikirlərinlə, məntiqinlə məni məhv etmişdin. Bəxtiyar Vahabzadə doktorluq müdafiə edəndə, şeirlərində fasilə yaranmışdı. Qəzetlərdə yazmışdılar ki, qatlayıb dizinin altına qoyar, alim Bəxtiyarı şair Bəxtiyar.
   
   - Məntiq şairliyi sındırır. İti məntiqi olan şəxs yaxşı şair ola bilməz.
   
   - Əlbəttə, şairlik ilahi vergisidir. Səməd Vurğunun "Partiyamızdır" şeiri belə möhtəşəm səslənir.
   
   - Azərbaycanda kimi bütün zamanların şairi hesab etmək olar?
   
   - Nəsimi, Bürhanəddin, Füzuli, Vaqif, Səməd Vurğun, Şəhriyar, Sabir, Cavid... Bütün zamanların ən böyük şairinin kim olduğunu soruşmaq yalnışdır. Sən jurnalistsən belə suallarla məni konfiliktə çəkmək istəyirsən. Mənsə belə cavab verirəm: Bütün şairlərin öz yeri var. Bütün şairlər zamanında cəmiyyətin mənəviyyatına töhfələr veriblər. Səməd Vurğun "Azərbaycan" şeirini ağır zamanlarda yazdı. Nə yaxşı ona bir şey etmədilər, ardınca "Vaqif"i yazdı, çox böyük işlər gördü. Abbas Səhhətin "Vətənimdir", Şəhriyarın "Heydər babaya salam" şeiri azərbaycanşünaslığın təməl daşıdır. Hər ikisi ayrı-ayrı dövrlərdə yazıblar. Əbədiyaşar şairlərin şeirləri bütün zamanlar üçündü. Vaqif Azərbaycan dilini cilaladı. Füzulidə ərəb-fars tərkibləri çoxdur. Nəsiminin Füzulidən qabaq yaşamasına baxmayaraq, dili onun dilindən asandır. Xalq qarşısında xidməti olan şairlərə qiyməti zaman verir. Rəsul Rza 1981-ci ildə dünyasını dəyişib. 1980-ci ildə "Yaralı Kərkükün xorə və mahnıları" adlı silsilə bayatılar yazıb. O bayatılardan ikisini deyim, elə biləcəksiz 3 il öncə yazılıb, İraqfda qan su yerinə axanda.
   
   
   
   Kərkükün baş qalası,
   
   Divarı daş qalası.
   
   Ölür ana, yanında
   
   Tökür qan yaş balası
   
   
   
   Bağdaddan karvan gəlir,
   
   Qəmli, pərişan gəlir.
   
   Kimlər qurban kəsilib
   
   Sularım al qan gəlir
   
   
   
   Onda Bağdadda qan tökülmürdü. Amma yaxınlaşırdı faciəli illər. Rəsul Rza şair fəhmi ilə duydu və yazdı. Şairlərin xidməti böyükdür. Xalq şeir oxuyaraq dilini saflaşdırır. Xalq ruhuna yaxın şeirlər daha çox yadda qalır. Ocman Sarıvəlli, Hüseyn Arif, Zəlimxan Yaqub və onlarla belələrinin adını çəkə bilərəm. Şairə mühitin də təsiri var. Tofiq Bayram Bakılıdı. Amma uşaqlığı Qazaxda keçıb. Ona görə də Tofiq Bayramın bir qəzəli yoxdu. Bakılı olasan, qəzəl yazmayasan. İnsan mühitin balasıdı. Tofiq Bayramın "Dağlar" adlı qoşması var, heç bir şair dağlara belə möhtəşəm şeir həsr etməyib.
   
   - Gənc yazarlardan oxuduğunuz var?
   
   - "Ədəbiyyat" qəzeti və "Azərbaycan" jurnalının daimi abunəçisiyəm. Ədəbi prosesləri izləmək üçün bu nəşrləri həmişə oxuyuram.
   
   - Ədəbi proses təkcə adını çəkdiyiniz orqanlarda cərəyan eləmir...
   
   - Nəzərə alıram ki, hər iki nəşr dövlətin mətbu orqanlarıdır və burda səviyyəli yazılar getməlidir, gedir də. Təbiət etibarı ilə konservatr adamam. Bunun bir səbəbi də ordan gəlir ki, mən ingiliscə təsil almışam. Ingilislər mühafizəkardı. O mühitdə böyümüşəm ki, orda Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Ocman Sarıvəlli, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Hüseyn Arif olub. Gənclərin yaradıcılığı mənə xoş gəlmir. Onların şeirlərini əllaməçilik hesab edirəm. Təbii qəbul edirəm, onlar yol axtarırlar. Sadəcə unudurlar ki, hər yol adamı böyük yola aparıb çıxarmır. Yolda azanlar, cəngəlliklərdə ilişənlər də olur. İnamım var ki, gənclərin içərisindən sabahın işıqlı adamları çıxacaq.
   
   - İndi niyə 60-70-ci illərin dahiləri yetişmir?
   
   - Onların yetişdiyini görə bilməzsən. Qasım Qasımzadənin nəvəsi, Nəriman Qasımoğlunun oğlu bəstəkardır. Xəyyam Mirzəzadənin tələbəsi olub. İki ildir Amerikadadı. O, böyük bəstəkar olacaq. İnanıram ki, əsərlərində Şərqlə Qərbi birləşdirəcək.
   
   - Əvvəlki nəslin dahiləri Azərbaycandan çıxmadan istedadları ilə şöhrət qazanırdılar. İndi isə təhsilə xaricdə yiyələnmək lazımdır ki, bəlkə nəsə edəsən. Niyə?
   
   - Elə demək olmaz. Üzeyir Hacıbəyov Sankt-Peterburqda təhsil alıb, Qara Qarayev Moskvada oxudu.
   
   - Yaradıcılığa isə Vətəndən başladılar...
   
   - Məsələləri qarışdırmayaq. Sovet dövründə böyük Vətən vardı. Oxumağa gedəndə düşünmürdük ki, xaricə gedirik. Harda təhsil almaqlarına baxmayaraq, istedadlı insanlar Azərbaycan təfəkkürü ilə yazıb yaratdılar. Qara Qarayevin əsərləri barəsində birmənalı fikir yoxdu. Amma onun 3-cü sinfoniyasının ikinci hissəsi bütövlükdə təcnis üstədi. Üzeyir Hacıbəyovun "Koroğlu"su aşıq yaradıcılığına söykənir. Ona görə dahi bəstəkar deyirdi, aşıq sənəti elə genişlikdədir ki, burda bəstəkarın, şairin, xanəndənin, hətta rəqqasın da öz payı var.
   
   - Sizdə keçmişə meyl güclüdü. Sovetin olmadığına heyfslənirsizmi?
   
   - Sualınıza məişət səviyyəsindən boylanaraq cavab vermək olmaz. Elm, təhsil sahələrində sovet sisteminin yaxşı mənada analoqu yox idi. İki ay Amerika, İngiltərə universitetlərində dərs deyən adam kimi məsuliyyətlə covet təhsil sisteminin yaxşı olduğunu deyə bilərəm. Lenin deyirdi ki, dağıtdığınız binanın kərpiclərini saxlayın.
   
   - Ölkəmizdə nədən razı, nədən narazısız?
   
   - Rayonlarda tikinti-abadlıq işləri gedir. Bu, çox yaxşıdı. Gənclərin bədən tərbiyyəsinə cəlb edilməsinə böyük qayğı göstərilir. Sağlam bədəndə sağlam ruh olar.
   
   Razı olmadığım məqamlar televiziyalarla bağlıdır. AzTV və İTV ürəyimizdən xəbər verən işlər görür. Digər kanallar isə xalqı mənəviyyatsızlığa sürükləyir. İnanıram ki, düzələcək. Hər şey Azərbaycanımızın xeyri ilə nəticələnəcək.

TƏQVİM / ARXİV