Kizilərin bayramı

ETİBAR CƏBRAYILOĞLU
43904 | 2010-06-12 03:25
Gözünüz aydın, kişilər! Rusların sözü olmasın, bayram havası bizim də küçəmizə gəldi. Futbol üzrə Dünya Çempionatı başladı! Düz bir ay kefdi, oyunçular qol vuracaq, azarkeşlər pivə. Dünya Çempionatı keçirilən günlərdə dünya bizə dar gələcək. Of bə, dünya varmış...
   
   "Tarixi-Mundial"a görə bu sayca 19-cu çempionatdı. Azarkeşlər yaxşı bilir, 1930-cu ildən startı verilən Dünya Çempionatına ilk dəfə Uruqvay ev sahibliyi edib. Sonrakı dövrlərdə belə xoşbəxtlik İtaliya, Fransa, Braziliya, İsveçrə, İsveç, Çili, Argentina, İspaniya, Meksika, Amerika, Koreya, Yaponiya, Almaniya kimi ölkələrə də nəsib olub. İndi də tale Cənubi Afrika Respublikasının- "Qara Qitə" təmsilçisinin üzünə "diş ağardıb". Qosqoca mundial birinci dəfədir ki, yolunu Afrikadan salır. Rəsmi 11 dövlət dili olan CAR-da bir ay gecə-gündüz hamı bir dildə- FUTBOL DİLİNDƏ danışacaq.
   
   Dünən meydan sahibləri siftə elədilər. Özü də özbək fiti ilə. Özbək qardaşımızın ayağı sayalı olar. Daşkənddə idman müəllimi işləyən Rövşən İmratov baş hakim kimi CAR və Meksika millilərini dünən stadiona çıxardı. Gecə Uruqvay və Fransa da top üstündə bir-birini qırdı. Necə deyərlər, top ayaqdan çıxdı. Düz bir ay belə olacaq, tər su yerinə axacaq. Riyazi dillə desək, 32 dövlətin milli komandası, yəni 736 futbolçu qələbə uğrunda savaşa çıxacaq. Mən, sən, biz də daxil olmaqla 2,9 milyard tamaşaçı televizor qarşısına keçib dünyanın ən maraqlı yarışını izləyəcək. Rəqəmlər barədə bu qədər. Onsuz da rəqəmlərdən xoşum gəlmir.
   
   Əlimiz uzaq CAR-a çatmasa da, gözümüz çatır. Bayaq dediyim kimi sərin yerdə oturub gözümüzü televiziyadan çəkməyəcəyik. İndi qalır bir məsələ. Özü də bu elə belə məsələ deyil, çox ciddi söhbətdi. Hansı ölkənin millisinə azarkeşlik etmək? İngilis Hamletin sözü olmasın, budur məsələ!
   
   Bildiyiniz kimi Azərbaycan yığması hələ mundialda iştirak edə bilmir. Vallah adam yazmağa da utanır, millimiz dünya futbol ailəsində o qədər balacadı ki, heç təxəllüsü də yoxdu. Məsələn, Argentina yığmasına "Albiselesta" deyirlər, Almaniya millisinə "Bundestim", İtaliyaya "Skuadra adzura". Braziliyanın da adı üstündədi- "Pentakampeonlar". Bizə isə hələ ad tapa bilmirlər. Vaxt vardı bizim Dədə Qorqud hamıya ad qoyurdu....
   
   Türkiyə yığması da bu mundialda yoxdu. Canımız Türkiyə bir də ayılıb gördü ki, Lələ köçüb, yurdu qalıb. CAR-a vəsiqə qazananlar artıq təyyarə bileti sifariş verirlər. Türkiyə Cənubi Afrika Respublikasına vəsiqəni itirdi, "Qara Qitə" Türkiyə kimi millini. "Ay-ulduzlularla" mundial daha maraqlı olardı... Sizi bilmirəm, şəxsən mən məcbur olub Braziliya yığmasına azarkeşlik edəcəm. Karlos Dunqanın dəstəsində "tanışlarım" var- "Qalatasaray"dan Elano, "Sevilya"dan Luiş Fabiano, "Barselona"dan Daniel Alveş, "Yuventus"dan Felipe Melo, "Real"dan Kaka. Düzdü, sonuncunun adı bir az pis səslənir. Amma əsas odu ki, yaxşı oynasın. Bəxtəvər Braziliya, bütün Dünya Çempionatlarının favoriti sayılır. Sağ əli bizim başımıza.
   
   Bütün azarkeşlər kimi seçimimi etdim, Braziliyanı çempion görmək istəyirəm. Təəssüf ki, Lionel Messi Pelenin yox, Maradonanın vətənində doğulub. Öz aramızdı, elə təkcə Messinin oyununu izləmək üçün CAR-dakı mundiala baxmağa dəyər. Bir məsələni də yazım, amma sizə qəribə gəlməsin. Ürəyimə damıb ki, Fransa yığması bu çempionatda nəsə edəcək. Erik Abidal, Frank Riberi, Nikolya Anelka, Patris Evra, Tyerri Anri... Adamın tükləri biz-biz olur. Domeniki ya qalib məşqçi kimi göyə atacaqlar, ya da günahkar kimi çölə.
   
   Gözlərimizi CAR-a zilləyib gözləyək nə olur... Dünya futbolunun taleyi bir ay Cənubi Afrika Respublikasından asılı olacaq. Elə CAR-ın öz taleyi də bu mundialdan asılıdı. Ölkə FİFA-nın seçim etməkdə yanılmadığını sübuta yetirməlidi. Qoca Mandelanın vətəni əməlli-başlı hörmətə minə bilər. Təki hər şey bir aydan sonra yaxşı qurtarsın. Sonda "Qara Qitə"nin üzü ağarsın. Biz futbol azarkeşlərinin qəzəbi BMT Təhlükəsizlik Şurasının qətnaməsindən milyon dəfə təsirlidi. CAR azarkeşlərin gözündən düşsə, onu "ayağa qaldırmaq" çətin olacaq.
   
   Dünəndən kişilərin bayramıdı. Futbolçular qol, azarkeşlər pivə vuracaq. Düz bir ay dünya bizim olacaq. Xanımlarımız da bekar qalmayacaq, futbolu yaradanı söyəcəklər. Yəqin aradabir bu gözəl oyunu dünyaya bəxş edənlərə qarğış yağdıranlar da olacaq.
   
   Tanrı futbolu qadın qarğışından qorusun!

TƏQVİM / ARXİV